İnsanın zəfəri
Yıxıldığı zaman ayağa qalxmasıdır
İl 2020, ay oktyabr.
Nəfəsim daraldı və büdrədim. Nə qədər çalışsam da, tarazlığımı saxlaya bilmədim və arxası üstə yerə dəydim. Qulağıma küy, burnuma və ağzıma daş-kəsək dadıyan torpağın tozu doldu. Keyləşdim. Bir anlıq çaşqınlıqdan sonra dirsəklənib yerdən qalxanda ovcumun altında nəsə dəmir bir şey hiss etdim. Soyuğu iliyimə işlədi. Ehtiyatla əlimi qaldırıb yerə baxdım. Çay qaşığı idi…
Gəncədə ilk dəfə idi ki, yıxılırdım…
44 günlük Qarabağ savaşının bitməsinə az qalmış erməni bombardmanından həmən sonra Gəncəyə getmişdim. Dostlarla düşmən raketinin darmadağın etdiyi məhəllədə də olduq. Tükürpədici mənzərə idi. Bütöv bir məhəllə məhv edilmişdi. Evlərin yerində böyük bir çala əmələ gəlmişdi. Yorğan-döşək, ev əşyaları ətrafa səpələnmişdi. Və bu dağıntıların arasında ələ gələ biləcək əşyalarını axtaran insanlar kölgə kimi gəzişirdilər. Adam xəcalətdən onların üzünə də baxa bilmirdi.
Yerdən qalxıb üst-başımı çırpdım. Özümü məhəllə kimi darmadağın hiss edirdim. Keyləşmiş məyus baxışlarla ətrafa boylananda orta yaşlı bir kişinin yerdəki yorğanı qaldırıb çırpdığını gördüm. Özümü toparlayıb ona yaxınlaşdım və hal-əhval tutdum. Yorğanı iki qatlayıb qoltuğuna vurdu və üzümə baxdı. Gözləri yuxusuzluq və gərginlikdən batmışdı. Məni altdan-yuxarı süzdü və dilləndi:”Hər şey yaxşıdı, lələ. Narahat olma. Hayıf ölənlərə, onları qaytarmaq olmayacaq. YIXILAN evlərin yerində isə təzələrini tikəcəyik”. Nəhayət gözlərinin içinə baxa bildim – qorxu-hürküdən əlamət yoxdu. Zil qara gözləri qayır-qayır qaynayırdı. Yıxılanda əzdiyim dirsəyimin göynərtisi kəsdi.
İl 2021, ay noyabr.
Yoldakı çala-çuxurun artmasından anladım ki, mərkəzdən aralanırıq. Çinarlardan da əsər-əlamət qalmamışdı. Gözə dəyən tikililərdən də hiss olunurdu ki, gözdən iraq yerlərdir. Yol qırağında adda-budda görünən qar belə çirkli idi. Belə yerdə qar bəyaz qala bilməzdi. İrəlilədikcə evlərin yerini tövlələr, sonra anbarlar, daha sonra isə məişət və sənaye tullantıları tuturdu. Zir-zibil o qədər idi ki, maşın yolundan dar bir cığır qalmışdı. Az sonra maşını dayandırıb enəsi olduq. Zibil yolu kəsmişdi. Maşından enəndə üzümdəki maskanı çıxartmağıma peşiman oldum. Burnuma canına rütubət hopmuş zibil üfunəti doldu. Nəfəsimi qısdım ki, ürəyim bulanmasın. Tarkovski sağ olsaydı, “Stalker”in davamını yəqin ki, burada çəkərdi…
Məişət və tikinti tullantılarının içi ilə gedirdik ki, qarşımıza arx çıxdı. Heç çırmanmadan belə bir-iki daşın üstüylə o taya adladıq. Demə, arx bildiyim Gəncə çay imiş. Zibillik o boyda ÇAYI da boğubmuş.
Nəhayət gəncəli dostların bələdçiliyilə Qədim Gəncənin qala bürcü və neçə-neçə düşmənə sinə gərmiş qala divarlarının fraqmentlərinə çatırıq. Fraqment sözünü bilərəkdən işlədirəm, çünki qala divarı qalıqlıqdan belə çıxıb fraqmentə çevrilməkdədir. Bu gedişlə Gəncə, gəncəlilər və ümumilikdə millətin əyilməzlik və döyüş ruhunun simvolu olan qədim daşlar tariximizin müasir göydələn ucaldan qəbirqazanları tərəfindən tikinti tullantılarına qərq ediləcəkdir!!!
Divarın üst tərəfindəki təpəyə qalxıb ətrafa baxdım. Göz işlədikcə zibillikdi. Yalnız lap uzaqlarda bəyazqarlı məğrur dağlar ucalırdı. Kəpəz də haralardasa oralarda idi. Məyus, həm də hirsli idim. Dişim bağırsağımı kəsirdi. Ayağımın altına baxmadan dostlara tərəf gedəndə büdrədim və arxasüstə təpəaşağı sürüşdüm…
Atların dırnağı və ölüm-dirim davasında süpürləşən yüzlərlə və bəlkə də minlərlə döyüşçünün ayaqlarının altından qalxan toz-dumanın içinə düşmüşdüm. Qulaqlarım toqquşan qılıncların səsindən və dəli igidlərin hayqırtı və nərəsindən, gözlərimsə qılınclardan qopan qığılcımlardan tutulmuşdu. Donub qalmışdım. Nə edəcəyimi bilmirdim. Elə həmin an üstümə dördnala çaparaq gələn atlını görüb yerimdən qalxmaq istədim. Atlı bir kabus kimi vıyıltıyla yanımdan ötdü. Atın nalından qopan palçıq dənələri üzümə çırpildı…
Özümə gələndə qala divarının lap dibində olduğumu anladım. Qolumu-ayağımı yoxladım – əzilməmişdim. Dostlar gələnəcən yerimdən qalxmaq üçün dirsəklənib əlimi TORPAĞA vurmuşdum ki, qulağıma yenə də yüzilliklər əvvəl baş vermiş döyüşün gurultusu doldu. TORPAQ sanki yaddaşındakıları bu yolla mənə ötürmək istəyirdi. Deyirdi ki, amanın bir günüdür o kişiləri və nə üçün qan tökdüklərini UNUTMA!!!
Gəncədə ikinci dəfə idi ki, yıxılırdım.
Birinci dəfə cismən də, mənən də yerdən qalxmaq çətin olmadı, çünki erməni bombardmanından sonra ev-eşiyi yerlə-yeksan olmuş gəncəlilərə baxıb görmüşdüm ki, QAYA kimi möhkəmdirlər və yağı-düşmən onların gözünü qorxuda bilməz. Amma bu dəfəki yıxılmağım bir başqadı. Cismən ayaqda olsam da, mənən hələ də O QALA DİVARLARININ dibindəyəm. Qalxa biləcəmmi?.. Bilmirəm, çünki bu dəfə özümüz-özümüzə DÜŞMƏN kəsilmişik…
P.S. Hərəkətə keçməsək, növbəti yazım Qədim Gəncə barədə məqalə deyil, REKVİYEM olacaq. Mənsə bunu heç istəmirəm!