Muəllif:

Çovğun

Sanki yer ayağının altından qaçdı. Qan başına vurdu. Gicgahlarının guppuldadığını hiss etdi. Qulağındakı güyültünü qovmaq istəyirmiş kimi başını zərblə bulayıb yoldaşının üzünə baxdı. Qızın üzü dümağdı – rəng-ruhu qaçmışdı. Gözləri təlaş və qorxudan az qala hədəqəsindən çıxırdı. Anası da yumağa dönüb mətbəxin bir küncünə sığınmışdı. Balaca nəvəsinin yağlı əppək olubmuş kimi göyə çəkilməsi ağlını başından almaq dərəcəsinə gətirmişdi onu…
***
Bu şəhərdə qış həmişə mülayim keçərdi. Nadir hallarda qar yağanda isə böyüklü-kiçikli hamı küçələrə tökülüşüb qar topu oynayar, atılıb-düşər, sevinərdi. Sabah ertədənsə gün çıxar, qarı əridər və gecəyarıdan keçənədək əl-ayaqları çöldən yığışmayan mutlu insanlar yenidən qaşqabaqlı boz kütləyə dönərək hərə öz işinin dalınca gedərdi. Amma şəhərin çovğunlu günləri də olardı. Belə günlərdə dərslər təxirə salınar, küçələrdə tək-tük maşınlar hərəkət edər, çörək dükanlarının qarşısında quyruğu bayıra çıxan uzun növbələr yaranardı. Üzügülən insan görəndə hamı anlayardı ki, adam evinə çörək ala bilib…

Belə çovğunlu günlərdən biri idi. Axşamdan yağmağa başlayan və güclü küləklə müşayiət olunan qar kəsmək bilmirdi. Şəhərin yuxarı, köhnə məhəllələrindəki dar küçə və dalanlarda qar az qala qurşağa çıxırdı.

Beşinci sinifdə oxuyurdu. Adətən məktəbə biyara gedərmiş kimi gedərdi, bu gün isə sabah ertədən durmuş, çantasını yığmış, çay-çörəyini yemişdi. Dərslərin başlamasına hələ xeyli vardı. Son məqamda anasının təkidiylə məktəb formasının cibindən əzik-üzük pioner qalstukunu çıxararaq boğazına bağlayıb əlini çöl qapısının dəstəyinə uzatmışdı ki, atasının səsini eşitdi:”Tələsmə, bizi də gözlə”.
Geri qanrılanda anasının kiçik qardaşının başına qulaqlı papağını geyindirib iplərini çənəsinin altında bərk-bərk düyünlədiyini gördü. Birinci sinifdə oxuyan qardaşının üzündən narazılıq, gözlərindənsə yuxu tökülürdü. İsti yorğan-döşəkdən çıxarılıb bu soyuqda məktəbə göndərilirdi.

Narazı halda bir qardaşına, bir də atasına baxdı – bütün planları pozulmuşdu. Bilirdi ki, sinif uşaqları indi məktəbin tinində toplaşıb yaxınlıqdakı bağların birinə qartopu oynamağa gedəcəklər. O isə…

Atalı-balalı bir-birlərinə qoşulub məktəbə yollandılar. On beş dəqiqəlik yol idi. Məktəbə çathaçatda qabağa düşdü ki, him-cimlə uşaqlara tək olmadığını bildirsin. Amma elə tini burulmuşdu ki, başına yağlı bir qapaz dəydiyini, sonra da boynunun ardına qar doldurulduğunu gördü. Qəhqəhə səsi ətrafı bürümüşdü. Özündən çıxmağa macal tapmamış bayaqdan gülüşən uşaqların səsi kəsildi və hərəsi bir yana qaçdı. Başa düşdü ki, atasını görüblər. Bundan sonra dərsdən qaça bilməzdi.

Məktəbin kandarında üst-başlarındakı qarı çırpıb içəri girdilər. Sakitlik idi. Məktəb qələbəliyindən əsər-əlamət yoxdu. Sanki lələ köçüb yurdu qalmışdı. Elə bir-iki addım atmışdılar ki, qarşılarına paltosunu çiyninə atmış qocaman müəllimlərindən biri çıxdı. Atasıyla salamlaşar-salamlaşmaz səsləndi ki: “Ay kişi, bu qar-çovğunda bu tifili nöş gətirmisən məktəbə?”. Demə, dərslər təxirə salınıbmış.

