Muəllif:

RUSLAR NİYƏ BELƏ TƏLƏSİRLƏR?..

Ukraynada növbəti prezident seçkiləri deyilənə görə, martın 31-də olacaq. Bu minvalla kobzarların ölkəsindəki seçkilərə hələ üç ay qalıb. Amma gəl ki, ruslar artıq vurnuxmadadırlar.

Gah potensial namizədlərin reytinqlərini araşdırır, gah seçki müstəvisində baş verəcək proseslərin geosiyasi və geoiqtisadi nəticələrini araşdırmağa çalışır, gah da ki, əllərini yanlarına salıb “Boş şeydir, onsuz da heç nə alınmayacaq” deyirlər…

Hamısı da ondan ötrüdür ki, bunlar yenə fantaziyalarına meydan veriblər, düşünürlər ki, seçkini hansısa Rusiya yönümlü namizəd udacaq və bununla da bunların laxlamış geosiyasi konstruksiyaları, necə deyərlər, ləngər vurub yenidən yerini tutacaq – Ukrayna tövbələmə edib, yenidən rus imperiyasının ağuşuna atılacaqdır.

Ən qəribəsi budur ki, Krımın ilhaqı, Şərqi Ukraynanın faktiki olaraq Kiyevin nəzarətidən çıxarılması belə bunların proseslərin yenidən geriyə dönəcəyilə bağlı ümidlərini azaltmır. Adam qeyri-ixtiyari düşünür ki, bəlkə Kiyevdə ruspərəstlər qalib gəlsə, elə doğrudan da Moskva Krımı geri qaytaracaq, Şərqi Uktaynadakı əməllərinə son qoyacaq?..

Şəxsən biz buna inanmırıq. Bəlkə də inananlar var, amma biz onların sırasında yoxuq. Ən azı ona görə ki, Kreml strateqlərinin yazılarından bu anlaşılır ki, guya Kiyevin Krımdan və Şərqi Ukraynadan da başqa Moskvadan ala biləcəkləri var, guya geri qayıtmaq ən azı zavodların bir hissəsinin işə düşməsi, nisbətən ucuz qaz və başqa dividendlər deməkdir.

Ola bilər. Amma kələfin ucu elə dolaşıb ki, inanmırıq kimsə onu yenidən Rusiyaya tərəf yönəldə bilsin.

Hazırda hətta kilsələr arasında əsl savaş gedir. Doğrusu, Ukrayna ilə Rusiya arasında yaşanan siyasi qalmaqalların bir gün mənəvi sferaya da adlayacağı şübhəsiz idi. Odur ki, ötən ildə Rusiyanın pravoslav kilsəsilə Ukrayna kilsəsi arasında yaşanan gərginlik heç də təəccüb doğurmadı.

Prosesin detallarına varmayacağıq. Amma anladığımız budur ki, Ukrayna pravoslav kilsəsi Rusiyanın müvafiq kilsəsinin tərkib hissəsi kimi fəaliyyət göstərirdi və indiki halda – Rusiyanın Ukrayna ilə sözün əsl mənasında müharibə yaşadığı, Krımın ilhaq olunduğu və Şərqi Ukrayanın bəzi bölgələrinin faktiki olaraq Kiyevin nəzarətindən çıxdığı durumda bunun belə davam etməyəcəyi aydın idi.

Amma Yeni il ərəfəsində rus pravoslav kilsəsinin patriarxı Kirillin çox qısa bir müsahibəsini dinlədik. Qənaətimiz nə oldu? Sovetlərin vaxtında bütün din adamlarının dövlətin müvafiq təhlükəsizlik strukturları ilə bağlı olduğunu bilirdik, amma indiki dövrdə kilsənin mövqeyilə dövlətin mövqeyi arasında bu qədər yaxın bağlılığın olacağını düşünmürdük.

Fikirləşirdik, kilsə adamlarının ukraynalı pravoslav qardaşlarına münasibəti azacıq da olsa, Kremlinkindən fərqli olacaq, zira yox, heç də belə deyilmiş. Hətta belə görünür ki, 1991-ci ildə sovetin parçalanması nəticəsində o dövrün hakimiyyətlərinin bu prosesdən irəli gələcək bəzi məqamlara qarşı münasibəti sən demə, daha loyal imiş. İndi isə rus pravoslav kilsəsi Ukraynadakı kilsə və monastrları öz əmlakı bilir, ukraynalı qardaşları üçün belə hüququ ümumiyyətlə, nəzərdə tutrmurlar.

Bəli, acı olsa da, belədir. Bilirsiniz, ruslar arasında, — istər siyasət, istərsə də din adamları olsun, — qəribə “iki ölçülü təfəkkür” hökm sürür. Bu adamların qayəsi yalnız həmin ölçülərin genişlənməsi, Rusiya sərhədlərinin şişməsidir. Təsəvvür edin, Rusiyanın əyalətləri, əsasən də kəndləri boş qalıb, onun coğrayifası vur-tut iki yüz milyon (uzağı!) təşkil edən bir xalq üçün çox böyükdür, bu coğrafiya hətta iki milyard əhaliyə belə bəs edərdi.

Amma nə baş verir? Gözləri Ukraynada, Belarusda, Cənubi Qafqazda və digər bölgələrdədir. Özləri də görürlər ki, ərazisi qat-qat az olan ölkələr daha güclü dövlətə və daha varlı cəmiyyətə malikdirlər.

