Muəllif:

İNŞALLAH, ELİNA SAĞ QALMAZ…

İntihar heç də deyildiyi kimi, ümidlərin öldüyü son nöqtə deyil, əksinə, yeni ümid başlanğıcı, daha gözəl həyat arayışıdır. Bu, bir ümiddən daha böyüyünə, daha etibarlısına keçid cəhdidir. Dinlər yaranmasaydı, bəlkə bu ikinci (daha böyük) ümid də yaranmazdı. Əminəm ki, dinlərin «o biri dünya»nı kəşf etməsinə qədər heç bir insan intihar etməyib… Vəhşi heyvanlar parçalayıb, xəstəlikdən ölüblər, döyüşdə həlak olublar, təbii fəlakətlər aparıb, ancaq intihar etməyiblər. Çünki onda hələ peyğəmbərlər doğulmamış, həmin “o biri dünya”nı kəşf edən olmamışdı…

“Özünü qayadan atdı Xuraman…”

Səməd Vurğunun “Vaqif” dramından olan bu misra bu günlər hamının dilində bu cür səslənir:

“Özünü məktəbdən atdı Elina…”

Yelena qədər gözəl fidan, səsindən matəm, üzündən məsumluq yağan 14 yaşlı körpə Elina.

Sevinc Abbasova adlı qadının direktoru olduğu 162 saylı tam orta məktəbin üçüncü mərtəbəsindən özünü dünyanın “gözəl” tərəfinə atan 8-ci sinif şagirdi Elina Hacıyeva.

O direktorun üzünü gördüm, “yazın ki, ailəsi pozğun idi” deyən səsini eşitdim. Səmimi deyirəm, qorxdum, üzdən də, səsdən də. Söhbət üzün cizgilərində deyil. Cizgilərə məna verən əməllərdir. Viktor Hüqonun Qozbeli – Kvazimodo üzdən vahimə yaradır. İçi isə sevgi doludur. O sevgi Kvazimodonu gözəlləşdirir. Qorxmur, sevirsən. Heyhat! Elinanın bu qədər dözə bildiyinə, üstəlik daha dəhşətli intihar yolu seçmədiyinə heyrətləndim!

Artıq bu ölkədə quldurların ənənəsinə çevrilib — kimisə öldür, sonra valideynlərinə rüşvət (qan pulu) təklif elə. Elinanın anasına Sevinc direktorun sözügedən təklifi kimi – Badamdarda, yəni milyonerlərin yuvasında torpaq sahəsi…

Onlar artıq öyrəşiblər, arxayındırlar. “Öldürək, qanı bağlamağa nə var. Ehtiyac hər bir azərbaycanlını rəzil, şərəfsiz qula çevirib. Öz müqəddəs matəmlərini bizə pulla satacaqlar!”

Elinanın anası satmadı. Bəlkə də övladı qarşısında hansısa mənəvi günahı vardısa, o günahı yudu. Yudumu? Bilmirəm.

Özümü dəhşətli bir röyanın içində hiss edirəm. O zərif yavrunun amansızcasına sorğu-sual edildiyi səhnə ilə dünyanın heç bir dəhşət filmi yarışa girə bilməz! Bəli, bir neçə dəqiqəlik videoçəkilişlə biz Algfred Hiçkoku belə kölgədə qoya bilən xalqıq!

Əməkdar artist Röya Ayxan Elina Hacıyeva ilə bağlı paylaşım edib.

Müğənni az əvvəl dediyim o dəhşətli kadrlar haqda yazıb. Onun yazdığına görə, Elina ilə söhbət edən xanım Səbail rayon İcra Hakimiyyəti (BŞİH) başçısının birinci müavini Xalidə Bayramovadır:

“Əgər müğənnilik və eşitmə duyumuma güvənirəmsə, bu, çoxlarının tanıdığı Xalidə xanımın səsidir. Ay gözəl xanım, bu sualın yeri idi? Uşağı sürücünüzlə xəstəxanaya çatdırmaq əvəzinə şəraiti soruşursuz. Mən də belə böyüdüm, 5-ci sinifdə məktəb direktorunun ayaqqabısını geyinib dərsə getdim. Boşanan ailənin qızı idim. Şükür ki, bu sualları yağdırana əyilmədim. Bəyənməsələr də, ayaqda qalıb şəxsiyyət oldum. Amma hamı güclü deyil. Baxmayaraq ki, hərdən buna siz bizi məcbur edirsiz”.

