Muəllif:

TARİXİ DƏYİŞDİRƏN 30 KİTAB

(I hissə)

Bu gün həyatı, dünyanı və təbiəti az da olsa anlayır, xəyallar qurub başqa dünyalara səyahət edir, texnoloji sərhədləri silkələyib Yer kürəsini lərzəyə gətiririk. Bütün bunlar insan beynində inqilablar edərək fırtınalar qoparmış qiymətsiz kitablar sayəsində olmuşdur. Tarixin ən nəhəng filosof və mütəfəkkirləri, elm adamları insan qarşısında sürəkli yeni cığırlar açmışlar. Bəşər övladı artıq Yaradılışın sirrini çözməyin astanasına yaxınlaşmışdır. Bu gün insanlıq üçün cavabı məchul sualların sayı tükənmək üzrədir.

Getdikcə bozaran Dünyamızı qorumaq, urbanizasiyanın ağır pəncəsi altında inildəyən Yer kürəsinə yeni stimullar qazandırmaq, onu fəlakət dəllalları ilə cəhalət sevdalılarından xilas etmək üçün bu kitabları unutmamaq və unutdurmamaq lazımdır. Daha da önəmlisi onları bizdən sonra gələn nəsillərə ötürməkdir.

“Kitablar başqa dünyalarda olmaq istəyənlər üçündür” demişdi Mark Tven. Xorxe Luis Borxes cənnəti ucsuz-bucaqsız, böyük bir kitabxana kimi xəyal edirdi. Mallarme kitabı sənətin, ümumən dünyanın çələngi, apofeozu sayırdı — «Bütün dünya əvvəl-axır tək bir kitaba sığmaq üçündür» yazmışdı. Leon Blua isə dünyanın özünü elə kitab kimi görürdü: “Biz – sətirlər və ya sözlərin, ya da ovsunlu bir kitabın hərfləriyik. Və daima yazılan bu kitab dünyada var olan yeganə şeydir, daha doğrusu o, Dünyanın elə özüdür”

30 ölməz əsəri sıralamaq üçün çox da baş sındırmağa ehtiyac yox idi. Zatən müxtəlif zamanlarda müxtəlif naşir və intellektuallar çox sayda bənzər təsnifat çalışmaları yapmışlar. Mən sadəcə bunları daha sadə dildə ifadə etməyə çalışdım ki, siyahi yorucu olmasın, oxumaq zövq versin. 30 kitab seçdiyim üçün təqdimat həcmcə bir qədər böyük alındı və elə qərara gəldik ki, bu Xəzinəni 3 hissədə çıxaraq sizin hüzurunuza…

***

1-ci kitab

Philosophiae Naturalis Principia Mathematica

Latınca yazılmış “Philosophiae Naturalis Principia Mathematica” (Natural fəlsəfənin riyazi prinsipləri) kitabı dahi ingilis fiziki İsak Nyutonun 1686-cı ildə çapdan çıxan nəhəng əsəridir. Nyuton kitaba saldığı Cazibə qanunu ilə klassik mexanikanın əsasını qoyur.

“Principia” 3 cilldən ibarətdir və o, Təbiəti riyazi dillə izah edən bir Şah əsər sayılır. Müasir dövrdə kitabın adı yəqin ki, “Fizikanın riyazi əsasları” olardı. Qaranlığın ortasında yandırılmış bir şama bənzəyir “Principia”. Bu gün Kainatın riyazi dilini anlamağa başlamışıqsa bu Nyuton və onun bu əsəri sayəsində mümkün olmuşdur. Əhəmiyyəti və miqyasına görə dəqiq elmlər tarixində kitabın tayı-bərabəri yoxdur. Odur ki, kitab nəinki elmi baxımdan, tarixi əhəmiyyətinə görə də əvəzsizdir. Kitabın məşhur giriş sözü isə başlı-başına bir aləm, tərifə gəlməyən bənzərsiz şedevrdir.

Nyuton ifrat təvazökarlığı ilə tanınırdı. Bu təvazökarlığındandır ki, kitabda yeni bir nəzəriyyə yaratdığını dilə gətirmir. Kim bilir, bəlkə də o haqlı idi, çünki elədiyi “sadə” bir şey idi — təbiəti riyaziyyatın dili ilə ifadə etmişdi.

