İtmiş yaddaşların kodu
1985-ci ilin bir payız axşamı həyat Bakı filarmoniyasının zalında şaman sehrinə bənzər bir ovsunla donmuşdu. Dirilik nişanəsi bircə səhnədə vardı. Onu da tam ayırd edə bilmirdin – gah vardı, gah yox. Bəzən donu açılır, canlanırdı, bəzən də tərpənməz olurdu. Əvvəl-əvvəl heç səmiri belə çıxmırdı, bircə çaldığı sazın səsiydi gələn. Səsi də bilmirdin hardan gəlirdi. Ya aşıq o səsi Tanrı dərgahından çəkib gətirirdi, ya da öz ürəyinin ritmiydi, bizə saz səsində çatırdı. Bilən bir Tanrısıydı, bir də özü.