Muəllif:

Üç epizodda insan mənzərəsi

Bu mənzərənin əsas cizgisi insanın gözütoxluğu və öz nəfsinə hakim olmasıdır

Sahib kişi Zəngəzurdan qaçqın düşmüşdü, Abşeron bağlarında fəhləlik edib ailəsini dolandırırdı. Neçə il əvvəl bizim bağda yer belləməyə gəlmişdi, iş-gücü və hal-xasiyyəti xoşuma gəldiyindən dostlaşmışdıq.  Zirək, etibarlı və səmimi insan idi. Ünsiyyətcil olduğundan söhbətimiz də yaxşı tuturdu, onunla bir süfrədə oturmağın başqa ləzzəti vardı. Qohum-əqrəbanın, nəvələrin də üz-gözü ona öyrəşmişdi, doğma adam kimi qəbul edirdilər.

Yay mövsümündə daha tez-tez görüşərdik, hər addımında zəhməti olan bağın sahmanına Sahib kişi baxırdı. Bir şey qaydasında olmayanda adamı ərklə danlayırdı da. Zarafatla “bu bağ mənim pilot-layihəmdir” deyirdi.

Mənə xüsusi hörmətlə “müəllim” deyirdi.  Elə bilirdi ki, bu ölkədə məndən  nüfuzlu adam yoxdur. Ona görə də vaxtilə AzTV sədrinin məni məhkəməyə verməsindən xəbər tutanda Sahib kişi bərk dilxor olmuşdu. Bu sadə insana elə gəlirdi ki, kitab-dəftər adamına nəinki məhkəmə açmaq, heç “gözünün üstündə qaşın var” da demək olmaz.

Bir-iki ay əvvəl Sahib kişi haqqın dərgahına qovuşdu. Yaşı çox deyiliydi, amma onun avtobus dayanacağında ürək tutmasından  dünyasını dəyişməsi mənim üçün son illərin ən sarsıntılı xəbərlərindən oldu. Əziyyətlər içində yaşadığı bu dünyadan köçüb getsə də, Sahib kişidən xeyli parlaq xatirələr qaldı. O xatirələrin bir epizodu mənim üçün  daha unudulmazdır…

İş görməyə gələndə biz onunla heç vaxt pul söhbəti eləməzdik. İşi qurtarıb  gedəndə qonşuların ona verdiyi puldan bir az artıq, gec olanda isə əlavə maşın pulu da verərdim. 2-3 il əvvəl — mənim məhkəməyə gedib gəldiyim günlərin birində  Sahib kişini yola salarkən verdiyim pulu duruxa-duruxa aldı. Özümü pis hiss elədim, bir anlığa beynimdən keçdi ki, yəqin “azdır” (çünki manatın inflyasiyaya uğradığı günlər idi) deyəcək… Həmin anda onun  üzünü bir qədər yana çevirərək ciblərini eşələməsi də mənə pis gəldi. Nəhayət, Sahib kişi intizarıma son qoydu və döş cibindən dörd qatlanmış, az qala rəngi getmiş bir əzik beş manatlıq çıxarıb ürəklə mənə uzatdı:

— Müəllim, sənin işin məhkəmədədir, bunu götür, birdən lazım olar,- dedi.

*  *  *

Orta məktəbdə öyüd-nəsihət verməyi xoşlayan yaşlı bir müəllimimiz bu sözləri tez-tez işlədərdi: adamın başına nə gəlirsə, hamısı tamahının ucbatından gəlir, ona görə də həmişə tamahınıza yiyəlik edin, gözütox olun. Uşaq vaxtı bu sözlərin fərqinə çox da varmazdıq, amma bir az böyüyüb ağlımız kəsəndə gördük ki, həqiqətən, tamahkar adam öz nəfsinin quludur, artıq nəfs insanı zəlil edir.

İnsan nəfsinə hakim olmayanda, istəklərinə hədd qoymayanda, tamahına yiyəlik etməyəndə Şeytanın nökərinə çevrilir. Belədə onu ağıl, zəka, ləyaqət hissi yox, nəfsinin şiddəti idarə edir. Ətrafımızdakı eybəcərlikləri doğuran, insanları cinayət girdabına sürükləyən, vəzifədən sui-istifadəyə, rüşvətə, korrupsiyaya və s. rəvac verən məhz nəfsdir. Həyat göstərir ki, “insanların hərisliyi və tamahı onların xoşbəxt ola bilməmələrinin yeganə səbəbidir” (Fransua Fenolen) qənaəti elə-belə, boş yerdən yaranmayıb.

