Muəllif:

JÜL VERN və RAMAZAN AYI

Jül Vern «Aya Səyahət» romanını 1865-də yazıb. İnsanoğlunun Aya ayaq basmasından 104 il əvvəl. Uşaq kitabı sayılsa da hər yaş üçün maraq doğuran qeyri-adi gözəllikdə elmi-fantastik əsərdir. Uşaqlığımı bu kitabsız təsəvvür edə bilmirəm. Məktəbli ikən üç adamın Aya göndərildiyi hissəni oxuyanda ürəyimin necə həyəcanla döyündüyünü hələ də unutmamışam. Bu kitabı oxumadan, onun qəhrəmanlarının yaşadıqlarını yaşamadan uşaqlar yeniyetmə çağına ləng keçirlər deyə düşünürəm. Xəyallar aləmi, kosmosa səyahət, fantastik qurğunun “jülvernvari” inkişafı o vaxt yuxularımızı rəngləndirmiş, çocuq dünyamıza macəra ruhu qatmışdı…

Amerikadakı vətəndaş müharibəsinin başa çatdığı illərdir. Baltimordakı “Artilleriya klubu”nun üzvləri bekarçılıqdan başlarını qatacaq bir şey axtarırlar. Ağıllarına elə bir top tökmək gəlir ki, mərmisi Aya qədər gedib çatsın. Klubun qurucusu İmpi Barbiken layihə üçün dünyanın hər tərəfindən 5.5 milyon dollar maliyyə cəlb edir, işin texniki tərəfini həll edir, kosmosa uçacaq ekipajı — iki amerikalı və bir fransız səyyahı seçir.

Jül Vernə qədər də Aya səyahət haqda əsərlər yazılmışdı. Ancaq onlarınkı “Min bir gecə” nağıllarına bənzəyən, uçan xalça tipli elmi-texnoloji dərinlikdən məhrum hekayələr idilər. Ancaq Jül Vern romana başlamadan ciddi elmi araşdırmalar aparmış, əsərinin mükəmməl texniki bazasını hazırlamış, yazısına dünyada ilk dəfə olaraq aero-kosmonavtika elementləri qatmışdı. Bir kahin fəhmi ilə vaqon-mərminin start qurğusundan qalxışını, hətta birinci pillənin yanacaq bitdikdən sonra korpusdan ayrılmasını belə yazaraq dövrünü düz yüz il qabaqlamışdı. Əsərdə topu Floridada tökürlər. Bir əsr sonra Aya ilk insanları aparacaq “Apollo” missiyası da Floridadakı kosmodromdan qalxacaqdı.

“Bir amerikalının başına bir fikir gəlibsə, onu paylaşacaq başqa bir amerikalı mütləq var”…

Romanda kosmosa səyahəti maliyyələşdirmək üçün Barbiken dünya ölkələrindən maddi dəstək istəyir. Əvvəlcə ABŞ pul ayırır, arxasınca da digər ölkələr. Orijinal fransız mətnində Jül Vern vəsaitin 5%-nin Osmanlı Bankı tərəfindən verildiyini yazır. Yazıçı 20-yə yaxın bankdan bəhs edir, romanın orijinal mətnində belə bir yer var:

“Türkiyə çox səxavətli davranmışdı; amma bu işdə şəxsi mənfəəti vardı; axı Ay orada illərin əyarını tutaraq Ramazan orucunu təyin etməkdədir…”

Jül Vern daha sonra belə davam edir:

“Bir milyon üç yüz yetmiş iki min altı yüz qırx quruş verməsi çox təbii idi, fəqət onu elə bir şövqlə ödədi ki, bunun arxasında Bab-ı Alinin olduğu hiss edilirdi”.

Əsər türk dilinə ilk dəfə 1892-ci ildə tərcümə olunur («Arzdan Kamere Seyahat». Aya Yolculuk-Merminin içi, Jül Vern, Çev: Mazhar, Mekteb-i Sanayi Matbaası, 1892). Ancaq nə qəribədir ki, türk dilinə tərcümədə Osmanlı Bankının 5%-lik maddi dəstəyi olan hissə senzuraya uğrayır, “qayçılanaraq” kitabdan atılır.

