29-cu YANVAR…
“İnqilabları adətən dahilər fikirləşir, fanatlar həyata keçirirlər, fırıldaqçılar isə ondan faydalanırlar”. Sizi bilmirəm, amma bəndəniz həmişə bu fikrə bir azacıq şübhə ilə yanaşıb.
Fanatlar və fırıldaqçı qardaşlarımızla bağlı elə bir etirazımız yoxdur, fəqət, bizə elə gəlir ki, fırıldaqçıların rolunun bir az da qabardılmasına ehtiyac vardır, çünki bəndənizə elə gəlir ki, onların inqilablardakı rolu adi möhtəkirlikdən bir az da artıqdır.
“Niyə”sini indi izah etməyə çalışacam. İlk dəfə ingilis filosofu Bekon (bəli, Şekspirin faciələrinin əsl müəllifi olduğu iddia edilən adam. Əlbəttə ki, bu da sadəcə, fərziyyədir) belə tezis irəli sürdü ki, bütün həqiqətlərin meyarı təcrübədir. Ona qədər isə hələ də yunan fəlsəfəsinin ənənələrilə yaşayan fəlsəfə və hikmət əhli bu fikirdə ki, mücərrəd məntiqi mühakimələrlə də həqiqətə çatmaq mümkündür.
Baxın, nə Platonda, nə də Aristoteldə təcrübəyə hər hansı bir istinad yoxdur, əvəzində gen-bol məntiqi didaktika var. Platonun dialoqlarının qəhrəmanları biri-birinə demir ki, gəl, bu fikri təcrübədə yoxlayaq, bunun əvəzində hamı öz məntiqinə güc verməyə çalışır. Elə Aristotel də belədir – onun da şah əsəri “Metafizika”dır…
Bekon bu ənənəni tamamilə dəyişdi və nəticədə də təcrübi elmlər yarandı, əsl fizika, biologiya, daha nə bilim, hansı elmlər formalaşdı, fəlsəfənin meydanı bir azacıq daraldı, üstəlik, hikmət əhli özləri də təcrübi elmlərin nailiyyətlərini, uğurlarını izləməyə başladılar, beləcə, dünyanın mexaniki, elektromaqnit və s. mənzərələri meydana çıxdı…
Sözüm bunda deyil. Ondadır ki, bizim həyatımızda unikal bir şans olub, xeyli irimiqyasılı sosial-siyasi etitazları və hətta bir dəfə inqilabı da müşahidə etmək imkanı da nəsib olub bizə.
Azərbaycan təxminən iyirmi dörd ildir ki¸ sabit, hətta deyərdim ki, statik və ya metafizik bir ölkəyə çevrilib.Buna qədərsə, daha doğrusu, 1988-95-ci illərdə daha nələr olmadı bu biçarə ölkədə?..
Gənclər bizə bəzən “Sizin heç olmasa, xatirələriniz, xatırlamağa nəyinizsə var” desələr də, özümüzün həmin xatirələrə münasibətimiz heç də düşünülən qədər sadə və ya birmənalı deyil; o illəri düşünəndə özündən asılı olmadan ya əlin ürəyinin üstünə gedir, ya da ki yumruqların düyünlənir…
Qayıdaq yenidən inqilablar məsələsinə, daha doğrusu isə, dahilərə, fanatlara və bir də ki, çox hörmətli fırıldaqçılara. “Dahilər məsələsi” mənim üçün həmişə şübhəli olub. Öz təcrübəmiz bir yana, Böyük Fransa İnqilabını böyük filosoflarla, ensiklopedisitlərlə (Didro, Volter, Dalamber və b.), xüsusən də Volterlə bağlayırlar.
Amma Volter heç də inqilabı sevməyib, “qara kütlə”yə çox böyük şübhə ilə yanaşıbdır. Məgər onun sözləri deyilmi ki, Allah olmasaydı belə, onu uydurmaq lazım gələrdi? Məgər o, Russoya deməmişdimi ki, müsyö, sizin əsərlərinizi oxuyanda adam əlləri üstündə gəzmək istəyir?..