Elinanın o məcburluğa belə ömrü, gücü çatmadı. Nə bu direktor Röyanın direktorudu, nə məktəb həmindi, nə təhsil həmin.

İndi istənilən binanın istənilən mərtəbəsinin o üzündəki hətta qanlı “o biri dünya” Azərbaycanın işıqlı üzündəki dünyadan daha işıqlı görünür…

Əli-qolu zəncirli medianın yazdığı kimi ifadə etsək, bəli, dünyanın hər yerində intiharlar baş verir. Bunu kim dana bilər? Hətta ən inkişaf etmiş, təhsili, iqtisadiyyatı, azadlıqları ən ideal səviyyədə olan ölkələrdə belə. Ancaq bir məqam var: hansı ölkədə intihara cəhd etmiş körpəni dərhal təcili yardımla xəstəxanaya yollayıb xilas etmək yerinə, əlimyandıda bir otağa çəkib, yaramaz suallarla iki saat işgəncə verir, dilindən ailəsi ilə bağlı hansısa murdar ifadələr almağa çalışırlar? Budur məsələ.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı suisidlərin 2015-ci il üzrə statistikasına görə, İsveç 46-cı, ABŞ 48-ci, Azərbaycan 167-ci yerdə gəlir. Statistika hər yüz min nəfərə bir nisbətində götürülüb. Sonuncu – 183-cü yerdə, yəni intihar statistikasının sıfır olduğu ölkə ilk dəfə adını eşitdiyim Antiqua ve Barbuda dövlətidir. Demək, məsələ inkişafda deyil.

***

Yayılan məlumata görə, Təhsil Nazirliyi məktəblərə qeyri-rəsmi göstəriş verib: pəncərələr bağlansın! Yəni gerçəkdənmi bu ölkənin təhsili bu qafayla tənzimlənir? Yəni gerçəkdənmi bu adamlar anlamır ki, intiharları doğuran səbəb elə pəncərələrin bağlanmasıdır?

Bağlayın, bütün pəncərələri bağlayın, birdən görən olar!

Elinanın atasının “Semaşko” haqqında dedikləriylə bağlı xəstəxananın keçmiş işçisi, istedadlı cərrah Tural Mirzəyev yazıb: “Bəli, onun dedikləri, tam həqiqətdir…

Xəstəniz üçün gündəlik 100-150 azn xərcləməlisiniz…

Bunları etməsəniz, xəstəniz sağalmayacaqmı, onlara baxmayacaqlarmı?..

Baxacaqlar, amma hökumətin verdiyi maaş (200-300 azn) və dərmanlar səviyyəsində (pensilin, seftriakson, Nacl 0.9%, ağrıkəsici-analgin-dimedrol, baralgin…

Özünüz nəticə çıxarın.

P.S. 10 il orda çalışmışam, öz yaxınım reanimasiyada müalicə alıb. 3 günə dərman və tibb personalına 1200 azn pul xərcləmişəm…

P.P.S. Semaşko-1 saylı Kliniki Tibbi Mərkəz Dövlət Xəstəxanalarından hələ ən yaxşı vəziyyətdə olanıdır.

