Muəllif:

Hökümət bəy deyil, politoloq-sosioloqlar da aşıq…

XX əsr bəşəriyyətin inkişafında həqiqətən də sıçrayış idi. Hansı parametri götürürsən götür, — istər elmi-texniki, istərsə də siyasi-iqtisadi olsun,- bircə əsr ərzində bəşəriyyət mövcud olduğu min illər ərzindəkindən qat-qat artıq edə bildi.

Hərə XX əsri bir cür xarakterizə edir. Mübaliğəsiz demək olar ki, bu əsr həm də fizika əsri idi, çünki məhz bu dövrdə bəşəriyyət az qala məlum olmayanın, İlahi sirrin tamam sərhədinə yaxınlaşdı, fiziki təsəvvürlər bütün həyatımıza sirayət etdi və dünyagörüşümüzü dəyişdi.

Bu baxımdan bir mühüm detal var ki, fiziki təsəvvürlərdən söz düşürkən onu qeyd etməmək ən azı natamamlıq olardı.

O, da budur ki, dövrünün ən nəhəng fiziklərindən başının təkcə içilə deyil, elə çölü-çevrəsilə də fərqlənən (onun başı həqiqətən çox böyük olub) Nils Borun məşhur “əlavəlik prinsipi” var ki, o, yalnız fizika baxımından maraq və ya önəm kəsb etmir, onu fəlsəfə, ümumiyyətlə, elmi dünyagörüşü baxımdan da çox ciddi metodoloji prinsip kimi qəbul edirlər.

Məğzi də budur ki, mikro-obyektlərin vəziyyətini təsvir etmək üçün sözlərimiz və anlayışlarımız yetərli deyil, biz buna cəhd edərkən bəzən hətta biri-birinə daban-dabana zidd anlayışlardan istifadə etməli oluruq, əslində isə bunun həmin obyektlərə heç dəxli də yoxdur, çünki təcrübələrdə meydana çıxan makroskopik parametrlər (koordinat, impuls, enerji və s.) sadəcə, mikro-obyektin makro-obyektlə qarşılıqlı təsiri zamanı formalaşır.

Məsələn bunun əyani nümunəsi budur ki, işıq nə dalğadır, nə də zərrəcik, sadəcə, bir eksperimentdə özünü dalğa, digərindəsə zərrəcik kimi göstərir. Yaxud da təbiətdə rəngli kvarklar olmur, sadəcə biz onları fərqləndirmək üçün özümüzə anlaşıqlı olan rənglərlə işarələmişik, çünki başqa sözümüz, xüsusən də onların təbiətinə adekvat anlayışımız, yaxud da terminlərimiz yoxdur…

İndi isə keçirəm ən əsas mətləbə. Əlbəttə ki, belə bir yüksək materiyalardan bizim gündəlik sosial-siyasi həyatımıza qayıtmaq o deməkdir ki, oxucunu qaldırırsan Everestə, sonra oradan buraxırsan yerə! Amma nə etmək olar, daim yüksəkliklərdə, ucalıqlarda qalmaq hər adama qismət olmur, bunu Tanrı çox az adama qismət edibdi ki, onlardan biri də azacıq əvvəl adını çəkdiyim Nils Bordur.

Bunu yazıram və yadıma Qorkinin məşhur “Şahinin nəğməsi” düşür– bircə təsəllim var ki, biz koramal kimi sürünməyə çağırmırıq -səsləmirik, yüksəklik əhlini başa düşürük, di gəl, nə edəsən ki, Tanrının yaratdıqlarının böyük hissəsinin bəxtinə Göylərə baxıban köks ötürmək yazılıb və bu canlılardan da taleyilə ən çox barışmayanı insan olubdu ki, ta Dedal və İkardan başlayaraq gah Simurq quşunun qanadları üzərində, gah da sehrli xalça üstündə daim uçmağa can atıb və axırda da uçubdur — dəmir qanadlarla olsa da…

Amma sözüm bunda deyil. Ondadır ki, bu yaxınlarda iki mühüm qurumun yaradılmasına başlanıldı – bəli, Sosial Tədqiqatlar Mərkəzilə Regional Münasibətlərin Öyrənilməsi Mərkəzini (bilmirəm, sonuncunun adını düzmü yazdım?) nəzərdə tuturam. Üstəlik zənnim məni aldatmırsa, birinciyə artıq rəhbər də təyin edilibdir.