 

2-ci kitab

Torinensis De Revolutionibus Orbium Coelestium

“Göy cisimlərinin fırlanması” (De revolutionibus orbium coelestium) Nikola Kopernikin ən fundamental əsəridir. 1543-cü ildə Nürnberqdə nəşr edilmiş kiitabda dahi polyak alimi xristian Avropasında ilk dəfə olaraq dünyanın heliosentrik modelini təklif etmiş, Günəşin Kainatın mərkəzi olduğunu, planetlərin isə onun ətrafında döndüyünü yazmışdı. Bu model o vaxta qədər hər kəs tərəfindən qəbul edilən Ptolomeyin Geosentrik modelinə qarşı idi, bu modelə görə Kainatın mərkəzi hərəkətsiz olan Yer kürəsiydi. Kopernik bu inqilabi yanaşması ilə İncilə qarşı da çıxmışdı, çünki xristian dünyasının müqəddəs kitabında da Günəşin Yerin ətrafında döndüyü yer alıb.

Kopernikin kitabı elmdə inqilaba səbəb olmuş, Avropanın gələcək inkişafına böyük təsir etmişdir. Bu hadisə Avropada Yeni dövrün başlanğıcına və yeni dünyagörüşünün formalaşmasına gətirdi. Kopernikin ideyaları Cordano Bruno, Qaliley, KeplerNyuton kimi dühalar tərəfindən qəbul və inkişaf etdirildi.

Kopernikin əsəri zamanını çox qabaqlamış, yeni Dünya təfəkkürünün əlifbası olmuşdur.

 

3-cü kitab

İBN-İ RÜŞD VƏ ONUN ƏLYAZMALARI

İbn-i Rüşd (1126-1198) görkəmli andalus və ərəb filosofu, İslam hüquqçusu, həkim, riyaziyyatçı, fizik, astronom və tərcüməçi olub. Latınca adı Averroesdir və o, daha çox bu adla tanınır. 1126-cı ildə İspaniyanın Andalusiya bölgəsindəki Kurtuba (Kordoba) şəhərində ərəb ailəsində doğulub. Atası və babası qazı olan İbn-i Rüşd mükəmməl təhsil almış, dövrünün ən görkəmli alimlərindən biri olmuşdur. Bir neçə dil biilən İbn-i Rüşd həyatının 30 ilini Aristotelin nəhəng mirasını qədim yunan dilindəki orijinaldan latın dilinə tərcümə etməyə sərf edib, bununla da kifayətlənməyib onlara şərhlər yazmışdır. Bu səbəbdən İslam aləmində onu «Şarih», Latın dünyasında isə «Kommentator» kimi də tanıyıblar.

Aristotel (m.ə. 384 — m.ə. 322) antik dövrün ən böyük yunan alimlərindən biri, fizika, astronomiya, məntiq, biologiya və b. sahələrdə nəhəng əsərlər müəllifi idi. O, Platonla (Əflatun) bərabər Qərb düşüncəsinin ən önəmli iki filosofu sayılır. XII əsrin ortalarına qədər Aristotelin cəmi bir neçə əsəri tərcümə olunmuşdu. Katolik kilsəsi Aristotelin başda 6 cildlik fundamental məntiq əsəri «Organon» olmaqla bütün külliyatına rəğbət etmirdi. Bu səbəbdən də o, ölümündən sonra 1200 il latın dilinə tərcümə olunmadı və nəticədə Avropa onu demək olar ki, tanımadı.

İbn-i Rüşd ömrünün yarısını sərf edərək Aristotelin bütün külliyatını əvvəlcə ərəb, sonra isə latın dilinə tərcümə etməsi ilə Avropa Renessans, yəni İntibah dövrünə qədəm qoydu. Faktiki olaraq İbn-i Rüşd olmasaydı, Qərb dünyası Aristotelin əngin mirasını çox gec tanıyacaq və indiki gücünə gecikərək əsrlər sonra çatacaqdı. Məhz bu tərcümələr və şərhlər sayəsində Avropada elm və mədəniyyət böyük sıçrayış edərək modern düşüncə tərzinin əsası qoyuldu. Avropa təfəkkürünün Bəşəriyyətə verdiyi düşüncə, fəlsəfə və dəyərlər böyük ölçüdə məhz İbn-i Rüşd sayəsində olmuşdur.

