Muəllif:

Süleyman Rüstəm Ankarada – “Əsri” məzarlığında

Sovet ideologiyasının alovlu çarçısı, kommunist xalq şairini bolşevizmin qatı düşməni olan M.Ə.Rəsulzadənin məzarı üstünə nə gətirmişdi?

Yazının sərlövhəsi sizi çaşdırmasın. Bəli, şeirlərindən sosializmin acı şirəsi daman, bütün yaradıcılığı boyu marksizm-leninizm ideologiyasını sevə-sevə nəzmə çəkmiş Süleyman Rüstəm bu ideologiyanın düşməni, sovet sistemini tarixin ən qanlı, ən istibdad rejimi adlandırmış Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarını ziyarət edib. Özü də nə vaxt? Sovet dövlətinin qılıncının dalı-qabağı kəsdiyi, hələ dünyaya meydan oxuduğu 1968-ci ildə. Bu, həmin dövr idi ki, S.Rüstəm sovet Azərbaycanında mötəbər söz sahibi, respublika Ali Sovetinin deputatı, xalq şairi, rejimin inandığı kommunist əqidəli şair idi. Məktəblərdə onun Lenin və sosializm haqqında poetik ricətləri əzbərlənirdi, 7 noyabr  və 28 aprel kimi bayram günlərində S.Rüstəmin aşağıdakı ruhda olan pafoslu şeirləri rəsmi qəzetlərin birinci səhifələrini bəzəyirdi:

Ömrüm, günüm, səadətim Oktyabr yaşındadır,

Partbiletim sol cibimdə, ürəyimin başındadır…

*  *  *

Sovet dövrünün çox populyar nəşrlərindən olan “Vokruq sveta” jurnalında baş redaktor müavini vəzifəsində çalışan tanınmış jurnalist Azad Şərifov o vaxtkı Azərbaycan rəhbəri Vəli Axundovun köməkliyi ilə “İzvestiya” qəzetinin Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbiri təyin olunur. Sovet dövründə xaricdə çalışan ilk azərbaycanlı müxbir Ankarada fəaliyyətə başlayandan qısa müddət sonra Azərbaycan siyasi mühacirləri, onların övladları, o cümlədən Atatürkün dostu olmuş Əhməd bəy Ağayevin oğlu, yazılarında sovetlərə nifrətini gizlətməyən “Cümhuriyyət” qəzetinin nüfuzlu icmalçısı Səməd Ağaoğlu ilə münasibət qurur. Şərqdə ilk parlamentli respublika barəsində, bolşevik Rusiyasının işğal etdiyi müstəqil Azərbaycan dövləti, onun qurucuları, o cümlədən həmin Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadə haqqında qiymətli məlumatlar toplaya bilir. O illərdə xeyli riskli olsa da Rəsulzadənin Əsri məzarlığındakı qəbrini ziyarət edir…

Azərbaycanlı jurnalistin mühacirlərlə əlaqəsi, o cümlədən Rəsulzadənin qəbrini ziyarət etməsi barədə tezliklə Ankaradakı sovet səfirliyinə məlumatlar daxil olur, çünki bu qurumun işçiləri hər kəsi rahatca güdə bilirdilər. Ona görə də səfirlik başqa bir azərbaycanlı, həmyerlimiz baş konsul Arif Heydərov (sonralar Azərbaycanın daxili işlər naziri olmuş və vəzifə başında qətlə yetirilmişdi — red.) vasitəsilə A.Şərifovu xəbərdar edir ki, mühacirlərlə əlaqələrini davam etdirə bilər, amma Əsri məzarlığına ayağı dəyməməlidir.

Çox sonralar A.Şəriifov özü bu barədə yazırdı ki, Arif Nəzər oğlu qısa müddətdə səfirliyin ən nüfuzlu, ən hörmətli əməkdaşına çevrilmişdi. Türklər ona “Siz” deyə müraciət edirdilər. Mənim də xatirimi istədiyindən bir gün evlərinə söhbətə çağırdı və bildirdi ki, əslində sənin  gördüyün işlərdə bir qəbahət də yoxdur, çünki nə diplomatsan, nə də siyasətçi. Sonra da Rəsulzadənin İkinci Dünya müharibəsi illərində həyatını riskə ataraq azərbaycanlı əsirlərin çoxunu ölüm düşərgəsindən xilas etməsi barədə xeyli danışdı. Axırda sözünün canı bu oldu ki, heç bir halda Bakı turistlərini Rəsulzadənin məzarının üstünə aparma, yoxsa bütün Ankaraya xəbər yayılacaq və sən  xoşagəlməzliklərdən yaxa qurtara bilməyəcəksən. Beləliklə, A.Şərifov baş konsula səmimi-qəlbdən söz verir ki, “partiya” tapşırığına əməl edəcək.