Deməli, məsələ tək ərazinin böyüklüyündə deyil, ondan nə dərəcədə effektiv istifadə etməkdədir. Rusiyanın siyasət və politologiya insanları “effektiv” sözünü vurğulamağı sevirlər, amma nə dövlət quruluşları, nə də ki, iqtisadi modelləri effektiv meyarlar üzərində qurulub.

Odur ki, sabit bir inkişaf zolağına çıxa bilmirlər – Dünya çapındakı mövqelərini yalnız nüvə başlıqlarının sayını artırmaqla saxlamağa və tək hərbi diplomatiyanın köməyilə məqsədlərinə çatmağı düşünürlər.

Amma bu artıq bir dəfə olub — sovetlər də belə edirdi. Nəticəsi nə oldu?

Bəli, hazırda iqtisadi modelin tamamilə fərqli olduğunu demək olar. Fəqət, yenə də effektivlik və modernlik məsələsi yada düşür ki, bunları onun iqtisadiyyatı haqqında qətiyyən demək olmur; mülkiyyət münasibətlərinin dəyişməsi hələ əsl kapitalizm və effektiv iqtisadiyyat demək deyil. Bir qrup oliqarxın ölkənin altını-üstünü talaması heç də müasir, modern iqtisadiyyat demək deyil. Bu oliqarxlar kriminal aləmin adamları kimi ölkəni “nüfuz sferaları”na bölüblər, hər şeydə öz monopoliyalarını yaradıblar, sərvət talanır və əldə edilmiş böyük pullar ölkədən xaricə daşınır — bu adamlar hətta yaşanaqçün belə Rusiyanı layiq bilmirlər.

Bəli, düşünmək olardı ki, insanlar savadlandıqca və azadlıqlar çoxaldıqca bütün bu problemlər gündəmə gələcək, amma yox, ölkə iqtisadiyyatındakı eybəcərliklər ən yaxşı halda müvafiq təhlükəsizlik strukturlarının predmetinə, adi haldasa müxtəlif oliqarx qrupların “razborka”sına çevrilir; kimsə düşünmür ki, bütün problemlərin iqtisadi həlli də var, onları monopoliyanı aradan qaldırmaqla, rəqabəti və iqtisadi azadlıqları artırmaqla da həll etmək olar.

Bunları qəti düşünən yoxdur. Əvəzində Ukraynada, hətta Suriyada nə qədər desən, vuruşmaq istəyən var. Hamısı da nədən ötrü? Rusiya daha böyük olsun. Halbuki kimsə düşünə bilərdi ki, Rusiyanın bir problemi də bəlkə onun böyüklüyündədir — böyük coğrafiyaların böyük də problemləri olur…

Qərəz, rasional düşüncə tərzi, rasional siyasət və ya iqtisadiyyat heç də hər yerdə bərqərar olmayıb. Ölkələr var ki, burada onların bərqərar olması ümumiyyətlə, mümkün görünmür.

Təəssüf ki, belə ölkələrdən biri də elə Rusiyadır – bəli, ağılla dərk olunmayan, arşınla ölçülməyən Rusiya. Bəzi ölkələrin də problemi ondadır ki, onlar Allahdan nə qədər uzaqdırlarsa, Rusiyaya bir o qədər yaxındırlar.

Amma “qatar gedir”. Yanvarın 5-də artıq xəbər gəldi ki, İstanbul patriarxı Varfolomey Ukrayna Pravoslav kilsəsini tanıyıb, deməli kilsələrin bölünməsi də bir faktdır və bununla barışmaq lazım gələcək.

Qərəz, vəziyyət belədir — əslində dəsmal götürüb ağlamaq lazımdır. Amma Kreml əhli hələ də fal açmaqda və P.Poroşenkonun ikinci müddətə prezident olub-olmayacağını araşdırmaqdadır. Hələ də israr edirlər ki, guya Azov dənizindəki hadisələr Poroşenkoya öz nüfuzunu qaldırmaq və ikinci dəfə prezident seçilmək üçün lazım idi, guya ölkədə qismən hərbi vəziyyət elan olunandan sonra Poroşenkonun nüfuzu kəllə-çarxa vurubdur…

Həqiqətən də ağlamalı durumdur. Ədalət naminə deyək ki, Rusiyada belələri də var – bəli, az da olsa, hər halda, tapılır…

O gün biri yazmışdı ki, Putinin prezident seçilməsi Rusiyaya yaxın dövr üçün sabitlik, uzaq dövr üçün isə dəhşətli qeyri-müəyyənlik vəd edir.

Əvvəllər mən belə yazılara başqa cür baxırdım, düşünürdüm ki, kişilər Rusiyanın dərdini çəkir, amma sonra gördüm ki, bu qəbildən olan yazılar da “Putin serialı”nın bir hissəsidir.

Doğrudan da axmaq məntiqdir, deyilmi? Necə ola bilər ki, iki yüz milyon əhalisi, bu qədər ərazisi olan bir ölkə bircə nəfərdən bu dərəcədə asılı olsun?

O başqa məsələdir ki, Putin Rusiyanın düşmənlərinin sayını artırmaqdadır və bir gün onun özündən olmasa da, Rusiyadan bunların hamısının hesabı soruşulacaq. Mütləq soruşulacaq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 8,00 из 10)
Oxunma sayı: 580