Diringi-dəngiş Nəsiminin xalqı…
Sovet dövründə tərcümeyi-hallarda mütləq şəxsin gəldiyi ailənin sosial mənşəyi haqda bir cümləni qeyd edirdilər – məsələn: “Ziyalı ailəsində doğulmuşam”.
Ziyalı kim idi? Sadəcə, oxumuş, savadlı adam. Müəllim idisə, ziyalı sözünü əlini ürəyinin üstünə qoyub çox arxayın şəkildə yaza bilərdin.
Yox, atan, ya anan sadəcə ali təhsilli məmurdusa, o cümləni yazanda bir az böyür-başına baxırdın, üzün xəfifcə qızarırdı. Yəni insanlar sövq-təbii bilirdilər ki, yox, bu ziyalı deyilən şey nəsə başqadı…
Gələk öz çağımıza.
Bəs indi kimdir ziyalı?
Yaxın günlərdə qəzetlərin birindən bir sorğu üçün sual aldım. Əkrəm Əylisli hansısa müsahibəsində deyibmiş ki, Azərbaycanda ziyalı anlayışı yoxdur. Bəs mənə görə, Azərbaycanda ziyalı varmıydı? Sual buydu.
Medianın real durumunu nəzərə alıb, çox yumşaq cavab yazmışdım. Cavabım qəzetdə çap olunmadı. Sonra həmkarım utana-utana redaktorunun cavabı sərt saydığını və vermədiyini yazdı. Buyurun, ziyalı məsələsiylə bağlı müzakirə açır, sonra cavabı vermir. İndi o ali təhsilli redaktor müəllim özü ziyalıdırmı? Bəs bu sorğu onun nəyinə lazımmış? Əkrəmi vurmaq? Əkrəmin day harasına vuracaqsan, qardaş? Sağ-salamat yeri qalıbmı?
Sən “Azərbaycanda ziyalı varmı” soruşursan. Ümumiyyətlə, Azərbaycan özü varmı? Söhbət coğrafiyadan, müstəqillikdən, bayraqdan, gerbdən, iqtisadiyyatdan getmir. İnsanları diri olmayan ölkənin özü də yoxdur mənə görə. Bəs bu ölkədə diri qalan biri varmı? Məncə, bu suala cavab axtarmaq lazımdır.
Üstəlik, günahı tam olaraq dövlətin, ya hakimiyyətlərin üstünə atmağın da tərəfdarı deyiləm. Bəlkə də ziyalının öldürülməsi işində pay sahibidir. Bəs axı bir də ziyalının yaşadılması paraqrafı var… Bu isə hakimiyyətin və ya dövlətin yox, toplumun boynuna düşən məsələdir. Hakimiyyət heç də həmişə fərdlərinin əlindən yapışıb bunu etmə, bunu elə demir.
Bəli, “bu toplum ziyalısını yaşatmadı”. Həmişə bu fikri deyənlərə qızardım, acıqlanardım, qardaş, toplum özü güclə yaşayır, bir də durub sizə çörək alıb gətirməlidir? Zamanla yanlışımı və o gileyin mənasını anladım. Bəlkə də mənə bundan üç gün əvvəl çatdı bu hikmət. Cəmi üç gün əvvəl. Yəni 22 yanvar tarixində. Doğulduğumdan dörd gün sonra.
Səmimi etiraf edirəm ki, bundan illər qabaq Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanını oxuyanda da məsələni tam anlamamışdım. Əsərin qəhrəmanı bacarıqlı, gənc cərrah Tomaş sovet işğalına qarşı ziyalı mövqeyi göstərir, işsiz qalır, ancaq cəmiyyət onu qiymətləndirir, xüsusən qadınlar; yox, ona heç kim sədəqə vermir, evinə çörək, ət almır, ancaq tez-tez onu təmizlikçi kimi evə dəvət edir, məhv olmaması üçün şərait yaradırlar.
Üç gün qabaq isə…
Türkiyənin tanınmış publisisti, “Sözçü” qəzetinin köşə yazarı Yılmaz Özdilin 1881 nüsxə (Atatürkün doğum ili) buraxılan, 2500 lirəyə (806 manat 36 qəpik) satışa qoyulan “Mustafa Kamal” kitabı cəmi 4 saata satılıb bitdi. Kitabın milyon yarımlıq adi nüsxəsi var, 10 lirəyə satılır. Kitabı onlayn satışa çıxaran “Qırmızı kedi” nəşriyyatının saytı alıcıların çoxluğu üzündən çökdü.
1881 nüsxə! Cəmi 1881 nüsxə. Kolleksiya üçün nəzərdə tutulmuş əl işi olan nüsxə. Dördcə saatda satıldı!
Bizdə romanların ilk nəşri ən yaxşı halda 1000 nüsxə olur və illərlə alan olmur, sonunda endirimlə 1-2 manata satılır, yenə də yerdə qalır. Həm də bizdə kitabların qiyməti 806 manat 36 qəpik yox, 5-6 manat olur. Və bu ölkədə, bu cəmiyyətdə 1881 adam tapılmır onu almağa. Əslində, almağa yox, onun yazarını ölümdən qorumağa!
