DİLİMİZİN DİLSİZLİYİ…
Millət var — özü tarix səhnəsindən çəkilir, dili qalır, millət var — özü qalır, ancaq dili ölüb gedir.
Sözün düzü, indi girinc qalmışam, biz hansındanıq? Yəqin çoxu düşünəcək, bu nə söhbətdir, əlbəttə, biz heç birindən deyilik.
Mənə isə elə gəlir ki, bu anda biz elə hər ikisindənik. Həm özümüz yavaş-yavaş ölüb gedirik, həm dilimiz.
Hər ikisini düşünmək adamın ürəyini ağrıdır. Millət kimi nə qədər xüsusiyyətimizi itirmişik, milli xarakterimizin əsrlərdən bəri gələn nə qədər keyfiyyət göstəricisini qeyb etmişik, oturub araşdırsaq, bir-bir yazsaq, bəlkə də cildlər lazım gələr. Hər halda indi ən sanballı xüsusiliklərini itirib, ən gərəksiz şeyləri saxlamışıq, bütövlükdə toplum və etnos olmaqdan çıxıb gözüqıpıq, ələbaxan bir insan yığınına çevrilmiş durumdayıq. Bu, bəlkə də haçansa, bütün ölkə normal düzənə qayıdanda yenidən düzələcək, ancaq dil elə şeydir ki, hansı düzən gəlir gəlsin, gedir getsin, öz kökündən uzaqlaşdımı, canına virus düşdümü, saralmağa başladımı, hərə onun başında öz başına görə turp əkməyə başladımı, bir də heç vaxt özünə gələ bilməz, gəlsə də… Yox heç gəlməz də.
Hər xalqın dili olduğu kimi, o dili yaşadanları, inkişaf etdirənləri və onu sistemləşdirib qaydalar yaradan böyük dilçiləri, o dilçilərin birgə fəaliyyət göstərdikləri hansısa bir institut olmalıdır. Bizdə də, necə deyərlər, allah qoymasa, o institut var. 1932-ci ildə yaranıb.
Bəs 32-ci ilə kimi nə olub? Bu dillə kimlər məşğul olub? Yoxsa elə şairlər-yazıçılar yazıb-yaradıb, dil də onların hesabına indiyəcən duruş gətirə bilib? Əslində, oturub dərindən düşünəndə görürsən ki, o 32-ci ildən günü bu günəcən də dilimiz elə bu şair-yazıçı-qəzetçi tayfasının umuduna canını tapşırmayıb. İş o yerə çatıb ki, indi onları da oxuyan yoxdur, üstəlik bunu ali məktəbi bitirənlərin dil bilgisinə baxanda da aydın görürsən, çoxu nəzəriyyəni əzbər bilir, ancaq durub iki cümlə yazan kimi, baxırsan, baho, adamın bildiyi ancaq qrammatikaya aid təriflərdir. Təcrübə yox, kitablardan öyrəndiyi dil yox, analar da allaha şükür, o analar deyil, elə həmin bu institutları əzbərçiliklə bitirən analardır. Onlar da öyrətsə-öyrətsə, övladlarına Türkiyə filmlərindən öyrəndiyi dili, türk bulvar poeziyasından mənimsədikləri qrammatikanı öyrədə bilərlər, hələ onu da öyrədə bilsələr.
Bir dil ki, qəm düçarı ola, ağlar, ağlamaz?
Əduhi-qüssə yarı ola, ağlar, ağlamaz?
İndi durub yeni nəsildən soruşsan ki, şair burda nə deyib? Deyəcəklər, şair dildən danışıb. Yox, şair ürəkdən, qəlbdən danışır, ancaq biz bu dəqiqə onu elə dil kimi qəbul edirik, yəni bu dil ölər, ölməz? Əlbəttə, ölər.
Yaxınlarda çağdaş türk ədəbiyyatından bir romanı tərcümə edirdim. Kitab Orta əsrlərdən bəhs edir. Üstəlik dilinin də 80 faizi ortaçağ osmanlıcasında. O osmanlıca ki, onu indiki türklər özləri başa düşmür və ali məktəblərdə ancaq tarixçilərə və ortaçağ ədəbiyyatı üzrə mütəxəssis olacaq tələbələrə öyrədirlər. Adamın hansı siyasi, ədəbi məqsədlə o dildə yazdığı mənə aydın deyil, tarixi əsər yazmaq heç də əsərin mövzusu olan dövrün dilində yazmaq deyil. Nəysə, bunu onların öz işi hesab edək. Mənə maraqlı gələn öz türkcəmizdə həmin sözlərdən demək olar, heç birinin qarşılığının olmaması və Türk Dil Qurumunun izahlı lüğətlərində spesifik sahələrə, peşələrə, sənətlərə, hərbə, məişətə, ədəbiyyata, sənətkarlığa, hətta dənizçiliyə aid o söz və terminlərin onlarla mənasının geniş izahlarla verilməsi, üstəlik həmin sözlərin ingiliscə, fransızca da izahının olması, həmin sözlərlə bağlı kəlmə və söz birləşmələrinin də verilməsi oldu.