Yaşadığımız cəmiyyətdə pul-mal hərislərinin, vəzifəsini nərdivana çevirərək dövlətin cibinə girənlərin, bu yolla sərvət toplayanların hansı əxlaqa sahib olduqlarını, hansı oyunlardan çıxdıqlarını, hansı dəyərlərə arxa çevirdilklərini görürük. Bu adamların və onların əlaltılarının tamahkarlığının ictimai əxlaqa, geniş mənada xalqa və dövlətə necə ziyanlar vurduğunun da şahidiyik.

İnsan xislətindən doğan tamahkarlığın, hərisliyin istənilən cəmiyyətdə həndəsi silsilə ilə artması faciədir. Bu, təkcə mənəviyyatsızlığı stimullaşdırmır, həm də  insanların psixologiyasını zədələyir. Ona görə də maddiyyatın hər şeyi üstələdiyi, təmənnanın önə keçdiyi, hörmət-izzətin unudulduğu, pulun az qala hər yerdə və hər şeydə əsas meyara çevrildiyi bir cəmiyyətdə nəfsinə hakim olan gözütox və mərhəmətli insanları görəndə sevinməyə bilmirsən. Bu adamlar üçün pul (az və ya çoxluğundan asılı olmayaraq) deyil, insanlıq, ləyaqət və mərhəmət, sözün əsl mənasında, hər şeydən ucadır. Ona görə də şahidi olduğu belə insanlıq mənzərələrinə aid epizodlar yaxşı filmlər kimi heç vaxt adamın yadından çıxmır.

Birinci epizodda sadə bir insanın ağır zəhmət və alın təri ilə qazandığı gündəlik çörək pulunun bir hissəsindən ürəklə keçməsi, təkcə bədii əsərlərə düşəcək duyğusallıq və gözütoxluq nümunəsi deyil, həm də insanın içindəki mərhəmət hissinin nə qədər böyük potensialı olmasının göstəricisidir. Sahib kişinin yardım kimi təklif etdiyi və üstündə bir ümid kimi gəzdirdiyi həmin o qatlanmış beş manat bu dünyada heç nəyi həll etmir, amma insanın mənəvi gücünü göstərə bilir.

İkinci epizod Xəzər TV-də çalışdığım vaxtların məhsuludur. O zaman “Xəzər-xəbər”də 12 yaşlı İlqar adlı uşağın ağır xəstəliyi və müalicənin Almaniyada 26 min dollara mümkünlüyü barədə təsirli bir süjet verilmişdi. İki gündən sonra bir ailənin TV-yə gəlib məni soruşduğunu dedilər. Görüşdük və məlum oldu ki, onların yeganə oglu xəstə İlqarın müalicəsi üçün pul göndərib və nə üçünsə pulun mənim vasitəmlə çatdırılmasını istəyib. İzah etdim ki, ən yaxşısı pulu aparıb evdə ailənin özünə verməkdir, həm də biz bu addımı çəkib efirdə göstərsək, yaxşı olar.

Atası zəng edib oğlu ilə danışdı. Xeyriyyəçi övlad ev variantı ilə razılaşdı, amma çəkiliş aparılmasına və adının çəkilməsinə etirazını bildirdi, sadəcə prosesdə mənim də iştirakımı istədi. Məni maraq bürüdü, telefonu alıb danışdım, minnətdarlıq edib kimliyini soruşdum, gülə-gülə “bir vətən oğludur” dedi. Zəngdən sonra anası bir kəlmə əlavə etdi ki, oğlu bizneslə məşğuldur, çox da varlı deyil, özünə maşın almaq istəyirdi, amma xəstə uşağı görəndən sonra dedi ki, mən maşını bir az gec də ala bilərəm. Ananın səsində bir qram da olsun təəssüf hissi yox idi, əksinə oğlunun davranışından qürur hissi keçirdiyi aydınca duyulurdu, elə atanın  da üz-gözündən məmnunluq yağırdı.

