Muəllif:

AXMAĞIN BİRİ, AXMAQ…

Hər bir yazıçının xüsusi həyəcan keçirdiyi bir məqam var. Onunçün zaman və məkan iki hissəyə bölünür. Biri, əsərini yazandan əvvəlki, biri də sonrakı.

İzah edim. “Yad dildə” romanım yazılmamış İçərişəhər, Şirvanşahlar Sarayı, Nizaminin, Natəvanın heykəli, “Azərbaycan” kinoteatrı, Qoşa Qala qapısı mənimçün adiydi. Roman nəşr olunandan bir xeyli sonra gecə vaxtı yolum təsadüfən oralardan düşdü. Gözümə və özümə inana bilmədim. Sanki tanıdığım yerlərə yox, Məlikməmmədin nağılını oxuyandan sonra düşdüyü yeraltı dünyaya düşmüşdüm. Az qala hər daş, hər bina, hər ev mənə möcüzə kimi gəlirdi. Ürəyim şiddətlə çırpınmağa başlamışdı. O qədər qəribə hisslər keçirirdim, öz yazı-pozusundan danışmağı sevməyən biri ola-ola, keçirdiyim hissləri yol yoldaşımla bölüşməyə məcbur oldum. “A, bax, bura həmin o yerdi, bura həmin dükandı” və s…

Yeni romanım “Məryəm surəsi”ni tamamlasam da, nəşr olunmayıb. Mövcud reallığa əsasən deyə bilərəm, çətin də nəşr oluna. Sadəcə, redaktorum Hədiyyə Şəfaqət, bir-iki də çox yaxın dostum oxuyub. Romandakı hadisələr dörd məkanda baş verir. Biri öz kəndimizdir. Keçmiş adı Konstantinovka (bu adı kəndə XIX əsrin sonları, ötən əsrin əvvəlləri arasında köçürülən ruslar verib. Çar ailəsindən kiminsə adıdır), indiki İsmətli olan kəndimiz (İsmət Qayıbovun şərəfinə). Romanda o kənddə qaibanə hadisələr baş verir. Orda bir kolxozun idarə binası var. Onunla üzbəüz kanalın üstündə indi izi-tozu qalmamış, mən görəndə yaşı yüzü ötmüş qovaq ağacları vardı.

Sonuncu dəfə kəndə yolum avqustda düşdü. Öz kəndim. Doğulub böyüdüyüm. Əzbər bildiyim. Ancaq bu dəfə sanki möcüzələr adasına ayaq basmışdım. Sanki uzun zamandan bəri qeyb olmuş kənd qəfildən qarşımda peyda olmuşdu. Sanki o İçərişəhər rayonunu da, bu kəndi də mən öz film çəkilişlərim zamanı pavilyon olaraq saldırmışdım, film çəkilib bitmiş, yerində o İçərişəhər, bu kənd qalıbmış. Elə baxırdım kəndə.

Zırrama isti vardı. Dostum Mübariz məni keçmiş kolxozun həyətindəki kiçik kənd yeməkxanasına apardı. Kiçik bir tikilidi. 30-40 kvadrat metrlik. Kolxozun şam ağacları indi bu yeməkxanaya baxır. Adamın başına dönürlər. Elə bil yeməkxanaya yox, evlərinə qonaq gedibsən. Cərgəylə sıralanan şamların arasında masalar qoyulub. Kənd adamı elə həmin həmindi. Bir masada oturan varsa, təzə kim gəlsə, yaxınlaşıb salam verəcək, öpüşüb-görüşəcək, sonra stul çəkib oturacaq, stul çatmırsa, qonşu boş masalardan götürəcək, bir çayını içəcək, bir qismət çörəyini kəsəcək, sonra izn alıb öz yoldaşıyla öz masasına çəkiləcək. Hamı belədi deyə, bu, heç kimi narahat etmir!

Keçmiş idarə binası bomboş qalıb, ya da deyəsən indi orda icra nümayəndəsi, bələdiyyə-zad yerləşir. Ancaq gözümə kimsə dəymədi. Yəni kolxoz dövründə öyrəşdiyim o izdihamdan, qaynaşan adamların qələbəliyindən, səs-küyündən əsər-əlamət yoxuydu. Sanki zamanla birgə adamlar da yoxa çıxıb. Sanki bura ancaq çay içməyə, istidən can qurtarmağa gəlirlər. Deyəsən məmurlar da işlərini elə bu yeməkxanadan yürüdürlər.

