Muəllif:

Avtokratiya pandemiyası

Avtokratlarla koronavirusları yaxınlaşdıran ən ümdə bir cəhət var. Yox, söhbət hər ikisinin xəstəlik yaratmasından getmir. Daha doğrusu bundan da gedir…

Amma ən əsas ortaq cəhət bu yox, odur ki, avtokratları koronaviruslar kimi təsnif etmək, yəni klassifikasiya edib qruplara ayırmaq mümkündür.

İnsana yoluxa bilən koronavirusların 7 tipi var. Bunlardan ilk dördü nisbətən az ziyanlıdır – soyuqdəymə, burunaxma, boğaz ağrısı kimi narahatlıq törədib 1-2 günə çıxıb gedir.

Təhlükəli olanları, hazırda dünyanı bürümüş COVID-19 kimi daha uzun müddətdə fəsad törədirlər.

Ən zəifindən ən güclüsünə qədər bu koronavirusları birləşdirən bir cəhət də onların bu və ya digər dərəcədə tənəffüsü çətinləşdirməsi, boğuculuğudur.

Avtokratlar kimi koronavirusların da hamısı insanların, pandemiyaya keçdikdə isə cəmiyyətlərin, bütöv ölkələrin nəfəsini kəsir.

Ziyansız koronavirus olmadığı kimi, ziyansız avtokratiya da yoxdur.

Deyəsən son dərəcə elmi müqəddimə oldu…

Gigiyena – təmizlik ilkin şərtdir

Demokratiya insanın, hökumətin və dövlətin təmizliyi deməkdir. Ən azı məqsəd belədir. Avtokratiya əksinə çirkli, natəmiz, iyrənc bir formasiyadır. Avtokratiyada nəinki hökumətlər, heç insanlar da təmiz qala bilmirlər.

Universal demokratiya — gigiyena-sanitariya otağın, evin havasının vaxtaşırı dəyişməsini tələb etdiyi kimi daimi, nizamlı dəyişiklik tələb edir.

Qərbdə seçkini, müddətli hakimiyyəti buna görə icad ediblər.

Başqa sözlərlə bu ölkələr və cəmiyyətlər avtokratiya törədicilərindən profilaktika oluna bilirlər.

Demokratiyalarda bir nəfər, bir hökumət hakimiyyətdə 8-10 il ola bilir.

Bunun belə olmadığını isbat etmək istəyənlərin “Britaniya kraliçası 60 ildir ki, taxtında oturub” kimi höcəti cəfəngiyyatdan başqa heç nə deyil.

Hakimiyyət müddətli olmayanda avtokratiya yaranır. Avtokrat özü təklikdə avtokratiya yarada bilməz. Bunu avtokratın ətrafına toplaşan və getdikcə artan yaltaq, xain və acgöz bir dəstə yaradır.

Faciəni yaradan da bu təbəqədir. Vaxt uzandıqca, uzanan vaxta haqq qazandımaq çətinləşir, haqq qazandırmaq çətinləşdikcə qanunsuzluqlar, cinayətlər başlanır və elə bir vəziyyət yaranır ki, avtokrat artıq istəsə də, çıxıb gedə bilmir. Çünki o artıq dəstənin əsiri, onun törətdiyi qanunsuzluqların girovu, cinayətlərin şərikidir.

Əvvəllər qaçıb getməli ölkələrin uzun siyahısı vardı. Qloballaşan dünyada qaçıb gizlənməli ölkələrin də siyahısı qısalır.

Avtokratlar istəsələr belə gedə bilmirlər və əslində istəmirlər…

Məsələn Putin kimi…

Pandemiya ilə başlayan bütün 2020-ci il Rusiya tarixində Putinin ömürlük prezident olmaq üçün misli görünməmiş bir inadkarlıqla göstərdiyi cəhdlərlə qalacaq. Ləkə kimi qalacaq.

Bu cəhdlər o qədər həddini aşan, fantasmoqorik, absurd və tragikomik olub ki, Qərb jurnalistləri bu barədə yazmaqdan vaz keçə bilməyiblər.

2014-cü ildə Rusiyadan Putin hökuməti tərəfindən qovulmuş jurnalist Deyvid Satter yazır ki, “əgər Putin hakimiyyəti kiməsə ötürsə, bu onun yaxınlarını təhlükə qarşısında qoyar və onun siyasi irsinin amansızcasına təftiş edilməsi ilə nəticələnərdi”.

