The comprachicos of the mind
“- Mənim gözəl şahzadəm, sizin məzəli cırtdanınız bir daha rəqs etməyəcək…
Qız gülərək soruşdu:
— Bəs onda o niyə bir daha rəqs etməyəcək?
— Çünki onun ürəyi partlamışdır.
Qızın qaşları çatıldı, incə, qızılgül ləçəklərinə bənzəyən dodaqları nifrətlə büzüldü. O qəzəblə:
— Elə edin ki, bundan sonra mənimlə oynamağa gələnlərin heç birinin ürəyi olmasın…”
“Şahzadə qızın ad günü”
Oskar Uayld
***
Bir neçə icra hakimiyyəti başçısı saxlanılıb. Rüşvət üstündə. Sonuncusunun adı Vilyamdır. Yazıq Şekspir.
Azərbaycan Bosniya-Herseqovinanın Təhlükəsizlik nazirliyinin Covid-19 virusuyla mübarizə üçün açılmış subhesabına xeyriyyəçilik məqsədilə 538.910 Avro vəsait köçürüb. Təqdirəlayiq hərəkətdir, amma Vilyam Hacıyev Azərbaycandan bundan qat-qat çox pul oğurlayıb.
Mədəniyyət nazirliyində də xüsusi əməliyyat tədbiri keçirilib — vəzifəli şəxslər öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol veriblərmiş. Nazir müavini də saxlanılıb.
Mayın 9-da Bakı metrosu işləməyə başlamamış sərnişinlərdən biri polisin maska taxmaq tələbinə məhəl qoymayıb və onlarla əlbəyaxa olub.
Vitse-spiker deputata irad tutub: “Siz hər dəfə danışanda mərsiyəçi yadıma düşür”.
Şəhərdə itlərin gözünü tökən hansısa bir qrup ikiayaqlı heyvan peyda olub.
Şuşanın işğalından 28 il ötür.
İranla Azərbaycan arasında ermənilər tərəfindən işğal olunmuş Cəbrayıl rayonumuzun ərazisində su anbarı tikilməsi barədə hələ 2016-cı ildə sənəd imzalanması xəbəri yayılıb.
Emin Ağalarov «День победы» mahnısını Azərbaycan dilində oxudu.
Koronavirus kabusu hələ də ətrafımızda dolaşmaqdadır.
***
“Uşaq var gücünü toplayıb təpəyə qalxdı və qarşısında dar ağacından asılmış meyit gördü… Meyiti qırlamışdılar ki, tezcə çürüməsin. Ona bir növ qulluq edirdilər… Görünür indi meyit olan bu adam vaxtilə nəyə isə qadirmiş. Onu salamat saxlamaq istəməsələr də, ölüsündən də əl çəkmirdilər ki, faydası dəysin… O dövrlər qaçaqmalçıları sahilboyu dar ağaclarından asırdılar ki, digərləri üçün görk olsun, amma heç nə dəyişmirdi, çünki bu oyun idi və oyunun qaydalarını heç kim dəyişmək fikrində deyildi”.
