Alparslan Türkeş hər zaman sevgi ilə anılacaq
Cəmi 80 il yaşadı. Bu yaşadığı müddətcə Türk dünyasına etdiyi xidmətləri saymaqla bitməz. Söhbət Türk ülküçülərinin Başbuğu Alparslan Türkeşdən gedir. Dəfələrcə həbslərə atıldı, təqib edildi, ancaq heç bir zaman əqidəsindən dönmədi Başbuğ. Müxtəlif zamanlarda fərqli dövlət işlərində çalışdı, millət vəkili oldu. 30–a yaxın əsəri var ülküçülərin Başbuğunun. Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş, sona qədər də türkçülüyə sadiq qaldı və bu yolda hədsiz dərəcədə xidmətlər göstərdi. Məhz bu xidmətlərinə görə ona Başbuğ adı verildi və məhz Başbuğ olduğu üçün də bu gün Türk ülküçüləri tərəfindən sevilir və anılır. Belə anım mərasimlərinin biri də Niderlandda (Hollandiya) olacaq. Aprel ayının 7–də Hollandiya Türk Federasiyası Alparslan Türkeşin vəfatının 16-cı ili münasibətilə geniş anma proqramı keçirəcək. Proqrama Niderlandda yaşayan Türk təşkilatları və Türk kökənli insanlar dəvətlidir. Hollandiya Türk Federasiyasının Genəl Başkanı Murat Gedik, hər dəfə olduğu kimi, bu dəfə də proqramın izdihamlı keçəcəyini düşünür. Nə qədər ki, Türk ülküçüləri, Türk milləti var, Alparslan Türkeş də hər zaman sevgi ilə anılacaqdır.