Muəllif:

Zəmanə qulları

İlin əvvəlində Filippin əsillli Amerika jurnalisti Aleks Tizonun “Mənim ailəmin köləsi” adlı məqaləsini oxudum. Məqalə 56 il ona və ailəsinə təmənnasız köləlik etmiş Lola adlı bir xanım haqqında idi. Tizon ötən ilin martında dünyasını dəyişib. ABŞ-ın məşhur jurnalistlərindən olub, Pulitzer mükafatını qazanıb.

Məqalədə Lola haqqında hər şey var… onun tənhalığı, iztirabları, ömrünün sonlarına yaxın hətta sevinci və həyəcanı. Lola ömrünü tamamilə bir ailəyə həsr edir, valideynləri rəhmətə gedəndə belə sahibləri onu yas mərasiminə buraxmır… yalnız, illər keçəndən sonra müəllif böyüyür və onu öz himayəsinə alır və ilk sözləri də belə olur:“Mən atam deyiləm, sən isə bizim köləmiz deyilsən.”

“Qulun quru canından başqa bir şeyi olmur.” Orta məktəbdə Qədim Misir mövzusunu keçərkən oxuduğumuz ən dəhşətli cümlələrdən idi. O zaman zehnimi bir sual bürüyürdü. Axı, necə olur ki, bir insanın heç nəyi – iradəsi, mənliyi, şəxsiyyəti, düşüncəsi olmasın? Var-dövləti olmasa da olar, amma bu insan nə üçün şəxsiyyətsiz olmalıdır? Az-çox yaşa dolduqdan sonra Afrikadan çoxsaylı qara dərilinin Avropa və ABŞ-a qul kimi aparılması haqqında çoxlu kitab oxudum, filmlərə baxdım…. onların satılması, bəzilərinin yolda can verməsi və dənizə atılması. Dəhşətlidir, deyilmi? Bütün bunlardan sonra müasir insan niyə qul təfəkkürlü olsun ki? Yox, bu qulların hər şeyi var – evi, maşını, pulu… hətta bizdən də yaxşı yaşayırlar. Amma afrikalı qullardan fərqli olaraq, onların quru canları da yoxdur. Sürdükləri maşın, yaşadıqları ev də onlara məxsus deyil. Bir dəfə “haqq yolundan” çıxsalar, əllərindən hər şeyləri alınacaq.

Belə təəssürat yaranır ki, insan zorən qul olmaq istəyir. İstəyir ki, mütləq qarşısında kimsə olsun və onu idarə etsin. Çünki, bütün ixtiyarını sahibinin əlinə verib – özü də guya öz aləmində şad-xürrəm yaşayır. Dərk etmir ki, yaşadığı ömrü, həyatı ona ağası biçib, dərk etmir ki, yediyi də, içdiyi də özünün deyil. Bəzən özü də ağasına xoş gəlmək üçün canla-başla ona xidmət edir. Öz haqqını tələb edən, yaxşı yaşamaq istəyən insanların üzərinə hücuma keçir –təhqir edir, alçaldır. Sonra da həyatından məmnun şəkildə gözləri ağasını axtarır. Bu tip insanlar çox paxıl olur. Onlar istəyir ki, ətrafdakılar da onlar kimi olsun, sınsın, hər gün təhqirə məruz qalsın.

İnsan qul olduğunu dərk etdiyi gündən etibarən o yaxşı qul ola bilməz. Ona görə onu daim əsarətdə saxlamaq və fasiləsiz alçaltmaq lazımdır.

Qullar özləri üçün yaşamırlar – onların həyatda ən ümdə məqsədi sahibinə xidmət etmək və onu razı salmaqdır. Qul üçün dəyərli bir şey yoxdur, o funksional varlıqdır. Qul səhv etməkdən qorxur, o daim cəzalanacağı qorxusu ilə yaşayır, çünki uşaqlıqdan belə tərbiyə olunub. Qulların beyni hər zaman məşğuldur, sahibləri onları başqalarına hücum etdirir, buna görə də qulun özünə vaxtı qalmır.

Qulların ideyası olmur, amma onlar daim hansısa münaqişənin tərkibi olmaq istəyirlər, özləri heç nə yaratmır, çünki onlara özünütəsdiq lazımdır ki, özlərini başqalarına sübut edə bilsinlər. Onların həyatı imitasiya xarakteri daşıyır – onları daha çox kənardan necə göründükləri daha çox narahat edir, nəinki azad olmaları.

Yalnız azad insanın məqsədləri ola bilər. Azad insanı ətrafdakıların fikirləri maraqlandırmır. Onlar qoyduqları məqsədə doğru iri və əmin addımlarla irəliləyirlər. Qul psixologiyası isə məsuliyyətsizliyi təbliğ edir. Qul asılı olduğu hər şeydən zövq alır və öz zəifliyinin arxasında gizlənir. Bu adamlar həyatlarını dəyişmək istəmir, bunu etməmək üçün yüzlərlə bəhanə də gətirə bilərlər.

… Lolayla ömrünün sonlarına yaxın əsl insan kimi davranırlar, onu sevirlər, azadlıq da verirlər. Nə fayda, arxaya baxarkən bir ömür qum dənələri kimi barmaqların arasından axıb və gedib, həyatda heç nə əldə etməyib… kimisə sevməyib, onu da sevməyiblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 8,43 из 10)
Oxunma sayı: 1284