Muəllif:

Vətən qız övladını çoxarvadlı ərəbin ayağına niyə verməməlidir?

Əslində bunu məqalə yox, bir həmkarımın Facebook postuna şərh kimi yazmağa başlamışdım, amma belə alındı…Yəni həmişə kimi məqalə alındı…

Həmin həmkarım Facebook-da yazırdı:

“Dövlət vətəndaşına sahib çıxmalıdır!

«Birləşmiş Ərəb Əmirliklərinin şeyxlərinin biri ilə evli olmuş azərbaycanlı gimnast beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı məhkəmə qarşısına çıxarılacaq.

Məhkəmə iddiası 3 övladının geri alınması və Zeynəb Cavadlının analıq hüququndan məhrum edilməsi ilə bağlı qaldırılıb. Məhkəmə fevralın 9-da Dubayda baş tutacaq.

Bildirək ki, bir müddət əvvəl Zeynəbin həmin şeyx tərəfindən işgəncələrə məruz qalması, təhdid altında yaşaması ilə bağlı yayılan video böyük rezonansa səbəb olmuşdu.

Zeynəb Cavadlı ərəb şeyxi ilə 2015-ci ildə ailə həyatı qurub. Keçmiş gimnast şeyxin 3-cü həyat yoldaşı olub və bu evlilikdən onların 3 qızı var».

Həmkarım, ağrılı yox, çox faciəli, amma hər addımda baş verən hadisə barədə yazıb.

Mənim bu posta şərhim olduqca subyektiv olacaq. Yəni yazdıqlarım mənim öz qənaətimdir və kiminsə, inanc və əqidəsinə, irz və heysəyyitinə toxunacaqsa, bu başdan üzr istəyirəm.

Birincisi budur ki, konkret olaraq bu ərəbə beynəlxalq qanunlarla divan tutulmalıdır. Azərbaycan dövləti və səfirliyi bu işə çox ciddi girişməlidir. Ədliyyədə buna gərək ki, presedent deyirlər. Lazım gəlsə, Azərbaycan ədliyyəsi bu ərəb haqqında çox sərt hökm verməlidir. Elə bir hökm ki, presedent, yəni o biri ərəblərə dərs olsun.

Sevgisizlik sindromu

Söhbət təkcə ərəbdən getmir. Azərbaycan dövləti belə situasiya ilə üzləşən Azərbaycan vətəndaşına, qadınına misli-görünməmiş dəstək verməlidir.

Digər bir məsələ, qadın və qızların “beynəlxalq seçim” məsələsidir.

Ərə getmək, dünyaya övlad gətirmək qadının bioloji (heyvani) instinktidir. Yəni əksər qadınlar, elə kişilər də güclü instinktlərə tabe olurlar.

Amma Nəsimi demişkən (ərəblər onu çarmıxa elə belə çəkməyiblər) kamil insan heyvani instinktlərə qalib gəlməyi bacarmalıdır.

Evli olmaq, uşaq doğmaq üçün kiminsə üçüncü arvadı olmaq absurddur. Yəni bunu etməmək üçün sadəcə bir az savadlı olmaq lazımdır.

Başqa bir nəhəng problem Azərbaycanda qurulan ailələrinin nəhəng bir qisminin sevgiyə söykənməməsidir.

Həm də söhbət təkcə adi adamlardan yox, elitadan da gedir. Elə olmasaydı, bu gün Azərbaycanda vəzifəlilərin, zənginlərin arasında bu qədər kütləvi qudalıq olmazdı.

Azərbaycanda övladın potensial sevgisini bu sevgi hələ doğulmadan güllələyirlər.

Avropada boşanmaq xoşbəxtliyi

İndi gələk konkret əcnəbilərlə qurulan ailələrə. Azərbaycan qızlarının ümumən ərə getdiyi üç istiqamət var: Türkiyə, Ərəbistan və Avropa.

Mən burada əsasən ərəblərdən ona görə çox yazıram ki, konkret bu hadisədə söhbət ərəbdən gedir. Yoxsa, Britaniyada irland əri tərəfindən qəddarcasına döyülmüş Azərbaycanlı qadın haqqında 5-10 il əvvəl yerli mediada oxumuşam.

Yəni əcnəbi ilə ailə həyatı qurmaq həmişə risklidir. Antimüsəlmançılıqda ittiham olunmamaq üçün deyim ki, şəxsən mən avropalılara ərə getmiş Azərbaycan qızlarınının təxminən 10-dan birini xoşbəxt görmüşəm. Sadəcə Avropada onların vəziyyəti ona görə yaxşıdır ki, məhkəmələr haqlı-haqsız boşanma məsələsində qadını dəstəkləyir.

Bütün bunları nəzərə alaraq zarafatyana yazım ki, bədbəxt, başıqapazlı, çox vaxt pulsuz Qafqaz övladı — Azərbaycan oğlanının ən yaxşı variant olmasını dərk etmək üçün Ərəbistan çölündə kiminsə 249-cu arvadı olmaq və ya İrlandiyada başı viskidən xarab olmuşun biri tərəfindən döyülmək o qədər də vacib deyil.

Ərəblər xüsusilə mürəkkəb millətdir. Peyğəmbərləri bunlara 4 arvad almaq icazəsi verib. Və bunlar da onun hökmünə minqat əməl edərək, 1004 arvad almaqdan da çəkinməyiblər.

Mən “çoxarvadlığa ona görə icazə verilib ki, müharibələrdə ölən kişilərin arvad-uşağı başsız qalmamalıydı” kimi cəfəngiyyata heç vaxt inanmamışam.

