Şüurlu cəhalət yolu
Bu yol təpərsiz cəmiyyəti hara qədər apara bilər?
Rusların məşhur “Arqumentı i faktı” qəzetində Çin əhalisinin kökəlməyə meyillənməsi və bunun mümkün fəsadları ilə bağlı bu yaxınlarda oxuduğum məqalə məni bir az təəccübləndirdi. Düşünə bilərsiz ki, əvvəla, Çin kimi inkişaf etmiş bir ölkənin hər şeydə, o cümlədən qidalanmaqda (bizlərdən fərqli olaraq) ölçü gözləyən ağıllı, bacarıqlı və daim hərəkətdə olan insanlarını heç cür kök təsəvvür etmək olmur. İkincisi isə tutaq ki, yemək-içməyinə yaxşı baxan imkanlı çinlilərin bir qisminin artıq çəki qazanmasında pis nə var ki? Kökəlmiş çinli qardaşlar uzaqbaşı öz sağlamlıqları üçün problem yarada bilərlər, elə deyilmi? Yox, sən demə, belə deyilmiş və məsələ biz düşündüyümüzdən xeyli fərqliymiş.
Mötəbər Çin statistikasına əsaslanan mütəxəssislər araşdırıblar ki, son 15-20 ildə ölkə əhalisinin işləyən qismində kökəlmənin əsas səbəbi bu adamların Amerikanın “Mac Donalds” kimi fast-fud restoranlarına ayaq açmalarıdır. Belə yerlərdə davamlı qidalanan çinlilər il ərzində təxminən 12-17 kiloqram çəki artırırlar. Çəkinin artması isə təkcə sağlamlıq yox, həm də sosial-iqtisadi problemlər yaradır. Öyrənilib ki, istehsalatda çalışanların çəkisi artdıqca onların dəzgah arxasındakı məhsuldarlığı azalır, diqqətləri zəifləyir, vaxtından əvvəl yorgunluq yaranır, təşəbbüskarlıq olmur, tez-tez də işə gecikirlər. Bütün bunlar isə müəssisələrin ümumi göstəricilərinə mənfi təsir edir. Ona görə də Çin mütəxəssisləri həyəcan təbili çalırlar ki, kökəlmə tendensiyası bu sürətlə davam etsə, 2030-cu illərdə ölkənin işləyən əhalisinin təxminən yarısı piylənməyə məruz qalacaq. Bu şəkildə köklüyü isə, artıq Çində milli mentalitet üçün ciddi təhlükə sayırlar.
Bəli, sağlamlıq mənasında çoxları üçün qəm sarayı olan mədənin qəbul etdiyi qidanın belə-belə fəsadları varmış. Çünki bu qida təkcə sağlamlığa yox, həm də düşüncəyə, psixologiyaya, davranışa da ciddi təsir edib həyat tərzi və mentaliteti də dəyişə bilirmiş…
* * *
Bəs insan beyninin qəbul etdiyi qidalar necə? Onlar insanın həyatına, düşüncəsinə necə təsir göstərir, onun ağlını, şüurunu, ruhunu necə əsir edir? Məsələn, bizim cəmiyyətdə son 15-20 ildə beyinlərə yeridilən qidalar insanlarda hansı təfəkkürü, hansı düşüncə və dünyagörüşü formalaşdırır, onları nələrə sövq edir? Məktəbdən və müəllimdən, təhsildən və kitabdan, mətbuatdan, seriallardan, daha çox əcaib televerilişlərdən, ədəbiyyatdan, ətrafımızdakı olaylardan aldığımız və beynimizi qidalandıran məlumatlar bizi hara aparır? Hər gün ekranlardan başımıza yağan daşlar ruhumuzu, düşüncəmizi, həyata baxışımızı necə zədələyir?
Bəzən ekrandakı, məktəbdəki, qonşudakı, hakimiyyətdəki, müxalifətdəki, sosial şəbəkələrdəki əcaib davranışlara təəccüblənirik, insanların bu dərəcədə həyatın dibinə enmələrinə, ibtidai instinktlərə təslim olmalarına, hər addımda dəyərləri tapdalayıb bu qədər yaramazlıqlar törətmələrinə heyrətlənirik. Belə təsəvvür yaranır ki, sanki dünyanın sonudur və kütləvi isteriyalar başlanıb, gözümüzün qabağındaca insanın mahiyyəti dəyişir, ondakı əxlaq və mərhəmət hissləri məhv olur, mənəvi çürümə labüd prosesə çevrilir.