Katolik kilsəsi Andalusiyalı mütəfəkkiri Averroes adı ilə yaşatmaq istəmiş, onun dini və milli kimliyini unutdurmaq istəmişdir. Digər tərəfdən Andalusiyanın güclü İslam icması da zaman-zaman onu şiddətli təqiblərə məruz qoyub, fanatik islamçılar onun əsərlərini yandıraraq məhv etməyə çalışmışlar. İbn-i Rüşdü bu təqiblərdən İspaniya yəhudiləri qorumuş, onu himayələrinə almışlar.

Orta əsrlərdə Kordobalı alim o qədər böyük şan, şöhrət və ehtiram qazanır ki, Dante ölməz «İlahi Komediya»sında İbn-i Rüşdü böyük filosoflarla bərabər tutur. Viktor Hüqo «Notrdam kilsəsinin qozbeli», Ceyms Coys «Ulisiss» romanlarında onun adını çəkirlər. Bənzərsiz Borxes «Averroesin Arayışı» əsərilə İbn-i Rüşdü əbədiləşdirib.

Böyük italyan rəssamı Rafael özünün məşhur «Scuola di Atene» (Afina məktəbi) əsərində Averroesi Platon, Aristotel, Sokrat, Epikur, Evklid, Ptolomey, Ksenofon, Heraklit, Diogen kimi nəhəng dühalarla yan-yana qoyub. Vatikan sarayının divarındakı bu freska nəinki Rafaelin, bütün İntibah dövrünün ən möhtəşəm əsəri sayılır. Və rəssam İbn-i Rüşdü bu əsərə daxil etməklə onun dünyanın elm və düşüncə tarixindəki yerini də təsdiqləmiş olub.

 

4-cü kitab

Dialogo Di Galileo Galilei Linceo Matematico

Görkəmli italyan alimi, fizik, mexanik, riyaziyyatçı, filosof və astronom Qalileo Qaliley (1564-1642) dünyanın fiziki dərkinin riyazi imkanlarla mümkün olacağına inanırdı. İnsan beynindəki nəzəri eksperimentlərlə real eksperimentlərin sintezi onun afəti idi. “Dünyanın iki başlıca sistemi haqda Dialoq” əsəri insan zəkasının, düşüncəsinin yenidən yaradılmasında önəmli bir rol oynadı. “Dialoq” o dövrün canlı şahidi, AristotelMüqəddəs Foma dünyasından KopernikQaliley dünyasına çətin və sancılı keçidi oldu, Boris Pasternakın deyimi ilə “düşüncənin gerçək yazılması” idi.

Qaliley yazmağa başlayanda kitabın bu dərəcədə hadisəyə çevriləcəyini təxmin etməmişdi. Onun Aristotel-Ptolomey nəzəriyyəsini səbrlə çürütməyə başlaması, Dünyanın Heliosentrik sistemini arqumentlərlə ortaya qoyması elm aləmində fırtınaya səbəb oldu. Mediçi ailəsinin himayəsində 1632-ci ildə Florensiyada çap olunmuş kitab Vatikan və Katoliklərin etiraz və cəzalarına, senzura və təhdidlərinə baxmayaraq iki fərqli dünya görüşünün – Ptolomeyin Dünya mərkəzli Kainatla Kopernikin Günəş mərkəzli Kainat anlayışını neytral mövqedən dəyərləndirmiş, Həyatın sirrinin çözülməsi yolunda bir Şah əsər yaratmışdır.

Qaliley dünyaya gözünü yuman il Nyuton doğulmuşdu. Bəzən düşünürəm ki, o, dünyaya bir qədər gec – Nyutondan (1642-1727) sonra gəlsəydi, əlini qravitasiya ilə gücləndirib elmdə fantastik bir sıçrayış edərdi. Dərin zəkası, güclü məntiqi və əngin düşüncəsinin bircə əksiyi vardı – Nyuton mexanikası.

