Həqiqəti yazmaq hissi…
Rauf Mirqədirovun jurnalist fəaliyyətinə retrospektiv baxış
Bir vaxtlar çap olunduğu qəzetlər dayansa da, o dayanmayıb, əvvəlki kimi şövqlə yazır. “Zerkalo” və “Ayna” saytlarında yenə də maraqlı məqalələri gedir. Oxuduqca müəllifin üslubuna, onun düşüncə tərzinə və məntiqinə, təfəkkürünün dərinliyinə gizli olayların gün işığına çıxarılmasına heyran olursan. Mənbələrə istinadlar, müqayisələr, keçidlər, fərqli rakurslar, məntiqi mülahizələr adama ayrıca zövq verir. Onun yazılarını oxuduqca, adamı 10-15 il əvvəlin hələ korlanmamış ciddi və peşəkar mətbuatının havası vurur…
Söhbət hər zaman əli aktual hadisələrin nəbzi üstündə olan peşəkar jurnalist, siyasi analitik və publisist, öz həyatında həm də azad mətbuatın taleyini yaşadan Rauf Mirqədirovdan gedir.
* * *
Bu, həmin Rauf Mirqədirovdur ki, ictimai maraqlara xidmət edən analitik yazıları, araşdırmaları, tənqidi məqalələri ilə müstəqillik dövrü jurnalistikamızın parlaq simasına çevrilib. Həmin Mirqədirovdur ki, peşəkarlığı, obyektiv və tənqidi yanaşmaları, mənəvi keyfiyyətləri ilə həmişə jurnalist adına şərəf gətirib. Cəsarətli tənqidlərinə görə onu uzun müddət dilə tutsalar da, “ağıllandıra” bilməyiblər, şirnikləndirici təkliflərə boyun əyməyib, hədələrdən də qorxmayıb.
Raufun güclü həqiqət duyğusundan və şəxsiyyətindən hürkənlər son illərdə onu Vətənində yaşamağa qoymadılar, ölkədən qaçaq saldılar. Xüsusi müxbir kimi çalışmağa məcbur olduğu Türkiyədə də adama rahatlıq vermədilər. Yazılarından cin dəmirdən qorxan kimi qorxanlar Raufu qova-qova həbsxanaya salmağa da nail oldular. İki il ona, onunla birlikdə yaxınlarına, valideynlərinə mənəvi əzab versələr də, sarsıntılar yaşatsalar da (atasının dünyasını dəyişməsində bunların az rolu olmadı), Raufu əyə, sındıra, içindəki həqiqət işığını boğa bilmədilər.
Həbsdən çıxan Raufu bu dəfə başqa tale – mühacirət həyatı gözləyirdi. Ona və çalışdığı media qurumuna diş qıcayanların bəd nəfəsini hər addımda duyan jurnalist onu təqib edənlərin əlindən ölkəni tərk edərək xaricdə siyasi sığınacaq almağa məcbur oldu. İndi İsveçrədə yaşayır və yenə də qələmə sarılaraq “Zerkalo”da çıxış edir, yenə də həmin enerji ilə, öz prinsiplərinə sadiq qalaraq yazır. Xarakteri kimi yazılarının hədəfləri də dəyişməyib.
İndi dəbdə olan ifadə ilə desək, bura qədər yazdıqlarım R.Mirqədirovun həyat hekayətinin qısa bir epizodudur. Əslində isə bu hekayət xeyli əvvəl, “Zerkalo” qəzetinin nəşrə başladığı 1991-ci ildən başlanır. BDU-nun jurnalistika fakultəsini təzəcə bitirmiş Rauf həmin vaxtlar bu qəzetdə müxbirlik edirdi. O zaman Azərbaycanda yeni və müstəqil mətbuat özünün romantik dövrünü yaşayırdı, əxlaq bu qədər çirklənməmişdi, cəmiyyətdə fərqli mənəvi mühit hökm sürürdü, insanlar ictimai ideallara köklənərək sabaha böyük ümidlərlə baxırdılar. Jurnalistlər həqiqəti yazmağı özlərinin əsas vəzifəsi hesab edirdilər.