Qərb cəmiyyətlərində hüququnu və özünü tanıyan insanlar kosmosda yeni-yeni obyektlər fəth edir, Marsa uçur, ilahi əsərlər yaradır, bəşəriyyəti irəli aparan texnologiyalar tapır. Bizdə isə olanları dağıtmaqda üzə çıxan şüurlu cahillik, savadsızlıq, tənbəllik, ruh düşkünlüyü, qlobal acizlik və sərsəmlik hökm sürür. Bizim kosmosla işimiz yoxdur, biz yerdə yeni-yeni ticarət obyektləri fəth edirik, qazanc üçün millətin övladlarını zəhərləyir, sərvətimizi artırmaq yarışında öndə olmağa çalışırıq. Keçmişimizə güllə atır, gələcəyimizi topa tuturuq. Kədərlisi budur ki, çoxluq düşünmək qabiliyyətini itirir, prinsiplə yaşayanlar geri çəkilib, fərasətli işbazlar və gerizəkalılar önə çıxıb, yaltaq və simasızlar hörmətə minib, adamların çoxunun içində həyat və ləyaqət uğrunda mübarizədən əsər-əlamət belə qalmayıb. Bu səbəbdən də biz taleyimizin əsgəri olmaq yox, “əsgər” sözündə hərfi necə dəyişmək haqqında düşünürük, vaxtımızı və enerjimizi bu kimi səy işlərə sərf edirik.
Düzdür, belə tragikomediyaların yaranmasına cəmiyyətdə ədalət prinsiplərinin pozulması da öz təsirini göstəririr, amma proseslərin əcaib məcraya yönəlməsinin əsas səbəbi beyinlərə yeridilən zəhərli qidalardır. Məhz belə qidaların təsiri ilə biz ruhumuza dayaq olan dirəkləri yıxıb şüurlu şəkildə cəhalət yolunu seçmişik. Bu cığıra düşən cəmiyyətlər isə nə yolun sonundakı işığı görür, nə də millətə batmanla gələn təhlükələri bildirən itlərin hürməyini eşidir. Belə yerdə Martin L. Kinqlə razılaşmaq lazım gəlir ki, dünyada şüurlu cəhalətdən təhlükəli heç nə yoxdur.
* * *
Gənclərlə tez-tez ünsiyyətdə oluram, müxtəlif toplantılarda görüşür, müzakirələr aparırıq. Belə görüşlərdə olmasa da, davamlı treninqlər və auditoriyadakı dərslərdə gənclərin intellekti, dünyagörüşü, həyat duyumu, bilik səviyyəsi haqqında müəyyən təsəvvür almaq olur.
Dərs dediyim universitetdə televiziyanın ifadə vasitələri, onun dilinin təbiəti barədə mövzunu anlatdıqdan sonra, demək olar ki, hər dəfə ikidəqiqəlik eyni filmi göstərib, onun hansı məna ifadə etdiyini auditoriyadan soruşuram. Təxminən 6-7 il əvvəl tələbələr çox ağıllı mülahizələr söyləyir, səs və görüntü sintezinin verdiyi məna parametrlərini dəqiq söyləyə bilirdilər. Amma 2-3 ildir ki, beyinlərin daraldığını, düşüncələrin dayazlaşdığını hiss edirəm. Bu il isə fəlakətin qapını necə bərkdən döydüyünü hiss etdim. Tələbələr o qədər bəsit, mənasız və gülünc fikirlər səsləndirirdilər ki, bu dayazlıq və duyumsuzluqdan heyrətlənir və artıq 19-20 yaşlı bu gənclərin qavrayış, düşüncə və dünyagörüşlərindəki çatların dərinliyini aşkarca duyurdum. Bu çatlar mənə təkcə biliksizlik, həyata və seçdikləri peşəyə laqeydliyin əlaməti kimi yox, həm də beyinlərə yeridilmiş keyləşdirici qidaların gələcəyə ümidsizlik nəğməsi oxuyan solğun şölələri kimi görünürdü…