20 ilin müxalifət lideri…
Gözüm yaraşıqlı, üzü tanış olmayan bir azərbaycanlı görücünün rusca reklamına sataşdı, saytına girdim:
“Pulsuz diaqnostik seansdan keçin və görücü …-filankəsin yardımından yararlanın!
Bu ulduz falı bu günə kimi çox gizli saxlanılıb! Bu proqnozlar YÜKSƏK gəlir əldə etmək üçün nə lazım olmasıyla bağlı sizə 100%-lik dəqiq təlimat verir!
Ekstrasens Х. ona verilmiş ilahi verginin boşuna getməsini istəmir. Buna görə də o, arzu edən hər kəsə kömək edir. Məlumdur ki, hərəsi dünyanın bir guşəsində yaşayan insanların hər vaxt görücünün qəbuluna düşmək imkanları olmur.
X.-ın taleyinizi oxuya və sizinlə diaqnostik yardım seansı keçirə bilməsi üçün çox cüzi məlumat yetərlidir. Seans tamamilə pulsuzdur!
VARLI olun! Uğurlar!”
PULSUZ hə?
Azərbaycan və pulsuz!
Ölümün belə pulsuz olmadığı ölkədə!
Yoxsa dünyanın sonudur?
On milyona yaxın əhalimiz var. Bunun hamısı gələcəkdə başına nə gəlməsini bilmək istərdi. Ancaq əhalimizin 99.9 %-i boğulur və onlarçün bu ehsan saman çöpü qədər qiymətlidir. Üstəlik də pulsuz!
Nəhayət, ucuz ətin şorbasının nə olduğunu bilmək üçün təlimata uyğun irəliləyirik. Təvəllüdümüzü yazıb, bir addım da atırıq. Dedikləri “cüzi məlumat” bu olsa gərək…
Sonra kişi, ya qadın cinsindən olduğumuz xəbər alınır.
Əlbəttə, bunu bilmək, ən azı yoxlayıb yazmaq son dərəcə asandı. Ancaq adam yenə də duruxur. Bir növ bu sual belə çıxır: Kişisən, ya arvad? Sizcə, çox asan sualdı, hə? Nə bilim. Olsun. İrəliləyirik. Bir azdan uğur və gələcək taleyimiz ovcumuzun içində olacaq. PULSUZ!
Qardaş elə ilk cümlədən səni dərin quyuya salır (ki, sənə saraylarda yaşamaq imkanı verəndə, qiymətləndirə biləsən). Yazır:
“Təəssüf ki, Oğlaq o bürclərdəndir ki, onları daim yoxsulluq (hətta səfillik) və işsizlik gözləyir. Siz pulsuzluqla yaxşı tanışsınız, bunun zarafat olmadığını da əla bilirsiniz. Ancaq bu yeni ilin başlanğıcında, elə bu dəqiqə həyatınızı həmişəlik olaraq yaxşıya doğru dəyişmək imkanınız var!
Həyatınız qara zolağa düşüb… sizin böyük ehtimalla paxıllığınızı çəkən düşmən biri var. Ancaq həyəcanlanmayın, gedib cadu çıxartdırmağınıza gərək yoxdur. İndi mən sizə ağ günə çıxmağın yolunu göstərəcəyəm”.
Ardıyca uzun-uzadı moizə və nəhayət pişiyin quyruğu:
“Sizə bu andan etibarən maliyyə məsələlərinizi yüksək səviyyədə necə həll edəcəyinizi söyləyəcəyəm – HƏTTA SİZ BUNA İNANMASANIZ DA. Tale xəritənizə baxdım, sizin təhlükə altında olduğunuzu gördüm. Paxıllığınızı çəkən o bədxah adamdan hər cür pislik gözləmək olar. (HAŞİYƏ: Bunu yaman tapıb!!!) Özünüzü müdafiə etmək üçün ciddi addım atmasanız, uğura həmişəlik əlvida deyəcəksiniz. (HAŞİYƏ: Görücü qardaş nəğdindən 9 ay gecikib.) Beləliklə, (satın alacağınız) xalis çar sikkəsindən hazırlanmış AMULET təkcə sizin problemlərinizi həll etməyəcək, o sizi cadu-pitidən və pis adamların bəd niyyətlərindən də xilas edəcək. Mən, görücü X. sizə 100%-lik təminat verirəm (yəni qarantiya. – P.C.)”.
Ardıyca AMULET sözünə tıklayıb yeni səhifəyə daxil olursunuz və pulsuz köməyin qiymətini öyrənirsiniz. Sifariş edin və bir ömür xoşbəxt olun. Sadəcə, bir amuletlə. Üstəlik, X. qardaşımız son cümləsində deyir:
“İndi hiss edirəm ki, mən öz missiyamı başa çatdırdım, gücüm çatan qədər hamıya kömək etdim. Xoşbəxt olun!”
Yəni mən dedim, amuleti alıb-almamaq da öz işinizdir.
Dayan, belədirsə, bəlkə fürsət varkən (fürsət məhdud zaman çərçivəsində verilir), Azərbaycanın da taleyini dəyişək? 28 may, 1918. Buğa bürcü. Görəsən, kiçik bir daşla ölkəmizin başına düşmüş azman daşdan qurtulmaq olarmı? Üstəlik, görücümüz yüz faiz qarantiya verir.
SEANSDAN BİR SAAT SONRA…
Mən, əlbəttə, görücümüzün də dediyi kimi, işsizəm, qəpiyə güllə atıram. Onun satdığı amuleti almağa imkanım yoxdur. Təbii ki, inamım da. Ancaq X. qardaş nə deyir? Deyir: “Siz inanmasanız da!..”
Elə də olur. Bir saat sonra Feysbukda qarşıma bir soydaşımızın mənim şəklimi qoyaraq yazdığı status çıxır. Qulağımda İmadəddin Nəsiminin
“Ey özündən bixəbər qafil, oyan”, —
rübaisi səslənir. Status 20 ildən bəri var-dövlət sahibi ola-ola bundan bixəbər qaldığımı xəbər verir. Bir az təhdidlə olsa da.
Nə məni, nə haqqında yazmaq istədiyi müxalifət liderini üzdən tanımayan adam yazıb:
“Müxalifətin hakimiyyətdə pislədiyi şeylərin 5 dəfə artığı elə özündə var. 20 illik partiya sədri olmaq, maliyyə hesabatı verməmək, övladlarının xaricdə olması və s…”
Bəxtəvər başıma.
Hələ almadığın bir amuletlə belə xoşbəxt olmaq olurmuşsa, indi gör alsan nə olar… Mən də belə xoşbəxt oluram. Ekstasens yazıq demişdi də.
Sizə də varlı və xoşbəxt olmaq diləyirəm. Sadəcə, bir amulet!