Ancaq nə olursa olsun “Dialogo Di Galileo Galilei Linceo Matematico” əsəri Avropada elmin təntənəsi, insan oğlunun qaranlıqdan aydınlığa sıçraması və Qərbin yüksəlişinin başlanğıcı idi. “Yeni fikir əvvəlkini məhv edir” demişdi miladdan öncə Lukretsiy (Lukretius). Elə də oldu, Avropa yeni bir formasiyaya – Aydınlanma çağına keçirdi, elmin, irfanın hegemon olacağı yeni bir dünyaya.

 

5-ci kitab

EL KANUN FİT-TIP

Böyük müsəlman mütəfəkkiri, alim və təbibi İbn-i Sinanın (980-1037) “El Kanun fit-Tıp” kitabı dünya tibb tarixinin şah əsəridir. 1014-cü ildə yazılan 5 cilddən ibarət bu kitab ərəb dilindədir, ancaq o dövrdə başda Latın olmaqla Avropanın bir çox dillərinə tərcümə edilib. Qərbdə Avisenna olaraq tanınan İbn-i Sinanın bütün külliyyatı 450 (!) əsərdən ibarət nəhəng bir dünyadır, onun fizika, həndəsə, hüquq, astronomiya, fəlsəfə, məntiq, musiqi və başqa sahələrdə yazdığı əsərlər İbn-i Sinanın bənzərsiz zəkasından xəbər verir. Onun tibb elminə bəxş etdiyi el-Kanun fit-Tıp (Həkimlik Qanunu), Kitabü’l-Necat (Qurtuluş Kitabı), Risale fi-İlmü’l-Ahlak (Əxlaq mövzusunda qeydlər), İşarat ve’l-Tembihat (Simptom və Xəbərdarlıq), Kitabü’ş-Şifa (Sağlamlıq Kitabı) kitabları var. Ancaq “El Kanun fit-Tıp”  onun ən möhtəşəm əsəridir.

“El Kanun fit-Tıp”, yəni “Tibbin Qanunu” əsrlər boyu Qərbdə əsas tibb kitabı olub. Yüzillər boyu təbiblər peşələrinə bu kitabdan oxuyaraq yiyələniblər. Kitab təkcə içindəki o dövr üçün nadir tibbi bilgilər baxımından önəmli deyil. Onu bir başqa qiymətli qılan kitabın təbib olmaq istəyənləri təcrübəyə, eksperimental tibbə sövq etməsi olub. Nə qəribədir ki, İbn-i Sinanın sonralar köhnələn və bəzi elmi xətaları onun kitabı sayəsində həkim olanlar tərəfindən düzəldilmiş, tibbin inkişafına öz töhvələrini vermişlər. “El Kanun fit-Tıp” əsərinin bəlkə də ən böyük faydası onun orta əsr insanına elmdə təcrübə etmək cəsarəti aşılaması olmuşdur…

2015-ci ildə İstanbuldakı kitab mağalarından birində “El Kanun fit-Tıp” kitabının türk dilinə tərcüməsini görəndə gözlərimə inanmamış, “Modern tibbin 1000 il əvvəlki bilgilərə nə dərəcədə ehtiyacı var?” deyə düşünmüşdüm. Xüsusilə də elm tarixçisi professor Esin Kahyanın ömrünün 32 ilini bu külliyatın tərcüməsinə sərf etməsi məni heyrətə gətirmişdi. ”Atatürk Kültür Merkezi” adlı nəşriyyatda çap edilən 5 cild tibb tarixi baxımından müstəsna əhəmiyyətə malikdir.

