LEONARDO DA VİNÇİ İSLAMI QƏBUL ETSƏYDİ
Görkəmli alim, ixtiraçı, yazıçı, musiqiçi, memar, heykəltəraş, rəssam və İntibah Dövrünün ən parlaq ulduzu Leonardo da Vinçinin ölüm ildönümüdür bu gün. Karantin günlərində köhnə bloknotumdan 5 il əvvəl yazdığım qeydlər çıxdı qarşıma. O vaxt bitirmədiyimı tamamlamaq bu gün nəsib oldu…
Padişah II Beyazid (osm., Beyazıt, 1447-1512) İstanbulda Haliç üzərində bir körpü inşa etmək istəyirdi. Onun bu istəyi Leonardo da Vinciyə (1452-1519) qədər gedir çatır və o Padişaha məktub yazır. Topkapı Sarayı arxivində mühafizə edilən məktubda çarxları küləklə dönən dəyirman və gəmilərin suyunu boşaltmaq üçün nasosdan bəhs edərək əsas mövzuya keçir – Qalata ilə İstanbul arasında qurulacaq körpüyə. Leonardonun Padişaha yazdığı məktubun tərcüməsini türkcə olduğu kimi verirəm:
“Acizleri, efendimizin Galata’dan İstanbul’a bir köprü kurdurmak için teşebbüse geçtiklerini işittim. Lakin bu işe ehil bir kimse bulamadıklarını öğrendim. Bu işten anlayan kulunuz, arzularınızı gerçekleştirebilir. Köprü, yüksek bir kemer üzerine kurulacaktır. Fakat bu kadar yüksek kemerli bir köprü üzerinden kimsenin geçmek cesaretini gösteremeyeceğini düşündüğüm için kenarlarını tahta parmaklıklarla örteceğim. Kemeri, o kadar yüksek tasarlamamın sebebi, altından yelkenlilerin rahatça geçebilmeleri içindir.
Efendimiz Hazretleri irade buyururlarsa, Anadolu sahiline kadar uzayacak, gerektiğinde açılır kapanır bir köprü dahi inşa edebilirim. Burada su daima hareket halinde olduğundan kenarların aşınmaması için bir çare düşündüm. Bununla su akıntısı dirsek ve kenarlara zarar vermeyecektir. İnşallah Sultan Hazretleri, bu aciz kulunun sözlerine inancını bağışlar da onu her zaman hizmetlerinde görmeyi arzular ve cevap vermek lütuflarını esirgemezler.”
Topkapı Sarayındakı arxiv sənədinin sonunda məktubun iyul ayının 3-də yazıldığı və ünvana bu tarixdən 4 ay sonra çatdığı qeyd olunur. Parisdəki “Institut de France” kitabxanasında Leonardo da Vinçinin əl yazısı ilə çəkilmiş bir körpünün eskizi saxlanmaqdadır. Eskizin altında Leonardonun öz əli ilə 1502-1503 tarixləri yazıldığından belə təxmin etmək olar ki, məktub Osmanlı Sarayına da məhz elə bu illərdə göndərilib. Eskizə görə 350 metrlik körpünün genişliyi ən az 25 metr, su səviyyəsindən isə 41 yüksəkdə olacaqdı…
II Beyazid Konstantinopolu fəth edən Fatih Sultan Mehmedin oğludur. Dövrünün ən tanınmış alimlərindən dərslər almış və Padişah olacaq şəkildə yetişdirilmişdi. 1481-də taxta çıxanda 34 yaşında idi, atası İstanbulu fəth etmişdi, o isə bu şəhəri daha abad və daha da gözəl görmək istəyirdi. Hakimiyyəti dövründə İstanbulda böyük memarlıq abidələri, mühəndislik qurğuları inşa edildi. Ancaq təəssüf ki, böyük Leonardo da Vinçi İstanbula öz imzasını ata bilmədi…
Osmanlı Padişahı II Beyazidin arzu və istəyinə baxmayaraq Haliç üzərində körpü inşa edilmədi. 300 ildən (!!!) çox xalq Halici qayıqla keçib getdi. İlk körpü ancaq 1836-cı ildə inşa edildi. Bəs niyə belə oldu, bu qədər ağıllı bir hökmdar nə üçün bu layihədən vaz keçdi? Vazmı keçdi?