“Putinin kleptokratiyası” kitabının müəllifi Karen Davişa yazır ki, Rusiyanın bütün aktivlərinin 35 faizini cəmi 110 nəfər idarə edir.

Müəllifin fikrincə, bu dünyada “ən böyük mülkiyyət bərabərsizliyidir”.

Satter iddia edir ki, Rusiya milyarderlərinin əksəriyyəti ya nə vaxtsa, Peterburqda Putinlə birlikdə işləyiblər, ya jüdoya bir yerdə gediblər, ya da onunla bir yerdə KGB-də xidmət ediblər:

“Heç bir əhəmiyyətli təcrübəsi olmayan bu adamlar birdən-birə, Putin 2000-ci ildə prezident olandan bəri nəhəng sərvət toplayıblar. Putin hakimiyyətə gələndə “dövlət maraqlarına” riayət edənlərin hamısına dəstək vəd etmişdi. Bunun nə demək olduğu çox tez bəlli oldu. Gazprom Medvedevin və Millerin nəzarətinə verildi. Onlar hər ikisi hələ Peterburqdan Putinin həmkarları olmuşdular”.

Satter yazır ki, “Gazpromun səhmlərinin 6.4 faizi – 20 milyardlıq vəsait sadəcə olaraq şirkətin maliyyə hesabatından yoxa çıxıb”.

Məqalədə daha sonra deyilir ki, “mülkiyyət hüququ inhisara alındı və belə şəraitdə yalnız Putinlə əlaqələri olanlar biznes qurub varlana bilərdilər”.

Satter yazır ki, vəzifədən getməsi Putinin şəxsən özü üçün təhlükəlidir, beləki o təzəcə prezident olanda barəsində korrupsiya ilə bağlı iki cinayət işi açılmışdı. Bu işlərə 2000-ci ilin avqustunda sakitcə xitam verildi.

2007-ci ildə bir rusiyalı siyasi şərhçi Almaniyanın Die Welt qəzetinə müsahibəsində iddia etmişdi ki, Putinin məxfi aktivlərinin dəyəri 40 milyard dollara yaxındır.

Lakin bəzi başqa şərhçilər bu qənaətdədirlər ki, ən böyük faciəsi SSRİ-nin dağılması olan Putin beynəlxalq siyasət meydanında həqiqətən də böyük uğurlar qazanıb və başqalarının bu uğurları itirəcəyindən qorxur.

Bəli qorxur

Bəli qorxur, çünki əslində tarixən ən zalım diktatorlar qorxaq olublar.

Belə bir klassik qorxaqlığı da pandemiya ortaya qoydu. Putin bugünədək özünütəcriddədir, Erdoğan epidemiyanın şıdırğı vaxtında özü üçün həyati əhəmiyyəti olan bir çox tədbirlərdə gözə dəymədi.

Əslində diktatorlar qorxaq olduqlarına görə qəddar olurlar. Hakimiyyəti itirmək qorxusuna görə azacıq şübhə doğuran, müstəqil düşünən, sözün əsl mənasında müsbət insan olmaq istəyən hər bir kəsə qarşı amansız olurlar.

Diktatorların heç vaxt həqiqi sevgisi olmur. Hakimiyyət sevgisi ürəkdə o qədər çox yer tutur ki, gərək bütün başqa “sevgi fayllarını” kompüterdə olduğu kimi oradan siləsən.

Deyilənə görə, bir dəfə Stalinin qızı Svetlana atasının kefinin duru vaxtında özündə cəsarət tapıb ondan soruşur: “Ata, sən niyə heç kimi sevmirsən?”. Stalin köksünü ötürüb bir xeyli susur, sonra aramla qızına izah edir: “Bilirsənmi, sevgi kiməsə inanmaq deməkdir…Mən heç kimə inanmıram…”.

Yenə də ABŞ-dan misal çəkəcəyəm, hərçənd Amerika hətta Qərb dünyasında da bir növ bənzərsizdir.

