Muəllif:

KORONAVİRUSUN “DƏRMƏNİ”

Qazaxda “Rumex acetosa” desən kimsə bunun nə olduğunu anlamaz, heç rayon əczaçıları da yəqin xatırlamazlar bu bitkinin latınca adını. Ancaq “əvəlik” dedinmi biləcəklər, çöhrələrinə təbəssüm qonacaq, yerli ləhcə ilə “öyəlik” desən isə, olacaqsan onlardan biri.

Əvəlik mənim babalarımın yaşadığı torpaqlarda yay vaxtı toplanıb qurudularaq qışa tədarük edilən ən önəmli bitki, soyuq ayların ən əsas yemək inqridientlərindən biridir. Əvəlikdən hazırlanan sulu yeməyə “Öyəlikli isti” deyirlər o saf və gözəl diyarda, onu qripin və soyuqdəymənin “dərməni”, yəni dərmanı sayırlar.

Qazax mətbəxi Şəki, Bakı və Lənkəranla müqayisədə çox kasıbdır – xəngəl, əvəlikli istifəsəlidən başqa öyünəcək bir şeyi yoxdur. “Öyəlikli isti” məncə, o bölgənin ən şah yeməyidir (bəlkə də “xəngəldən sonra” yazmalı idim). Əslində isə əvəlik Naxçıvanda (xüsusən Şahbuzda) və Gədəbəydə də çox bilinən və yeməklərdə istifadə olunan önəmli bir bitkidir. Tələbə vaxtı Ordubadda, Əndəmişdə yediyim əvəlikli plovun dadı hələ də damağımdadır.

Amerikada yaşayan türk əsilli məşhur həkim Mehmet Öz bestsellerə çevrilmiş “İyileştiren Yiyecekler” (Koridor Yayıncılık, 2018) kitabında modern şəhər insanının sağlam qidalanmasının onun ata-babalarının torpaqlarında yetişən təbii qida məhsullarını əldə etmə imkanları ilə düz mütənasib olduğunu yazır. Yəni, məsələn, Bakıda yaşayan bir ailənin ata-babalarının doğulduqları rayonla əlaqəsi varsa, oradan mütəmadi olaraq müxtəlif ərzaqlar gəlirsə, o zaman bu evdə qidalanma ilə bağlı problem yoxdur. İstanbuldakı qonşum və ailəvi dostum Ahmet T. əslən Trabzonludur. Kərə yağından çörəyə qədər çox adda təbii ərzaqlar onlara Trabzondan gəlir. İstanbulda doğulmuş uşaqları da dədə-babalarının yediyi şeylərlə qidalanırlar. Professor Özə görə, bu uşaqlar yaşıdlarından daha üstün durumdadırlar.

Nənələrim hər il payızın sonuna doğru Bakıya saç hörgüsü şəklində hörülmüş əvəlik göndərərdilər. Bu da bizim evdə “Qrip mövsümü” başladı demək idi. Elə ki qripin ilk əlamətləri özünü göstərməyə başladı, qışda Bakıya köçən ata nənəm “hörgüləri” çıxarıb sökür, doğrayır və umac ovurdu. Az keçmədən mətbəximizi Bakı evinə xas olmayan qəribə bir qoxu bürüyürdü. Uzun illər keçsə də o qoxu hələ də dad və ləzzət hafizəmdədir. Hərdən anam mətbəxdə sarsan “avtoritetini” bərpa etmək istəyir, əvəliyi özü bişirmək istəyirdi. Nənəm ədalı bir baxışla “sən dəymə” deyib özünü qabağa verirdi.

Əvəlikdən bişirilən bu möcüzə yemək bizim uşaqlığımızın antibiotiki, dava-dərmanı idi. Bakının soyuq qış aylarının şəfa verən yeməyi, güc mənbəyi və indilərin moda deyimi ilə “immunitetimizi gücləndirən möcüzə” sayılırdı. “Qripin dərməni” idi bu yemək. Ancaq bizim ailədə əvəlik elə indi də ehtiyatdakı “sehirli dəyənək”dir. Günü bu gün bir balaca nasazlayan kimi bir böyük qazan “Əvəlikli isti” hazırlanır, qripi yenib sağalandan sonra da qazandakı bitənə qədər mən səhər, axşam – gündə iki dəfə o tayı-bərabəri olmayan yeməkdən yeyirəm.

Koronavirus epidemiyası (bu yazını bitirəndə WHO (ÜST-red.) onu pandemiya səviyyəsinə yüksəltdi) başlayanda ekssentrik türk həkimi, prof. Canan Karatay xəstəliyi yenmək üçün insanların immun sistemini gücləndirməsini, bunun üçün də qidalanmasına fikir vermələrini deyir. Karatay bunun üçün tez-tez kəllə-paça yeməyi məsləhət görür. Mən də bu kiçik yazını yazmaqla əvəliyin faydasını, “Öyəlikli isti”nin möcüzəvi gücünü dostlara xatırlatmaq istədim.

 

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (12 оценок, среднее: 9,08 из 10)
Oxunma sayı: 1634