Muəllif:

Xilafətlə respublikanın, qozla çiyələyin fərqi

Yeniyetmə yaşlarımda bunu harda oxuduğum yadımda qalmayıb, amma oxumuşdum ki, xilafət zəmanəsində Bağdadın bütün qoz ağacları xəlifənin mülkiyyətindəymiş və bu ağaclardan qoz dərib yeməyin ağır cəzaları varmış.

Heç hansı cəzaların olması da yadımda qalmayıb. Amma şübhəm yoxdur ki, xilafətin cinayət məcəlləsində də ağırlaşdırıcı maddələr olub: Məsələn “sırtıqcasına qoz yeyərək həyasızcasına hakimiyyət nümayəndəsinə müqavimət göstərmək” kimi.

Amma bunu da oxumuşdum ki, Bağdadda yalnız küləkli havalarda yerə tökülən qozu yığmağa icazə varmış.

Yeri gəlmişkən, dilimizdəki “yel əsib, qoz tökülüb” ifadəsi də yəqin ki, burdan gəlir.

Dediyim kimi az qala uşaqlıqda oxuduğum bu fakt yaddaşıma möhkəm həkk olunub və sonralar hansısa başqa epizodlarda yadıma düşüb.

Epizodlardan biri Londonda baş verib. Londonun küçələrində meyvə ağaclarının əkildiyini görəndə təəccüblənmişdim. Cır alma, armud, gavalı, ərik və əzgil ağacları küçələr boyu uzanıb gedir. Əvvəllər elə bilirdim ki, bunları yalnız dekorativ məqsədlə əkirlər, çünki bahar gələndə meyvə ağaclarının rəngarəng çiçəkləri küçələrə təkrarsız bir gözəllik verir.

Sonradan öyrəndim ki, küçələr boyunca meyvə ağacları hökumətin tövsiyəsi ilə əkilir. Bu tövsiyə Britaniya leyboristlərinin hakimiyyəti, Toni Bleyeyrin baş nazirliyi zamanında verilmişdi. Leyboristlər bir qayda olaraq kasıb-küsubun partiyası sayılır. Ona görə də bu ağacları əsasən az təminatlı ailələrin yaşadığı məhəllələrdə əkirdilər.

Qoy heç olmasa, imkansızın da uşağı meyvə yeyib vitamin qəbul eləsin.

Britaniyanın qanunlarında da çöldə, meşədə və gördüyümüz kimi hətta küçədə meyvə dərib-yemək cinayət sayılmır.

Həmin bu Bağdadın qoz ağacları və xəlifə söhbəti bir də yadıma prezident İlham Əliyev fevralın 6-da “yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Qərara dəyişikliklərin ləğv olunması göstərişini verəndə düşdü.

Onu da demək lazımdır ki, Azərbaycanın bir sıra elmi qurumları, o cümlədən botanika və coğrafiya institutları bu qərarı təqdir eləmişdilər. Alimlər deyirdilər ki, “meyvənin toxumu torpağa düşür və nəsli davam etdirir. Meşə bitkilərinin içində nəsli kəsilən, nadir bitkilər də var. Hər adam bir ovuc meyvə yığsa və bunu başlı-başına buraxsalar, əlbəttə, kökü kəsilər. Həm də meşəyə başqa ziyan vururlar, ağacları sındırırlar”.

Başqa bir alim isə deyirdi: “Bir də bəzi insanlar bunu biznesə çeviriblər. Xüsusən də meşədən tonlarla moruq, böyürtkən, zoğal yığan var. Qanun da bunu tənzimləməyə çalışır və bu meşələrin qorunmasına xidmət edir”.

Amma bir var moruq, böyürtkən, zoğal (mürəbbə və araq şəklində də məqbuldur) – poeziya, bir də var Qanun.

Qanunla isə bu qərar həm ölkənin Konstitusiyasına, həm də Meşə Məcəlləsinə zidd idi.

Meşə Məcəlləsinin 53-cü maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, qərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.

Yalnız Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağan edilir.

Beləliklə, prezident 6 fevral sərəncamı ilə Konstitusiyaya zidd olan bu qərarı ləğv eləmişdi və düşünmək olardı ki, bununla da məsələyə nöqtə qoyulub.

Amma yox…Prezidentin sərəncamından iki həftə sonra, fevralın 22-də meşə məsələsi yenidən gündəmə qayıdır və Ekologiya Nazirliyi bəyanat yayır ki, «Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb və bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək».

Daha sonra oxuyuruq:

«Həmin ərazilər, əsasən, dağlıq rayonlarda olacaq. Məlumdur ki, mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar, əsasən, meşə fondu ərazilərindən keçir. Ona görə də həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının qarşısını almaq və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır. Çəpərlənmə işləri bu günə qədər Quba, Zaqatala, Gədəbəy, Qax və bir çox dağ rayonlarında həyata keçirilib və davam etdiriləcək. Meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb. Bu il ərzində meşələrdə daha 15 kameraların quraşdırılması planlaşdırılır və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək».