Amerikanın hətta ən əfəl prezidentinin birinci ledisinin yazdığı memuarı oxuyanda, sanki “Leyli və Məcnun”, “Romeo və Cülyetta” hekayətini oxuyursan. Amma keçmiş sovet liderlərindən heç birinin xanımını o vaxt tanımırdıq. Axır-axırda tanıyanda da elə tanıdıq ki, tanımasaq ondan yaxşı idi.

Onları heç kim qonaq çağırmır

Diktatorlar, avtokratlar sevməsələr də xoşlandıqları insanlar var. Bu çox vaxt onların elə özləri kimi avtokratlardır.

Dünya xəbərlərinə, xəbər süjetlərinə baxın. Onlar necə də məhəbbət və heyranlıqla qucaqlaşırlar. Putin bir vaxtlar olduğu kimi superdövlətlərin süfrəsinin bir qırağında oturmaq üçün nələr eləmir?

Onları başa düşmək də olar. Heç bir abırlı ölkə avtokratı qonaq kimi görmək istəmir. Abırlı ölkələr mümkün olduğu qədər belələrini evə dəvət etmək istəmir. “Evə buraxılası adam deyil” kəlamı yerinə düşür burda.

Onlar da Vinni Pux və Çoşqa kimi bir-birinin evinə qonaq getməklə təsəlli tapırlar. Gen dünya onlar üçün daralır.

Qloballaşma

Qloballaşma informasiyanı gizlətməyin – məxfiliyin meydanını daraldır.

Avtokratiyanın canını məxfilik təşkil edir. Bunu qloballaşan Qərbdə başa düşüblər. Ona görə də demokratiya şəffaflığı silaha çevirib.

Nəzarətsiz bircə addımı, qanunsuz əldə olunmuş bircə senti də gizlətmək getdikcə mümkünsüz olur.

Qərbdə son on ildə şəffaflığa xidmət edən qanunlar möhkəmlənir. Bunu hökumətlər öz xoşları ilə etmirlər. Vətəndaş cəmiyyətləri onları buna məcbur edə bilirlər, çünki burada vətəndaş cəmiyyəti həm də elektorat deməkdir. Bu qanunlar üçün gizli bank hesabları, qapalı ofşor şirkətlər yoxdur.

Bugün Britaniyada 30-40 min funt sterlinqlik zinət əşyasını belə qeydiyyatsız satmırlar. Zinət əşyaları satan şirkətlər hər hansı ofşorun alıcının öz adına olduğunu göstərən sənəd tələb edirlər. Beşcə il əvvəl belə qanunlar yoxdu…

Bütün bunlar qloballaşmanın məhsuludur. Ona görə də avtokratlar qloballaşmanın əleyhinədirlər. Qloballaşmanı şərtləndirən və inkişaf etdirən isə elm və texnologiyalardır.

Avtokratlar elmə və alimə nifrət edirlər

Avtokratlar elmi və elm adamlarını nəinki sevmirlər və hətta bunlara nifrət edirlər. Belə nifrəti məktəbdə ikiyə oxuyan, biliksiz şagird – intizamlı əlaçıya qarşı hiss edə bilər.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili bir müsahibədə özünü tərbiyəli əlaçıya, Putini isə pis oxuyan xuliqana bənzətmişdi. Xuliqan əlaçının qənimi olur çox vaxt…

Müxtəlif əlamətlər əksər avtokratların hətta məktəbdə də pis şagird olduqlarını göstərir.

Tramp yazdığı iki cümləlik tvitlərdə 11 yaşlı uşaqların buraxdığı səhvləri buraxır. Onun qardaşı qızı təzəcə çapdan çıxmış kitabında iddia edir ki, hətta qəbul imtahanını onun əvəzinə başqası verib.

Bir neçə il bundan əvvəl Erdoğanın ali təhsili harda alması məsələsi, bununla əlaqədar müxtəlif iddialar qalxmışdı.

Rusiya prezidenti Vladimir Putin hansısa elmi forumda “biz bu texnologiyalara pul xərcləməyəcəyik” deyir, “qoy amerikalılar tərləsin, biz də axırda, o söz…əkişdirərik”.

Bu, sinifdə zehinsiz iki alanın, yoxlamanı əlaçıdan köçürməsini xatırladır.

Amma burda bunu da deməliyəm ki, avtokratların əlinin altında bəzən çox sayda əlaçılar olur.

