Muəllif:

Sənət əbədidir, ömür amanat…

 (əvvəli Ayna.az saytının 13.12.2018 — 16.12.2018 tarixli buraxılışlarında)

 

— Qızım, başuva dolanım, irəngin-rufun xoşuma gəlmey.

— Yox, nənə[1], yaxşıyam.

— Ağaran saçınan ağlayan göz gizlənməz. Bəlkə, büyün də qalasan, heç zad olmaz.

Mədinə anasına bir az soyuqladığını, rejissordan icazə aldığını demişdi. Ancaq arvad fikir verirdi ki, bu, adi soyuqdəyməyə oxşamır: qız nəinki üzgün, həm də təlaşlıdır. Həyətdən şıqqıltı səsi gələn kimi diksinir, tələsik yatağına girirdi. Xəstəyə qulluq etməli, yeməyini verməli, əynini dəyişməli olmasaydı,heç çarpayıdan qalxmazdı.

— Nə danışırsan? Bir günlük icazə veriblər. Axşam tamaşamız var. Saat altıda teatrda olmalıyam, geciksəm, bir də qapıdan içəri buraxmazlar. Bilirsən, rejissorumuz necə ciddidir?

— Nəmənə deyib buraxmazlar? Azarramısan da! Axı görürəm, candərdi geyineysən. Buraxmazlar,heç buraxmasınlar. Qayıtginən əvvəlki işuva. O vəxt pulumuz da bundan yəxçiydi, özüvü də üzmeydin.

Qızının o vaxtkı işinin “nəmənə” olduğunu bilsəydi, ana heç vaxt belə deməzdi.

Mədinənin atası 1920-ci illərin əvvəllərində Şurəviyə[2] Təbrizdən qazanc dalınca gələnlərdən idi. Uşağı olandan sonra ailəsinin artmış xərclərini çatdıra bilmirdi. Həmşərisi onu mədəndə qazmaçı işinə düzəltmişdi. O illər neft sənayesi sürətlə inkişaf edirdi: vətəndaş müharibəsində dağılmış iqtisadiyyatını ayağa qaldırmaq üçün Rusiyaya yanacaq gərəkdi. Mədinənin atası hər iki-üç aydan bir evə pul göndərirdi. Vəzifəsi və maaşı artandan, Bakıda uyğun mənzil tapandan sonra isə gedib ailəsini də gətirmişdi. Amma arvad-uşağın yanında yenicə özünü kişi hesab etməyə başlayan bu gənclə fələk hələ oyunlarını bitirməmişdi. Bakıya gəldikləri bir həftə deyildi ki, Mədinənin anası köhnə həyətin ikinci mərtəbəsində paltar asanda ayağı sürüşüb eyvandan yıxılmışdı. Qız bunu çətinliklə xatırlayırdı, cəmi dörd yaşı vardı. Bircə o yaxşı yadındaydı ki, həmin gündən anasını özü ayaq üstə dayanan görməmişdi.

Mədinənin atasını bu da sındırmamışdı. Başqası olsaydı, içkiyə qurşanardı, başını götürüb qaçardı, ya şikəst qadının üstünə günü gətirərdi. Onun boy-buxunu, qazancı ilə çox şey etmək olardı. O isə mədəndən çıxan kimi evə qaçır, biş-düş də edir, paltar da yuyur, təmizlik işlərinə də baxır, uşağın dərsləri ilə də məşğul olurdu. Sonra kətili qoltuğuna vurub dumbul çalır, Mədinə ata-anası üçün rəqs edirdi. Kişi bilirdi ki, arvadının könlünü yalnız bununla açmaq olar. Qızın yaxşı musiqi duyumu, incə hərəkətləri vardı. Anasına oxşamışdı. Yataq xəstəsi qadın ortalıqda süzən bircə balasına baxır, özünü xatırlayırdı. Mədinənin atası da onu toyda oynayan yerdə görüb vurulmuşdu.

Qonşular – türkü, tatarı, rusu, ermənisi, yəhudisi – bu qərib ailəyə bacardıqları köməyi göstərirdilər. Mədinə də onları sevindirirdi: həyətdə uzun masa arxasında birgə keçirilən ad günlərində, bayramlarda hamı üçün rəqs edirdi…

Mədinə anası ilə sağollaşıb, tamaşa bitən kimi qayıdacağını deyib, Panfiliyanın bağışladığı ayaqqabılarını geydi və evdən çıxdı.

Atasını o, sonuncu dəfə 1935-ci ilin oktyabrında görmüşdü. Kişi səhər evdən çıxıb bir daha geri dönməmişdi. Artyom adasının yaxınlığında, dənizdə yeni “kol üsulu” ilə eyni meydançadan bir neçə quyu qazırdılar. Eksperiment uğurla nəticələnmişdi. Amma dəniz sərvətini əlindən alanların ikisini çəkib bətninə aparmışdı. Onlardan biri Mədinənin atası idi.