Rauf Mirqədirov bir jurnalist və şəxsiyyət kimi məhz həmin dövrün ictimai ideallarının təmiz havasında formalaşırdı. Həqiqəti yazmaq hissini damcı-damcı ruhuna hopdururdu. Yerli informasiya şöbəsində müdir olduğu “Zerkalo”nun milli platformada dayanması da onun dünyagörüşünə öz təsirini göstərirdi. Ona görə də arada qısa müddətdə AMİP-in mətbuat mərkəzinə rəhbərlik etsə də, «Demokratik Azərbaycan», “Bu gün” və “Millət” kimi qəzetlərdə çalışsa da, yenidən “Zerkalo”ya qayıtdı və taleyini ölkənin bu nüfuzlu media qurumu ilə bağladı. Elçin Şıxlı kimi müstəqil düşüncəli bir redaktorla yol getməyi daha üstün saydı və səhv eləmədi. E.Şıxlı da hər addımında onun yanında oldu, ən çətin anlarda seçim etmək lazım gəldikdə qəzeti bağlamaq məcburiyyətində qaldı, amma dar ayaqda Raufu tək qoymadı…
* * *
2016-cı ilin martında, Novruz bayramı ərəfəsində Rauf Mirqədirovun həbsdən buraxılması media əhlində əməlli-başlı ruh yüksəkliyi yaratmışdı. Biz dostları bu hadisəni qeyd etmək üçün soyuq bir mart axşamında dostumuz Arif Əliyevin Goradildəki bağ evinə toplaşmışdıq. Təbii ki, hamı sevinirdi. Dostlar zarafata salaraq bizi yanaşı oturtdular ki, Rauf “türmə incəlikləri” barədə mənə məlumat versin (çünki o vaxt AzTV sədri məni məhkəməyə vermişdi və cinayət işi açdırıb həbs etdirmək niyyətinə düşmüşdü), bəlkə bu biliklər karıma gəldi.
Rauf gümrah görünürdü, heç sınıxmamışdı. Səbəbini belə izah edirdi ki, MTN-in təcridxanasında onu ayrıca otaqda saxlayıblar, incidən olmayıb, əksinə nəzakətlə davranıblar. Təcridxanada xeyli bədii kitab oxumasından həvəslə danışırdı, iki il yazı yazmamasına çox təssüflənirdi.
O danışdıqca adam düşünürdü ki, tənqidi yazıları ilə uzun illər jurnalistikamızın üzünü ağ eləmiş, geniş oxucu məhəbbəti qazanmış bu istedadlı qələm sahibini altı il azadlıqdan məhrum etmək kimə lazım idi? Ölkənin siyasi cəhətdən ən ayıq və hazırlıqlı, ən cəsur jurnalistlərindən birinə “dövlətə xəyanət” ittihamı irəli sürmək hansı “ağıllı”nın beyninin məhsulu idi? Axı ictimai dairələrdə hər kəs onu Vətəninin sabahını işıqlı görmək istəyən, bunun üçün də həmin gələcəyə təhlükə yaradanları çəkinmədən tənqid edən vicdanlı jurnalist kimi tanıyırdı. Hamı gözəl bilirdi ki, onu sifarişlə həbs edənlərdən, silahı yalnız qələm olan söz adamına məhkəmə açanlardan, mənəvi siması şübhə doğuran ittihamçılardan, çoxdandır onu susdurmağa çalışanlardan fərqli olaraq Rauf Mirqədirov millətini və dövlətini heç kimdən az istəmir. Raufun dəmir barmaqlıqlar arasında özünü arxayın və inamlı aparmasının bir səbəbi də bu idi.
