Muəllif:

“Anamın kitabı” ilə Azərbaycan reallığı ətrafında düşüncələr

Yaxud obrazının öhdəsindən gələ bilməyənlər

Pyes oxumağı uşaqlıqdan xoşlamıram. Yorucu gəlir mənə, filan pərdə, filan səhnə, sonra da obrazın dilindən bir-bir onların dilaoqları, monoloqları, hadisənin gedişatı və sair çox əzabvericidir, məncə. Pyes yazılır ki, səhnələşdirilsin və onu səhnədə seyr etmək daha zövqvericidir. Bunu niyə vurğuladım? Biz uşaq olanda nümunəvi təhsil sistemi vardı, onun sayəsində bu əzabverici pyes oxuma olayını çox rahat keçərdik. Ədəbiyyat dərsində müəllim pyesi uşaqlar arasında rollar üzrə bölərdi, səhnələşdirib oxuyardıq. Həm əyləncəli, maraqlı dərs keçərdi, həm də əsəri oxumuş olardıq.

Dünən məktəbli qızıma o pyesi “oxutmaq” üçün onu Milli Dram Teatrına apardım. Birlikdə teatrın səhnəsində ölməz Mirzə Cəlilin bütün dövrlər üçün nə yazıq ki, aktual olan “Anamın kitabı” əsərinin tamaşasına baxdıq.

Cəlil Məmmədquluzadə bu pyesi ötən əsrin 20-ci ilində qələmə alıb. Öz dövrünü, yəni XX əsrin əvvəllərindəki Azərbaycanı, azərbaycanlını, cəmiyyətin reallığını  təsvir edir.

Təbii ki, mövzunu hamı bilir, amma bir xatırladım.  Əsərin qəhrəmanları ata bir, ana bir üç qardaşdır — Rüstəm bəy, Mirzə Məmmədəli və Səməd Vahid. Üçü də təhsillidir. O dövr üçün xub, oxumuş adamlardır. Biri  Rusiyada, biri İranda, üçüncüsü Türkiyədə təhsil alıb, amma heç biri öz doğma ana dilində səlis danışa bilmir. Ya da ki, danışmağı ayıb sayır. Zahiri qiyafələrindən tutmuş daxili ahənglərinə qədər büsbütün yaddılar, bayağıdılar.

Müəllif onların daxili boşluğunu, mahiyyətsizliyini daha şəffaf göstərmək üçün atalarının vətənə, torpağa bağlılığından söhbət açır, analarının düşüncələrindən bəhs edir, bacıları Gülbaharı göstərir, çoban Qənbərin tütəkdə “Çoban bayatısı”nı verir. Qardaşlar hər üçü özlərini ziyalı, oxumuş, sivil hesab etməklə, əslində, manqurta çevriliblər, çünki “Çoban bayatı”dan, anadan, kökdən, torpaqdan çox uzaq düşüblər, onu, ana dillərini bəyənməyiblər. Biri rus dilində danışır, ikincisi ərəb-fars, üçüncüsü osmanlı türkcəsində. Heç biri anasını dinləmir, hər kəlmədə onun sözünü kəsir, demək istədiklərini yarımçıq qoyurlar. Ana əsərdə həm də əslində anamız Azərbaycandır — sözünü kəsdiyimiz, dilini bəyənmədiyimiz, hər addımda qəlbini qırdığımız, torpağını işğala məruz qoyduğumuz, sazını lağa qoyduğumuz Azərbaycan. Ana atalarının onlara kitab səhifələrində yazıb qoyub getdiyi vəsiyyəti heç cür oxutdura bilmir. Kitab “Anamın kitabı” qadının köksünə sıxılı qalır. O vaxt oxuyurlar ki, onda ana ölmüş olur.

Nə isə çox təfsilata varmaq istəmirəm, zatən həm əsəri hamı bilir, həm də elə bu günümüzün inikasıdır. Teatr axı həm də zamanın, dövrün güzgüsüdür.

İndi də ingilis, rus, türk dillərini bilirik, o dillərdə təhsil alır, danışmağa meyl göstərir, xarici musiqini öz musiqimizdən, yadellini özümüzdən üstün tuturuq, o da gəlib yurdumuzu talan edir. “Çoban bayatı”dan xəbərimiz yoxdur, dinləsək, tüklərimizi ürpədən muğamımızı dinləmirik ki, kənardan eşidib-bilən bizə geri qalmış kimi baxar.

Səhnə ilə tamaşa salonu bir-birinə o qədər oxşayırdı ki, tilsimə düşmüşdüm, qəhər boğazımda kilidlənmişdi, keçmişimə və bu günümə dəsmal götürüb hönkür-hönkür ağlamaq, hayqırmaq istəyirdim.

Əsər ilk dəfə 1923-cü ilin yanvarında Bakıda Dadaş Bünyadzadə adına Dram Teatrında Abasmirzə Şərifzadənin quruluşunda səhnəyə qoyulub, inanın, bu gün elə həmin gündür kimi gəldi mənə.

İki hissəli faciəli komediyaya bu dəfə Firudin Məhərrəmov quruluş verib. Əsas rolları Əməkdar artistlər Səidə Quliyeva, İradə Həsənova, Ayşad Məmmədov, Kazım Həsənquliyev, Aslan Şirin, aktyorlar Anar Heybətov, Hikmət Rəhimov, Ramin Şıxəliyev və başqaları ifa edirlər.  Necə oyanyırdılar? Adətimcə obrazları bir-bir təhlil edərdim, kimin necə oynadığını, rolunun öhdəsindən necə gəldiyini yazardım, daha yazmayacam. Bayaq dedim ki, teatr həyatın inikasıdır, biz necəyiksə, onlar da elə. Bizdə, ümumən, həyatımızda olan sönüklük səhnədə, onların ifasında da  var. Durub deyə bilmərəm ki, niyə belə oynayırsınız? Onların da haqqı var məndən soruşsunlar — niyə son vaxtlar teatr tamaşalarından əvvəlki kimi yazmıram? Deyəcəm, çünki oxuyan yoxdur, stimul olmur. Onlar da eyni cavabı mənə verə bilərlər. Deyərlər bəs, bizdən istədiyiniz nədir o halda? Bir halda ki, həyatda heç kim öz obrazının — işinin öhdəsindən gələ bilmir, heç kim yerində deyil, teatrdan bunu necə tələb etmək olar?! Bacardıqlarını elədilər, sağ olsunlar ki, bunu elədilər.

Bir də dediyim odur ki, illər sonra hərdən klassiklərimizə qayıtmaq çox faydalıdır. Bu yaxınlarda Cəfər Cabbarlının əsərlərini vərəqləyəndə də eyni qənaətə gəlmişdim. Həm də bir dəfə yox, bir-neçə dəfə “Anamın kitabı”na baxın. Bəlkə, o zaman rolumuzun öhdəsindən gələ bilək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (3 оценок, среднее: 5,33 из 10)
Oxunma sayı: 633