Muəllif:

Anama arvad alıram…

Tanış olmayan bir nömrədən zəng gəldi. Hardasa 18 il məni unutmuş bir uzaq qohumummuş. Ənənəvi xoş-beş-on beş. Ev-eşik, həyət-baca, toyuq-cücənin vəziyyətini xəbər alandan sonra keçdi mətləbə.

20 ildən bəri İsveçrədə yaşayır. İndi 44 yaşı var.

Hə, mənə niyə zəng vurub?

Çünki mən savadlı, dünyagörmüş, səviyyəli adammışam. Savadım nəyə yarayırmış? Yazıçılığamı? Xeyr! O qardaşa qız tapmağa!

Bəli-bəli, qız tapmağa. Adam nəhayət evlənmək fikrinə düşüb, bu işdə də ona yardım edəcək ən məqsədəuyğun adam mənmişəm. Çünki savadlı, dünyagörmüş, səviyyəli adamam.

Əlbəttə, sərt cavab verməyi bacarmasam da, dilimi sürüdüm, mızıldadım, ancaq bəzi suallar verməyə məcbur oldum. Çünki… Allah kəssin mənim bu xasiyyətimi. Adam bir dəfə birinə bir sərt “yox” kəlməsini necə deyə bilməz? Nədi-nədi, kiminsə ürəyini qırmaq istəmir. Onsuz da sonunda ürəyini qıracaqsan, bunu elə bəribaşdan adam kimi de, abrını al, bük ətəyinə.

Nə isə, bunun yaşının çoxluğu, xaricdə yaşaması və s. bu kimi onun xahişi qədər cəfəng səbəblər gətirdim. Ancaq qardaş bildirdi ki, narahat olmağa dəyməz, onsuz da qızı yanına aparmayacaq. A kişi, bəs neynirsən onda evlənməyi, dedim, deməmiş olaydım. Dedi: “Əşi, mən arvadı neynirəm, anamçün alıram. Arvad qocalıb, əldən düşüb, tək qalır, istəyirəm, ona bir göz-qulaq yoldaşı olsun…”

Yəqin matınız-qutunuz qurudu. Onda fürsətdən istifadə eləyib, keçək ikinci şoka!

Təsadüfən ta hərəkatdan tanıdığım, zamanında vəzifə tutmuş bir bəylə qarşılaşdım. Bəyi 93-dən sonra nə görmüşəm, nə kəlmə kəsmişəm. İlim-ilim itmişdi. Demə, köçüb Rusiyada yaşayırmış, yaxşı biznes-zad qurubmuş. Dərhal telefon, votsap nömrələrimizi pay-püş etdik. Mütləq əlaqə saxlayacağımıza söz verdik, ardıyca da yenə həmin xoş-beş-on beş. Həyət-baca, toyuq-cücə. Ardıyca da, yenə söhbət gəlib çıxdı cücələrə.

Cücələrə çıxdımı? Bu qardaşın oğlu Polşada oxuyurmuş. Sözü ağzından çıxıb tam bitməmişdi ki, mənim də yaxın qohumumun qızının orada oxuduğunu dedim. Bu da mənim, bəlkə də elə hər bir azərbaycanlının ən sarsaq xasiyyətlərindən biridir. Nə dəxli var axı. Burda heyrətlənəcək, təəccüblənək, təəccübləndirəcək, ümumiyyətlə, ilgili olan hansı məqam var ki, o dəqiqə özümüzü bu tip informasiyanı verməyə borclu hesab edirik? Məsələn, qardaş, hansı rayondansan? Deyir, filan rayondan, filan kənddən. Baho, orda mənim əsgərlik yoldaşım var, adı Həzrətqulu. Soyadı? Unutmuşam. Atasının adı? Unutmuşam.

Məxləs. Mən şahanə xəbərimi deyib bitirməmişdim ki, qardaş qohumumun qızının harda oxuduğunu, yaşını və bütün CV məlumatlarını soruşdu. Dedi, deyirəm, pis olmazdı, özümüz elə hazır dost, hərəkat yoldaşıyıq, övladlarımız da bir-birini tanısa nə olar ki? Əlbəttə, mızıldadım. Ürəyimdə özümü o ki var söyüb-biabır etdim. Görüşüb ayrıldıq, bu işin bitdiyinə sevindim. Ancaq əbəsmiş. Qara günlər qabaqdaymış.

Zəng zəng dalıyca. Vostsapdan, nömrədən. Oğlunun şəkillərini göndərdi. Əynində frak, kəpənək qalstuk. Hansısa toyda çəkilib. Artıq adam qərarını vermişdi. Bizim qohumun qızıyla onun oğlu evlənməliymiş. Oğlu da razılıq verib. Qalır bizim qızın “hə”si. Hə, bir də onun adını (hələ heç adını da bilmir yəni), sosial şəbəkələrdəki ünvanını verməyim, xeyir işə vəsilə olmağım…

Nənəm deyərdi: “Vuşş, bala, yaman dərdə qalasan…” Bu nə lovdu düşdüm…

***

Maraqlıdır, lap hansısa qız razı oldu, anası üçün arvad alan 44 yaşlı o oğlana ərə getdi. Ana üçün alınan qız oldu. Sonra o öz sevgi və cinsi tələbatını necə ödəyəcək? Ya o biri. Görmədiyi, tanımadığı qızla ailə qurmağa heç nə bilmədən necə qərar verib? Və s. və i.a.

Sonra da deyirlər, qadın kişinin “kişiliyini” ülgüclə üzdü, kişi qadınını başqasıyla tutub lüt soyundurdu, bədənində siqaret söndürdü, sonra çılpaq videosunu Yutubda yaydı, o bunu zəhərlədi, bu onu baltaladı, o intihar etdi, bu intihar etdi və s.

…İntihar demişkən, bir neçə gün qabaq baş verən faciəli hadisə bambaşqadır. Tam əksinədir. Sevgisizlik deyil, acı bir sevgi dramıdır. Ancaq nə olsun?

Hacıqabul rayonunun Kolanı kənd sakini 36 yaşlı Sahib Rəsulov 14 fevralda intihar edib. Bir neçə saat sonra onun həyat yoldaşı 33 yaşlı Əfsanə Mayılova intihar edib.

15 il evli olan cütlüyün uşağı olmurmuş. Bir-birini sevsələr də, ailə üzvlərinin təzyiqi ilə 15 illik birgəyaşayışdan sonra ayrılıblar.

Məsələ qəlizləşir. Deməli, bu xalqın işi tam allaha qalıb. Sanki bizim bircə istəyimiz var: nə olur-olsun, sevginin qarşısı alınsın, sevgi olmasın. Vəssalam. Ölüm olsun, itim olsun, fərq etməz. Təki sevgini harda gördün, boynunu vur!

O gün gülsatan kişinin “Sevgililər günü”ndə alverinin əvvəlki illərlə müqayisədə çox az getməsiylə bağlı söylədiyi izah dəhşətdir: “Görünür, adamlar daha bir-birini sevmir…”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,86 из 10)
Oxunma sayı: 314