Bu sətirləri oxuyub üşürgələndim. Hiss etdim ki, əl-ayağım buza dönüb. Oxuduğum kitabı örtüb bir kənara qoydum. Son iki gündü, hava çönmüş, sanki qış geriyə dönmüşdü. Buxarıya bir az da yaxın oturub ocağa bir odun da atdım. Bir azdan təzə odunun çatırtısı və otağın divarlarında oynaşan kölgələr məni harasa lap uzaqlara apardı…
Haradasa meşənin ortasındakı kiçik bir talada çatılmış ocağın qırağında oturmuşdum. Yanımdakılar da çətin yoldan sonra dinib-danışmırdılar – yorulmuşdular. Yeməkdən sonra hamını mürgü tutmuşdu. Yalnız bir cavan oğlan kisəsindən çıxartdığı şabalıdları qızartmaqla məşğuldu. Cavan gəlinsə azca kənardakı ağacların kölgəsinə çəkilib qucağındakı körpəsinə layla deyirdi. Gecənin hüznünü heçnə pozmurdu…
Birdən sakitliyi at ayaqlarının tappıltısı, uşaq çığırtısı və qadın fəryadı pozdu. Ayağa durmaq istəyirdim ki, gecənin zülmətindən üstümə gözləri kömür kimi közərən, od fınxıran və məni dirnaqları altına salıb tapdalamaq istəyən zil qara at şığıdı. Məni döşü ilə vurub kənara atdı. Atlılar gəldikləri kimi də ildırım sürətilə yoxa çıxdılar. Kompraçukoslardı…
Kompraçikoslar barədə ilk dəfə böyük Viktor Hüqonun “Gülən adam”ından xəbər tutmuşam. Dahi fransız bu əsərini XIX əsrin 60-cı illərində qələmə almışdır. Qəribə olsa da, bir çox ədəbiyyatçılarla yanaşı tarixçilər də kompraçikosları Hüqonun bədii təxəyyülünün məhsulu hesab edir, amma bu, həqiqət olsa belə, yazıçının ustalığı oxucunu araşdırmaçılara deyil, məhz ona inanmağa vadar edir, çünki Quinplen burjua romantizminin deyil, gerçəkliyin törəməsi idi. Bilməyənlər üçün aydınlıq gətirmək məqsədilə deyim ki, kompraçikos sözünü ispan dilindən hərfi tərcümə etsək, uşaq alverçisi mənasını kəsb edir. Uşaq və insan alverilə təəssüf ki, hələ də XXI əsr olsa belə, məşğul olan mütəşəkkil cinayətkar şəbəkələr var. Kompraçikoslarsa uşaqları satın almaq və ya oğurlamaqla kifayətlənmirdilər, onlar tifilləri qəsdən şikəst edir və yalnız bundan sonra feodal saray və qəsrlərinə təlxək kimi satırdılar. Kiminin üzünü kəsib-doğrayır, kiminin əyri bitsin deyə ayaqlarını sındırır, kimini də boyundan kiçik çəlləklərə salıb üzün müddət orada saxlayırdılar ki, körpələrin əzaları əyriş-üyrüş bitsin. Uşaq nə qədər əcaib olurdusa, bir o qədər də baha qiymətə satılırdı. Amma feodal Avropasının bu murdar və qansız quldurları qurbanlarının qəlbləri və ürəklərinə hakim kəsilə bilmirdilər…
***
Əynində cındırı tökülən qolsuz gödəkcə və elə o cür də tumanı olan Quinplen ayaqyalın olsa da, dar ağacından sallanan meyitin ayaqlarından sürüşüb yerə düşmüş ayaqqabılara toxunmur, pulunu balta kəsməyən icra başçımızsa, aztəminatlı soydaşlarının “kısmatına” qənim kəsilir…
Biri qaranlıq orta əsrlərin zülmətli feodal dövrünün törəməsidir, digəri göylərlə əlləşən XXI əsrin…
Biri aristokratdır, digəri lümpen…
Biri lorddur, digəri yeməkdaşıyan…
Birini lord övladı olduğuna görə hakimiyyətə iddia etməsin deyə Kral oğurlatdırıb səfil edib, digərinə isə heç kim və bir heç olduğuna görə hakimiyyətdə olmaq imkanı verilib…
Tam əks nəticə alınıb: Quinplen var-dövləti rədd edərək əslən və cismən özününkülər sayılan, lakin ruhən ona yad olan amansız, ürəksiz və ədalətsiz hakim zümrədən qaçaraq mənən ona doğma olan insanlara üstünlük verir, heç kim olduğu halda kimsəyə çevrilənsə, içindən çıxdığı zümrəni bəyənmir və onu talan edir…
Ağzı bir qulağından o birinə qədər kəsilmiş olsa da, Quinplenin “üzü həmişə gülür”, amma gözləri kədərlidir, bizim “qəhrəman”ın gözləri isə qayır-qayır qaynayır və o, qəhqəhə çəkir…
Heç təbəssüm və qəhqəhənin bir-birindən fərqləndiyi barədə düşünmüsünüzmü? Yəqin ki, yox. Elə isə, deyim. Təbəssüm birmənalı şəkildə mehriban olur, qəhqəhə isə çox vaxt nifrət və xəbislikdən doğur.