Eşitdiyimə görə, rəhmətlik akademik Azad Mirzəcanzadə hətta heç nə bilməyən tələbəyə də “3” yazarmış və deyərmiş ki, “gələcəkdə tabeçiliyində olan əlaçıları çox da incitmə…”

İsgəndərlə Diogenin əhvalatı

Rəvayətə görə Makedoniyalı İsgəndərə zəmanəsinin ən dahi alimləri dərs deyiblər. Hətta onun əsas müəlliminin Sokrat olduğuna da inanılır.

Yenə də rəvayətə görə, İsgəndər hələ şahzadə olduğu vaxtlarda dostları ilə yeyib-içirmiş. Bu vaxt dostlarından kimsə deyir ki, bəs, məşhur filosof Diogen pis gündədir, yoxsulluq içindədir, heç əyninə geyinməyə paltarı da yoxdur. Bu da deyir, “durun gedək, onu tapaq, camaat bizə nə deyər?”

Gəlib görürlər ki, Diogen doğrudan da paltarsız-filansız bir daşın üstündə pərişan oturub. İsgəndər yaxınlaşıb soruşur: “Ey dahi insan, sən niyə bu gündəsən? Nə istəyin var de, hamısı yerinə yetəcək”. Diogen başını qaldırıb buna baxır və soruşur: “Sən kimsən ki?”

“Mən İsgəndərəm!” deyir şahzadə. “Doğrudan İsgəndərsən? – deyə Diogen sual edir, — Onda, sən öz canın, bir az kənara çəkil, günün qabağını tutursan, qızına bilmirəm…”

İndi bu söhbətdən sonra necə pərt olmasın adına dastanlar yazılan İsgəndər, necə zəhləsi getməsin, elmi bir qəpik pul gətirməyən, amma özündən razı, “dılğır” Diogendən?

Diktatorlar belə şeylərə görə alimləri sevmirlər. Ən parlaq beyinlər diktaturalardan qaçaq düşürlər.

Birləşmiş Ştatları, müəyyən mənada zülmdən qaçıb gələn beyinlər ucaldıb.

Avtokrat diktatorun mutasiya etmiş populist formasıdır

Yazının əvvəlində avtokratların klassifikasiyasını vəd etmişdim.

Avtokratları diktatorlara və populistlərə də ayırmaq olardı. Amma sözün Stalin mənasında diktator indi yalnız Şimali Koreya kimi ölkələrdə, Şərq şeyxokratiyalarında və Afrika despotizmlərində qalıb.

Qloballaşma diktator olmağı çətinləşdirib. Ona görə də ən uyğun gələn terminologiya elə avtokratdır. Baş tutmayan avtokrata populist də demək olar.

Populistlərin özlərinə qalsa əlüstü avtokrata çevrilərlər, amma demokratiyalarda buna onların ölkələrindəki demokratik sistem imkan vermir.

Demokratiya populistin avtokrata mutasiya etməsinə imkan vermir və buna görə də cəmiyyətə, həmin o əfəl soyuqdəymə koronavirusu kimi ötəri narahatlıq yaradıb çıxıb gedir.

Avtokratlar və bir az da populistlər bir qayda olaraq ölkələrində onlardan əvvəl hökumət olanları saymır, bəyənmir və sanki ona qədər yaxşı heç nə olmadığını təlqin etməyə çalışırlar.

Qrip virusu özündən əvvəlki qrip virusunu saymayan kimi…

ABŞ-da bütün keçmiş prezidentlərə — ömürlük “cənab prezident” deyə müraciət edirlər.

Rusiyada indiyədək elə bir dövlət başçısı olmayıb ki, özündən əvvəl gələni düşmən eləməsin.

Lenin Nikolayın nəslini itirib, Stalin leninizmin adını təkcə bayraqda saxlamaqla stalinizm qurub, Xruşşov Stalini mavzoleydən çıxarıb, Brejnev Xruşşovun dalından dəyib…Təkcə Putin “centlmen sazişinə” görə Yeltsini düşmən eləmir, amma o da bugünkü çətinliklərdən danışanda “90-cı illərin biabırçılığını yada salın deyir”.

Bu fərqə görədir ki, Rusiyada inkişaf, firavanlıq, xoşbəxtlik, el dilində desək, bərəkət yoxdur.