 

6-cı kitab

 L’ETRE ET LE NÉANT

Görkəmli fransız filosofu və yazarı Jan Pol Sartrın (fr. Jean Paul Sartre, 1905-1980) 1943-cü ildə yazdığı «Varlıq və heçlik: Fenomenoloji antologiya təcrübəsi» adlı əsəri XX əsr filosof və aydınlarının başucu kitabı idi. Xüsusilə 1960-70-ci illərdə Avropa sol hərəkatı zamanı satış rekordları qıran bu kitabla Qərb düşüncəsindəki fərd idealının təməlini qoymuşdur. Bu da indiki Avropa demokratik normalarının əsasını təşkil edir. Elə buna görə də Sartrın modern Qərb mədəniyyəti, fəlsəfə və ədəbiyyatına təsirini heç nə ilə müqayisə etmək mümkün deyil. O, sadəcə fransız aydınlarının görkəmli təmsilçisi deyil, həm də dünyanın ən nəhəng intellektualı sayılırdı.

Bəzi müasirləri ona “yalançı peyğəmbər” deyir, ekzistensial fəlsəfəsini “ruhun xəstəliyi” adlandırırdılar. Bütün ittiham və təzyiqlərə baxmayaraq böyük filosof “Varlıq və heçlik” əsəri ilə ötən əsrin 2-ci yarısına damğasını vuraraq ekzistensializmin əsas sənədini yaratmağa nail oldu. 800 səhifəlik bu dev əsəri oxuyub, bitirmək igidlik istəyir — yeni terminlərin çoxluğu, Sartrın fərqli yazı üslubu oxucu üçün işkəncədir. Amma nə olsun, kitab bir vaxtlar dünyada satış rekordları qırır, bu gün də diqqət mərkəzində olan intellektual bir əsərdir.

“Varlıq və heçlik” türk dilinə çox gec – 2009-cu ildə tərcümə edilib. Buna səbəb Sartrın icad edib, fransız dilinə gətirdiyi yeni söz və fəlsəfi terminlərin qarşılığının çətinliklə tapılmasıdır. Tərcümənin keyfiyyəti haqda fikir yürütmək istəməzdim. Eyni şeyi Azərbaycan türkcəsinə çevrilmiş kitab haqda da söyləmək istəyirəm.

 

7-cı kitab

DİE GEBURT DER TRAGÖDİE AUS DEM GEİSTE DER MUSİK

“Musiqinin ruhundan yaranan faciə” (alm. Die Geburt der Tragödie aus dem Geiste der Musik) və ya qısa adı ilə “Fəlsəfənin doğuşu” görkəmli alman filosofu Fridrix Nitşenin (1844-1900) ən önəmli əsəridir. 1872-ci ildə çap olunan bu estetik traktat Nitşenin incəsənətin dualistik başlanğıcına bir baxışıdır. O, hesab edirdi ki, qədim yunanlar sənəti gerçəkliyin mənasızlığına və bədbinliyə qarşı zərdab kimi görürdülər. Nitşeyə görə yunan mədəniyyət tarixi iki estetik başlanğıc arasında mübarizədən ibarətdir.

Nitşe ilk dəfə olaraq yunanların mifologiya ilə bəzənmiş, parıltılı tərəfindən çıxaraq Yunanıstanın faciələrindən yazır və Avropanın taleyinə paralellər cızır. Apollonistik başlanğıc Nitşeyə görə səliqə-səhman, harmoniya və əsalət, Dionistik başlanğıc isə xaos və qarabasmadır. Qədim yunan mifologiyasında Apollon İşıq və Günəş Tanrısı, incəsənəti və muzaları himayə edəndir. Dionis isə Şərab və Bərəkət Tanrısıdır.

Alman filosofa görə sənəkarın daxili aləmi bu iki başlanğıcla mübarizə və çəkişmədən ibarətdir. Bunları bütün bədii əsərlərdə görmək mümkündür. Nitşenin bu əsəri XX əsrin əvvəlindəki bütün fəlsəfi, ədəbi və incəsənət cərəyanlarına olduqca böyük təsir göstərmiş, Apollon-Dionis dualizmi musiqidən ədəbiyyata, tarixdən sosiologiyaya qədər bir çox sahələrə tətbiq edilmişdir.

Görkəmli alimin bütün fəlsəfi irsini öyrənmək məhz “Musiqinin ruhundan yaranan faciə” traktatını mənimsəməkdən keçir.

(Ardı var)

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 557