Muəllif:

“Yaşamağa dair”

Səhərlər qoşulub payıza Akademiyanın bağında gəzişirəm. Ayağımın altında xəzan xışıldayır, payızın mülayim rüzgarı üzümü oxşayır, oluram təbiətin bir hissəsi. Oluram deyəndə, əslində biz elə təbiətin bir hissəsiyik, sadəcə bunu həmişə hiss etmirik. Ümumiyyətlə hiss etməyənlər də var, hiss edənlərsə həyatın dolaylarında tez-tez unudurlar, hərdən yadımıza düşür və bax o zaman təbiətdən də, həyatdan da zövq aldığımız an olur.

Mən də hər gün o zövqü yaşayanlardan deyiləm, (onu hər gün yaşayan varmı bu günkü həyatımızda, əcəba) səhər uşağı saat 8-də məktəbə qoyub iş başlayana qədərki bir saatı dəyərləndirməyə çalışıram.

Odur ki, payız səhərinin gözəlliyini bir neçə gündür bu minvalla yaşayıram.

Diqqətimi bir mənzərə çəkir o bağda. Akademiyanın bağını süpürənlər hər gün ciddi-cəhdlə yerə tökülən sarı xəzəlləri süpürüb təmizləməyə çalışır, yarpaqlar da elə bil hər gün daha çox artır, göylərdən yağan yağışmış kimi ağaclardan qopub özləri kimi saralmış çəmənliyə “yağır”.

Bir zamanlar, lap yaxın vaxtlarda indi tökülən bu yarpaqların yaşıllaşmasını gözləyirdik, yaşıllaşdılar gözlərimiz önündə. Gözəlliklərini seyr etdik, göz oxşadılar, ruhu yaşıllaşdırdılar, oksigen bolluğu yaratdılar. Və bir gün yaşıllaşdıqları kimi yavaş-yavaş deyil, sürətlə saralmağa başladılar, saraldılar budaqlarından qopub düşdülər. Hər gün bu mənzərə daha çox sürət alır, əvvəl tək-tək, sonra topa-topa tökülürlər. İnsanlar da onları torpağa qarışmağa qoymur, süpürüb, yaxud dırmıxlayıb zibilə qatır və zibilliklərə yollayırlar.

İnsan özü də belədi, körpə, yaşıl, amma bir gün də saralmış xəzəl kimi…Və bir gün də həyat deyilən ağacın budaqlarından qopub düşür torpağa.

Filosofluq elədim deyəcəksiniz, amma deyil, sadəcə Nazim Hikmət demiş, “yaşamağa dair” bir neçə sözdür, dilimizdən qopub düşür, hara tökülə, tökülə.

Bütün bunlar insana bir daha insan olduğu və sadəcə təbiətin bir hissəsi olduğunu anladır. Anladır ki, maddi, fiziki varlıqlara uyma, insan övladı, sən mənəvi və təbii varlıqsan, bir gün torpağa qovuşacaqsan. Sonluğu sağlığa oxşamasın, lap elə oxşasın, qoy içənlər bu sağlığa içsin – zibilə dönənlərdən yox, torpağa qovuşanlardan olaq! Axı, təbiətin bir hissəsiyik ona qovuşub bütövləşək…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (2 оценок, среднее: 4,50 из 10)
Oxunma sayı: 163