Muəllif:

Qonşular seçir, biz sevinir və kədərlənirik

2015-ci ilin 1noyabrında həm Azərbaycan, həm də Türkiyədə Parlament seçkləri keçirilirdi.  Və həmin gün azərbaycanlıların əksəriyyəti ekranların qarşısına keçdi, sandıqların açılmasını səbirsizliklə gözləməyə başladı… amma Türkiyədə.

Rəsmi olmayan ilkin nəticələri öyrənmək üçün TV kanallarını fasiləsiz çevirənlər, mübahisə edənlər, sevinənlər, məyus olanlar…bütün bunları azad seçkiyə susayan həmvətənlərimiz edirdi.  Çox gözəl bilirlər ki, bu seçkilər onların həyatında nəyisə dəyişməyəcək, səhər yuxudan oyananda öz qayğılarının arxasınca gedəcəklər, amma qonşu ölkədəki seçki ab-havası onları az da olsa, bir neçə saatlıq qayğılardan uzaqlaşdırır. Azərbaycandakı seçki reallığı isə belədir: seçkini də keçiriblər, üstəlik sizin əvəzinizə seçiblər də. Təsəvvür edin, ölkənizdə ali qanunverici orqana seçkilər keçirilir, sizin, ailənizin, övladlarınızın, hətta Vətəninizin gələcəyi bu seçkilərdən asılıdır, amma…. sizin vecinizə deyil. Ona görə ki, seçkinin şəffaf, obyektiv keçirilməsinə şübhə ilə yanaşırsınız.

Analoji hal 2019-ci il martın 31-də də yaşandı. Əsasən İstanbul bələdiyyəsinə seçkilərdə ilkin nəticələrin yerdəyişməsi, dəqiqəbaşı namizədlərdən birinin önə keçməsi, qalibin adının açıqlanmaması ciddi narahatlıq doğururdu. Sosial şəbəkələrdə gecəboyu ciddi müzakirələr gedirdi, insanlar gözləntilərini bölüşürdü. Bəli, söhbət yenə Azərbaycandan gedir.

Qısası, Azərbaycan əhalisi azad seçki üçün “acdır”. Könül istərdi ki, öz seçkilərimizi bu cür müzakirə edək, həyəcanlanaq, narahat olaq, sevinək, kədərlənək….müzakirə və mübahisə edək.

Azərbaycanda isə bələdiyyələr elə bir vəziyyətdədir ki, nəinki seçkilər, ümumiyyətlə belə bir institutun mövcudluğundan çoxluq məlumatsızdır. Nə iş görür, nə edir, məqsədi nədir, nəyə lazımdır? Bələdiyyə deyəndə ağla gələn suallar bunlardır. Amma orta statistik azərbaycanlı özünə bir bələdiyyə sədri seçmək iqtidarında deyil. Azərbaycan Avropa Şurasına üzv olan yeganə dövlətdir ki, onun böyük şəhər bələdiyyəsi yoxdur. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul edildiyi vaxt üzərinə götürdüyü öhdəliklərdən biri də iri şəhərlərdə böyük şəhər bələdiyyəsinin yaradılması idi. Müxtəlif vaxtlarda bu məsələ gündəmə gətirilsə də, hələ də müsbət sonluqla nəticələnməyib. Bələdiyyələr Bakının 11 rayonunda yaradılıb. böyük şəhərlərdə yaşayan insanlar onları və yaşadıqları əraziləri idarə edən rəhbərləri bilavasitə tanımır, onların şəhər həyatına gətirəcəyi dəyişiklərlə bağlı proqramları ilə tanış ola bilmir. Bələdiyyə üzvləri müxtəlif siyasi partiya təmsilçiləri olsa da, idarəçilik zamanı onların siyasi mənsubiyyəti deyil, sırf şəhər idarəçiliyindəki rolu əhəmiyyət daşıyır.

2019-cu ildə bizdə də bələdiyyə seçkiləri ilidir.  Çoxunun bundan xəbəri yoxdur.  Heç müxalifət də bu barədə nəsə demir, danışmır. Demək olar ki, iqtidarla müxalifətin bu seçkiyə münasibəti eynidir; siyasətçilər də bələdiyyələrə ciddi yanaşmırlar.

Bu ilin mayında Gürcüstanda da mer seçkiləri keçiriləcək. Soydaşlarımız oradakı prosesi də həyəcanla izləyəcəklər. Doğrudur, ehtiraslar Türkiyə seçkilərində olduğu kimi coşmayacaq, amma özümüzdə olmayan“seçki həsrəti”nə qürbət ellərdə son qoyuruq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 134