Muəllif:

Qardaşımla bir şahmat oyunu


Bin cihana değişmem
Şu öksüz Türk’lüğümü

Orta məktəbin son sinfində oxuyurdum.
Qəbul imtahanlarına hazırlaşırdım.
Qardaşım mane olmasın deyə şahmat fiqurlarını taxtaya düzüb qurdalanırdı.

Hava isti və bürkü idi.
Mağazaya getmək lazımdı.
Qardaşım şahmatı yenicə öyrənirdi, oynayan tapa bilmirdi.
Atamın vaxtı yoxdu, mənim isə hövsələm.

Dedim ki, gəl şahmat oynayaq, uduzan mağazaya getsin.
Rəşad uduzacağını bilirdi, razılaşmadı.
Məndən balacadır qardaşım, başını tovladım, “Vəzirsiz və bir atsız oynayacam” dedim.
Gedib anama nə dedisə gəlib razılaşdı.

Otaqda yarış atmosferi yaratdı anam.
Heç unutmuram, gətirib qardaşımın önünə bir stəkan soyuq limonad da qoydu.
Anam şahmat bilmirdi, ancaq “Atam-anam” deyə-deyə qardaşımın başını tumarlayır, onu əzizləyirdi – istidə mağazaya getməyi ona qıymırdı.
Atam isə arada gəlib şahmat taxtasına baxırdı, mənim tərəfimi tuturdu.
Şahmatı mənə o öyrətmişdi və vəzirlə at olmadan vəziyyətdən necə çıxacağımı maraq edirdi.

Qəribə bir durum yaranmışdı –
Anam son beşiyinin, atam isə böyük oğlunun tərəfini tuturdu…

***

“Qarabağ” – “Qalatasaray” oyunundan sonra yazılan bəzi düşüncəsiz şərhləri, kin və nifrət dolu yanaşmanı görəndə yadıma qardaşımla şahmat oynamağım düşdü.
Çünki bu futbol qarşılaşmasını iki doğmaca qardaşın şahmat oynamasına bənzətdim.

Qalatasarayın azərbaycanlı tərəfdarlarına “xain” dedilər.
Necə dilləri döndü, anlamıram.
Ana bir oğluna, ata isə digərinə tərəfdirsə hansı cürətlə onlardan birinə dil uzadıb, yalançı vətənpərvərlik şüarları ilə kimisə xəyanətdə ittiham etmək olar.

Bəziləri “şiddətin dozası”nı artıraraq “Mən Türkiyəni sevirəm, ancaq Vətənimi ondan daha çox sevirəm” deməklə nə qədər məntiqsiz olduqlarını göstərdilər. Sanki Dünya çempionatının finalıdır və finalda Türkiyə ilə oynayırlar.

Mənim bildiyim dünyanın hər ölkəsində futbolsevərlər ancaq milli komandanın oyununda birləşərək öz yığmasını dəstəkləyir. Klublar nəzdində isə hər kəs öz komandasına azarkeşlik edir.

Futbolun ən gözəl tərəflərindən biri də odur ki, hər bir futbolsevərin tutduğu komanda əsasən onun uşaqlıq, gənclik məhəbbətidir. “Qalatasaray” formaları geyinib çocuqluq məhəbbətləri ilə ilk görüşə gələn gənclərimizin yüzlərlə fotosu çıxdı sosial şəbəkələrdə qarşıma. Üzlərindən nur yağırdı, tər-təmiz, gələcəyə ümidlə baxan bu uşaqlara “xain” deyəndə ürəyiniz “cızzz” eləmədimi?

Açıq yazacam, ona görə “üzlərindən nur yağan” dedim ki, pis əmələ qurşananların, narkomanların idmana, sənətə, kitaba sevgisi olmaz…

***

Bir qrup futbol həvəskarı isə işin içinə “Neftçi”ni də qatmağa təşəbbüs etdilər.
Gərginliyi “Neftçi” ilə “Qarabağ” arasındakı “əzəli” rəqabətə belə bağladılar.
“Əzəli” kəlməsini ona görə dırnaq içində yazdım ki, “Qarabağ” çox gənc klub olduğu üçün “Neftçi” ilə “əzəliliyi” məs., “Qalatasaray” və “Fənərbağça” arasındakı kimi uzun, keşməkeşli rəqabət deyil.

Unutmayaq ki, “Qarabağ”ın tərəfdarları əsasən müstəqillik dövründə doğulmuş gənclərimizdir. “Neftçi” isə 1937-ci ildə qurulub, 86 yaşındadır.
Bu komanda böyük keçmişə sahib olsa da, böyük zəfərlər əldə etməyib, doğrudur.
Ancaq bu komanda bizim atalarımızın, bizim nəslin bir əfsanəsidir, “Neftçi” bizim həyatımızın özü, ona rəng qatan nadir sevinclərimizdən biri idi.