Nazirliyin burnunun dibindədir…

Prezidentin qərarı var: Təcili yardım xəstəxanalarında çalışan həkim və tibb personalının maaşları illərdir artırılıb. 500 azn həkimlərdir, 300 azn tibb bacıları. Səhv etmirəmsə…

“Semaşko” illərdir Təcili Yardım xəstəxanası kimi fəaliyyət göstərir. Lakin maaşları artırmamaq üçün xəstəxanaya TY xəstəxanası statusu verilmir…”

***

Haradasa dörd il qabaqdı. Qardaşım “Cəbhə xətti” layihəsi üçün Qarabağ qazilərindən müsahibə alıb onlardan birinin maşınında evə qayıdarkən bir harın öz “Cip”ilə yolundan çıxıb o kiçik qazi maşının üstündən keçmişdi. Sürücü — Qarabağ qazisi, keçmiş tankist xanım elə yerindəcə həlak olmuşdu. Qardaşım və başqa bir qazini ağır vəziyyətdə “Semaşko”ya aparmışdılar. Gecə 12 olardı. Getdim. Qardaşım qanlar içində. Bədəni şüşə qəlpələriylə dolu. Baxan yox. Çünki sahibsizdi hələ. Sahibi çıxandan sonra müayinələr başladı. Arabasını uzun-uzun dəhlizlərdən keçə-keçə palataya gətirdik. İki sanitar xanım da yanımızca gedirdi. Qardaşımı arabadan düşürəndən sonra gördüm həmin iki xanım qapının ağzında dayanıb sual dolu baxışlarla mənə baxır, nə üçünsə gözləyir. Özümdə deyildim, nə istədiklərini soruşdum. Müştərini düşürüb gediş haqqını gözləyən taksi sürücüsü kimi baxırdılar. Handan-hana anladım. Onları yola saldım. “Nə günahları” deyə düşündüm. Bir azdan həkim gəldi. İçim xəstəxanaya, bütün düzənə, sistemə nifrətlə dolu. Həkim xəstəni yatağına uzatmağa kömək elədi. Hələ də qardaşımın üzü-gözü, bütün bədəni qan içində, hər yeri şüşə qəlpələrlə suvanmış halda qalır. Həkimdən soruşdum: “Bəs bunun qanını kim təmizləyəcək? Barı nəsə verin, özüm təmizləyim. Həkimin adama sevgi təlqin eləyən baxışı tutuldu. Məlum oldu ki, bunun üçün heç nə yoxdur. “Barı isti su verin”, — dedim. O da yoxmuş. FHN gecələr elektrikli çaydanlardan istifadə etməyi yasaq edibmiş. Hər şeyi özümüz almalıydıq. Həkim imkanımız çatmırsa, dərmanları özünün ala biləcəyini təklif elədi. “Məgər bu, dövlət xəstəxanası deyil? Niyə şokda olan xəstə sahibi bu halda aptekə getməlidir?” Kədərlə güldü. Üstəlik də xeyli təəccüblənmiş ifadə aldı üzü: “Nə dövlət?.. — dedi. – Mənim nə qədər maaş aldığımı bilirsənmi? 130 manat!” Cavabdan dəhşətə gəldim. Bəli, reallıq idi. Mən hələ də bu məvaciblərlə dolananların ölkəsində adamların bir-birinin ətini kəsib yemədiklərinə təəccüblənirəm! Həmin həkim az əvvəl adını çəkdiyim Tural doktor idi. O da dözmədi, az sonra başını götürüb bu ölkədən getdi…

***

İntihar etmiş Elina Hacıyevanı danışdırırlar, daha doğrusu, ağrılardan nəfəsini güclə alan körpəyə əza-cəza verirlər. Direktorun ona münasibətini soruşurlar, yaşadığı ünvanı dəqiqləşdirirlər, dünən anasıyla dalaşıb-dalaşmadığını iyrənc və hiyləgər ehtirasla xəbər alırlar. Diqqətlə dinləyəndə kadrda sanki arxada kiminsə dediyi bir cümlə eşidilir: “İnşallah sağ qalmaz…”

Bəli, haqlısınız, bu gedişlə Elinalar sağ qalmayacaq. Kökləri kəsiləcək bəlkə də. Ancaq inanın ki, o Elinalardan biri təsadüfən sağ qalacaq, yaşayacaq və bir gün, inşallah, sizin bu cəllad dəstənizin necə məhv olduğunu görəcək, müjdəni çatdırmaq üçün qətlə yetirdiyiniz bütün Elinaların məzarının üstünə gedib bir qızılgül qönçəsi qoyacaq…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,67 из 10)
Oxunma sayı: 718