Muəllif:

İRFAN, ARTEMİS və NAVAHOLAR

Dostum İrfan

Otuz ildir tanıyıram onu. Bakıda təsis etdiyi “Avrasiya” qəzetinin köşə yazarı da olmuşam. Günaydın, Sabah, Hürriyet, Star qəzetləri, Sipa və Gamma (Fransa), DHA, ATA, Anadolu Ajansı agentlikləri, TGRT, BBC, Kanal D, TRT televiziya kanalları kimi ciddi media quruluşlarında çalışıb. Türkiyənin ən məşhur jurnalistlərindən və savaş müxbirlərindən biridir İrfan Sapmaz.

İki il əvvəl ona CNN Türk kanalının rəhbəri vəzifəsini təklif etdilər. Bir gün belə olsun məzuniyyətə çıxmadı, tətil nədir bilmədi, saysız-hesabsız referendumlarda, prezident, parlament və bələdiyyə seçkilərində kanaldakı iş otağında gecələdi sabahlara qədər.

Sonra CNN Türk-də “patronlar” dəyişdi, İrfana fürsət doğdu – yorulmuşdu, müdirlik və aktiv jurnalistikanı bir arada tutmaq çətin idi, vəzifəsindən ayrılmağa qərar verdi.

Keçən il 31 dekabrda Yeni ilə saatlar qala telefon gəldi İrfandan. “Heç kim bilmir, ilk sənə deyirəm. Amerikaya gedirəm, nə deyirsən?”. Nə üçün gedir, niyə gedir deyə sormadım, “Get, yolun açıq olsun” dedim. Getdi, Vaşinqtona yerləşdi. Qayıtmaz artıq…

İndi həm MBA təhsili alır (iki universitet məzunu olmasına rəğmən), həm də çalışır. Axşamlar Vaşinqtondan canlı bağlantılarını seyr edirəm onun. Analizləri, şərhləri dolğundur usta qəzetçinin. Bəzən yayın əsnasında ona köndələn suallar yönəldirlər “Amerika batdı”, “səhiyyə sistemi çökdü”, “ABŞ iqtisadiyyatı dağıldı” deyə. O da səbrlə dinləyib, təmkinlə cavab verir, fikirlərini özünə məxsus tərzdə “Büyük devlet olmak başka şeydir, kardeşim” sözləri ilə bitirir…

Trampın fərmanı

Donald Tramp fərman imzaladı. Amerika şirkətləri Ayda mədən işləri və qazıntılar aparmağa haqq qazandılar. İndən belə Amerika Ayı Bəşəriyyətin ortaq malı olaraq görmür. ABŞ kosmik fəzadakı iddialarını hələ 2015-də — Barak Obama Kosmosda Mədənçilik Qanununu imzalayanda ortaya qoymuşdu. Bu Qanun kosmosda bioloji canlı arayışlarına da imkan tanımışdı.

Trampın fərmanı ABŞ-ın gizli olmayan planlarını xatırlatdı hamıya – Aya yenidən insan göndərmək, qalıcı bazalar inşa etmək, oradan da Marsa! Döşünü qabağa verəcək ancaq Çin var. Rusiyanın isə kosmosda yarışa nə intellektual gücü qalıb, nə də maddi. Bir vaxtlar kosmosda “at oynadan” ruslar müşahidəçiyə çevrilirlər yavaş-yavaş. Ağ evin addımına reaksiyaları da sakit oldu. Kreml “Ayın özəlləşdirilməsi”, Roskosmos isə “Başqa planetlərin işğalı” adlandırdı olanları.

ABŞ missiyasını Kanada, Yaponiya, bəzi Avropa ölkələri və Sədiyyə Ərəbistanı ilə müzakirə etməyə başlayıb. Ağ ev bu ölkələri “Ay planlarında bizimlə oxşar düşünənlər” adlandırır. Səudiyyə var, ruslar yox. Təəccüblü deyilmi? Deyil, məncə. Rusiya Yerdə ABŞ-la bir müddət mübarizə apardı, ancaq Ayda bunu edə bilməyəcək. Amerikalıların orada tək bir rəqibi var — çinlilər.

