Söz-3
Bu dəfə də təsəvvürünüzə gətirin ki, hər bir söz bir düymədir — bütün dünyaya sığışan nəhəng kömpüter klaviaturasının bir düyməsidir.
Və biz danışdıqca görünməz bir əl o klaviaturada nəsə yazır…
Və doğulandan bu ana qədər nə demişiksə, hamısını bitdə-bitdə yazıblar.
Və oxuyublar.
Və hər şeyi yadlarında saxlayıblar.
Və bizim sabahımızın ssenarisini yazanda əvvəlki cızmaqaralara baxıb ordakı sözlərdən istifadə edəcəklər. Ordakı deyimlərin üstündə quracaqlar olacaqları.
Srağagün — dünən — bugün dediyimiz, yazdığımız, sadəcə düşündüyümüz, hətta köçəri meteorit kimi ağlımızdan uçub keçən ötəri fikirləri təşkil edən sözlərdən yazılacaq bizim gələcəyimiz…
Deyirlər, adamlar həyatı boyu işlətdiyi sözlərin 80 faizini dörd yaşına kimi öyrənir! Deyirlər…
Sözüm ondadır ki, «extiyatlı» olun! Üzürlü sayın, Bakıdan yenicə gəlmişəm, orda elə deyirlər. «Xara qedirsənsə, oranın dilini qötürürsən» …
Sözümün canı odur ki, hər zaman ehtiyatlı olun, hər dəfə ağzınızdan, barmaqlarınızın arasından sözü azad etməmişdən əvvəl onu qəlbinizin «elektron» tərəzisində çəkin, 5-10 saniyə gec olsun, ama güc olsun, nə təhər deyərlər. Nə deyəcəklər, desinlər.
Uzaqbaşı deyəcəklər ki, kütdür, astagəl adamdır, ya da sadəcə, deyəcəklər ki ləngdir, ağır adamdır. Nə deyirlər desinlər, «zato», (yenə getdim düşdüm Bakıya), sabahkı günün triller yox, psixoloji drama yox, qəşəng bir ailə filmi, nə bilim, sevgi filmi, həyatın ən dadlı duyğuları ilə dolu olan bir film kimi çəkiləcək…
Hər şeyə qulp (mız da deyirlər, biləsiz, amma mən bilmirəm mız nə deməkdir, biləsiz) qoyan ölkədaşım deyə bilər ki, bir sözlə nə olandır ki?
Yaradanın «Ol» kəlməsindən sonra nə baş verdiyini demirəm.
Bircə «Atəş», yəni «Огонь», yainki «Fire» kəlməsi nələr törədə bilər, onu da demirəm.
Sözüm odur ki, əgər həqiqətən də bir sözün qüdrəti bir kompüter düyməsinin gücü qədərdirsə; və o düymənin basılması ilə yer üzünün basılması mümkündürsə, onda deməli, mütləqa ehtiyatlı olmalıyıq,həzərat!
Qılıncdan iti, güllədən sürətli, lazer şüasındansa həm iti, həm sürətli, həm də güclü olan sözü — «kullananda» ehtiyatlı ol, mənim ölkədaşım, şəhərdaşım, qardaşım!..
Deyirlər, çiynimizdə oturan mələklər savabı da, günahı da yazır. Həm də deyirlər, günahı nə qədər ki, etməmisən yazmazlar. Amma savabı, hətta ürəyindən keçibsə belə, dəftərə qeyd edərlər.
Düz deyirlər!
Günahı da, savabı da dəftərə sözlə yazırlar.
Sözlə.
Belə ki, sözə baxın!..
Ehtiyatlı olun!
Rauf Qaraişıq
Southampton