Ana dilimizi, indi də analardanmı qoruyaq?
Bakı London təyyarəsi ilə uçuram. Salonun yarısı Londona, deyəsən yay məktəbində ingilis dilini öyrənmək üçün gedən azərbaycanlı yeniyetmələrdir. Səsləri aləmi bürüyüb. Elə buna görə də onların hamısının bir-birilə yalnız rusca danışmaqları başqalarının diqqətindən yayınmır.
İllüminatordan aşağı baxıb öz-özümə “Bəxt üzüyü” filminin qəhrəmanlarından biri kimi kədərlə donquldanıram:
“Doğrudanmı biz sovet tanklarının altına ona görə uzanmışdıq ki, bu gün övladlarımız öz aralarında həmin tankları sürənlərin dilində danışsınlar?..”
Linqvistik vəziyyət təkcə göyün yeddinci qatında urusca deyil, yer üstündə, Azərbaycanın paytaxtı Bakıda da belədir.
Əsasən siyasi elitanın yaşadığı yeni binalardan birinin həyətində gördüyüm mənzərə də acınacaqlıdır. Yox, əslində mənzərə acınacaqlı deyil, başqa binaların həyətlərindən fərqli olaraq burada böyük uşaq meydançası, yelləncəklər, başqa əyləncələr var. Avtomobillərin həyətə girməməsi üçün şlaqbaum da qoyulub. Amma həyətin linqvistik vəziyyəti kədərlidir. Burada da, həyətdə oynayan uşaqların təzəcə dil açanından yeniyetməsinədək hamısı rusca danışır. Buraxdıqları qrammatik səhvlərdən, məişət intonasiyasından, üslübundan bilirəm ki, dili evdə analarından öyrənirlər.
Elə bu binalardan bir-iki kilometr aralıda Ağakərimin balaca bir kababxanası var. Qapısına böyük-böyük “Kabab evi” yazsa da, içəriyə cəmi üç masanı zorla yerləşdirib.
Hiss olunur ki, Ağakərim işə təzəcə gəlib. Əynində ütülü köynəyi, şalvarı yanındakı pişiyə təpinir:
— İdi Məsi, sevodnya dostatoçno pokuşal…
— Ağakərim xeyir ola, pişiklə rusca danışırsan…
— Buraların pişikləri ancaq rusca yaxşı bilir.
Bu gün işə gec gəlməyinin səbəbini soruşuram. Deyir ki, nəvələrini məktəbə aparandan sonra bura gəlib.
— Birdən sənin də nəvələrin rus sektorunda oxuyar…
— Məllim, hardan bildiniz?
Deyirəm, ay Ağakərim, bu yuxarılardakıların nəvə-nəticələrini başa düşürəm, “sən hansı gününə nəvələrini rus bölməsinə vermisən?” Cavab verir ki, “məllim, qızım elə istədi, biz də daha bir söz deyə bilmədik. Qız da deyir ki, qoy oxuyub heç olmasa bunlar ağ günə çıxsınlar”.
Ağakərim də, ailəsi də rus dilində demək olar, danışa bilmir.
— Ağakərim elə bilirsən, ağ günə çıxmaq rusca danışmaqladır – bunu mən deyirəm, — Ağ günə çıxmaq üçün ağ gündə olanların dostu, qohumu, heç olmasa məktəb yoldaşı olmaq lazımdır…Bunun başqa yolu yoxdur, istəyirsən, lap yaponca danış…
Bakıda Ağakərim kimi, övladlarını, nəvə-nəticələrini rus məktəblərinə göndərənlər az deyil. Ona da fikir vermişəm ki, bu təşəbbüsün arxasında bir qayda olaraq qadınlar dayanırlar.
BBC-yə göndərilmiş bir məktubu da yaxşı xatırlayıram. Bir tarix müəllimi şikayət edirdi ki, həyat yoldaşı ailənin yeganə oğlunu rus sektoruna vermək istəyir. Evlərində hər gün qırğındır. Sonunda da tarix müəllimi evdəkinin öhdəsindən gələ bilməyib və çiynindəki tarixi məsuliyyəti bölüşmək üçün birbaşa BBC-yə şikayət eləmişdi.
Azərbaycan dili bu gün təkcə rus dili ilə yox, həm də türk dili ilə, daha dəqiq desək, İstanbul türkcəsi ilə rəqabət aparmalı olur.
Həmkarım olan xanımların bir çoxu, yeri gəldi-gəlmədi Azərbaycan dilinə nəinki “istanbulizmləri”, hətta bütöv ifadələri gətirməyə çalışırlar. Onların yazılarında özət, kamuoyun, aynen, cami və sair sözlər tez-tez görünür. Bəzən belə bir təsəvvür yaranır ki, xanımlar yazılarını da bu sözləri işlətməyin xətrinə yazırlar.
Bir dəfə bir xanımın yazısında oxuyuram: “Zatən evimizdə bir sürü fincan var”.
Mən “bir sürü qoyun” eşitmişəm, amma fincanın, kitabın, qabın-qacağın evdə sürü ilə və mələşə-mələşə gəzməsini görməmişəm.
