Muəllif:

DEYİN, MƏN NƏ ETMƏLİYƏM?

Ölkə əhalisinin sayı on milyona çatıb. Körpələri və yetkinlik yaşına çatmayanları bir yana qoysaq, nə qədər adamın oxuma-yazma bildiyini təsəvvür etmək olar. Yəni bu ölkədə ən azı 5 milyon adamın oxucu olma ehtimalı var. Bunun iki milyon yarımını da oxumağa meyli, həvəsi olmayanlar hesab edək. Yarısı qaldı. Onun da milyon yarımını ədəbiyyata yad adam hesab etsək, yerdə bir milyon xalis oxucu qalır. Bir milyonun da 900 minini zövqsüz, yaxud kasıb hesab edəndə ölkədə yüz min real oxucu qalmalıdır.

Bu, yaxşı bir kitabın yüz min tirajı deməkdir.

Bəs ən yaxşı kitabların real satış rəqəmi neçədir? Statistikaya görə, 1500-2000. Mən ən yaxşıları və ən yaxşı satılanları nəzərdə tuturam.

İndi gəl baş sındır ki, bəs o qalan 98 min oxucu hardadır? Marsa gediblər, yoxsa hansısa xarici ölkəyə? Marsı deyə bilmərəm, ancaq öz kitabımın oxucularından bilirəm ki, yaxşı oxucu dünyanın o başında da olsa, istər karqoyla, istər tanışların yardımıyla olsun, burada çıxan kitabları alıb oxuyur, mütaliəsindən qalmır. İnsan hara gedir-getsin, səviyyəsi də onunla bərabər gedir.

Elə isə niyə bu ölkədə bir abırlı yazıçı öz kitabının satışıyla dolana, növbəti kitabını yaza bilmir?

Əlbəttə, mənim də, sizin də bildiyiniz düjün-düjün səbəblər var. Ancaq çoxumuz o düjünlərin içindəki nəzərəçarpmaz bir səbəbdən xəbərsizik. Onun adı:

SƏMİMİYYƏT!

Yəni öz içini yaza bilmə cəsarəti. Öz içindən dünyaya baxa bilmək, öz hekayəsinin içindən insanları görə bilmək, insanları o hekayəyə qonaq edə, inandıra bilmək. Halbuki köhnənin dəbidi, hələ də qalır: kimi dindirsən, deyir, özümü yazıram. Əslində isə istənilən yazıçı öz başına gələnləri yazır, öz başına gələnlərin üstündə başqalarına rol biçir, ancaq öz başına gələnlərin sadəcə skeletini verir, ruhunu verməyə cəsarəti çatmır.

Ümumiyyətlə, biz şərqlilər öz dəruni aləmimizi açmaqdan qorxuruq. Qapalıyıq. Başqa gözün bizim həyətimizə və həyatımıza boylanmasını sevmirik. Həyətlərimizə çəkdiyimiz on beş daşlıq hasarlar, kafe-restoranda kabinetlərdə oturmağımız… Avropalı yazıçı isə özünü nəinki gizləyir, əksinə, birə on qat da üstünə qoyaraq obrazlarının timsalında içini faş edir.

Senzuranı da bir yana atın (bu anda qətiyyən siyasi mövzudan bəhs etmirəm), biz hətta qohum-əqrəbamızdan, yerlilərimizdən, həmkəndlilərimizdən, məhəlləmizdəkilərdən belə qorxur, çəkinir, utanırıq. Aman, birdən kəndimizdəki taksi sürücüsü, qəzet düşkünü, indi də sosial şəbəkələrin cəngavəri olmuş Xudayar mənim necə yaşadığımdan, nə etdiyimdən, nə düşündüyümdən xəbər tutar, kəndə car çəkər, hampa-havara səs salar, ondan sonra da gəl kəndin tayfaları içində biabır olmuş qohum-əqrəbanın məzəmmət dolu zənglərinə cavab ver!

Axı biz orta çağlarda yaşamasaq da, o çağların tayfa, hampa təfəkkürüylə yaşayırıq. Bizim gözümüzdə kəndimizdən çıxan yazıçı-şair (məmuru bir yana qoyuram) kostyum geyinməli, qalstuk taxmalı, səliqəli geyinib bozbaş verilişlərə çıxmalı, vətən haqda hardasa misraların yeddimininci alt qatında etiraz işarəcikləri olan odlu-alovlu şeirlər deməli və mütləq ya təxəllüsündə, ya elə sözarası hardan olduğunu, hətta hansı tayfadan gəldiyini deməlidi ki, qohumlarının damağı islansın. Özünü varlı göstərməlidi, ya da heç olmasa kasıb olduğunu hiss etdirməməlidir. Çünki hampa filankəsin oğlu filan nəslin qabağagedəni acından ölür deməsin. Sən bizim yazıçının XXI əsrdə özünə dərd etdiyi şeyə bax, ya rəbb!

