MİLLİ TƏƏSSÜBKEŞLİK: EMOSİONALLIQ, YOXSA RASİONALLIQ?
İTV-də debat rusdilli ictimaiyyəti sakitləşdirdi. Bununla da gözümüz önündə günbəgün dəyişən İctimai kanal öz media funksiyasını yerinə yetirdi: cəmiyyətdə gərginliyi yumşaltmaq üçün problemdən qaçmadı, onun üstünə yeridi.
Azər Həsrət məqaləsində qıcıq yaradan bir sıra fikirlərin qələt olduğunu etiraf etdi. Məlum oldu ki, onun arqumentləri də yanlış imiş, çünki real faktlara söykənmirdi. Hətta faktlar doğru olsa belə… Məgər qəbul imtahanlarında 700 bal toplamaq yüksək intellekt göstəricisidir? DİM imtahanlarında aşağı nəticə göstərən uşaqlar var ki, TOEFL, IELTS kimi imtahanlardan keçib dünyanın ən reytinqli universitetlərinə qəbul olunurlar. Bundan başqa, rus dilində təhsil alanlar şagird kontingentinin 8 %-ni təşkil edir. 700 bal toplamış 12 abituriyentdən birinin rus təhsilli olması normal statistik göstəricidir.
Nə isə… Görünür, bu qalmaqal yazı müəllifinə lazım imiş. Sadəcə, barıtını bir qədər çox eləyib. Ona görə də debat zamanı çox müqavimət göstərmədən geri çəkildi və söhbətin mövzusunu başqa istiqamətə yönəltdi: Ay camaat, mənim rusdilliləri aşağılamaq fikrim yox idi, sadəcə, istəyirəm ki, hər bir azərbaycanlı hansı dildə təhsil almağından asılı olmayaraq dövlət dilini bilsin. Bax bu, aksiomdur; hər bir aksiom isə opponenti razılaşmağa vadar edir. Mən də elə bu aksiom haqqında danışmaq istəyirəm.
Hər dəfə hənsısa yüksək vəzifəli dövlət məmuru öz nitqində “quş buraxanda” bu məsələ gündəmə gəlir. Bir az danışırıq da boş veririk. Bir sıra dairələrdə rus dilinin hegemonluğu xaricdən gələn dostlarımızı da təəccübləndirir, bəzən hətta onların sifətində ikrah ifadəsi görürük.
Ölkə Konstitusiyasına görə vahid dövlət dili Azərbaycan dilidir. Cəmiyyətin bir sıra dairələrində hər hansı xarici dilin əsas ünsiyyət vasitəsinə çevrilməsi milli problemdir. Deməli, bunun obyektiv və subyektiv faktorları var. Problemi həll etmək üçün onun miqyasını və səbəblərini bilmək lazımdır:
— Ölkə əhalisinin neçə faizinin əsas ünsiyyət vasitəsi rus dilidir?
— Şagirdlərin neçə faizi rus dilində təhsil alır?
— Təlimi rus və digər dillərdə olan məktəblərdə dövlət dilinin tədrisi hansı səviyyədədir?
— Orta və ali məktəblər üçün hansı tədris resursları hazırlanmalı və ya tərcümə olunmalıdır ki, təhsilalanlar hər addımda xarici resurslara üz tutmasınlar?
Hazırda bu sualların çoxuna yalnız ötəri müşahidələr əsasında cavab vermək olar. Məsələn, mən bilirəm ki, təlimi ingilis dilində olan məktəblərin təhsil sistemində Azərbaycan dili, tarixi və coğrafiyası, üzr istəyirəm, appendiks kimi bir şeydir. İstənilən vaxt onu kəsib götürürlər. Başa düşürəm, onların prioriteti başqadır: şagirdi xarici universitetlərə hazırlamaq. Ona görə də öz dilini başqa dillərdən zəif bilən bu gənclərin xaricdə təhsildən sonra vətənə qayıtmaları üçün nə bir stimul, nə də milli bağlılıq qalır.
“Vətən” demişkən, milli dil təəssübkeşliyini vətənə sevgi kontekstindən ayırmaq olmaz. Təəssüf ki, bizdə bu sevginin aşılanması emosionallıq və patetikadan uzağa getmir. Ona görə də daha çox, bir jurnalist demişkən, milli natamamlıq kompleksini xatırladır. Nəyi isə tənqid edirsən, “Vətənini sevmir” deyirlər, qarşılığı olmayan alınma sözlərdən istifadə edirsən, “Kosmopolitdir” deyirlər, “Vətənimin hər qarış torpağına qurban olum” deyə qışqırırsan, səni vətənpərvər adlandırırlar.
Bu yerdə yadıma bir lətifə düşdü. Rusdillilər onu yaxşı bilirlər: “Есть такое понятие – Родина”.
Peyinlikdə bir təzəkqurdu ailəsi yaşayırmış. Balaca qurdcuğaz dünyaya gələndən bəri peyinlikdən bayıra çıxmayıbmış. Bir gün başını çıxarıb ətrafa boylananda gözü yaxınlıqdakı alma ağacı və üstündəki meyvələrə sataşır. Gözəlliyə heyran qalan balaca təzəkqurdu almaların birindən ona baxan başqa bir qurd görür və atasından gördüklərinin nə olduğunu soruşur. Atası ona hər şeyi izah edir, amma balacanın bir sualı da olur:
— Ata bəs o meyvənin içindən mənə baxan nədir?
— O da sənin kimi qurddur.
— Elə isə, niyə o, gözəl almanın içində yaşayır bizsə təzəkdə?
Ata böcək deyir:
— Çünki, balaca, Vətən deyə bir anlayış var…
Ata böcək düz deyir. Vətənə sevgidə bir ekzistensiallıq olmalıdır: onu sevirəm, çünki o mənim vətənimdir, vəssəlam.
Əlbəttə, sevgi emosiyadır. Lakin vətənə sevgidə bir rasionallıq da olmalıdır: vətəni tanımaq, onun dilini doğma dil kimi bilmək, tarixi keçmişinə, böyük şəxsiyyətlərinə bələd olmaq…
Bax bu cür sevgiyə nail olandan sonra xarici dillərin ekspansiyasına davam gətirə bilərik.