***
Başlığa çıxartdığım fikir rus əsilli amerikali yazıçı və filosof Ayn Rəndə (Ayn Rand 1905-1982) aiddir. “The comprachicos of the mind” bizim halda təfəkkür kompraçikosları anlamına gəlir və Ayn Rəndin bu məfhuma verdiyi təriflə demək olar ki, üst-üstə düşür. Viktor Hüqonun “Gülən adam”ı və Oskar Uayldın epiqrafa çıxardığım sehrli nağılında təsvir etdikləri anlamda kompraçikos qurbanlarına dövrümüzdə rast gəlmək mümkün deyil, çünki artıq klassik mənada kompraçikoslar yoxdur. Amma bu doğrudanmı belədir?
Yazımın əvvəlində sadaladıqlarım məni buna şübhə ilə yanaşmağa vadar edir. XVII əsrdən bəri ictimai münasibətlərdə əslində kökündən nə dəyişib ki?! Deyəcəksiniz ki, istehsal vasitələri. Haqlısınız. Artıq 4-cü sənaye inqilabı başımızın üstünü kəsdirib, daxiliyanma mühərriklərinin tarixə qovuşmasına isə 10-15 il qalıb. Söhbət artıq süni intellektin həyatımızı nə dərəcədə dəyişdirəcəyindən gedir. ABŞ isə Ayda ötürmə bazaları qurub ordan da Marsa uçmaq planlarını gerçəkləşdirməyə hazırdır. Amma dəyişən formadır, ictimai münasibətlərsə, əslində, mahiyyətcə dəyişməyib. Cəmiyyət hələ də əppək və əyləncə istəyir. Onu bunlarla təmin etdinmi, problemin olmayacaq. Amma bunu etmək bir o qədər də asan deyil, çünki cəmiyyət yekcins deyil, kütlədən başqa zümrələr və fərdlər də var. Və onlar heç də həmişə, idarəetmə çərçivələrinə sığmırlar. Sığmadıqca da çərçivələri dağıdıb sayca çox olan kütləni də qəbul olunmuş oyun qaydalarını pozmağa həvəsləndirirlər. Və bu yerdə kompraçikoslara, yəni təfəkkür, mənəviyyat və sonunda davraniş stereotiplərini idbarlaşdıranlara ehtiyac yaranır…
Bizim halda da belə olub. Müasir kompraçikoslar ilk zərbəni təhsilə vurmaqla başladılar. Növbəti qurban media oldu. Sonra isə onun özünü ictimai şüuru eybəcərləşdirən alətə çevirdilər. Beləliklə, təfəkkür və mənəviyyat kompraçikoslarının qurbanları kütlə rolunu oynamaqdan imtina edərək elitarlığa can atmağa başladılar, çünki harınlamışdılar…
Artıq hara baxırsan beyni zədələnmiş mənəvi idbarlar və cırtdan təfəkkürlü, lakin iddialı kompraçikos qurbanlarını görürsən. Onlar qəzet səhifələrindən, televiziya ekranlarından, sosial şəbəkələrdən insanın üstünə cumurlar. Hərdən elə gəlir ki, mənasız qəddarlıqla dolu dəhşət filmlərində təsvir olunan zombi dünyasına düşmüsən və sənin ikicə yolun var: biri asan, digəri çətin. Asanı əl-ayağını boş buraxıb zombilərə qoşulmaqdır, çətini isə insan olduğunu unutmamaq.
Orta əsrlərdə qaçaqmalçılığın kökünü kəsmək üçün Britaniya adalarının sahil xətti boyu qaçaqmalçıları asmaq üçün dar ağacları qurulmuşdu, amma onlar öz işlərində idilər, çünki dar ağaclarının da, dara çəkilənlərin də oyunun tərkib hissəsi olduğunu bilirdilər. Sadəcə, oyun qaydaları elə idi…
İndi isə artıq qaydaları dəyişmək zamanıdır!