Muəllif:

Mətbuat və azadlıq


Beynəlxalq Mətbuat Azadlığı günü. Sözə fikir verin ha. Beynəlxalq Mətbuat Azadlığı günü. Necə gözəl səslənir. Necə gurultulu səslənir. Adamın ürəyinə lap yağ kimi yayılır. Mətbuat- bizim sevimli işimiz. Cəmiyyətin aynası. Azadlıq — hamının olmaq istədiyi tövr və mətbuatın olmalı olduğu durumlardan biri. Yəni zatən mətbuat varsa azad olmalıdır. Azad deyilsə demək ki yoxdur. BMT də iş tapmayıb. Götürüb belə bir gün təsis edib. Yəni mətbuata azadlıq günü keçirir. Dedim axı, mətbuat varsa, azad olmalıdır. Adın özü mətbuat sözünə ziddir. Qoysaydılar ki, beynəlxalq mətbuat günü – daha məntiqli olardı. Azad mətbuatı, yəni dediyim kimi ümumiyyətlə mətbuatı olmayan ölkələr də baxıb həsəd aparardılar. Ya bunun üçün mübarizə aparardılar, ya da ümumiyyətlə qeyd etməzdilər. Bu məsələdə də şpaqatda qalmışıq. Bilmirik bizə aidiyyatı var, yoxsa yox?

Bu arada bayaqdan ard-arda təbrikləri eşidirik. Siyasətçilər, iqtisadçılar hətta jurnalistlər belə bu günlə bağlı jurnalistləri təbrik edirlər. Deyən lazımdı ki, hansı günümüzə bizi təbrik edirsiz? Hansı mətbuata görə bizi təbrik edirsiz? Hansı azadlığa görə bizi təbrik edirsiz?

Hökumətyönlü mediada çalışanları, hakimiyyət mənsublarının əlində cəmləşmiş, məmur oliqarxların pul buraxdığı media orqanlarında çalışanları başa düşürəm. Onlar üçün hər yer gülüstan, hər gün bayram. Nəylərinə gərəkdir mətbuat, peşə, azadlıq, peşəyə sadiqlik, vicdan? Gündəlik işləri, aylıq məvacibləri, hətta bəzilərinin cib xərclikləri, hörmətləri, bəzilərinin hökumət tərəfindən verilmiş evləri. Daha nə istəyirlər? Daha mətbuat, azadlıq onların nəyinə lazımdır? Həyatlarını qurublar vəssalam… Hətta bu axşam həmin media orqanlarında çalışanların bu günü qeyd etdikləri yerlərdən fotolarını görsək, təəccüblənmərəm.

Biri də var mətbuatı olmayan ölkədə azadlığını qoruyanlar. Heç bir sövdələşmələrə getməyənlər. Əlaltı olmayanlar. Müstəqilliyini qoruyanlar. Ölkədə işləməyə yer tapmayıb, xarici medialara göz dikənlər. Özlərini burdakı mətbuatdan qorumaq üçün onlarla əməkdaşlığa can atanlar. Hökumətin qara dəftərində adları olanlar. Hakimiyyət tərəfindən sevilməyənlər. Təhdid altında olanlar. Ölkədən buraxılmayanlar. Qələminə görə amma müxtəlif bəhanələrlə həbsə atılanlar.

Yeri gəlmişkən, hazırda 10 jurnalist siyasi məhbus həyatı yaşayır. Hələ bundan başqa 2 nəfər də əlavə qələm adamı var. Düzdür, onların bəzilərini şəxsən tanımıram. Amma içlərində Əfqan Muxtarlı, Seymur Həzi, Mehman Hüseynov kimi dostlarımız da var. Hər biri müxtəlif ittihamlarla həbsdədir. Amma uşaqdan- böyüyə hamı yaxşı bilir ki, onlar nəyə görə həbsdədirlər. Jurnalist olduqlarına görə. Tənqidçi olduqlarına görə.

Ümumiyyətlə Azərbaycanda son 10 ildə elə bir il olmayıb ki, həbsdə jurnalist olmasın. Məhz jurnalist fəaliyyətlərinə görə müxtəlif ittihamlarla həbsə atılanlardan söhbət gedir. Hələ qatilləri tapılmayan, qanları yerdə qalan öldürülən jurnalistləri demirəm. Son illərdə 3 mətbuat adamını qurban vermişik. Elmar Hüseynov, Rafiq Tağı, Rasim Əliyev.

Bir dəfə mühacirətə gedənlər barədə yazmışdım. Təkrarçılıq etmək istəmirəm. Amma bir faktı da deyim ki, ölkədən gedənlərin və başqa ölkələrdən sığınacaq istəyənlərin arasında jurnalistlər çoxluq təşkil edir. Hətta hakimiyyət mediasında çalışanlar da bir çox hallarda bu variantla ölkədən qaçırlar.

Onu da deyim ki, bu il Sərhədsiz Reportyorlar Təşkilatının Mətbuat Azadlığı indeksində Azərbaycan 179 ölkə arasında 163-cü yerdə qərarlaşıb.

İndi siz deyin. Belə bir ölkədə mətbuatdan, azadlıqdan söhbət gedə bilərmi?

Bir sözlə, hamımıza keçmiş olsun!

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 111