O ki qaldı Böyük Fransa İnqilabının motivlərinə, deyilənə görə, Bastiliya alınarkən orada cəmi iki-üç məhbus olubmuş və indiyədək bu Böyük İnqilabdan söz düşəndə dərhal sirli və ya konspiroloji sxemlər, hətta mistik ssenarilər ön plana gəlir…
Odur ki, bu “dahilər məsələsi” mənə qətiyyən inandırıcı və ya arqumentli görünmür. Daha düzgününü belə demək olardı:“İnqilabları fırıldaqçılar qızışdırır, fanatlar həyata keçirir və lap əvvəldən onun nə məqsədlə edildiyini hamıdan yaxşı bilən fırıldaqçılar təzədən ön plana çıxır və inqilabdan hamıdan çox faydalanırlar”…
O ki qaldı Sizi belə mücərrəd “mülahizə”lərlə yormağımın əsl səbəblərinə, hər il 20 Yanvar ərəfəsində qarışıq hisslər keçirir və bunları yazıram.
Bir dəfə ağlıma gəldi ki, əcaba, axı nə üçün mən o yazıları bir yerə toplayıb saxlamamışam? Ziddiyyətli, dolaşıq, mübahisəli fikirlər olsa da, həmin yazılarda bir maraqlı detal vardı: anlamaq ağrısı, anlamaq dərdi…
Bu illər ərzində təkcə özümüz yaşa dolmamışıq, ölkədəki proseslərlə bağlı düşüncələrimiz də ahıllaşıbdır — hər halda, bizə belə gəlir. Odur ki, növbəti 20 Yanvar ərəfəsində daha bir anlamaq cəhdi etdik və Sizi bir daha yormaq və hətta ola bilsin, səbrinizi sınağa çəkməli olduq.
Məsələ bundadır ki, mən 20 Yanvar hadisələrinin hər il şərəfini yaşamaq, onun ağrılarını təptəzə yaralar kimi duymaqla yanaşı yenə də qəbul edə bilmirəm ki, bu etirazı, bu inqilabı həqiqətən də dahilər ərsəyə gətirmişdi, çünki, necə deyər, gördüyümü görmüşəm.
O günlərdə demək olar ki, bütün etirazlarda iştirak etmiş adam kimi deyə bilərəm:ortada minlərlə fanat və beş-on, bəlkə də əlli-yüz fırıldaqçı vardı. Məhz həmin o beş-on və yaxud da əlli-yüz fırıldaqçı insanları qızışıdırır, onlara yalan vədlər verir, daha kəsərli etirazlara səsləyirdilər.
Demirəm etirazlar mənasız idi. Yox, bunu qəti iddia etmirəm. Biz hamımız Kremlin təkcə Qarabağda yapdıqlarından yox, elə Bakıda da etdiklərindən bezmişdik; bitib tükənməyən fövqəladə vəziyyətlər, nə bilim, o komendant saatları, təpkilər-basqılar tamamca yormuşdu bizi…
Amma yenə də bir şeyi nəzərə almalı və qəti unutmamalıydıq; qarşımızdakı acıqlı və yaralı imperiya idi, onun üçün fərqi yox idi ki, qırılanlar kim olacaqdır – ziyalılar və yaxud əli qabarlı fəhlələr, gənclər, yoxsa qadınlar və uşaqlar?..
Ona görə də insanlara əsl həqiqət deyilsəydi, bəlkə də Larisa kimi balacalarımız gülləyə tuş gəlməzdi! Bəlkə də XX əsrin qurtaracağında az qala otuz ildir ki, ürəklərimizi göynədən daha bir məhəbbət əfsanəsi yaranmazdı! Biz daha ölçülüb-biçilmiş, tədbirli davranardıq, itkilərimiz də az olardı…
Amma təəssüf, tarix kino deyil ki, istədiyin yerdə saxlayıb, irəli-geri fırladasan, o, qat-qat mürəkkəb və qəliz hadisədir. Fəqət, tarixin dərsləri də olur və ağıllılar ondan nəticə çıxarır, ağılsızlar isə onu təkrar yaşamaq məcburiyyətində bulunurlar.
İnqilablara gəldikdə isə, onun dərsi bilirsnizmi nədir? Odur ki, inqilabları fanatlar həyata keçirir, amma onu fırıldaqçılar qızışdırır, hətta yetişdirirlər və ondan hamıdan tez, hamıdan da çox faydalanırlar…
Qərəz, sözüm burada bitir. Fanatlara-şəhidlərimizə Allahdan təkrar-təkrar rəhmətlər diləyirik. Fırıldaqçılara gəldikdə isə… Nə bilim, qərar yenə də Sizinkidi. Yoxsa Makiavellinin ardınca elə Siz də düşünürsünüz ki, məqsəd vasitəyə bəraət qazandırır?..