Hə, adamlar yoxa çıxdığına görə elə bil romanım tarixin altında qalıb, idarənin həyətini də tikanlar, ot-ələf basıb. O zəhmli, qılıncının dalı da, qabağı da kəsən sədrlərdən, aqronomlardan, mühasiblərdən, ambardarlardan əsər-əlamət qalmayıb dünyada, ancaq o şam ağacları yeriylə qalıb. Çox qocalsalar da, yayın o istisində belə nəfəs aldığını hiss edirsən. İndi o ağaclar da kafeni işlədən gənclərin, bir də allahın umuduna qalıb. Yağmadı yağış…

Gedib romandakı o azman qovaq ağacının haçansa kəndə meydan oxuduğu o yerdə dayandım, bir az oturdum, kanalın qırmızı lilli Araz suyuna baxdım. İçim-içimə sığmadı.

Bax, romandakı Umay xalanın təndiri burdaydı, yox, iki metr o yanda, o qovaq da onun üstündəydi, Kiçik Umay o qovağın koğuşunda doğmuşdu öz İsasını… o da qeybə çəkilmişdi, əvəzinə mollanın zirzəmi əsirliyindən qaçan Umud gəlib çıxmışdı… Umudu burda qarşılamışdı Umay xala. Dişi qovaq sədr Atanı burdaca cəzalandırmışdı…

Film kimi…

İlk dəfə quzu balası görən şəhərli qız kimiydim. Birdən hiss etdim ki, deyəsən kənardan görməmiş kimi görünürəm. “Sanki bu kənddə böyüməyibmiş, elə düşük-düşük heyrətlənir ki…” Bəlkə də belə düşünürdülər. Hər yeri, hər şeyi qucaqlamaq istəyirdim. Axı ötən dəfə xeyli qabaq hansısa yasa gedəndə kəndi görmüşdüm, ancaq heç bir hiss keçirməmişdim. Bəs nə oldu bu üç ayın içində? Hə, yadıma düşdü. Çünki yeni roman – “Məryəm surəsi” xətm olunmuşdu. Bir səhifə qapanmışdı. Artıq bu kənd son günüməcən mənimçün yeni kənd olacaqdı.

…Vaxt vardı, kəndimizə haçansa kommunizmin gələcəyini gözləyirdim. Gözüm qəbiristanlıq tərəfdən kəndə girən yola dikilib qalmışdı. Kədərlənirdim. Romanda o yolla kommunizm yox, Umud gəlib çıxmışdı…

“Ən yeni tarix” dərsimizdi. Sevimli Faday müəllim kommunizmdən danışır, mən isə həm kədərlənir, həm də bir növ onun bəhs etdiyi o gələcək zaman üçün ağzımın suyu axırdı. İndi adamlar AzTv-yə baxanda təxminən eyni hisləri keçirir. Qorxurdum, birdən o gözəl gələcəyi görmərik. Axı niyə 80-ci illər gəlmişdi, amma kommunizm gəlib çıxmamışdı?

— Müəllim, bəs kommunizm nə vaxt gələcək? – müəllimin sözünü ədəbsizcə kəsib həyəcanla soruşdum.

— Otur aşağı, axmağın biri, axmaq… – Pərt oldum sinifdə, ancaq sözünün gerisi ümidimin bağrına zəhərli xəncər saplayıb, pərtliyimi unutdurdu. – Kəndimizə asfalt çəkiləndə…

Demək ki, heç vaxt. Ümidim öldü.

SSRİ dağıldı. Kommunizmi də onunla birgə dəfn etdim getdi, hərçənd onu o yol söhbətini eşidən gün dəfn etmişdim. Ondan sonra kanal boyu düzülən onlarla heybətli əsrlik qovaq ağacları da qurudu, kəsib soyuqdan donanda yandırdılar. Ölkəmizə kapitalizm öz gözəl qədəmlərini basandan 20 il sonra kəndimizə asfalt yol çəkildi. Az qala bir at arabası üçün çəkilən qara asfalt yol birinci onun mühəndisinin ailəsinə qara xəbər gətirdi. Yolun bir qanadının qırını, qumunu, çınqılını, nə bilim nəyini yeyən mühəndisi həbs etdilər.

Bilmirəm, indi o kənddə mənim kimi hansısa gözəl gələcəyin haçansa gələcəyindən dərsdə uşaqlara danışan müəllim, o günü kədərlə gözləyən, ümumiyyətlə, hansısa mücərrəd olsa belə, bir ümidin ətəyindən yapışıb yaşamağa çalışan bir yeniyetmə qalıbmı?

Eh, kənddə kim qalıb ki…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 9,33 из 10)
Oxunma sayı: 233