Məgər hansısa qadını çətin durumda, “başsız” qoymamaq üçün onu mütləq yatağına salmalısan?

Hər millətin adam kimi xasiyyəti var

Ərəblərin orta əsrlər tarixi barədə onların öz mənbələrindən çox oxumuşam. Məsələn oxumuşam ki, bunlarda düşmənin dul arvadını almaq ən yaxşı qisas hesab olunub.

Və ya iki ərəb tayfası müharibə edəndə hər tərəfdən tayfanın fiziki baxımdan ən gözəl olan qızını xüsusi dəvəyə mindirib döyüş meydanına çıxarıblar.

Döyüş vaxtı ruslar necə “alayın bayrağını” qoruyurlarsa, bunlar da həmin o potensial trofey ola biləcək qadının namusunu (yaxud yalnız bir orqanla müəyyənləşən namusunu) qorumağa çalışıblar.

Ola bilsin ki, tarixdə yazılanların heç də hamısı həqiqət olmasın. Amma bütün bunların içində bircə qram həqiqətin olmaması da mümkün deyil.

Ərəblərin bir çox xüsusiyyətləri, xüsusən qadına münasibətdə (təəssüf ki) bizdə də var. Ona görə ki, biz ərəblərlə genetik bağlıyıq. Və bu genetik bağlılıq VII əsrdə baş vermiş ərəb istilası ilə birbaşa əlaqəlidir.

Bu genetik bağlılığa görə bizdə ana söyüşünə görə adam bıçaqlanması məşhur olub. Çünki biz ərəb kimi bu söyüşdə ifadə olunan aktı (rusdan fərqli olaraq), kinematoqrafik şəkildə gözümüzün önündə canlandırmışıq.

Seksual doktrina

Azərbaycan öz tarixində çox işğalçı görüb. Amma tarixi faktlara əsaslansaq, görərik ki, Azərbaycana, Qafqaza işğalçı kimi gələnlərin, səlcuqlar (türklər) və rusları çıxmaq şərtilə hamısının hərbi doktrinasında ölkənin qadın əhalisinin seksual istismarı nəzərdə tutulub və baş verib…

Buna sözün əsl mənasında ölkənin və xalqın kütləvi zorlanması deyirlər. Başqa min ad fikirləşmək olar, amma bu belədir.

Seksual istismarı nəzərdə tutan əksər işğalçıların sonradan işğal etdikləri yerlərdə heç izi-tozu da qalmayıb. Çünki gen-bol qadın materialı bunları yaxşıca əridə bilib.

Qədim Şirvanşahlar dövlətinin əsasını bir ərəb qoysa da (hərçənd mən bu dövlətin ərəblərdən əvvəl də mövcud olduğuna inanıram), bugün biz həmin dövləti ərəb yox, Azərbaycan dövləti kimi tanıyırıq.

Avrasiyanın çöllərində az qala bircə dənə də qız-gəlini gözdən qaçırmayan monqollar indi hanı? Nə gündədirlər?.. 2 milyon əhalisi, 25 milyon qoyunu var…Ərəbin bəxti gətirib ki, oturduğu həsirin altından neft fontan vurub…və heyvani instinktini yeni əsrdə həyata keçirmək üçün real imkan yaranıb.

Əsas mövzudan bir xeyli uzaqlaşmışam. Qayıdaq yazıya təkan vermiş hadisəyə.

Əlbəttə ki, Azərbaycan dövləti öz qızının namusuna sahib çıxmalıdır. Ən azı ona görə ki, biz artıq orta əsrlərdəki Azərbaycanlılar deyilik. Bunu ərəbə də, irlanda da, bir başqasına da sübut eləməliyik.

Amma həm də övladlarımıza savad verməliyik, tariximizi, dilimizi öyrətməliyik.

Onlar yalnız bu halda anlayarlar ki, ərə getmək, arvad almaq, sürü ilə keyfiyyətli-keyfiyyətsiz uşaq törətməkdən başqa da ideallar var.

Özünə hörmət etməyən ölkəyə, dövlətə və əlbəttə qadına başqaları heç hörmət eləməz.

Vətən vətəndaşına ögey yox, doğma ata olmalıdır

Yaxşı xatırlayıram ki, Azərbaycan torpaqları işğal olunandan üçcə il sonra BBC jurnalisti kimi Yerevanda olmuşdum.

Mən Qarabağdan danışanda bir erməni həmkarım deyirdi ki, 20-30 ildən sonra Qarabağ sizin gənc nəslin heç vecinə də olmayacaq.

44 günlük müharibə bunun əksini göstərdi. Mən həmişə yeni nəslin bizdən tamam fərqləndiyinin fərqində olmuşam. Amma hətta mən də 18-19 yaşında uşaqlarımızdan bu şücaəti, belə şəkildə qəhrəmanlığı təsəvvür eləmirdim.

Odur ki, qoy qız övladlarımız onlara layiq oğlanların olduğunu bilsinlər.

Ən əsası budur ki, bunu Azərbaycan dövləti bilsin. Vallah təhsili bu günə qoymazlar…

Dövlət elə etməlidir ki, onun vətəndaşı, xüsusilə də gənc-yeniyetmə vətəndaşı instinktlərin yox, böyük amalların arxasınca getsin.

Hansı yaxşı valideyn övladının bir qarın yemək üçün qapılara düşməsini istəyər? Yaxşı dövlət vətəndaşının valideyni olmalıdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 774