Bir sözlə, dərslərin olmayacağı və atasının başının müəllimlə söhbətə qarışdığını görüb oğrunca məktəbdən çıxdı. Qapı arxasınca örtülməmiş macal tapıb içəri dürtülən küləyin gətirdiyi buz kimi qar dənələri üzünə çırpıldı və ağzına doldu. Uşaqların boynunun ardına tökdüyü qarın əriyib köynəyinə hopduğunu indi hiss elədi. Birdən-birə möhkəm üşüdü. Buna qədər lopa-lopa yağan qar sanki bıçqıl balıqlara dönmüşdü. Şiddətli külək onları gah havaya sovurur, gah da ora-bura səkdirərək zərblə yerə çırpırdı. Üşüdüyü və sinif yoldaşlarından kimsəni görmədiyindən içəri keçmək istəyirdi ki, bir-neçə uşağın özlərindən yaşca kiçik və zəif birini təkləyib qar yedizdirdiyini, boynunun ardına ovuc-ovuc qar doldurduğunu gördü. Uşaq ha edirdi, ondan əl çəkmirdilər.

Ürəyi durmadı, balacaya qahmar çıxdı. Hərəsinə bir-iki qapaz vurub qovdu və məktəb binasına girmək istəyəndə uşağın hıçqırtısını eşitdi. Geriyə qanrıldı. Bayaqdan özünü toxtaq tutan balaca indi için-için ağlayırdı. Gözünün yaşı burnunun suyuna qarışmışdı. Bu mənzərədən ürəyi sıxıldı. Bir anlıq gözünün qarşısına kiçik qardaşı gəldi. Ona yaxınlaşdı və yaylığını çıxarıb üz-gözünü bacardığı qədər sildi. Məktəbə kiminlə gəldiyini soruşanda tək olduğunu öyrəndi. Düşündü ki, uşağı bu vəziyyətdə tək buraxmaq olmaz. Çovğun da səngiyənə oxşamırdı. Biləndə ki, evləri yaxın məhəllələrdən birindədir, onu ötürmək qərarına gəldi. Fikirləşdi ki, atası söhbətini bitirənə qədər gedib gələr. Balacanın əlindən tutub yola düzəldi. On beş-iyirmi dəqiqəyə mənzilə çatdılar. Evləri şəhərin yuxarı məhəllələrindəki dar dalanlardan birində idi. Qapını uşağın anası açdı. Təəccüblə bir oğluna, bir də ona baxdı. Vəziyyəti biləndən sonra böyük xörək qaşığı tutduğu əlinin arxasıyla yaylığının altından sürüşüb gözünə düşən telini geriyə itələyib onu içəri dəvət eləsə də, imtina etdi və məktəbə tərəf götürüldü. Qanadları olsa, uçardı. Özündən çox razı idi, çünki ömründə birinci dəfə idi ki, kiməsə əl tutmuşdu, tanımadığı birisini darda qoymamışdı.

Ara-sıra qarşısına çıxan adamları görəndə düşünürdü ki, hamı onun hərəkətindən xəbərdardır və onu təqdir edir. Buna görə qarşıdan kiminsə gəldiyini sezəndə addımlarını yavaşıdır və yerışınə sanbal verməyə çalışırdı. Amma bu əhval ruhiyyəsi çox çəkmədi, çünki məktəbə çatanda atasıyla qardaşını ha axtardısa, tapa bilmədi – getmişdilər. Düşündü ki, evə gediblər. Daha hara gedəcəkdilər ki!

Qapını anası açdı. Qadına çırtma vursan, qan çıxmazdı. Qanı qaçmış dodaqlarının səyridiyi məsafədən belə gözə çarpırdı. Ağzını açmamış anasının şapalağı açıldı. Araya ağır sükut çökdü. Yalnız bir an sonra oğlunun sağ-salamat qarşısında durduğunu anlayan ananın qolları yanına düşdü və hönkürtüsü balasının acı hıçqırtısına qarışdı. Kiçik qardaşı da dəhlizin uzaq küncündə dodaqlarını büzüb baş verənləri heyrətlə seyr edirdi.