Putin Rusiyasına bağlı bütün keçmiş sovet respublikalarında da belədir. Özündən əvvəlkini çirkaba batırmaq, bütün nailiyyətləri inkar etmək…

Utancaq sırtıqlıq

Və bütün bunları bildiyinə görədir ki, Putin indidən öz adının əbədiləşdirilməsi haqqında düşünür. Doğrudur bunu “utancaq bir həyasızlıqla” edir. Rusiyada yenicə tikilən ən böyük kilsədə onun, müdafiə nazirinin, Duma spikerinin, bəzi millət vəkillərinin portretlərini əks etdirən mozaika Kremlin tövsiyə və xeyri-duası olmadan peyda ola bilməzdi.

Doğrudur, sonradan cəmiyyətdəki, daha doğrusu cəmiyyətin sosial mediasındakı məsxərəni, lağlağını görüb mozaikanı sökdürdülər…

Avtokratların hamısı bir az gülməlidir. Yoxsa onlar haqqında komediyalar yazılmazdı.

Avtokratlar sosial medianı da elə bu lağlağıya, tənəyə, tənqidə görə sevmirlər. Çində, Rusiyada müstəqil, qapalı internet yaratmaq kimi xülyalar da bundan yaranır. Rusiyanın internetinə hətta ayrıca Runet adı da qoyublar.

Bu lap sovet vaxtlarındakı bir lətifəni xatırladır.

O vaxtlar cəmiyyətdə məxfi işbazlar vardı. Varlı adamlar idilər və onları sexovşik adlandırırdılar. Ruscada sex sahibi mənasını verir. Yəni o da Azərbaycana elə adını dəyişmədən gəlmişdi.

Nə isə… Bir gün bu sexovşiklərdən biri partiyaya üzv olmaq istəyir. Ərizə verir, qəbula gedir, amma bunu dəfələrlə raykomdan kor-peşman qaytarırlar.

Axırda özü də bu arzudan əl çəkir, amma dostları ilə restoranda yeyib-içəndə arada-bir deyirmiş ki, “gərək özümçün bir dənə “raykom” açam”.

Putinin Rusiya üçün ayrıca “internet” düzəltməsi, Türkiyədə Vikipediya kimi resursun, İranda Telegram-ın, Çində Facebook-un bloklanması cəhdləri həmin o sexovşikin raykom açmasına bənzəmirmi?

Avtokratlar beləcə hər şeyə alternativ düzəltməyə çalışırlar. Alternativ media, alternativ müxalifət, alternativ demokratiya… Amma alınmır, çünki reallığın alternativi olmur.

İmmunitet

Hə, bu məqamda gəlib çıxdıq immunitet məsələsinə…

1990-cı illərdə böyük bir şər imperiyası çökdü. Bütün Şərqi Avropada Moskvaya bağlı sosialist diktatorlar devrildi, sonra növbə sovet respublikalarına çatdı…

Şərqi Avropa, Baltikyanı ölkələr Qərbin sanitar kordonunun içərisinə düşdülər. Avropa İttifaqı, NATO üzvü oldular. Pandemiya dilində desək, karantinə girdilər…

Bu səbəbdən də onlarda diktator və diktaturalara daha uzunmüddətli immunitet yarandı. Keçmiş Sovet İttifaqının ölkələrində bu immunitet çox zəif oldu. Hansında 3 il, 5 il, hansındasa heç bir-iki il də çəkmədi.

Köhnə kommunistlər də beləcə mutasiya edərək “demokrat”, “xilaskar” adlandılar. Onlar elə mutasiya etmişdilər ki, millətlər onları tanıya bilmədilər və təkrar diktaturaya yoluxdular.

Yeni koronavirusun da hələ immunitet yaradıb-yaratmaması, yaradacaqsa, hansı müddətə yaradacağı məlum deyil.

Məlum olanı budur ki, qlobal koronavirus pandemiyası ilə avtokratiya pandemiyası üst-üstə düşüb.

Amma bu da deyilməlidir ki, koronavirus rahat oturduqları yerdə hakimiyyəti avtokratların burnundan gətirməyə başlayıb…

Görək indi nə olacaq. Dünyaya hər iki pandemiyadan möhkəm bir immunitet lazımdır…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 8,25 из 10)
Oxunma sayı: 304