Muəllif:

Acların fəlakət bayramı

Dünyanın elə bir ölkəsi yoxdur, verilən təbii fəlakət tərkibli proqnoza, qorxulu məlumata sevinsin. Proqnoz düz çıxmayanda isə sevinməyib kədərlənsin, acıqlansın.

Azərbaycan istisnadır.

Hidrometeorologiya Departamentinin 17-18 yanvar tarixləri üçün verdiyi qasırğa proqnozu, Təhsil Nazirliyinin bununla bağlı təhsil müəssisələrində ikigünlük tətil əmri, uyğun nazirliklərin fəlakətə hazırlıq işləriylə bağlı həyəcanlı məlumatları, sosial şəbəkələrdə yayılan hay-küylü, vahiməli şayiə səs yazıları bunu aydın göstərdi.

Bütün bu həyəcan, vahimə, qorxulu bildirişlər vətəndaşlarımızda qorxu yaratmaq əvəzinə bayrama hazırlaşan uşaqların sevinci şəklində üzə çıxdı. Qorxulası şeyə sevinmək də yalnız bizdə ola bilərdi, oldu.

Yumoristik statuslar, rəylər, şərhlər sosial şəbəkələri bürüdü.

…Uşaqlıq çağlarımızda birinci qarı bu qədər həsrətlə gözlərdik. Səbrimiz kəsilərdi. Axı bu birinci qar nə vaxt yağacaq?! İsti paltarlarımızı, yun əlcəyimizi, uzunboğaz çəkmələrimizi, xizəyimizi beləcə hazırlardıq. Bir gün atam axşam işdən gəlib narahatlıqla qar yağacağını xəbər verərdi evdə, ancaq bu, bizimçün müjdə olardı: “Küləyin üzü döndü, günorta da sulu qar yağdı. Demək, səhərə qalmaz, yağar. Gedim, heyvanları yanbayan eləyim”, — dedimi, gözümüzü yatanacan pəncərədən çəkməzdik. Havada ağ nəsə uçsa, dərhal onu xəyalımızda şəkilləndirib qar dənəsi hesab edər, sonra yeni dənələrin axtarışına çıxar, hətta sayardıq. Atamın proqnozları adətən düz çıxardı. Bəzən doğrudan da axşamdan qar yağmağa başlar, bizi bayıra buraxmazdılar, ona görə gözümüzə yuxu getmədən səhəri gözlər, ara-bir oğrun-oğrun durub pəncərədən qara baxardıq. Tərslikdən də o gecələr bitmək bilməzdi.

Bəzən proqnoz özünü doğrultmazdı. Ancaq səhər oyanıb pəncərə şüşəsinə qonmuş qırovu qaşıyıb özümüzçün qar “düzəldərdik”.

Mən bu dəfəki proqnozdan sonra həmin sevinci, həmin uşaqlığı gördüm adamımızda!

Məəttəl qalırsan. Deyirlər, dənizdə dalğaların hündürlüyü 8 metrə çatacaq. Xəyalına ötənlərdə dənizdə baş verən faciələr gəlməlidir. Səhiyyə Nazirliyinin təcili yardım briqadaları hazır vəziyyətə gətirilib, demək, ölüm-itim ola bilər; Əhalinin Sosial Müdafiəsi Nazirliyi yerlərdə sığınacaq çadırlar qurub, demək, yollar bağlana, adamlar küçədə qala, hətta dona bilərlər; nə bilim, neçə tonsa duz tədarük edilib, deməli, yollar o dərəcədə buz bağlaya bilər ki…

Nə isə, bütün bunlar vahimə doğurmalı, adamları qorxuya salmalıdır. Ancaq bizdə kütləvi nevroz tipli kütləvi sevinc yaşanır. Bircə çalıb-çağırmaq, halay getmək qalır, onu da ki, virtual şəkildə icra edirlər.

Nədir bunun səbəbi?

Səbəb insanımızın yeniliyə ac olmasıdır!

Həyatımız illərlə heç nəyin dəyişilmədiyini görməkdən bomboz olub, cırı-cındırı çıxmış paltar kimi yıpranıb, sökülüb-tökülüb, dəlik-deşik olub. Hisslərimiz korşalıb, duyğularımız sönüb, bizi sevindirəcək, ürəyimizə həyəcan verəcək heç nə yoxdur. Eyni üzlər, onillərlə yuyulmamış kimi rəngi dəyişmiş kədərli simalar, eyni şeirlər, eyni kitab təqdimatları, eyni xəbərlər, eyni şoular, eyni qalmaqallar, eyni qanlı atəşkəslər, eyni havalar, eyni iqtisadi sıçrayışlar, eyni statistik sarkazmlar…

Axı bu insanların da sevinmək, ruh paltarlarını dəyişmək haqqı var!

Adamlar yenilik istəyir. Həm də işıqlı yenilik. Hərçənd yenilik sözünün özü belə qəssabxanalarda it ilində yazılmış “Təzə quzu, dana əti” lövhəsi kimi köhnəlib, rəngi-ruhu qaçıb, solub, yüz ildən qalma iylənmiş ət kimi…

Əlbəttə, heç kim istəmir sabah tələfat olsun, kiməsə xətər toxunsun, küçədə qalıb donan olsun; heç kim istəmir yolda tıxaclar yaransın, zəncirvari qəzalar olsun, gəmilərimiz batsın, neft buruqlarında yanğın olsun, işıqlar sönsün, qaz kəsilsin, dükanlar boşalsın. Ancaq yenilik təşnəsi adamları sevinməyə məcbur edir. İnsan köhnəlikdən, bozluqdan bezəndə uşaqlaşır. Ağlının ən ağ vərəq qatınacan.

Bu günlər dünyada “10yearchallenge” (on yaş dəyişimi) həştəqi trend olub. Adamlarımızn şəkillərinə baxıram. Hətta üzləri dəyişməyib. Həmin gözlənti, həmin kədər! Bircə ümidlər silinib üzlərdən.

Bir zamanlar “Qalatasaray”ın UEFA Avropa kubokunu və ardınca UEFA Superkubokunu alması Azərbaycanda az qala milli bayram səviyyəsində təntənəli oldu. Nəydi bu? Bizim futbol qələbələrinə aclığımız.

Adi nazir dəyişir. Bilirsən ki, gedən kimdir, gələn kim, toplananların yerini dəyişməklə heç nə dəyişmir, ancaq yenə əhali bir həyəcan yaşayır. Sevinir. Biz kiçik, lap kiçicik, xırda dəyişiklikləri zərrəbinlə böyüdüb yaşayaraq təsəlli tapır, aclığımızı öldürür və elə bu imitasiyaların hesabına da süstləşir, ölürük…

İndi ancaq bunu düşünürəm: Olası faciəyə, fəlakətə sevinən insanımıza əsil yenilik yaşat, gör nə olur. Məsələn…

O “məsələnləri” kim bilmir ki?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (6 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 292