Muəllif:

Varlığın dözülməz ağırlığı

Bəzi əsərlər var ki, zaman-zaman yenidən oxuyursan, bəzilərinə də yazılarında dönə-dönə qayıtmalı olursan. Səbəblər çoxdur. Və hər dəfə əsərdə yeni bir istinad nöqtəsi tapırsan, ən qaranlıq künclərə işıq düşür, yeni mənalar gözə çarpır.

Söhbət üst-üstə düşən iri reallıqlar içində gözəgörünməz fərqli təfərrüatlardan, dediyim o işıq düşməyən qaranlıq künc-bucaqdan gedir.

Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanıyla bağlı özüm də daxil, gənc yazıçı və publisistlərimizin çoxu yazıb. Yazıların mövzusu da, az qala hamıda üst-üstə düşüb: cəmiyyətin əyilməyən ziyalısına münasibəti. Çex cəmiyyətinin əsərin qəhrəmanı Tomaşa inanılmaz isti münasibəti ilə bizdəki yad-biganə, laqeyd münasibəti müqayisə etməmək mümkün deyil. Hərçənd bu tutuşdurmanı yazmaq adamın kədərini birə min artırır, az qala iliklərinə qədər məyusluğa düçar edir.

Budəfəki baxış bucağım indiyəqədərkilərdən tam fərqlənir.

Niyə bu əsər öz ağrılı hadisələri ilə adama ağır təsir bağışlamır? Niyə bu ağır hadisələrin çəkisi heç nəyə baxmayaraq, quş lələyi kimi yüngüldür və nəhayət, bu əsər bizdə yazılmış olsaydı, dadı, tamı, ovqatı, ruhu, əsasən də adı necə olardı?

Əvvəlcə, əsərin süjetini yüngülvarı yada salım. Çünki bunsuz yazacağım mətləb qətiyyən anlaşıla bilməz. Deməli, hadisələr ötən əsrin 60-cı illərində Çexoslovakiya Sosialist Respublikasında baş verir. Məkan olaraq əsasən Praqa seçilib. 1967-68-ci illərdə ölkə və partiya rəhbərliyinə gəlmiş Aleksandr Dubçekin islahatlara başlaması, demokratiyaya meyillənməyi, bir növ sonralar SSRİ-də başlayacaq Yenidənqurmanın təməlini atması, öz təbiriylə desək, “insan simalı sosializm”i əsas tutması, getdikcə Varşava Müqaviləsi ölkələrindən uzaqlaşması, ÇSSR-də vətəndaşlarda antisovet əhval-ruhiyyənin son dərəcə güclənməsindən ciddi narahatlıq keçirən SSRİ-nin təkidiylə 1968-ci ilin 29 iyulunda iki ölkə rəhbərliyinin görüşü keçirilir. Qarşılıqlı öhdəliklər götürülür. Onlardan biri və ən əsası SSRİ rəhbərliyinin Dubçekə verdiyi təminat olur: SSRİ qoşunları Çexoslovakiyadan çıxarılacaq! Ancaq üstündən cəmi bir ay keçmiş, avqustun 21-də qırmızı sovet qoşunları ÇSSR-ə daxil olur, ölkəni rəsmən işğal edir. Əsərdə də hadisələr bu şəraitdə baş verir.

Filmin əsas qəhrəmanı gənc, qabiliyyətli cərrah, bir məqaləsi ilə rejimə qarşı çıxış edən Tomaş qadınlarla əylənməyi, eşq macərası yaşamağı sevir. Bir gün əyalət kəndlərindən birinə cərrahi əməliyyat üçün ezam olunur. Orda gələcək həyat yoldaşı Terezayla qarşılaşır.

Burda bir haşiyə çıxım: kənddə cərrahi əməliyyat sözü günü bu gün də bizimçün inanılmaz səslənir. Hələ sovet dövrünü demirəm.