Kennedi 1970-lərdə Ay missiyasına start verəndə Moskva bu proqramı qaralayır, səfeh və mənasız adlandırırdı. Ruslar eyni şeyi Trampın 2019-da imzaladığı Artemis proqramı üçün də edirlər bu gün. Ancaq bu dəfə daha gülməli bir iddia ilə — “pulları çatmayacaq”. Həqiqətən də yeni Ay ekspedisiyası üçün bu gün 150 milyard dollar lazımdır. Ruslar NASA-nın illik büdcəcisinin 30 milyard olduğuna baxaraq Amerikanın bunu qaldıracaq gücdə olmadığını iddia edirlər.

Ancaq, NASA mayın əvvəlində Artemis proqramı üçün 3 şirkət — BlueOrigin, DyneticsSpaceX-i seçdi. Yəni Amerika Ay missiyasına özəl şirkətləri də cəlb edərək, yaratdığı tandemlə (Jeff Bezos, İlon Mask və Stiv Gilbert) missiyanın  gücünə güc qatacaq.

Digər tərəfdən ruslar iddia edirlər ki, Helium-3 izotopu xaricində Ayda faydalı heç nə yoxdur. Deyirsən “Helium-3 nüvə-istilik reaktorları üçün ideal yanacaqdır”, cavab verir ki, nüvə-istilik enerjisi üçün hələ tezdir. 50 il əvvəl də “İnsan Ayda nə itirib ki?” deyirdilər. Halbuki Aydakı su ehtiyatları (donmuş buz parçaları şəklində) sayəsində milyardlarla vəsaitə qənaət ediləcək, Yer kürəsindən ora su daşınmayacaq. Adamlar Aydan Marsa uçuş haqda düşünürlər, qonşularımız isə onların pulunu sayırlar.

İddialı Ay proqram 10 ilə nəzərdə tutulub. Bu müddətdə 37 kosmik uçuş, astronavtların Aya 5 enişi və Ayda qalıcı bazanın inşa edilməsi planlaşdırılır. 1960-70-ci illərdə Apollon missiyalarında Aya ancaq kişilərin ayağı dəymişdi. Bu dəfə isə Aya ilk olaraq qadın enəcək.

Rus mətbuatı yazır ki, bütün bunlar Trampın noyabrdakı seçkilərinə hesablanıb. İnanmıram, çünki sıravi amerikalı seçici Marsla Ayı bir-birindən ayıra bilməyəcək qədər uzaqdır kosmos kimi ciddi işlərdən. Bu addımlar “Dərin Dövlət”in gələcək planlarının bir hissəsidir. Amerikanın gələcəkdə necə bir yer tutacağı haqda düşünürlər, çünki İrfan demiş “Büyük Devlet olmak başka şeydir, kardeşim”…

Yaşlı Navaho hindusu

Sayları 300 minə yaxın olan Navaho hinduları ABŞ-ın şımalında yaşayan yerlilərdir. 1970-lərdə NASA astronavtları Aya göndərmədən əvvəl bu ərazilərdə təlim keçirirdi. Təlim sırasında onlara yaşlı bir hindu yaxınlaşaraq nə etdikləri ilə maraqlanır. Astronavtlar Aya uçmağa hazırlaşdıqlarını deyirlər. Hindu bir az düşünüb onlardan bir xahiş edir:

— Navaholar Ayda müqəddəs ruhların yaşadığına inanırlar. Onlara bizdən bir ismarıc göndərmək istəyirəm.

Astronavtlar razılıq verirlər. Yaşlı navaho öz dilində nəsə deyir, səsini lentə yazırlar. Axşam düşərgəyə qayıdanda astronavtlar adamın nə söylədiyini öyrənmək istəyirlər. Müraciət etdikləri hindular lent yazısını dinləyib gülümsəyir, ancaq tərcümə etməkdən imtina edirlər. Nəhayət, hindu dillərini bilən bir dilçi alım tapırlar və o tərcümə edir:

“Bu adamların heç nəyinə inanmayın. Torpaqlarınızı əlinizdən almağa gəliblər”…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 315