Di gəl, şəxsən bəndənizin fikrincə, heç də uğurlu təyinat olmadı bu. Qeyd olunan iki strukturun yaradılmasına təşəbbüs göstərməklə hakimiyyət çox güman ki, müəyyən məsələlərlə bağlı daha dolğun və ciddi bilgilər almaq istəyir və burada məqsəd heç də tərif eşitmək, tərif istehsal etmək deyil. Amma həqiqətən də belədirsə, onda bir qədər fərqli təyinat olmalı idi. Fəqət, belə oldu – özü də çox təəssüf…

İnsanların hamısı psixoloji cəhətdən tərif eşitməyə meylli olsalar da, əslində nə tərif, nə də söyüş kiməsə lazım deyil. Bunlara yalnız hələki tamam demokratikləşməmiş, avtoritar rejimlərdə təsadüf edilir.

Əvvəl sürəkli, bəlağətli və bal kimi şirin təriflər olur, tərif sanki yaz yağışı kimi yağmağa başlayır, amma sonra birdən ilk söyüşlər eşidilir və tərif tədricən söyüşə çevrilir və daha qısa bir müddət keçir və o, artıq ifadəsini sosial dinamikada tapır; bir də görürsən ki, küçə və meydanlar lap ətraf kəndlərin səhər çağlarındakı avtobus dayancaqları kimi adamla dolubdur…

Bunu onlarla, bəlkə də daha çox siyasi sistemin təkamülündə görmüşük. Amma burada hələki tərifin əsl zamanıdır, hər iki tərəfi – onun ünvanlandığı kəsləri də, hətta səsləndirənləri də Göylərə qaldırdığı məqamdır. Əslində sonuncularla – tərif deyən və yazanlarla bağlı “Göylərə qaldırmaq” yox, “vəzifəyə qaldırmaq” ifadəsini işlətmək daha düzgün olardı, çünki müstəqil politoloqlarımıza, millət vəkillərinə baxanda adamın beynindən təkcə bircə fikir keçir: İlahi, doğrudanmı bu adamlar düşünür ki, tərif demək və ya yazmaq başqalarının ağlına gəlmir və ya onlar bunu bacarmırlar?..

Doğrusu, bu sualın cavabını bilmirəm, çünki insan psixikası müşkül məsələdir – burada da gizlinlər çoxdur və hətta XX əsrdə bununla bağlı da böyük cəhdlər olsa da, böyük nəticə olmadı – ölçüsü təsəvvürə gəlməyəcək dərəcədə kiçik olan nüvənin quruluşundan baş açdıq, amma yumruq boydakı beyinlə bağlı bunu edə bilmədik.

Elə bu səbəbdən də hələ tərif yarışları çox olacaq burada. N.Borun “əlavəlik prinsipi”ni də əvvəldə heç də nahaq yerə xatırlatmadıq – nə yaxşı ki, tərif deyənlərimiz və yazanlarımız bundan xəbərsizdi, yoxsa bunu da qatardılar “açıqlama”larının, “nitq”lərinin və ya “əsər”lərinin gözünə.

Di gəl, bir məsələ var ki, nə vaxtsa, bu məmləkətdə də başa düşəcəklər ki, hökumət bəy deyil, politoloqlar və sosioloqlar da aşıq. Sadəcə, bizim istəyimiz və dediyimiz budur ki, nə qədər tez başa düşsək bunu, bir o qədər yaxşıdır, çünki vacib deyil ki, hər şeyi özün sınaqdan keçirəsən, başqalarının da təcrübəsindən öyrənmək olar…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162