Abrımızı tökməyin
Niderland
Bilmirəm yaxşıdır, yoxsa pis, qəribə bir xasiyyət var məndə. Bir dəfə salam verdiyim, əlini sıxdığım biri haqqında tənqidi bir söz deməyi, yazmağı sevmərəm. Hələ uzun müddət çalışdığım bir şirkət haqqında indi yazacaqlarımı yazmaq mənə çox çətindir. Ancaq yazmasan da, deməsən də, olmur. Neçə vaxtdan bəridir ki, sosial şəbəkələrdə uzun illər çalışdığım AzTV-nin Avropa müxbirinin hazırladığı süjetləri izləyir, gülüş obyektinə çevrilməsini müşahidə edirəm. Hər dəfə də düşünürdüm ki, hər halda gec-tez yanlışı anlayar, bir daha belə süjetlər verməz efirə. Ancaq olmadı və İsveçdən hazırlanan son süjet məni bunları yazmağa məcbur etdi.
Evrovizion yarışmasının son olaraq İsveçdə keçirildiyini hər kəs bilir. Azərbaycanda bəlkə də bunun fərqində olmayan insanlar da var idi. AzTV-nin Avropa müxbirinin «xidməti» sayəsində bunu bilməyən qalmadı ölkəmizdə. Adam gedib Avropanın inkişaf etmiş ölkələrinin (İsveç bu sırada öndə gedənlərdəndir) əhalisinin boş vaxtlarında əkin-biçinlə, xırda təsərrüfatla məşğul olduğu bir yerdə dayanıb və orda kasıb insanların yaşadığını deyir. Hətta qeyd edir ki, onu içəri buraxmadılar ki, isveçlilər necə yaşadıqlarını dünya (!), eləcə də Azərbaycan tamaşaçılarının görməsini istəmirlər. İnanın ki, bu sətirləri yazarkən belə gülümsəməyə bilmirəm. Anlamadığım da odur ki, AzTV-nin «Xəbərlər» proqramı ciddi bir proqramdır, yoxsa komediyalar aləminə səyahət?
Burda bir neçə cümlə ilə bildirim ki, Avropanın İsveç, Almaniya, Niderland və s. kimi ölkələrində insanlar elə yerdə yaşamır. Bu, sadəcə, mümkün deyil. İnsanların aldığı sosial yardım (işsizlərin) onların normal şəraiti olan evlərdə yaşamasına imkan verir. Mən də dövlətdən sosial yardım alıram və üç yataq və bir oturma (biz ona qonaq otağı deyirik) otağı olan iki mərtəbəli bir evdə yaşayıram. Hətta dövlət sənə bu evi verərkən, evini təmir etmən, gərəkən ev əşyalarını alman üçün sənə müəyyən məbləğdə faizsiz kredit belə verir. Eyni zamanda, əgər işin yoxdursa, dövlətin sənə verdiyi borcu dövlətin sənə ödədiyi sosial yardımdan ödəyirsən. Budur yuxarıda qeyd etdiyim ölkələrin sadə insanının yaşayış tərzi. Əslində verilən sosial yardımların siyahısını uzada da bilərəm ki, bura hər ay ayrıca aldığın uşaq pulu, övladlarını idmana, musiqiyə və s. qoymaq üçün ayrılmış əlavə sosial yardımlar və s. daxildir.
Qeyd etdiyim kimi, siyahını uzatmaq da olar. Anlamadığım odur ki, AzTV-nin Qərbi Avropa dövlətləri üzrə müxbiri bu kimi süjetlərlə özünü iqtidaramı, dövlətə, dövlətçiliyəmi xidmət etmiş hesab edir? Əgər belədirsə, yanılır. Bu sayaq yalan xəbərlər tamamilə əks effekt verir. AzTV-də oturub bu süjeti efirə verənlərin həmin ölkələrdəki insanların yaşayış səviyyəsindən xəbəri olmaya və bu xəbəri obyektiv qəbul edə bilərlər.
İnsanların çox az bir qismini aldatmaq olar. Ancaq bir şeyi də anlamaq lazımdır ki, indi zaman başqadır. Bəlkə də hər nəsildən ən azı bir fərd xaricdə yaşayır indi. Sosial şəbəkələr, internet var. Bir sözlə, yalanın ömrü heç bir saat belə çəkmir, necə ki, çəkmədi də. Yox, əgər həmkarım özünə söz verib ki, Avropanı «ifşa» edəcək, o zaman gerçək faktlar tapsın. Əlbəttə, Avropanın da özünə görə problemləri var. Sadəcə, onları görmək və obyektiv demək lazımdır. Onda kimin sənə sözü olar? Bir faktı mən deyim, üzərində işləmək sizlikdir, mənim həmkarlarım.
Avropada iqtisadi böhran var və bu böhranın da təsir etdiyi xüsusi sahələr. Ancaq buna nəzər salanda bir həqiqəti də unutmaq lazım deyil ki, Avropa Azərbaycandan geri getməyib. Bu, praktiki baxımdan belə, mümkün deyil, ən azı yaxın bir neçə on ildə. Əlbəttə, mən Azərbaycanın hər baxımdan dünyanın bütün dövlətlərindən irəlidə olmasını istəyirəm. Ancaq gerçəkdən, sözdə deyil. Özünüz düşünün, 20 yaşlı (təxminən) Azərbaycan qoca Avropadan irəlimi gedib?! Bizim bunun üçün görüləcək çox işlərimiz var, özü də lap çox. Özü də hər sahədə, demokratiyadan tutmuş iqtisadiyyata kimi. Yox, əgər həmkarım həqiqətən Azərbaycanın xeyrinə iş görmək, süjet hazırlamaq istəyirsə, başqa sahələrə də baxa bilər. Bunun üçün faktlara istinad etmək lazımdır. Heç olmasa statistika idarələrinin saytlarına baxmaq lazımdır. Yenə də birini mən deyim. Statistikaya görə, 2011-ci ildə qonşu Ermənistandan təkcə Niderlanda 581 nəfər sığınacaq almaq üçün (inanmayanlar üçün mənbə: http://www.vluchtelingenwerk.nl/vluchtelingen/landen-van-herkomst.php) müraciət edib. Azərbaycandan isə həmin ildə o qədər az adam gəlib ki, bu rəqəm aidiyyəti təşkilatın internet səhifəsinə belə düşməyib. Mən bununla Azərbaycanda hər şeyin qaydasında olduğunu demək istəmirəm, heç bu aşağı «göstərici»nin səbəbini də bilmirəm. Məsələ onda da deyil. Ancaq ən azından belə rəqəmlərə istinad edə, nəyi isə «sübut» etməyə çalışmaq olar. Yoxsa daha bayağı yalanlarla deyil.
Sonda demək istədiyim bir şey də var. Dünyada «ayıb» deyilən bir şey də var. Abrımızı tökməyin. Ayıbdır, həqiqətən, ayıbdır. Şəxsən mən kimsə məni aldatmağa cəhd edəndə, özümü təhqir olunmuş hesab edirəm. Aldatmayın bu dövləti (lap iqtidarı belə), bu milləti, insanları. Təhqir etməyin. Bir daha qeyd edirəm ki, ayıbdır.
[email protected]
Aynanın yeni köşə rubrikasından.