Yılmaz Özdilin bizim özgür yazarlardan xüsusi bir fərqi yoxdur. Sadəcə, əyilmir, yandaş mediada deyil, öz diliylə desəm, “yalaka” deyil, Atatürklə bağlı yazdıqlarını da dəfələrlə köşələrində yazıb, verilişlərində deyib. Sadəcə, mövqeyini qoruyur. Cəmiyyət bunu görür, qiymətləndirir və onun heç kimdən asılı olmaması, öz sərbəstliyini qoruya bilməsi, evinə normal qazanc aparması üçün onun kitablarını alır. Hərçənd bütün türk qövmləri kimi Türkiyə əhalisi də kitabı çox da sevmir və dünya kitab satışı statistikasına görə, dünya ölkələri siyahısında ən son yerlərdən birini tutur qardaş ölkəmiz. Ancaq baxın, ziyalısına necə sahib çıxırlar. Bundan qabaqkı kitabı da elə bu cür satılmışdı.
Bizdə isə…
Biz varıqmı?
Bir ziyalı söhbəti var bizdə. Toplum və onun müxtəlif təbəqələrdən olan fərdləri hesab edir ki, onlar min bir yolla, hətta fırıldaqla, hətta şərəfsizliklə özünə gün ağlamalı, balalarını hər cür təmin etməli, ziyalı bədbəxt oğlu, bədbəxt qızı isə həm özünü təmiz saxlamalı, həm işsiz qalmalı, həm həbs olunmalı, hələ bəlkə üstəlik o “zəhmətkeş” toplum fərdlərinin ətini-soğanını da alıb onları zəhmətdən qurtarmalı, onların haqqını dilə gətirməli, bunun üçün min-bir zillət çəkməli, ancaq o zəhmətkeş toplum o ziyalı üçün əlini ağdan-qaraya vurmamalı, bir qəpiyindən də keçməməlidir. Cibi qaydasında olanlar da yüz ildə bir qonaqlıq verəndə özlərini bütün alçaq dağların müəllifi hesab edirlər. Qardaşım, ziyalı sizdən nə istəyir? Satdığınız xiyardan, kartof-soğandan, ətdən, badımcandan müftə verməyinizi istəmir ki! Ziyalının bacardığı elmidir, yazdığı kitablardır. Onları alın, yetər. Badımcanınız, xiyarınız, ətiniz, qonaqlığınız özünüzə qalsın. Alın ki, qoy onlar kiminsə qarşısında əyilməyə, ya bunu da bacarmasa, gedib bazarda bakuş satmağa, lap bəd ayaqda intihar etməyə, ən yaxşı halda dərd-vərəm içində yaşamağa məcbur olmasınlar.
Bütün bunları illərlə müşahidə etdiyimə görə, hesab edirəm ki, ziyalı zərrə qədər də toplumun dədəsinin qulu-köləsi-nökəri deyil. Heç kimin ziyalıdan nəsə ummağa da zərrəcə haqqı yoxdur. Ziyalı sadəcə öz vicdanı və millətinin tarixi, mədəniyyəti qarşısında məsuliyyət daşıyır. Bəli, bu topluma Azərbaycan ziyalısının bir zərrə də borcu yoxdur!
Sən ildə bir dəfə bir kilo xiyarın, bir kilo badımcanın pulunu özünə borclu saydığın ziyalın üçün xərcləməyə qarın ağrıt, ancaq ondan hər cür məşəqqəti tələb elə, yox, qardaş, keçəl suya getməz. O da boş söhbətdir ki, “siz yaxşı yazın, alaq”. Cəfəngiyyatdır. Ciddi romançılarımız, ciddi alimlərimiz var. Dünya səviyyəsi ilə müqayisə? Onu da bilirik. Heç də kəllə-çarx deyillər. Bir aşağı, bir yuxarı. Oxuduğum, tərcümə etdiyim türk romanlarının səviyyəsini görürəm və bir növ onların katibi olmaqdan xəcalət çəkirəm. Ölüb yerə girirəm! Bəli, səviyyə demə! Vacib deyil sən o kitabı oxuyasan, sən oxumazsan, gələcəkdə övladın oxuyar, o da oxumaz, nəvən. Heç o da oxumasın. Əsas odur ki, sən ziyalını, sənin sözünü deyəni, özünü el yolunda kor qoyanı qiymətləndirmiş olacaq, millətinin əbədiliyi, mədəniyyətinin zənginliyi, ölkənin düzəlməsi üçün əlini daş altına qoyacaqsan. Eynən Türkiyə cəmiyyəti kimi, eynən Tomaşın soydaşları kimi.
Sən hansısa xoruz səsi eşitməmiş Afət adlı müğənniciyəzin Nəsiminin “Sığmaram” qəzəlinə diringi-dəngüş hind-fars ritmi üstündə düz-qoş elədiyi mahnını oynamaq üçün içib dünyaya sığmadığın bir toyda 5-10 manat “zakaz” verəcəksən, ama hansısa ləyaqətli Nəsimişünas alimin kitabını almayıb onun məhvində rol oynayacaq, diri Nəsimilərin dərisinin soyulmasına razı olacaqsan… yox, atam-anam, keçməz.
Yolun açıq olsun, zavallı xalq. Hərçənd bu yol heç vaxt səni burnunun ucundan o yana apara bilməyəcək! Yenə də biz gəldi-gedərik, sən yaşa…