Tomaş sevgilisi Sabinayla ola-ola Terezayla evlənir. Terezayla evli ola-ola da, son ayrılıq gününəcən Sabinayla görüşür. Ondan sonra da təmizlikçi işlədiyi vaxt günlük macəralar, yaşadığı başqa qadınlar…

Bu yerdə də mövzumuza uyğun olaraq bir nüansı vurğulamağa gərək var. Adı rejimin qara siyahısına düşmüş, işindən-gücündən olmuş bir “dövlətçilik düşməni” necə də rahat şəkildə öz donjuanlığını davam etdirir və bununla belə, rejimin məxfi xidmətlərinin qarmağına keçmir! Bir anlıq özünüzü öz vətəninizdə onun yerinə qoyun! Aman-aman! Nə qədər gizli çəkiliş videoları izlədik bu günəcən. İndi o gizli çəkilişin “-rejissor-operatorları” içəridə yatır. Ancaq olan olub. Gördüklərimiz, bildiklərimiz hələ üzə çıxarılan videolardır. Bəs üzə çıxmayanlar? Üzə çıxmamaq müqabilində adamlara icra etdirilən əməllər! Xəyanətlər, dönüklüklər, susma andları, məhv olan həyatlar…

Və daha bir nüans: Bizdə hansı iaşə xidməti idarəsi qara siyahıya düşmüş birini işə götürər, öz alın təriylə yaşamasına imkan verərdi?

…1968-ci il Praqa hadisələri hər üç qəhrəmanın həyatını dəyişir. Sabina hadisələrdən dərhal sonra İsveçrəyə mühacirətə gedir. Özü də öz avtomobiliylə. Necə deyərlər, əlini-qolunu sallaya-sallaya. Belə bir şeyi təsəvvür edə bilirsinizmi? Mən edə bilmirəm.

Müəyyən zamandan sonra Tomaş da Terezayla İsveçrəyə gedir. Onlar da eləcə, səyahətə gedirmişcəsinə. İsveçrədə baş verənlər, Tomaşın eşq ehtiraslarının bitib-tükənməməsi yekunda əvvəlcə Terezanı, sonra isə ondan ayrı qala bilməyən Tomaşı yenidən ölkəyə qayıtmağa məcbur edir. Tomaş ölkəyə daxil olanda pasportu əlindən alınır. Sonra onu yenidən çalışdığı xəstəxanaya dəvət edirlər. Sadəcə, bir əmma var: o, partiyanın istədiyi “tövbəkar” və keçmişini danan bir sənədə imza atmalıdır. Sənədin gizli qalacağı vəd olunur. Gərgin daxili proseslərdən və ətrafdakı pıçıltılardan, rişxəndli gülümsəmələrdən sonra Tomaş bu sənəddən imtina edir və işinə başlaya bilmir. Partiyanı sevməyən adamdan cərrah olmaz! Ancaq baxın – Tomaş ölkəyə daxil olur, həbs edilmir, Tomaş partiyanın sözündən çıxır, məhv edilmir! Edilmir də, nə hikmətdirsə, edilmir…

Maddi həyat dözülməzləşir. Kafedə çalışan Tereza şübhəli biriylə birgünlük psixoloji sınaq sevişməsindən sonra sarsılır, daha şəhərdə qala bilmir, nəfəsi tükənir. İşsizlik də sümüyə işləyir. Tomaş Terezanın kəndə dönüb, orada yaşamaq qərarına qol qoyur. Bu dəfə qollarını sallaya-sallaya rahat şəkildə kəndə yol alırlar. Məgər bu kənd bu rejimin əlində, idarəçiliyində deyilmi? Sanki deyil. Görünür, Avropa hətta qırmızı köynəkdə belə Avropa olaraq qala bilir…

Hadisələrdən qabaq ölümdən qurtardığı bir kəndli pasiyenti onlara həyan olur. Adam inana bilmir — kənddə o qədər xoşbəxt həyat sürürlər ki! Kefləri saz, damaqları çağ. Yeyirlər, içirlər, rəqs edirlər, əylənirlər. Bir nəfər gözün üstə qaşın var demir. Ağlınıza batırmı? Sanki o kəndə rejimin heç bir xəbəri getməyib, heç bir qara siyahısı ötürülməyib! Fakt o ki, ötürülməyib də. Xəfiyyələr də gözə dəymir, donosbazlar da, çuğullar da, şərəfsizlər də. Mümkünmü? Əlbəttə, yox. Ta özləri avtomobil qəzasında ölənəcən nə ölkə idarəçiliyindən xətirlərinə dəyən olur, nə tale onları çək-çevirə salır.

Bəli, Tomaş mərddir, əyilməzdir, tüpürdüyünü yalayan deyil. Ancaq mən ona oğul deyərdim, gəlib burda o kefləri görəydi. Kunderaya isə baş əyərdim, əgər burda əsərinin adını “Varlığın dözülməz yüngüllüyü” qoya bilsəydi.

Bəs sizcə, o roman burda yazılmış olsaydı, adı necə olardı?.. Buyurun, öz variantınızı bildirin.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,71 из 10)
Oxunma sayı: 341