ULU MİLLƏTİMİZ NİYƏ DÜNYANIN ƏN VARLISIDIR?..
Yəni o mənada yoxdur ki, millətimiz bütün bunları hasil edir, yetişdirir, toplayır və axırda da qəpiyinə belə toxunmadan iri və xırda məmurlarımıza təhvil verir ki, bəs aparın Avropa banklarındakı hesablarınıza yerləşdirin. Sonra da yollanırlar xəstəxanaya zəhərlənmiş ciyərlərini, nə bilim, daha nələrini və haralarını müalicə etmək üçün. Müalicə olunub yenidən qayıdırlar tarla və ya buruq başına ki, şanlı məmurlarımızın gəlirləri əskilməsin…
Bəli, bunları ərz etdikdən sonra sizdə sual yaranacaq ki, bəs ulu millətmizin sərvəti, varı- dövləti haradan hasil olur? Bəlkə də inanmayacaqsınız, sizə qəribə görünəcək, amma adam olanı deməlidir: millətimizin ən böyük sərvəti susmaqdır, sükutdur.
Hələ yüz illər əvvəl boyu çinardan uca, ərən babalarımız, nər atalarımız tapıblar ki, susmaq qızıldır.
Elə o vaxtdan da millətimizin ağzı kilidlənibdi, o vaxtdan da millətimizin bir prinsipi olub: işdir, soruşsalar ki, dəvə gördünmü, de ki, dəvə nədir, heç qığını da görmədim…
Qərəz, bunu tapandan sonra millətimizin həm canı rahat olub, həm də sərvəti, varı-dövləti aşıb-daşıb. Düzdür, ulu millətimizin bu sərvətinə də göz dikənlər az deyil. Bir də görürsən, hansısa Soros və yaxud da başqa birisi buna da əl uzatmaq, millətimizin susmaq kimi ən qədim və faydalı sərvətinə müdaxilə etmək istəyirlər.
Fəqət, ulu millətimiz küyə gedən deyil, ona görə də belə işlərdən on illərdir ki, bir şey çıxmır, xalqımız sükutunu qəti pozmur.
İllər təcrübənin üstünə təcrübə gətirir, müdrik, aqil insanlarımızın sərvətini bir az da artırır və hamı getdikcə daha çox əmin olur ki, susmaq lazımdır, danışmaq yalnız yaltaqlanmaq və tərifləmək üçündür. Elə buna görə də unikal ölkəmizdə bircə gün olmaq yetərlidir ki, hamı kimi sən də başlayasan yaltaqlanmağa.
Yox, mən bunları elə-belə, sadəcə, söz demək xatirinə yazmıram, Vallah, arabir unikal ölkəmizə təşrif buyuran beş-üç turistdən nəsə soruşmaq istəyəndə başlayırlar elə təriflər yağdırmağa ki, adam əməlli-başlı qorxuya düşür ki, birdən bunlar bizim qədim və ulu sənətimizdən – susmaq və yaltaqlanmaq sənətindən ağah olarlar. Onda biz nə edərik, başımızı hansı rayonun pambıq tarlasının külünü-dərmanını tökərik?..
Çörəyimiz, varımız və dövlətimiz tamam əldən çıxmazmı? Axı indi qloballaşma dövrüdür, mal-məhsul kimi, insan kütləsi-işçi qüvvəsi də sərbəst dövr edir yumru dünyada. Bir də gördün, bizim əcnəbi rəqiblərin sükutu və yaltaqlanmağı şanlı məmurlarımızın daha çox xoşuna gəldi, onda biz nə edərik? Başqa dil-filan da bilmirik ki, gedib bir qeyri ölkədə yaltaqlanaq…
Həm də bu boyda sərvəti, qızıl qiymətli sükutumuzu əldən vermək olarmı? Hansı zırrama bu boyda sərvəti qoyub başqa bir yerə gedər?..
Nə isə… Yoruldum deyəsən — ya yaş sözünü deyir, ya da ironik-satirik ruhlu yazılar mənlik deyil. Ona görə də gəlin bir azacıq da ağıllı söhbət edək.
Bekar adamın ağlına çox şey gəlir. Hərdən mənim də ağlıma haradansa azıb əcaib-qəraib fikirlər gəlir.
Düşünürəm ki, sərvəti, varı-dövləti başqa şərəfli yollarla da qazanmaq olardı, elə etmək olardı ki, həm cibimiz dolu olsun, həm də belimiz dik…
“Söz sözü çəkər” deyiblər. O gün baxıram, bir rus yazıçısı deyir ki, bəs Avropadan azı yüz əlli il geri qalmışıq! Dərhal ağlıma bilirsinizmi, nələr gəldi? Düşündüm ki, bu, çox optimist adamdır, mənə qalsa, deyərdim ki, kişi, yüz əlli il nədir, əbədi geri qalmışıq.
Amma sözüm bunda deyil, daha ləyaqətli cəmiyyət olmaq axtarışlarındadır. Bəli, həmin rus yazıçısı ərz edir ki, elmə və təhsilə yanaşmanı dəyişməli, geriliyimizi aradan qaldırmaq yollarını aramalıyıq. Düzdür, amma kiçik düzəlişlə — məsələ tək elmdə, təhsildə deyil, əzizlərim, həm də ölkələrdəki siyasi-ictimai modeldədir. Ölkələrimizin Avropa olması üçün özümüz də azacıq dəyişib avropalı olmalıyıq.
Burada illər öncə bir nəfərlə ayaqüstü söhbətim yadıma düşür. Soruşdu ki, bəs bizim bu qozbel ölkəni düzəltmək üçün neyləmək lazımdır?
Mən də dərhal dedim ki, hər şeydən əvvəl Konstitusiyadan başlamaq lazımdır. Həmsöhbətim məyus-məyus məni süzərək:“Əşi, konstitusiya var də…”,- dedi.
Amma mən yenə də sözümün üstündə dururam. Birincisi, Konstitusiya əsl Konstitusiya olmalıdır.
İkincisi, Konstitusiyaya əməl etmək lazımdır. Üçüncüsü, Konstitusiyanın arxasında “Susmaq qızıldır!” deyib gündəyməzini böyütməklə məşğul olan şikəst cəmiyyət yox, ayıq-sayıq, ağıllı-savadlı cəmiyyət dayanmalıdır. Belə olsa, görərik ki, danışmağın faydası heç də susmaqdan az deyil, bəlkə də çoxdur…