Mən “Neftçi”ni bir yazımda “Zülfüqar”a bənzətmişdim, “Ararat”, “Spitak”, “Şirak” kimi erməni komandalarını udanda İrəvana bayraq sancdığımızı xəyal edər, sevincimizin həddi-hüdudu olmaz, qılıncımızın daha kəskin olmasını arzu edərdik.

Biz “Neftçi” Bakıda “Ararat”a biabırçı hesabla uduzanda “Ermənikənd”də tramvayı devirib yandıran, buna görə də milis bölməsinə düşən dövrün insanlarıyıq. Biz “Real”, “Milan”, “Liverpul” bilməzdik, bir “Neftçi” bilirdik, bir də Braziliya yığması.

“Qarabağ” isə gənc olmasına rəğmən xeyli uğur qazanıb, Avropada adını tanıtdırıb.
İndi onun daha çılğın tərəfdarları ola bilər, klublarını “ölümünə” sevə bilərlər.
Buna kimsənin bir dediyi, qarışacağı yoxdur. “Qarabağ” kimi klublarımızın sayı artsa bu, ümumilikdə futbolumuzun inkişafına səbəbiyyət verəcək…

***

Uşaqlıqdan “Neftçi”nin azarkeşiyəm.
Ata evim indiki Tofiq Bəhramov stadionunun yanında, Bakının ən “futbolnu” məhləsində idi. “Neftçi” mənim çocuqluq məhəbbətimdir.
Gənclik sevgim isə “Qalatasaray”dır.
UEFA kuboku finalını canlı-canlı yaşamış bir nəslin təmsilçisiyəm.
Cimbom Kopenhagendə tarix yazanda Bakıda Olimpia stadionunda gənclərə “xain” deyib təhqir edənlərin çoxu hələ doğulmamışdı.

Və “Qarabağ”–“Qalatasaray” oyununa baxanda həyatımda ilk dəfə idi ki, hər iki komandanın udmasını istəyirdim. Bəli, heç-heçə bitməsini deyil, hər ikisinin udmasını istəyirdim. Çünki sevəndə də belə sevirəm – doya-doya, qana-qana, sevgiylə sevirəm Türklüyümü, o öksüz Türklüyümü…

***

Və ən sonda bir məsələyə də aydınlıq gətirmək istəyirəm.
“Qalatasaray” çempionatlarda yaranmış fasilədə formasını saxlamaq üçün Almaniyaya gedib, Bundesliga klublarından biri ilə oynamalı idi. Klubun rəhbərliyi də bu seçimi dəstəkləyirdi. Niyə?

Çünki “Qalatasaray”ın alman klubu ilə oynayacağı təqdirdə bilet satışından əldə ediləcək gəlirin 7 milyon avro olacağı hesablanmışdı. Almaniya stadionlarının əksəriyyəti çox böyük olmasalar da, bilet qiymətləri yüksək olduğundan zəlzələdən zərər çəkənlərə daha çox pul göndərilsin deyə düşünülmüşdü.

Ancaq Emin İmanov əlindən gələn hər şeyi etdi ki, “Qalatasaray” Almaniyaya yox, Bakıya gəlsin…

***

Dev bir şirkətin CEO-sudur Emin İmanov.
Türkiyənin ən nüfuzlu Boğaziçi universitetindən məzundur.
“Qalatasaray” onun tələbəlik eşqi deyil, çocuqluq eşqidir. Elə bir eşqdir ki, gəlib əfsanəvi klubun rəhbərlərindən biri olub – “Galatasaray Sportif A.Ş.” və “GSYİAD 1905”in İdarə Heyətlərinin üzvüdür.
Və bu sevgi elə bir sevgiyə dönüşdü ki, komandanı Bakıya qədər gətirib çıxardı.

Bəli, 7 milyon avro az deyil, 7 milyon 537 min dollar edir. Bakıdakı Olimpiya stadionundan isə cəmi 1 milyon dollar gəlir əldə edildi.
Gəlirdəki fərq hardan baxsan 6.5 milyon dollar edir.
Ancaq bunun mənəvi qazancını heç nə ilə ölçmək mümkün deyildi.
On minlərlə azərbaycanlı gəncin xəyalını gerçək etmək;
zəlzələdən zərər çəkən türk qardaşlarımıza Bakıda necə sevildiklərini hiss etdirmək;
onların unudulmadıqlarını göstərmək…bunları avrolarla, dollarlarla ölçmək mümkün deyildi…

***

O gün, o uzaq keçmişdə qardaşımı şahmatda uddum.
Ancaq mağazaya məni göndərdilər.
Evin böyüyü olmaq çətin işdir.
Futbolda da belədir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,71 из 10)
Oxunma sayı: 860