Muəllif:

11 yaşlı məktəbli oğlumdan öyrəndiklərim

Niderland
Orta təhsilimi Bakı kəndlərinin birində almışam. Dərslərimdən o qədər də zəif deyildim. Səkkizinci sinifə kimi ancaq əla qiymətləndirilmişəm müəllimlərim tərəfindən. Təbii ki, mənimlə bərabər yüksək qiymətlər alanlar da var idi. Bəzilərimiz bu «əla»lara layiq olsaq da, bəzilərimiz heç ona yaxın belə deyildik. Təhsilimizdə də, bütün sahələrdə olduğu kimi «hədiyyə,» tanışlıq öz sözünü deyirdi. Mənim atam yaşadığımız yerin sayılan ziyalılarından idi. Zarafat deyildi, televiziyada, həm də «Günün Ekranı»nda işləyirdi. Ancaq atam məktəb rəhbərliyindən xahiş etmişdi ki, nə mənim, nə də məndən yaşca böyük qardaşımın, bacımın qiymətləndirməsində bu amili nəzərə almasınlar. Həm də onu demişdi ki, ədalətli olun, layiq olduqları qiyməti verin, bəsdir.
1986-cı ildə, o zamanlar əksər pionerlərin arzusunda olduğu «Artek» pioner düşərgəsinə getmək imkanı qazandım. Bizim məktəbin tarixində ilk belə hadisə idi, ilk dəfə idi ki, bizim qəsəbədən kimsə ora gedəcəkdi. Bu vaxta qədər demək olar ancaq əla qiymətlər almışdım və bu, mənim «Artek»ə gedən yolumu açmışdı. Düşünməyin ki, özümü tərif etməkdir məqsədim. Yox, tam əksinə…
O zamanlar «Artek» pioner düşərgəsi, yuxarıda da qeyd etdiyim kimi çoxlarının şirin xəyalı idi. Həmən dövrün insanları bunu yaxşı xatırlayarlar. Bilməyənlər isə araşdıra bilərlər. Burda uzun-uzadı «Artek»dən yazmaq fikrim yoxdur. Sadəcə onu qeyd etmək istəyirəm ki, bu pioner düşərgəsi Ukraynanın Krım yarımadasında yerləşir və o zamanlar ittifaq əhəmiyyətli hesab olunurdu.
«Artek»ə çatana kimi uzun bir yol qət etdik. Azərbaycandan böyük bir qrupla getmişdik ora. Bir neçə gün dincələndən sonra, orda məktəbə getməyə davam etdik və ilk dəfə onda bizim təhsilin, Azərbaycanda verilən təhsilin nə gündə olduğunu hiss etdim. Əksəriyyətimiz rus dilini belə düz-əməlli bilmirdik. Orta Asiya respublikalarından gələnlər bizdən soruşurdular ki, sizdə rus dili tədris olunmurmu? Ancaq təbii ki, bizə də rus dili dərsləri verilirdi. Necə verildiyi isə göz qabağında idi. Digər fənlərdə də nəticələrimiz o qədər ürək açan deyildi. Düzdür, rus dilində səlis danışanlarımız, digər fənlərdən də yüksək qiymət alanlarımız da var idi. Ancaq çox az. Lap «Sehrli Xalat» filmində Rəşidlə Zərifənin gələcəyə getməsi səhnəsində, Rəşidin biliyinin elektron imtahan götürən aparatla yoxlanılması səhnəsini xatırladırdı bizim vəziyyətimiz. Ora gedən «əlaçı»larımızın əksəriyyəti dərslərindən dörd almaqda belə zora düşürdü…