Romanı uşaqlıqda rusca oxumuşdum. Doğrusu, türklərin 5%-lik dəstəyi məsələsi heç yadımda deyil. Təbii ki, əlimdə kitabın ruscası da yox idi. Eləmədim tənbəllik, pdf-ni endirib, diqqətlə incələdim – Jül Vernin sözləri belə tərcümə olunmuşdu:

“…Турция выказала немалую щедрость; это и понятно – ведь она лично заинтересована в этом деле, так как ведет счет времени по лунным месяцам и в зависимости от Луны установила свой пост Рамазан. Итак, она расщедрилась на сумму в 1 372 640 пиастров; впрочем, она внесла ее с такой поспешностью, которая заставляет подозревать известное давление со стороны правительства Порты”…

Roman Fransada nəşr ediləndən qısa bir zaman sonra ingilis və alman dillərinə də tərcümə edilir. Onlar da orijinal mətnə hörmətlə yanaşıblar. Əsər ana dilimizə də tərcümə olunub. Ümid edirəm ki, bizim nəşrdə də Osmanlı Bankının 5%-lik yardımı öz yerini qoruyub.

Roman 1892-ci ildən sonra türk dilinə bir neçə dəfə də tərcümə olunur. 1939-da “Kanaat Kitapevi”ndə  çıxan Fehmi Baldaşın tərcüməsində “Osmanlı Bankı” və “Türkiyə” var, ancaq “Ramazan” yoxdur.  2009-da “İş Bankası” nəşriyyatında çıxan Bertan Onaran tərcüməsində isə orjinala sadiq qalınmışdır. Ancaq çox keyfiyyətsiz olan bu tərcümədə isə “Osmanlı Bankı”, “Ramazan”, “oruc” var, “Türkiyə” yoxdur. Ehtimal ki, B.Onaran mühafizəkar dünyagörüşlü biri imiş.

İndi gəlirəm əsas suala – nə üçün türklər bu kultlaşmış romana senzura tətbiq etmişdilər? Buna səbəb nə idi?

İlkin versiyaya görə, guya “Osmanlı Bankı” yəhudi sərmayesilə qurulmuşdu və padişah ölkəsinin adının bu bankla yanaşı çəkilməsini istəməmişdir. Səhv versiyadır, çünki ingilis sərmayeli “Bank-ı Osmani” və bir fransız maliyyə qrupunun ortaq olaraq 1863-də qurduqları  “Bank-ı Osmani-i Şahane” ingilis bankıdır. Yəni adında “Osmanlı” olsa da Osmanlı dövləti ilə əlaqəsi yoxdur.

Bir başqaları isə iddia edirlər ki, əsərdə Osmanlı dövlətinin ciddi mali yardımı etdiyi üçün Jül Vern Aya gərək bir türk də göndərəydi. Və guya buna qəzəblənən naşirlər tərcümədə o bölümü ixtisara salıblar.

Məncə, ən məntiqli izah o dövrkü iqtidarın “Osmanlı dövləti faydasız və boş bir iş üçün pul xərcləməz – o qədər məsuliyyətsiz deyil” düşüncəsidir. Yəni, fikirləşiblər ki, “Padişah top mərmisi ilə göyə adam uçurtmağa” səfehlik kimi baxar və ölkəsinin adının bu şəkildə hallanmasını istəməz. Yoxsa türk oxucusu romanı oxuyub, “dövlət niyə daha lazımlı işlərə sərmaye qoymur” deyə Saraya xor baxa bilərdi…

Məsələnin kökü isə daha dərinlərdədir, zənnimcə. Mətbəəni ölkəyə gətirməmək üçün 200 il dirənib, onu Avropadan 200 il (!!!) sonra gətirmək Osmanlıya necə baha başa gəldiyini yazmağa ehtiyac varmı? Nə zaman ki, söhbət elmdən, astronomiyadan, Günəş sistemindən düşür ağlıma Sultan III Muradın özünün inşa etdirib özünün də yerləbir etdiyi İstanbulun Tophane səmtindəki rəsədxana gəlir. Onu iqtidarının nə qədər sürəcəyini hesablatdırmaq, vəba epidemiyasını əvvəldən bilmək üçün tikdirmişdi. Sultana elm lazım deyildi. O, qorxurdu, kosmosdan da, Aydan da, işıqlı hər şeydən qorxurdu. Senzura vardı əlində, Jül Verni belə “kəsəcək” qədər üzsüz senzurası…

Jül Vern Aya səyahət üçün lazım olan 5.5 milyon dolların 4 milyonunu Amerikanın verdiyini, yerdə qalan 1.5 milyonu isə 20 ölkənin topladığını yazır. Fransız yazıçı çox zəki və uzaqgörən idi, romanda 4 milyonu ABŞ-ın verdiyini yazanda Aya enən ilk insanın da amerikalı olacağını görmüşdü. Kəhanəti 104 il sonra gerçək oldu…

[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 282