“İzvestiya”nın xüsusi müxbiri bir müddət baş konsula verdiyi sözü tutur, amma 1968-ci ilin payız günlərində vədini pozmalı olur. Onu bu davranışı pozmağa bir qrup sovet mədəniyyət və incəsənət xadimi ilə Ankaraya səfərə gəlmiş xalq şairi Süleyman Rüstəm təhrik edir. Elə səfərin birinci günü axşam şair uşaqlıqdan tanıdığı Azad Şərifova yaxınlaşaraq ərklə onu “novxanılının” məzarı üstünə aparmağı xahiş edir. Təbii ki, o, xahişdən  imtina etməyə çalışır və hətta deyir ki, məzarın yerini bilmirəm. Şair bir az da ərklə uşaqlıq dostuna “fikrin nədir, istəyirsən, Bakıya qayıdanda məni Novxanıya buraxmasınlar?” deyə xahişində təkid edir. Belə razılaşırlar ki, qrur sabah günorta istirahət üçün otelə qayıdanda A.Şərifov şairi qarşıdakı bağın yanında taksidə gözləyəcək.

Ertəsi gün vədələşildiyi kimi qrup otelə qayıdanda S.Rüstəm “bir az hava almaq” bəhanəsi ilə oteli tərk edib qarşı tərəfdəki bağa üz tutur. Onu gözləyən taksiyə əyləşir və iki azərbaycanlı “Əsri” məzarlığına yola düşür. Azad Şərifov məzara gedən ensiz yolu yaxşı tanıyırdı, həmin yolu ot basmamışdı, odur ki, azacıq  irəliləyib mərmər plitənin üstündə “Bir kərə yüksələn bayraq bir daha enməz”, bir qədər aşağıda isə “İnsanlara hürriyyət, millətlərə istiqlal” sözləri yazılmış sehirli cazibəsi olan qəbirə çatırlar.

Ətrafda qəribə bir sükut və hüzn vardı. Heç birisi danışmırdı. Xalq şairi hədsiz həyəcanlı idi, üzünə dərin bir kədər çökmüşdü, gözləri nəmlənmişdi, əlləri əsə-əsə bir siqaret çıxarıb yandırır… Həmin anlarda Süleyman Rüstəmin nələr düşündüyünü, ürəyindən nələrin keçdiyini, içində hansı hisslərin kükrədiyini, hansı mənəvi burulğanlara düşdüyünü söyləmək çətin idi…

Azad Şərifov uşaqlıq dostunun taqətdən düşmüş adamlar kimi dizlərini yerə qoyub çökdüyünü görüb məzardan bir qədər uzaqlaşdı, uzaqlaşsa da xalq şairinin ətrafa yayılan hönkürtüsünü aydın eşidirdi…

*  *  *

Azad Şərifov bu epizod barədə “Əsri” məzarlığına gedən yolu ot basmamışdı” adlı yazısında ( “Zerkalo”, 24 may 2003) epizodik söhbət açıb, amma təfsilatı ilə  də danışıb. Bütün hallarda kommunist xalq şairinin M.Ə.Rəsulzadənin məzarını ziyarət etməsi maraqlı faktdır və hərə bunu bir cür yoza bilər. Məncə, burada təkcə “Novxanı” amili rol oynamır. Süleyman Rüstəm deyirmiş ki, Rəsulzadəni uşaqlıqda görüb və şəxsən uşaqlıqdan tanıyırmış. Tanıyırmışsa, deməli, onun siyasi kimliyini də bilirmiş… Bəlkə partiya şairi gəncliyində yazdığı alovlu inqilabi şeirlərinə görə peşman imiş. Bəlkə “Təbrizim”, “Ana və poçtalyon” kimi incilər yaratmış bir qələm sahibi, sözün həqiqi mənasında Rəsulzadənin böyüklüyünü və özünün qəbahətlərini duyurmuş. Kim bilir…

Dostlardan biri deyir ki, S.Rüstəm o qədər çox yaşadı ki, yaddaşlarda yaxşı adam kimi qaldı. Uzun illər radioda çalışmış başqa bir dostumuz xatırlayır ki, şairin evinə müsahibə almağa gedəndə soruşdum ki, 28 Aprel, 9 May, 7 Noyabr kimi bayramlar gələndə hansı hissləri keçirirsiniz? Şair deyib ki, bunu yazma, amma deyim ki, qorxu hissi keçirirəm. Ona görə qorxuram ki, bu bayramlar yaxınlaşan kimi qəzetlər yeni şeir yazmağı sifariş edirlər. Eyni mövzuda nə qədər şeir yazmaq olar, axı?!

Əlbəttə, qorxular müxtəlif rənglərdə olur. Ən qatı rəngdə olan qorxu isə yaradıcı adamın yaşadığı mühitdən asılı olmayaraq içindən ikiləşməsidir. Çox fəlakətlər, dəyərlərin və şəxsiyyətin itməsi də bu ikiləşmədən başlayır. İkiləşmə adamı çox yerlərə aparıb çıxara bilir. Süleyman Rüstəmin bəxti onda gətirmişdi ki, ikiləşmə onu layiqli bir məkana — bir dahinin məzarı üstünə aparıb çıxarmışdı…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (8 оценок, среднее: 9,63 из 10)
Oxunma sayı: 2038