Qərb alim və mühəndislərinin Osmanlı İmperatorluğunda çalışmasına ancaq XVIII əsrdən sonra icazə verilmişdir – Xristianlara Saray üçün çalışmaq qadağan idi. Təsadüfi deyil ki, Leonardonun Padişaha göndərdiyi məktub Topkapı Sarayına üzərində “Kafirin göndərdiyi məktub” ibarəsi ilə qəbul edilmişdi.
1500-cü illərin ilk başlarında İstanbula yapılması düşünülən bu körpü 500 il sonra — 2001-ci ildə Norveçdə inşa edildi (Da Vinçi layihəsi 500 il sonra da əskilməyən bir dahi idi).
İtalyan ixtiraçı sadəcə Halicə körpü ilə kifayətlənməyəcəkdi. Onun nəhayi məqsədi Bosfor Boğazına açılıb-qapanan bir körpü inşa etməkdi. Ancaq nə böyük bir kədər və talehsizlik ki, Leonardoya cavab verilmir. Ancaq burada qaranlıq bir məqam var. Belə ki, əsas versiyaya görə II Beyazid dahi italyan aliminin məktubuna cavab verməyi özünə sığışdırmır. Ancaq Fatih Sultan Mehmedin oğlu olan birinin belə bir sayğısızlıq etməsi inandırıcı görünmür.
Osmanlı tarixçiləri önəmli bir iddianı nədənsə çox araşdırmamış və ya araşdırsalar da üzərindən sakitcə keçmişlər. İddiaya görə II Beyazıd Leonardoya cavab yazır, ancaq onun xristian olması səbəbilə bunun mümkün olmayacağını, yeganə çıxış yolunun müsəlmanlığı qəbul etməsini bildirir…
Leonardonun İstanbula gəlməməsinin Osmanlını nə qədər geri saldığını, onu nələrdən məhrum etdiyini yazmağa yəqin ki, ehtiyac yoxdur. Dahi alim öz emalatxanasında qalıb Bəşəriyyət üçün bir-birindən gözəl elm və sənət əsərləri yaparkən II Beyazıd Sefer-i Hümayun (toplam 5 səfər), Lehistan hərbi səfərlərinə qatılır, İmperatorluğu bir savaşdan o birinə sürükləyir, zəfərlər qazanırdı.
1502-də İranda hakimiyyətə Səfəvilər gəlir. II Beyazid Şah İsmayılla haqq-hesab çəkmək üçün hazırlıqlara başlayır. Ancaq ömrü vəfa etmir, oğlu Yavuz Sultan Selim 1514-də Çaldıranda Şah İsmayıl üzərində qələbə çalır.
İki türkün ordusu Çaldıran savaşında qardaş qanı tökdüyü bir vaxtda Leonardo da Vinçi Florensiyada özünün ölməz əsəri olan “Mona Liza” tablosu üzərində çalışırdı. II Beyazidin təklifini qəbul edib, İslamı seçsəydi, Dünya Mədəniyyəti Qadın Gözəlliyinin ən sirli, ən ecazkar təbəssümündən – Cokondanın təbəssümündən məhrum olacaqdı. Osmanlı Sarayı isə dahi alim və ixtiraçını itirməklə kim bilir nələr, nələr itirdi…
Yazını “Ayna”ya göndərmədən redaktə etdim. Oxuyanda ağlımdan keçənləri yazmamaqla doğru etdiyimi düşünürəm…
P.S.
Üç tip insan vardır: görənlər, bir şeyi göstərəndə görənlər və görməyənlər.
Leonardo da Vinçi