Muəllif:

Unutmadığım müsahibim

2008-ci ilin mayında məqalə yazmaq üçün Pankisi dərəsində olarkən çeçen qaçqınları ilə görüşmüşdüm. Onlardan birinin adı Zarema idi, 24 yaşı vardı, 5 uşaq anası idi. Mənimlə danışanda qucağındakı balaca oğlan uşağı dayanmadan ağlayır, ora-bura vurnuxurdu. Bu uşağı ağladan iki səbəb vardı; o həm ağır xəstə idi, həm də ac idi. Ananın da, atanın da ümidi hər yerdən kəsilmişdi. Onlara söz vermişdilər ki, övladlarını ya Niderland Krallığında, ya da Kanadada müalicə etdirəcəklər. Valideynlər həm də işsiz idilər. Zarema uşağına yemək ala bilmirdi… “utanıram, çünki ərzaq dükanına xeyli borcum var.”

Mən müsahibəmi aldım, diktofonu söndürüb yoldaşlarımın yanına getdim. Zarema isə qaldı… qucağındakı 1,4 aylıq oğlan uşağı da çığırırdı. Uşağın hansı xəstəlikdən əziyyət çəkdiyini belə sormamışdım. O vaxt həmin yazıma “Böyük ümidlər” kimi pafoslu sərlövhə də qoymuşdum.

Orada çox adamla ünsiyyətdə oldum, müsahibələr aldım. Yaşamaq uğrunda mübarizə aparan çeçenlərin həm də özlərinəməxsus məqsədləri vardı – kimsə öz torpaqlarına qayıtmaq istəyirdi, biri islam uğrunda şəhid olmaq istəyirdi, başqa biri Qafqazın azadlığı və sülh uğrunda döyüşmək istəyirdi. Zaremanın məqsədi isə ac və xəstə oğluna yemək almaq idi.

Aradan 10 il zaman keçib və mən bir daha o əraziyə getməmişəm və həmin müsahibimin taleyindən bugünədək xəbərsizəm. Bu, elə həmin Zaremadır.

Müharibə insanla yalnız öz qaydaları ilə “oynayır.” O, ayrıseçkilik salmır, insanın sosial vəziyyətinə, uşağının ac və xəstə olmasına baxmır. Zaremanın da, onun övladının da taleyini elə müharibə müəyyənləşdirdi.

Bu hadisədən sonra istər Azərbaycanda, istərsə də xaricdə müharibənin hər cür dəhşətini görən, yaşayan, şahidlik edən o qədər müsahibim olub ki…. özüm də müharibənin, hərbi əməliyyatların həm fiziki, həm də psixoloji “nəsibini almış” adam kimi onları çox yaxşı anlamışam. Özüm onlardan biri olmasam da, çəkdikləri ağrını və əzabı öz üzərimdə az da olsa hiss etmişəm. Bəziləri haqqında aylar, illər sonra da xəbər tutmuşam, hətta özlərini görməsəm belə, həyatda olduqlarını, mövcudluqlarını eşitmişəm, duymuşam. Hətta, mənə təkliflər də olub ki, bütün gördüklərimi, yaşadıqlarımı, vaxtilə yazdığım yazıları toparlayım, kitab kimi nəşr etdirim.

Bu yaxınlarda Çeçenistandan olan bir qız haqqında yazı oxudum, taleyi pis başlasa da, sonradan hər şey müsbət sonluqla başa çatıb. Qəfildən, Zarema və onun oğlu yadıma düşdü. Görəsən, onların vəziyyəti necədir – oğlunu xaricə həkimə apardılarmı, dükana borcunu ödəyə bildimi, həyat yoldaşı iş tapdımı? Müsahibə zamanı mənə demişdi ki, qaçqın düşəndə ilk dəfə Azərbaycanda yaşayıb, amma burada da vəziyyətləri ürəkaçan olmayıb.

Hekayəsini dinlədiyim bu və digər insanlara jurnalist kimi yalnız bir yolla yardım etmək imkanım olur – onların səsini çatdırmaqla… kimi eşidir, kimi eşitmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 281