Bunun ardınca nazirlik daha bir bəyanat yayır: “Meşə fondunun əkinə yararlı açıq sahələrində meyvə bağlarının salınması üçün torpaqların sahibkarlara uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulur”.

Qeyd olunur ki, “ETSN tərəfindən təkliflər paketi hazırlanıb, həmin paketlər sahibkarlara təqdim ediləcək. Təkliflər paketində hər bir regionun bitmə şəraiti, torpağın tərkibi, relyefi, əkin sxemi verilməklə hansı ağac növlərinin əkilməsinin tövsiyə olunduğu göstərilib. Sahibkarlardan sadəcə həmin ərazilərdə meyvə bağlarının salınması üçün sərmayə qoyulması tələb olunacaq”.

Oxumağa davam edirik:

“Azərbaycanda meşə ərazisində 21 min ha ərazidə meyvə bağları salınacaq. Nazirlik qeyd edib ki, aqrobağların salınması işlərinə 2017-ci ildən başlanılıb və artıq 5 min ha ərazidə aqrobağ salınıb. 2021-ci ilə qədər Azərbaycanın meşə təsərrüfatında geniş ərazilərdə aqrobağların salınması nəzərdə tutulur. Aqrobağlarda qoz, fındıq, şabalıd, nar, tut, şaftalı, gülüş, ərik, sitrus bitkiləri, zeytun, albalı, alma, armud ağacları əkilir və bu işlər davam etdiriləcək”.

Bütün bu tədbirlərin meşələrin mühafizəsi və inkişaf etdirilməsi üçün edildiyini şübhə altına almaq istəmirəm. Bəlkə doğrudan da bu qərarların bir-biri ilə əlaqəsi yoxdur. Amma prezidentin qərara məlum dəyişikliyi ləğv edib adamlara meşədən meyvə yığıb yemək icazəsi verməsindən ikicə həftə sonra elə həmin meşələrin çəpərlənməsi xəbəri müəyyən suallar doğurur və bu suallara mütləq cavab verilməlidir. Yeri gəlmişkən bunu Konstitusiya da tələb edir.

Meşə məcəlləsinin 24 maddəsində açıqca yazılıb: “Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir”.

Əlbəttə, meşələrə, ümumiyyətlə Azərbaycanın təbiətinə qayğı lazımdır. Həm də ona görə ki, bu sahədə həmişə qanunsuzluqlar olub.

Onsuz da Azərbaycanın müxtəlif guşələrində meşə sahələrinin, göllərin, dağ ətəklərinin, bütöv dağların şəxsi və biznes istifadəsi üçün çəpərlənməsi, həmin ərazilərə vətəndaşların girişinin qadağan edilməsi indiyədək də baş verib. Adamlar əsrlərdir ki, suyunu içdikləri bulaqlara indi həsrət qoyulub.

Əslində meşələrin necə qorunmasını bilmək üçün meşələrə getmək də lazım deyil. Bakının bir çox, heç də dəbdəbəli yox, ən adi restoranlarında da çox vaxt siz soruşmadan belə, ofisiantlar sizə maral, ceyran, dövşan, qaban, ayı, kirpi, qırqovul kababı təklif edəcəklər.

Bütün bunlar dövlətin gözü qarşısında baş verir.

Çəpərləmə söhbəti (əslində çəpər hasar da ola bilər) başqa bir məsələni yada salır. Mərhum prezident Heydər Əliyev Xəzər dənizi sahilinin 130 metrlik məsafəsində hər hansı tikintini qadağan etmişdi.

Amma kədərlidir ki, bu qadağana faktiki olaraq heç vaxt əməl edilmədi, dəniz sahilində sahibliyi bəlli olmayan villalar, obyektlər tikilirdi…və nəhayət Milli Məclis faktiki olaraq bu qanunsuzluğu 2008-ci ildə qanun dəyişikliyi ilə rəsmiləşdirdi. 2008-ci ildən artıq dənizin 25-50 metrliyində tikintiyə icazə verilirdi.

Bir sözlə, Heydər Əliyevin “ağaclar mənim qollarımdır” vəsiyyətinə necə əməl olunmuşdusa, dənizin 130 metrlik zolaq məsələsinə də eləcə əməl olundu.

Nəticədə yenə də insanlar yüz illərdir zövq aldıqları, istirahət etdikləri dənizə həsrət qoyuldu.

Bəlkə doğrudan da belə edilməliydi, bəlkə ən düzgünü budur. Bəlkə də adi insanlara imkan versən dənizi, meşələri, gölləri qurudarlar? Kinayə etmirəm. Bəlkə doğrudan da belə lazımdır? Bəlkə bu Azərbaycanı cənnətə döndərmək arzusundan, vətənpərvərlikdən irəli gəlir? Sadəcə olaraq bu vətənpərvərlik kimlərdəsə meşələrə, kimlərdəsə dənizə hasar çəkmək şəklində zühur edir?

Bütün bu suallara son qoyulması üçün Respublikanın qanunlarına əməl olunmalıdır. Qanunsa aşkarlıq tələb edir.

Xalq öz Vətəninin vətənpərvələrini adbaad tanımalıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 417