Evə qayıtdıqdan sonra orda necə yüksək qiymətlər aldığımdan ağız dolusu danışır, özümü tərifləyirdim. Utanırdım həqiqəti deməyə. Bir gün hamılıqla həyətdə oturmuşduq və mən pioner düşərgəsilə bağlı xatirələrimi bəlkə də 100-cü dəfə danışır, dərslərdə göstərdiyim «nəticələr»lə özümü öyürdüm. O qədər yalan danışmışdım ki, özüm belə bu yalanlarıma inanmağa başlamışdım. Bu vaxt həyət qapısı döyüldü və gələn poçtalyon idi. Pioner düşərgəsindən məktub gəlmişdi bizə. Zərfi açdıq və mən ordan göndərilmiş qiymət cədvəlini görüncə xəcalətimdən bilmədim nə edəm. «Budur sənin əla qiymətlərin?» — deyə az qala eyni vaxtda qışqıran bacımla qardaşımın sifətlərindəki ifadə bu günə kimi yadımdadır. Cəmi bir neçə «əla» var idi qiymət cədvəlində. Qəribəsi də o idi ki, onların biri məhz rus dilindən idi. Qalanları «3» və «4»… Yeri gəlmişkən, o gündən düşündüm ki, danışılan hər bir yalanın gec, yaxud tez üstü açılacaq və o gündən yalan danışmamağa çalışıram…
Orta məktəb illərindən sonra iş həyatı, tələbəlik başlandı. Rastlaşdığım insanların bəzilərindən az, bəzilərindən isə çox bilən kimi hiss edirdim özümü. Bir şey isə həqiqət idi, rus dilli məktəblərdə təhsil alanlar (təbii ki, söhbət hamıdan yox, mənim tanıdıqlarımdan gedir) məndən dəfələrlə dünyagörüşlü idilər. Onların oxuduqları kitabların sayı da mən oxuduqlarımdan çox idi. Baxmayaraq ki, evdə çox zəngin kitabxanaya malik idik və mən bu kitabları oxumağa maraqlı idim. Ancaq dilimizdəki ədəbiyyat yetərincə deyildi. Rus dilli oxucuların imkanları Azərbaycan dillilərlə müqayisəyə belə gəlmirdi. Mən rus dilli dostlarımdan çox şey öyrənmişəm və bunu heç vaxt unutmaram…
Niderlanda gələndən, burdakı təhsil sistemi ilə tanış olduqdan sonra isə təhsilimizin vəziyyəti məni daha da üzdü. Niderlanddakı təhsil sistemi barədə dəfələrlə yazmışam və növbəti yazılarımın birini yenidən buna həsr edəcəm…
P.S. Mətbuatda oxudum ki, bu il ali məktəblərə imtahan verənlər arasında, orta məktəbdə «2» alanlar bəzi hallarda qızıl medal alanlardan çox bal toplayıb. Bu orta məktəblərimizdəki haqsızlığın göstəricisi deyilmi? 248 medalçıdan cəmi 3 nəfərin (1%) 700 bal yığması sizlərə bir söz demirmi? Ali məktəblərə qəbul üçün lazım olan keçid balının 150-yə endirilməsi təhsilimizin hansı vəziyyətdə olmasına işarə saymaq olarmı? Bu təhsillə biz hara gedirik?
P.P.S. Yazını bitirməkdəykən saata baxdım, 11:50-ni göstərirdi. Oğlumu məktəbdən gətirmək vaxtı idi və mən məktəbə yollandım. Evə qayıdanda oğlum mənə həmən gün keçdikləri dərsdən danışmağa başladı və əlindəki, məktəbdən aldığı bir kağızı mənə göstərdi. «Ata, bu gün (28 avqust) Amerikada qaradərili Martin Lüter Kinqin məşhur çıxışını etdiyi gündür. 1963-cü ildə edib bu çıxışını…» Oğlum uzun-uzadı, Martin Lüter Kinqin bütün həyatını, Amerikada qaradərililərin necə sıxışdırılmasını, onların hüquqlarının olmamasını, hüquqlarını əldə etmək üçün necə mübarizə aparmalarını və s. danışdı mənə. Bu barədə bilmədiyim bəzi şeyləri eşitdim 11 yaşlı oğlumdan, Niderlandın adi bir məktəblisindən öyrəndim. Öyrənmək heç vaxt gec deyil, yetər ki, etiraf etməyi və öyrənməyi həm bacara, həm də istəyəsən…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 487