Rauf son üç ildə Bakida yaşamırdı, yəni dövlət sirrlərinə və hərbi-strateji obyektlərə yaxın deyildi. «Zerkalo»nun Türkiyə üzrə müxbiri kimi Ankarada çalışırdı. R.Mirqədirov dalğası Azərbycana da dəyən geosiyasi çaxnaşmaları diqqətlə izləyirdi, Şərqi Avropada, Cənubi Qafqaz və Yaxın Şərqdə gedən qlobal proseslerin mahiyyətini dərindən duyur və peşəkarlıqla təhlil edirdi. Əlbəttə, ağıllı analitik kimi, o, Azərbaycanın bir çox fəlakətlərinin səbəbkarı olan Rusiyanın bəzi dağıdıcı proseslərdəki rolunu da yaxşı görür, bu ölkənin nüfuz savaşına çıxdığı Qafqazda real təhlükələr yaratmasını gerçək faktlara əsaslanaraq davamlı tənqid edirdi. Onun yazdıqlarını təkcə Azərbaycan paytaxtında deyil, Yerevanda, Tbilisidə, Moskvada və başqa yerlərdə də diqqətlə oxuyur, dönə-dönə müzakirə edirdilər.
Təbii ki, bu yazılar çoxlarını qıcıqlandırırdı, xüsusən Rusiyanın siyasi dairələrində narazılıqlarını gizlətmirdilər. Ona görə də mən “Rauf Mirqədirov kimi parlaq bir jurnalist Rusiyanın sifarişi, Azərbaycanın kəmfürsət və milli qürur hissindən məhrum olmuş bəzi məmurlarının istəyi nəticəsində həbs olunub” deyənlərin fikri ilə tam razıyam. Mən bu işdə “dövlətçilik naminə çalışan” bir qurum kimi ifşa olunmuş MTN-in keçmiş rəhbərinin bədnam rolundan və qapalı aparıldığından detalları bizə bəlli olmayan məhkəmə prosesindən danışmaq istəmirəm. Bircə şeyi bilirəm ki, Rauf Mirqədirov haqqında qaldırılan “Ermənistana casusluq”, “dövlət xəyanəti” kimi ağır və ağlasığmaz (əslində çox gülünc) ittihamların hamısını inam və əminliklə rədd edirdi, günahsızlığını sübut etmək üçün sona qədər ləyaqətlə mübarizə apardı. Ona görə də bu məsələdə beynəlxalq hüquq təşkilatları və media ilə bağlı qurumların ağzını yummaq və tənqidçi jurnalisti qurama ittihamlarla həbsxanada uzun müddət saxlamaq mümkün olmadı…
BBC radiosu məşhur araşdırmaçı-jurnalist R.Mirqədirovun azadlığa çıxmasını öz dinləyicilərinə “xoş xəbər” kimi təqdim etdi. Ölkə içində buna “dialoq havası yaratmaq üçün addım”, “siyasi islahatların başlanması” və s. deyənlər də oldu.
* * *
Hadisələr göstərdi ki, R.Mirqədirov nədən yazırdısa, həqiqəti deyirdi. Qərəzli deyildi, sadəcə, ağlı və məntiqi vardı, hadisələrin inkişafını, ən başlıcası səbəbləri görürdü. Məsələn, aqressiv siyasətinə görə Rusiyanı tənqid atəşinə tuturdu (indi də mövqeyini dəyişməyib) və düz edirdi. Ona görə ki, bu gün Azərbaycanın yaşadığı bütün fəlakətlərin səbəbi Rusiyadır, onun ölkəmizin müstəqilliyini həzm edə bilməməsidir. Bunları demək və yazmaq niyə günah sayılsın ki?
Raufun “həbs hekayəti” bir daha göstərdi ki, həqiqəti deməyin təkcə könül oxşamağı yoxdur, həm də cəzası var. Yəni Bəhlul danəndə söyləmişkən, həqiqəti demək yaxşıdır, amma adamın ağzından köpük gətirir. Bizim günlərdə isə həm də həbsxanalara aparır, çünki həqiqətin deyilməsindən rəncidə olanların hökm üçün səlahiyyətləri, üstünə qısqırtmağa itləri, məhkəmələrə təsirləri var. Burada əsl hünər odur ki, bütün bunları bilə-bilə yenə öz prinsiplərinə və missiyana sadiq qalaraq içindəki həqiqətin səsini eşidir və heç kimdən çəkinmədən həmişə doğrunu yazırsan. Həbsin qorxuda bilmədiyi Rauf Mirqədirov kimi..