Muəllif:

Söz-2

Təsəvvür edin ki…

Söz canlı bir insandır.

Cümlə-ailədir.

Hekayə-cəmiyyətdir.

Yerinə düşməyən, yerində olmayan bir söz cümləni yaman günə qoyduğu kimi, bircə naqolay cümlə də hekayəni bərbad vəziyyətə sala bilər.

O cür də adamlar.

Hekayə səhv-sühv yazılmış sözlər və «qırılmış-sındırılmış budaq» cümlələri ilə dolu olsa da, onun qırxləçək qızılgül kimi ətirli, romantik, gözəl cümlələri də var.

(Qonşumuz bizim balkonda çəlləkdə əkdiyimiz o gülə «kitayskaya roza» deyirdi. Anam gül mürəbbəsi bişirərdi o qırxləçək məxməri güllərdən.Unut o günləri… getsin..)

Səlis, ox ucluğu kimi düzgün-gümüşü sözləri də var bu hekayənin.

Kəlləpaçadakı qoyun gözü kimi iyli-piyli-miyli iyrənc sözləri də var.

Üstündə Leninin daz şəkli olan danqa manatlıq kimi parlaq və… dayaz-düşük sözləri də var bu əhvalatın…

Mis pul kimi “qırmızı” və… çox dəyərli sözləri də var.

Əsrarəngiz sözlər oxuyursan bəzən.

Az qalırsan tutub gözündən öpəsən.

(Nə biləsən, bir də görə biləcəksən onu ya yox. Salamatı odur ki, tutub gözündən öpəsən… getsin).

Ya da  bir söz görürsən, başı bədənindən yekə, hikkə dolu, nifrət dolu —

eynən gülləsiz köhnə taxta qundaqlı “Mauzer” tapançasına oxşayır…

Az qalırsan ki, o sözü lüləsindən tutub atasan poladəridən sobanın içinə-düşməyi ilə bir əlçim ağ buxara dönüb uçub getsin.

(Və sən də o hirsindən ağappaq ağarmış poladın 1600 dərəcəlik istisinin ağ işığından  ağrıyan gözünü mazutlu əllərinlə ovuşdura-ovuşdura gedib öz otağındakı təmiz spirti başına çəkəsən… getsin…)

Nə təhər ola, hekayəni də oxuyub qurtarasan, amma məzmunundan baş açmayasan.

Amma “ardı var” yazılıb sonunda.

Bəlkə axırı yaxşı olacaq?!.

(Əşşi, öp gözündən, burax yaxasını, çıxsın getsin…)

 

Rauf Qaraişıq

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 212