Nəhayət anası:”Hardaydın, ay bala?”,- deyə onu qucaqladı və:”Öldürməkmi istəyirsən bizi?”,- söyləyib susdu.
Göz yaşlarını udub anasına qısıldı və elə:”Ay ma”,- demişdi ki, çöl qapısı gurultu ilə açıldı və atasının qəzəbli səsi dəhlizi bürüdü. Anası tez özünü qabağa verib kişinin paltosunu aldı və onu sakitləşdirməyə çalışdı. Atasını hələ belə qəzəbli görməmişdi. Çöldəki çovğunun çılğınlığı sanki kişiyə sirayət etmişdi. Adam hirsindən bığlarını gəmirirdi. Bütün bunlara baxmayaraq ona toxunmadı, amma heç vaxt işlətmədiyi ağır söyüş söydü. Nə buna qədər, nə də bundan sonra atasının söyüş işlətdiyini gördü…

İlkin çaşqınlıqdan sonra başına gələnlərin böyük haqsızlıq olduğunu düşündü və bayaqdan sel kimi axan göz yaşlarını əlinin arxasıyla hirslə silib toxtadı. İçində kükrəyən hissləri və təlatümlü duyğularını sanki çöldəki çovğun ağzına alıb apardı. Elə bil həmin an Andersenin Buz Kraliçası onun qəlbini dondurdu və ürəyini oğurlayıb özünə tabe etdi.

Ara sakitləşəndən sonra valideynləri nə qədər soruşsalar da, haytasından harada olduğunu nə o vaxt, nə də sonra dedi. Çünki özünə qarşı böyük haqsızlıq edildiyinə əmin idi. Ən əsası isə qəti qərara gəlmişdi ki, innən belə heç bir halda FƏDAKARLIQ etməyəcək…
***
Düz bir saata yaxın oğlunu axtarmadıqları yer qalmadı. Özlərinin və qonşu binaların həyətlərini, uşaq meydançalarını, dənizkənarı bulvardakı attraksionları ələk-vələk etdilər. Binalarının damına qalxanda isə hər an uşağın cansız bədənini görəcəyi dəhşəti onu sarsıdırdı. Sonda uşağın başına bir iş gəldiyini qət edəndə liftin qapılarının mərtəbələrində açıldığını eşidib çöl qapısına tərəf yüyürdü və oğlunun həyatdanrazı təbəssümünü gördü. Anası, nənəsi və atasını qapının ağzında onu qarşıladıqlarını görən uşağın dodaqlarındakı təbəssüm yoxa çıxdı və o, anasınınkına bənzər iri, qara gözlərini atasının üzünə zillədi. Bir də gördü ki, atasının yumruqları düyünlənib və o, üstünə gəlir. Qeyri-ixtiyari geriyə çəkildi, amma qorxmağa macal tapmamış nənəsinin atasına:”Oğul!”,- deyə səsləndiyini eşitdi. Atası ayaq saxladı və qanrılıb nənəsinə baxdı. Bir xeyli dinməz-söyləməz baxışdılar. Nəhayət atası:”Keç içəri”,- deyib onun yanından ötdü və eyvana çıxdı.

Siqaretini bir xeyli alışdıra bilmədi. Titrəyən barmaqları heç cür alışqanın çaxmağına yatmırdı. Nəhayət dərin bir qüllab vurub tüstünü ciyərlərinə doldurdu. Köksü od tutub yandı, başı gicəlləndi. Handan-hana özünə gəlib siqareti söndürdü və fikrə getdi. Yaddaşı onu ən azı otuz il geriyə, həmin o çovğunlu günə apardı. Qulağında yenidən anasının şapalağı partladı və atasının qəzəbli gözləri üzünə zilləndi… Və yalnız indi atasının qəzəbini anladı…

Gözündən iki gilə yaş gəldi. Kaş ki, o çovğunlu günə qayıdıb atasına sarıla biləydi…

Anası qoluna girəndə hönkürtüsünü saxlaya bilmədi.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 216