Burası da var ki, bu sözlər dilimizə ədəbiyyatdan yox, şablon olaraq mavi gözlü (linzalı-linzasız) qadınların saqqallı erkəklərə (kişilərə) aşiq olduğu teleseriallardan gəlir.
Qətiyyətlə bildirirəm ki, mən qadınların əleyhinə deyiləm və dilimizin belə məzlum vəziyyətə gəlməsində onları ittiham etmirəm.
Məsələ burasındadır ki, hər zaman yeniliyə, təzə bir şeyə, təzə yerlərə, təzə geyimlərə can atmaq qadının təbiətindədir.
Mənim rəhmətlik anam 48 kvadratmetrlik sahəsi olan mənzilimizdə mebellərin yerini yüz dəfə dəyişmişdi. Bu proses bu gün də, bir çoxlarımızın ailəsində gedir.
Nə vaxtsa eşitmişdim ki, qadın “geyinməyə heç nəyim yoxdur” deyəndə təzə paltarının, kişi isə təmiz paltarının olmadığını nəzərdə tutur.
Əslində qadınların təşəbbüsçü və yenilikçi olması bəlkə də çox müsbət bir haldır. Çünki bəzi kişiləri dartmasan, irəli getməzlər…Amma elə dartmaq lazımdır ki, adam salamat qalsın…
Qadının təbiəti deyəndə qətiyyən ifrata varmıram. Məktəb illərimdə biologiya fənnini çox sevirdim. Müəllimimiz bizə müxtəlif heyvanların, bitkilərin şəkillərini çəkməyi tapşırırdı. Biologiyanı tədris etmək üçün çox gözəl bir metoddur.
Həmin vaxtdan yadımdadır ki, hər dəfə hüceyrənin şəklini çəkəndə onun orqanlarından biri olan mitoxondri məni düşündürərdi. 1970-ci illərin dərsliklərində mitoxondri üçün “funksiyası bəlli olmayan hüceyrə orqanı” kimi bir şey yazırdılar.
Sonralar, gərək ki, 2000-ci illərdə bu mitoxondrinin də sirri açıldı. Məlum oldu ki, hüceyrənin mitoxondrisində onun nüvəsində olan bütün genetik məlumatın surəti var. Təbiət sanki nüvənin başına bir iş gələrsə, mitoxondrini ehtiyat arxiv kimi yaradıb.
Lakin bu da hamısı deyil. Məlum olmuşdu ki, mitoxondri həm də emosiya, xasiyyət, xarakter kimi özəlliklərin daşıyıcısıdır. Yəni bizim ağıllı-dəli, qorxaq-qoçaq, əliaçıq-simic olmağımızın bütün informasiyası mitoxondridədir. Dil, ədəbiyytat, sevgi, nifrət və milli qeyrət kimi abstrakt anlayışların hamısının bünövrəsi bu balaca hüceyrə orqanındadır.
Amma ən böyük kəşf bu idi ki, həmin bu mitoxondri məlumatını övladlarına yalnız analar ötürürlər: həm qızlara, həm də oğlanlara. Bunu gələcək nəslə ötürmək funksiyası isə avtomatik olaraq yalnız qızlara keçir.
Düşünmək olar ki, bunu, məsələn yəhudilər sövq-təbii həmişə biliblər. Onlar yalnız anası yəhudi olanları əsl yəhudi hesab edirlər. Bunu da deyim ki, bu müdriklik təkcə yəhudələrə xas deyil. Elə Azərbaycan dilində də “igid oğul dayısına oxşayar” ifadəsi var. Atalara gəldikdə isə atalar sözləri çox da böyük əminlik əks etdirmir. Uşaq qabiliyyətli olanda “ot kökü üstündə bitər” deyirik, zay çıxanda “oddan kül törəyər”…
Bütün bunları yazmaqda məqsədim odur ki, qadınların cəmiyyət və millət üçün daha əhəmiyyətli olduğuna diqqət çəkim.
Təsəlli budur ki, dildə yabançı, yad sözlərin işlədilməsi də dəb kimidir. Gəlir və gedir.
İngilislərin öz dillərini fransız sözləri ilə zibillədikləri vaxtlar da olub. Elə bu gün Rusiya telekanallarında kreativ, batal, brutal, kapasiti kimi sözləri gen-bol işlədirlər. Rusiya hökumətinin Qərbə düşmən kəsildiyi bir vaxtda ABŞ-dan, Britaniyadan gələn ingilis sözləri rus dilini işğal edir. Yəni bu “dəb” təkcə Azərbaycan dilinin problemi deyil.
İndiliksə, qutabı — lahmacun, qatığı — yoğurt və hətta kişiləri — erkəklərlə əvəzləmək olar. Amma, lütfən dilimizdəki sözlərə, ifadələrə müqəddəs bir qısqanclıqla yanaşaq. Bu işdə yeganə ümidimiz qadınlar, xüsusilə də analardır. Yoxsa dilimizə Ana Dili deməzdik ki…
Əgər analar dil cəbhəsində bizimlə bir səngərdə olsalar, onda heç bir qorxumuz olmaz. Dilimizi, Azərbaycanın əbədi və əzəli xoşbəxtliyini Rusiyaya və başqa ölkələrə bağlayanlardan qoruya bilərik.