Muəllif:

Türkiyədə seçkidir

Türkiyədə prezident və parlament seçkiləridi. Paytaxt Ankarada ab-hava yüksəkdi. Yol boyu seçkilərə qatılan partiyalar kirayələdiyi mikroavtobuslarda səsgücləndiriciylə mitinqə çağırışlar edirlər. Namizədlərin plakatları, seçki musiqiləri küçə-küçə, məhəllə-məhəllə hər yeri bəzəyib. AKP-nin plakatları, təbliğatı daha güclüdür. İqtidarda olan AK partiyanın plakatları Ankarada daha çox gözə dəyir. Ən gözəgəlimli yerlərdə, binaların künclərində böyük ölçülərdə Rəcəb Tayyib Ərdoğanın şəkilləri vurulub. Bir neçə yüz metrdən bir avtobuslarda, avtomobillərdə AK partinin şüarları, bayraqları və namizədlərin fotoları vurulub. Mitinqlər üçün böyük yerlər ayrıldığı üçün küçələrdə yürüşlər yoxdu, bunu ancaq səsgücləndiriciylə eşitmək mümkündü. Müxalifət olan İYİ partiyanın başqan müavini Ayfer Yılmaz deyir ki, AKP-nin daha çox plakatının olmasında, ən gözəgəlimli yerlərdə asılmasında bələdiyyələrin rolu var. Onun sözlərinə görə, bələdiyyələr gecə saatlarında başqa namizədlərin plakatlarını cırırlar. Ayfer Yılmaz iddia edir ki, AK parti gücün, inzibati resursların hesabına önə çıxır. “Müxalifətin mitinqlərinə qatılanlar ciddi izlənilir. Çoxları işlərini itirməkdən qorxurlar. Muharrem İncenin Diyarbekirde mitinqdindən sonra Ərdoğan nə dedi? Dedi ki, MİT-dəki dostlarından soruşub və ona CHP-nin mitinqinə qatılanlar HDP-lidilər söyləyiblər. Bu, “mitinqə gələnləri tanıyıram”, “kimliklərindən xəbərim var” deməkdi, bir basqıdı”, — deyə Ayfer Yılmaz qeyd edir.

Ankarada 20 ildir sürücülük edən, adının çəkilməsini istəməyən sürücü deyir ki, 24 iyun seçkiləri Ərdoğan üçün çətin olacaq. Onun sözlərinə görə, Muharrem İnce güclüdü və onu müdafiə edən xeyli müxalifət var. Sürücü əlavə edir ki, MHP-nin Ərdoğanı dəstəkləməsindən sonra partiya üzvü olmayan sıravi adamlar səslərini CHP-yə verəcəklər.

CHP-nin qərargahı boşdu, amma…

Ankarada CHP-nin mərkəzi qərargahında sakitlikdi, hətta adi günlərdə belə qələbəlik olur, nəinki seçkiöncəsi. Mühafizəçilərdən, bir də partiyanın 20-25 üzvündən başqa kimsə gözə dəymir. Qərargahda oturmaqdan daha çox isti yay günlərində qapı-qapı düşüb təbliğat aparmağı üstün tuturlar. Partiyanın namizədi olan Muharrem İncenin Türkiyənin ayrı-ayrı şəhərlərində baş tutan mitinqlərinə ciddi hazırlaşırlar. Hər yerdə CHP-li gəncləri, könüllüləri görmək mümkündü. Saatlarla broşurlar paylayır, yoldan ötənlərlə söhbət edir, onların suallarını cavablandırırlar. Hətta seçkiyə heç bir qatqısı, səsvermədə iştirak hüququ olmayan əcnəbilərin suallarından da yayınmırlar. Ölkədəki durumdan, təmsil etdikləri partiyadan, iqtidarda olacaqları təqdirdə görəcəkləri işlərdən danışırlar. CHP üzvləri 24 iyun seçkilərinə çox ciddi hazırlaşır və ümidlidirlər. Bunu onlarla söhbət edən zaman ağızlarından çıxan ilk kəlmədən belə sezmək mümkündür. Ən pessimisti belə ikinci turun olcağına inanır. Buna səbəb isə CHP-nin bu seçkilər zamanı keçirdiyi mitinqləridi. Onlar deyirlər ki, son illərin ən uğurlu mitinqlərini keçirirlər.

MHP isə…

İkinci ən böyük müxalifət partiyası hesab edilən MHP-nin durumu o qədər də yaxşı deyil. Prezidentliyə namizəd verməyən, Ərdoğanı dəstəkləyən Dövlət Baxçalının başqanı olduğu partiya üzvləri Böyük Millət Məclisinə öz namizədliklərini irəli sürüblər. Ekspertlər hesab edir ki, bundan daha çox CHP qazanacaq. Ərdoğanı sevməyən MHP-çilər və seçkilərdə onlara səs verən sıravi vətəndaşlar üzünü Muharrem İnceye sarı çevirəcəklər. Ankarada MHP-nin təbliğatı, mitinqlərə çağırışlar mikroavtobuslarda səsgücləndiriciylə hər yerə duyurulsa da, sönük keçdiyi diqqət çəkir. Hətta mərkəzi yerlərdə bir neçə saatlıq üçün qurulan qərargahlarda belə yoldan ötənlərin diqqət yetirməməyi hiss olunur. Amma onlardan azca aralıda CHP və İYİ-yə maraq daha çoxdu.

Gözəl mənzərə, yardımlaşma… 24 iyun seçkiləri daha çox ittifaqların savaşıdı. Ayrı-ayrılıqda seçkilərə qatılsalar da, təbliğatları, işləri ayrı olsa belə bir-birlərinə dəstək verirlər. Bir yanda CHP-İYİ-Saadet üçlüyü və onlara kənardan dəstək verən başqa müxalif partiyalar, o biri yanda isə AKP-MHP duetidi. Ciddi, gərgin iş gedir. Bunu Ankaranın mərkəzi küçələrində quraşdırılan müvəqqəti qərargahlardan da görmək mümkündü. Çankaya vilayətindəki Güvenparkının bir başında CHP, İYİ və Saadet partiyaların ayrı-ayrılıqda qərargahları qurulub, yolun o biri üzündə isə AKP-nin və MHP-nin dəstəsi toplaşıb, yoldan ötənlərin diqqətini cəlb edirlər. Hər bir partiyanın müvəqqəti qərargahının önündə səsgücləndirici avtobuslar olsa da “susub”lar. Yalnız ikisindən başqa. İyunun 22-də CHP-nin, 23-də isə MHP-nin Ankarada böyük mitinqi olacaq. CHP-nin avtobusunda səsgücləndirici adamları mitinqə dəvət edir, seçki musiqiləri səsləndirir. İYİ və Saadet partiyaları isə təbliğatı sakitcə, yoldan ötənlərə broşurlar paylamaqla edirlər. Məqsəd Muharrem İncenin 22-dəki mitinqindən diqqətin yayınmamasıdı. O biri başda olan MHP-nin təbliğatı yüksək tonla gedir, AKP-nin könüllüləri eynən İYİ və Saadet partiyaları kimi səssiz təbliğat aparırlar. Bir sözlə, kağız üzərində və şifahi anlaşma beləcə qorunur, kənardan çox gözəl görünür. Hər nə qədər seçkiöncəsi durum gərgin olsa da, qarşılıqlı ittihamlar səsləndirilsə də, yenə mənzərə ürəkaçandı…

 

MeMaR

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 164