Baxın, səmimi şəkildə boynuma alıram. Bu yazını yazana kimi azı bir həftə götür-qoy etdim, düşünüb-daşındım, axırda, cəhənnəm olsun, çiban dediyin deşilməli, özəyi çıxmasa belə, irini çıxmalıdı dedim.

Mən bu yazıda demək istədiklərimi ən bəsit bir fəndlə bir məchul yazar dostumun, jurnalist qardaş-bacımın adına yükləyib çox rahatca yaza bilərdim. Yazmadım.

Biz nə vaxta qədər fəxr etməli olduğumuz şeylərdən utanacaq, onları içimizdə gizlədəcək, utanmalı olduğumuz şeylərlə fəxr edəcəyik axı?

Başqa təxəyyüli obrazın arxasında gizlənib dərdimi yazmaqdansa, öz yaşantılarımı mərdü-mərdanə yazıb mənim kimi ömür yükü çəkənlərin dərdini qısaca açmaq istəyirəm. O adamların, o dostların, o özümün ki, istəsək, indi evimizin dirəyi qızıldan olardı, indi o ev alıb söyülənlərdən biri də biz olardıq. Olmadıq. Qızıl teştə yox, adımıza qusmağı üstün tutduq.

Hə, artıq doqquzuncu aydır, işsizəm. Əlimdən bir iş gəlmir. Yəni karyerlərdə daş atammaram, fəhləlik edəcək canım-cəsədim yoxdu. Müəllimliyi bacarmıram, taksi sürücüsü ola bilmərəm. Bacardığım iş redaktə, tərcümə və ədəbiyyatdı. Ədəbiyyatla bağlı məsələ aydındı. Bazar sıfır. Ancaq naşirlərə xeyir verə bilərsən, onu da bilsən. Hə, ikinci tirajın da 10 faizi sənin. Ölmə eşşəyim, ölmə, yaz gələr… Ay gəldi ha! Ən ləyaqətli sayta köşə yazmaqla da ancaq aylıq siqaretini və bir kiçik kreditini bağlaya bilərsən. Redaktədə qazanc yoxdur, müəyyən işarə üçün (orda da “probelləri” çıxıb mənfəətlərini artırırlar) qonorar qəpik-quruşla hesablanır. Bir az babat qonorar (o da “probellərsiz” bəlli işarə həcminə görə cüzi məbləğ) tərcümədədir, ancaq onu da tam versələr, süründürüb cirəylə on aya bölməsələr. Əlbəttə verməzlər. Şünki hər kəs üçün öz nəfi maraqlıdı. Kimi kimin balası maraqlandırır ki? Hər kəs öz balasının hayında. Demək, onları da başa düşmək olar. Hələ o qəpik-quruşu versələr, get dua elə. Bircə yerdən asılısansa, bir növ təkallahlılıqdırsa, səsini qaldırdığın an, “eh, sən də həmişə narazısan” deyəcəklər. Əlbəttə, haqlıdırlar. Gərək bu cür ölkələrdə heç vaxt öz haqqından danışmayasan. Yoxsa, getdin fələyin qəminə…

Xərclərimizsə bəllidir. Bunun kredit borcları, övladlarının ödəmələri, dolanışıq, kommunal, ev kirayəsi və s. və i.a. və i.a…

Baxın, bu cür öldürürlər bizi və sonda əli qanına batan kimdirsə, kimlərdirsə, birinci elə onlar fəryad çəkir, gözlərinin yaşını qurutmağa hamam dəsmalı belə bəs eləmir və deyirlər: “Ah zalım fələk, eşşəyimiz ölüb, başı qızıldan!” Nəysə ki, o eşşəklər anlamır ki, dünyaya eşşək gəliblər, elə eşşək də gedəcəklər. Sanki kimsə qanmır eşşək artistliyini. Babək demişkən, sən anlamadın ki, şərlədiyin, üzünə durduğun, torbasını tikdiyin, çörəyinə göz dikdiyin, satdığın, çürütdüyün, məhv etdiyin, əsəblərini tarıma çəkib ürəyini partlatdığın, ətini yeyib, qanını sorduğun hansısa Aqşin, Şərif, Ayxan, Salam, Kənan, Şəhriyar, Cəlil, Pərviz, Mirmehdi (və b.) deyil, bu biçarə Azərbaycandır!

İndi deyək görək:

Mən nə etməliyəm?

Sən nə etməlisən?

O, nə etməlidir?

Biz nə etməliyik?

Siz nə etməlisiniz?

Onlar nə etməlidir?

Kəsəsi, Çernışevskiyə min rəhmət və nə etməli? Deyin də, deyin!.. Deyə bilmirsinizsə, onda gedin, … çörəyinizi yeyin…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,17 из 10)
Oxunma sayı: 269