Biz, Xəzər TV-nin o vaxtkı rəhbəri Hüseyn Dinləməzin tövsiyəsi ilə, bir fotoqraf götürüb evə getdik. Məlum oldu ki, süjet efirə gedəndən sonra bir-iki adam zəng edib uşağın vəziyyəti ilə maraqlanıb, amma hələlik ortada konkret heç nə yoxdur. Ona görə də İlqarın anası bizim gəlişimizə, xüsusən qadının əl çantasından çıxarıb stolun üstünə qoyduğu 30 min dollara övladının xilası kimi baxırdı.

Xeyriyyəçinin anası pulu verəndə oğlunun “əməliyyatdan sonra İlqara mütləq bir yaxşı velosiped də alsınlar” tapşırığını da çatdırdı. Bunu eşidən ananın hıçqırıqlar içində necə sevinclə göz yaşı tökdüyünü, xəstə İlqarın isə başını yastıqdan qaldırıb necə ümidlə gülümsədiyini və üzgün simasında gurlaşan işıq selinin necə bərq vurduğunu sözlə ifadə etmək çox çətindir…

Üçüncü epizoddakı situasiyanın, nadir hallarda olsa da, hər kəsin başına gəlməsi mümkündür… Biləcəridə yaşayan yaxın qohumgilə çatanda həyətdə təcili yardım maşınını görüb yan otağa keçdim. Amma qapılar açıq olduğundan yaşlı adamın üstünə gəlmiş həkimlə xəstənin danışığını aydın eşidirdim. Həkim xəstəni ruhlandırmağa çalışır, hər şeyin keçib-gedəcəyini deyirdi. Arada yer-yurd, qaçqınlıq söhbəti də oldu və yaşlı qohumumuz ona iynə vuran həkimin qaçqın rayondan olduğunu biləndə  xeyli ürəkləndi, “andıra qalmış öskürəyi” kəsmək üçün məsləhətlər də istədi. Danışığından həkimin xeyli bilikli və təcrübəli  olması qənaəti yaranırdı.

Qohumun oğlu həkimi yola salırdı və sağ əlini şalvarının cibində uzun müddət saxlamasından belə məlum olurdu ki, həkimə “hörmət” etməyə hazırlaşır. Nəhayət, mən olan otağın pəncərəsinin altında qohum “qəti”  hərəkətə keçib pulu həkimin cibinə basmağa çalışdı. Həkim nəzakətlə onun əlini geri qaytardı. Mən açıq pəncərədən onların heç vaxt unutmayacağım dialoqunu eşidirdim:

— Həkim, zəhmət çəkdiniz, vallah bir şey deyil, 20 manatdır…

— Ehtiyac yoxdur, o pula ağsaqqala yazdığım dərmanları alarsız!

— Siz narahat olmayın, dərman üçün pulumuz var. Bu, sizin pulunuzdur, götürün, əziyyət çəkdiniz, özünüz də bizim kimi qaçqınsız, torpaq itirmisiniz.

— Heç bir əziyyəti yoxdur, bu, mənim işimdir (ani pauza…). Bir də müəllim, biz torpaq itirmişik, ləyaqətimizi ki itirməmişik…

*   *   *

“Ləyaqətimizi ki itirməmişik” sözlərinin arxasındakı enerjini, insanın əxlaqlı davranış və düşüncəsinin istinad nöqtəsini duydunuzmu? Bəli, bir sosial varlıq kimi insanı var edən onun LƏYAQƏTidir. Adam çox şeyini itirə bilər, çox şeydən, o cümlədən var-dövlətdən  də məhrum ola bilər. O itkilərin hamısını zaman-zaman və artıqlaması ilə bərpa etmək mümkündür, amma ləyaqətini və mənliyini bada verən  adamın itirməyə başqa şeyi qalmır.

Ləyaqət isə mücərrəd anlayış deyil. Nəfsə hakim olmaq,  bu davranışın verdiyi həzzi yaşamaq, maddiyyat qarşısında əyilməmək, gözütoxluq da ləyaqətdəndir. Bu, insanlıq mənzərəsinin xoş duyğular yaradan bir cizgisidir. Və bu cizgiləri qabardan epizodların çox olması yaşadığımız cəmiyyətin ürək döyüntülərinin hələ də eşidilməsi deməkdir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 995