Ermənilər Madriddə sərgi təşkilatçılarını aldadıblar
Biz əvvəlcədən “Fitur” sərgisinin təşkilatçılarına müraciət etmişdik, onlar bildirmişdilər ki, Dağlıq Qarabağın ayrıca stendi olmayacaq.Bu barədə erməni tərəfinin müraciət olub, amma təşkilatçılar bundan imtina ediblər. Lakin Ermənistan nümayəndələri özləri üçün stend alıblar və təşkilatçılara xəbər vermədən həmin stendin bir hissəsini Qarabağ adı ilə təqdim ediblər”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın İspaniya səfirliyinin 1-ci katibi Cavid Kazımov deyib.
Madriddə keçirilən turizm sərgisində Dağlıq Qarabağ stendinin nümayiş etdirilməsi haqda danışan diplomat bildirib ki, səfirlik hazırda həmin bölmənin yığışdırılmasına çalışır: “Dünən həm “Fitur”un direktoru, həm də sərgilərin təşkili ilə məşğul olan İFEMA şirkətinin prezidenti ilə görüş keçirdik, öz etirazlarımızı çatdırdıq. Onlar ermənilər tərəfindən aldadıldıqlarını və bunu aradan qaldırmaq üçün hüquqi yollar axtardıqlarını söylədilər. Bildirdilər ki, bundan sonra ermənilərlə müqavilə imzalanarkən sənədə müvafiq bir bənd oluna bilər ki, gələcəkdə bu cür hallar baş verməsin”.
Kazımov əlavə edib ki, səfirlik İspaniya Xarici İşlər Nazirliyinə müraciət edib və qurum birbaşa Ermənistan səfirliyinə bununla bağlı Azərbaycanın etirazlarını çatdırıb. Onun sözlərinə görə, stend hələ də sərgidə qalır və yanvarın 25-də İspaniyadakı azərbaycanlı tələbələr stendin qarşısında etiraz aksiyası keçirməyə hazırlaşır.
Kazımov hələlik bu məsələ ilə bağlı İspaniya XİN-ə verdikləri notaya cavab almadıqlarını deyib.…