Konkret nümunə göstərdiyim kitab Sultan Qanuni Süleyman, Məhəmməd Füzuli çağından, daha doğrusu Babil zamanından başlayıb hardasa XIX əsrə kimi gəlir və o zaman aralığını əhatə edən sözlər də öz zaman ardıcıllığıyla istifadə edilir. Belə çıxır, onlar hələ o vaxtdan həmin dili və terminologiyanı bu günə kimi qoruyub saxlayıb, sistemləşdirib, lüğət tərkiblərinə salıb, o dil bu gün işlədilməsə belə, az qala latın dili kimi yenə də özünü qoruyub saxlaya bilib. Axı həmin çağda Azərbaycan dövlətləri də vardı, üstəlik dilimiz, terminlərimiz də hardasa eyniydi. Ancaq indi belə çıxır ki, o dövrdə bizimkilər ağzını açıb danışmayıblar. Halbuki Osmanlı sarayında farsca danışılanda Səfəvidə türk dili dövlət diliydi. Hanı bəs? Yoxsa buxarlanıb?
Şahların sarayda sözə-sənətə, saza-aşığa qiymət verməsiylə iş bitmir ki. Onu elə Osmanlı sultanları da eləyib. Bu, bir növ dövrün dövlət ənənəsi olub. Hətta şairlər yazdığı şeirlərə görə yüksək qonorar da alıblar saraydan. Bəs necə olur onların həmin çağdakı dili bu gün olduğu kimi lüğətlərdə olsa belə, qorunub saxlanılır, ancaq biz sovet Azərbaycanının dilindən başqa heç nə bilmirik. Hətta o da yarıtmaz halda. İki gün əvvəl, hörmətli Elçin bəy bu mövzuda söhbət zamanı maraqlı bir fakt dedi. Sən demə, ötən əsrin əvvəlində əfsanəvi generalımız Əliağa Şıxlinskinin Rusca-Azərbaycanca hərbi terminlər lüğəti varmış, ancaq bu günə kimi o kitab dilimizdə yenidən qaydaya salınaraq çap edilməyib. Heç kim üçün maraqlı olmayıb.
Bəli, mən sırf texnologiya ilə, xarici istehsalla bağlı terminlərin dilimizdə olmamasını başa düşürəm. İstehsalçı biz deyilik. Deyək ki, avtomobil, ya təyyarə, hərbi texnika. Axı hətta onları elə aldığımız dildəki sözlərlə ifadə etsək belə bunun bir kitab-dəftəri, terminologiya lüğəti olmalıdır, ya yox? Əsər yazanda qalırsan belə. Dilimizin lüğət tərkibinə daxil edilməyib, yaxud sözün dilimizdəki qarşılığı yaradılmayıb, ümumişlək olmayıb. Bəs yazıçı neynəsin? Yazacaq, deyəcəklər, varvarizmdən istifadə edir. Yazmayacaq, qalacaq belə. Necə ki, məsələn dili “er” səsinə dönməyənlər içində “er” səsi olan kəlmələrin ifadəsində bir təhər sürüşüb o səsin üstündən qaçırlar, sən də elə bir fənd tapıb vəziyyətdən çıxmalısan.
Mən o texnikayla bağlı çətinliyi başa düşürəm, anlamağa cəhd edirəm, bəs bizdə heç vaxt tikinti olmayıbmı, ev tikilməyibmi, onun müxtəlif hissələrinə adlar verilməyibmi, dülgərlərin texniki terminləri olmayıbmı? Geyim mədəniyyətində məxsusi sözlər olmayıbmı? Sanki biz elə daşdan və qapıdan-pəncərədən ibarət bir hücrəli evlər tikib adını da daxmadan-zaddan qoymuşuq, içində ad veriləsi heç nə olmayıb. Nəsə bu mövzu bitib-tükənən deyil. Misallar gətirdikcə gətirmək olar. Oxucuya yazığı gəlir adamın…
Sovet dövrü çox ziyalımız kimi çox da sözümüzün, daha doğrusu dilimizin başını yedi, onları şüurlu şəkildə qovub lüğət tərkibimizdən çıxardı. Ən sadəsini deyim: ən abırlı müraciət forması olan “bəy, xanım”, “ağa” xalq düşməni kimi güllələndi. “Xanım”lara bəraət verilsə də, “Bəy” hələ də rəsmən xalq düşməni sayılır.
Bəs XX əsr və yeni əsr dilçilərimiz nə işlə məşğul olur? Plagiat dil kitablarının müdafiəsiyləmi? Bir yandan da baxırsan ki, 120-130 manat maaş alan dilçi səninçün neynəməlidi? İki əsr pencəklərini atıblar stullarının başına, ayın axırını gözləyiblər ki, balaları acından ölməsin.
İndi-indi qollarını çırmalayıblar nəsə etsinlər, o da yenə şəxsiyyətin başında çatlayacaq məsələyə dönüb. Yəni bir “Ye” ilə yazılsın, ya iki… Adam olmayandan sonra daha fərqi də qalmır “şəxsiyyət”in neçə “y” ilə yazılmasının…