Muəllif:

Millətə görə tanınanlar və milləti tanıdanlar…

Əslində kiminsə Vətənə dönüşü, hər şeyi — iddiaları da, umu-küsünü də  arxa plana keçirib, sadəcə, Vətənə baş çəkmək istəməsi təəccüb doğurmamalıdır və burada elə bir motiv də axtarmaq lazım deyil; Vətənə ona görə qayıdırlar ki, o, sadəcə, Vətəndir…

Bu baxımdan dəqiq bilmirəm, bəlkə R.İbrahimbəyovun dönüşündə də hansısa “pərdəarxası məqamlar”, siyasi motivlər və yaxud başqa nələrsə də var, di gəl, mənə elə gəlir ki, İbrahimbəyov ona görə gəldi ki, sadəcə, azərbaycanlıdı, bakılıdı və ahıl yaşlı bir adamın bir geriyə dönüb nələrisə təkrar yaşamaq istəyində təəcüblü şey yoxdur.

Əslində bu adamın qəfil “siyasətçi” olmaq qərarı bizdə təəssüf doğurmuşdu, ona görə ki, siyasətlə məşğul olan həmişə tapılacaq, amma gözəl ssenarilər, bədii əsərlər yazan, maraqlı filmlər çəkən, hətta maraqlı müsahibələr verən adamların həmişə qıtlığı olacaq; bəzən mənə elə gəlir ki, Tanrı belələrini ona görə misqal-misqal verir ki, həm qədir-qiymətləri bilinsin, həm də ki, onlardan çox ola da bilməz; çoxluq həmişə fondur və həmin fonda nəzərə çarpan, ona gözəllik və məna gətirən ştrixlər olur ki, bunlar da məhz o təkrarsız, barmaqla sayılan adamlardır…

Əlbəttə, mənə də etiraz edə bilərlər ki, hamımız şair-yazıçı, alim və yaxud da sənət adamı olmazdan əvvəl həm də vətəndaşıq və ona görə də siyasət bizə heç də yad olmamalıdı. Düzdür, doğrudur, özü də ki, tamam-kamal, çünki bizim hər birimizdən nə vaxtsa soruşa bilərlər ki, bəs sən özün onda nə etdin?..

Amma bu, heç də həmişə olmur. Bəlkə də mənimlə razılaşmayacaqlar, amma düşünürəm ki, indi Azərbaycanda hamının müxalifət platformasında qərar tutmasını əsaslandıran, şərtləndirən və bunu zəruri edən siyasi və yaxud sosial gerçəklik yoxdur. Demirəm, hər şey idealdır və hətta “tamam-kamal yaxşıdır” söyləməyə də tələsmirəm – problemlər çoxdur, amma bayılası dərəcədə deyil.

Əlbəttə ki, çox tamahkar məmurlarımız var, kələ-kötür siyasi sistemimiz var ki, hələ xeyli cilalanmalıdır, üzərində təkrar-təkrar işləmək tələb olunan qanunlarımız var. Bunlar bəlkə ani olaraq yada düşən detallardır və bəlkə daha nələrsə mövcuddur. Amma bütün halda nəsə var, nəsə mövcuddur və vəziyyət də dözüləndir, hətta deyərdik ki, düzələndir, yetər ki, bir az səbrli və həm də tədbirli olaq, ruslar “Moskva birdən-birə tikilməyib” deyirlər…

Bəzən biz hadisələri, prosesləri sürətləndirməyə, qabaqlamağa çalışırıq, amma bunların özlərinin də bir ətaləti var və sosial-dinamika Nyutonun dinamikasından tamam fərqli olsa da, burada da müəyyən analogiyalar tapmaq mümkündür.

Amma sözümüz bunda deyil. Ondadır ki, siyasət bir az da səbr tələb edən, müdriklik sevən sahədir – o mənada yox ki, digər peşələrdə bunu tapmaq olmur.

Yox, olur. Sadəcə, bir daha deyirik ki, siyasətin öz məntiqi və tempi var; hətta son illərin “rəngli inqilablar”ının da təcrübəsi göstərir ki, devirməklə-çevirməklə heç nə həll olunmur, bir çox hallarda bizdən belə asılı olmayan reallıqlar var ki, onların həlli üçün də zaman yetişməlidir…

Həm də sənət, mədəniyyət özü siyasətdi və bizim alışdığımız siyasət sənətə, mədəniyyətə söykənəndə daha davamlı, dayanıqlı və özüllü olur.

Müşahidə də göstərir ki, insanların davranışı həmişə yuxarıdan qanunlarla, aşağıdan isə mədəniyyətlə məhdudlaşır. Bu arakəsmə çox böyük olanda “ziqzaqlar”, xoşagəlməz hallar başlayır.

Elə son dövrdə bir çox ölkələrdə müşahidə etdiyimiz “rəngli inqilab”ların da uğursuzluğu  məhz bundadır:cəmiyyət birdən böyük azadlıq alır, amma onu həzm edə bilmir, üstəlik, mədəniyyət də aşağı olduğundan indicə qeyd etdiyimiz o “arakəsmə” işini görür; xoşagəlməz təlatümlər başlayır, demokrartiya da tez bir zamanda özünün əksinə — anarxiyaya və ya oxlokratiyaya çevrilir. Odur ki, sənət və mədəniyyət adamlarının missiyası daha böyükdür; onlar bizim şüurlarımızı dəyişir və ona daha pozitiv yön verirlər…

Nə isə, qayıdaq R.İbrahimbəyova. Adamlar var ki, millətə görə tanınırlar və belələri daha böyük çoxluq təşkil edir.

Adamlar da var ki, millətin özü onlara görə tanınır. R.İbrahimbəyov da bu cür adamlardandır və o, bunu heç vaxt unutmamılıdır. Özü də bu təkcə indi, Rüstəm müəllimin ssenarisini yazdığı film “Oskar” alandan sonra olmayıbdır, sovet vaxtı da belə idi; Gürcüstandan N.Dumbadze, Qazaxıstandan O.Süleymenov, Qırğızıstandan Ç.Aytmatov, Belarusdan V.Bıkov, Ermənistandan Q.Matevosyan və b. tanınırdı. Azərbaycandan isə o dövrdə daha çox tanınan ədiblər İbrahimbəyov qardaşları idi. Odur ki, bunu nə biz unutmamalıyıq və nə də ki, Rüstəm müəllimin özü…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 7,80 из 10)
Oxunma sayı: 559