Sandıqdakı rubllar və hökumətin verdiyi “qanpulu” ana-balaya beş-altı ay bəs eləmişdi. Sonra “qara günlər” başlamışdı. Qonşuların əlinə baxmaqla deyildi, qız yeddiilliyi bitirib iş tapmalıydı.

O illər, kütləvi repressiyyalar ərəfəsi, çox maraqlı illəriydi. Hər yerdə, küçələrdə, kinoteatrlarda, poliklinikalarda, hətta islah-əmək düşərgələrində plakatlara və transporantlara rast gəlmək olurdu:“Həyat indi daha yaxşı, daha şəndir, yoldaşlar!” Əvvəlki kimi pulun adını utana-utana çəkmirdilər. Stalin özü demişdi ki, staxanovçular, mühəndislər, digər zəhmətkeşlər həddən çox qazanmağa başlayıblar, istehlakçıların artan tələbatını ödəmək lazımdır! Çörək kartoçkaları ləğv edilmişdi. Mağazalar mallarla doldurulmuşdu. İstirahət parkları, kafelər, restoranlar, rəqs meydançaları açılır, karnavallar, maskaradlar təşkil olunurdu. Dondurma və sosislər bolluq simvoluna çevrilmişdi. Qida sənayesi naziri Mikoyan xalqı onlara alışdırmaq istəyirdi. Tramvaylara aşpaz papaqlı, qırmızı yanaqlı yarıoğlan-yarıqız şəkli vururdular. Bu oğlan-qız əlində sosis dolu məcməyi tutmuşdu, gözlərini yana süzdürüb, qulaqlarına çatan ağzını isə camaata açıb hamını “hər yerdə sosis tələb etməyə” çağırırdı. Qəzetlər reklamlarla doluydu.

Belə reklamlardan birini də tez-tez “Bakinskiy raboçiy” çap eləyirdi: “Kələmlə sosislər, isti kotletlər, ançousla kartoflar, gürcü lobyası, vineqret, rostbif (hamısı çörəklə); konyak, araq, çaxır, pivə – hər şey bir manata – “Köhnə Avropa” ilə üzbəüz yeni açılan yeməkxanada!”. Axşamlar restorana çevrilən həmin yeməkxananın orta yaşlı, kök müdiri isə Mədinəgilnən eyni həyətdə yaşayırdı. O, əsas hesabını “Köhnə Avropa” mehmanxanasının müştərilərinə, bir də ətrafdakı yaradıcılıq təşkilatlarında qaynaşan aktyor-yazıçı tayfasına götürmüşdü. Onları cəlb etmək üçün isə nisbətən ucuz və dadlı mətbəxdən savayı, yaxşı musiqi, müğənni və rəqqaslar lazım idi.

Əvvəlcə Mədinə restoranda rəqs etmək təklifi ilə razılaşmırdı. Bir yandan utanır, digər yandan içkili kişilərin qabağına çıxmaqdan qorxur, üçüncü tərəfdən xəstə anasını necə saxlayacağı barədə düşünürdü. Axırda ehtiyac qalib gəldi. Təbii ki, anası bilməmək şərti ilə: Mədinə ona fabrikdə ikinci növbədə işə düzəldiyini demişdi. On beş ilə yaxın evindən çıxmayan qadın dünyada nələr baş verdiyindən xəbərsizdi, heç ləhcəsini də dəyişməmişdi.

Hər şey Mədinə düşündüyündən daha sadə idi. O, axşam yeddidə işə gedir, ən geci on birdə evdə olurdu. Müştərilər mədəni davranırdılar, bir-iki dəfə cavan şair, ezamiyyətə gəlmiş raykom işçisi ona söz atmış, pul vermək istəmişdi, özü cavablarını qaytarmışdı. Amma bir gün qızın qorxduğu hadisə baş verdi.

İndi, qapısına qıfıl vurulmuş və arxadan şüşələri əhənglə ağ rəngə boyanmış keçmiş restoranın yanından keçəndə Mədinə iki il əvvəlki həmin xoşagəlməz əhvalatın təfərrüatlarını xatırlamaq istəmirdi. Əsas o idi ki, qız öz ləyaqətini qorumuşdu. Məğrur rəqqasənin hərəkəti yaxın masada rəfiqələri ilə ad gününü qeyd edən Tanailidinin xoşuna gəlmişdi, onu yanına çağırmışdı. Qonşu olduqlarını biləndə sabahı evinə dəvət etmişdi.

Panfiliya bu qıza meyl salmışdı. Həm xarici görünüşünə, həm xarakterinə görə onu özünə oxşadırdı. İkisi də vətənlərini, demək olar ki, görməmişdilər, çox gənc yaşlarından yetim qalmışdılar, özlərini dolandırmalı olmuşdular. İkisi də gözəl rəqs edirdilər, amma Mədinəyə hələ çox şeyi öyrətmək lazım idi. Qızın Təbrizdə doğulduğunu eşidəndə isə  Panfiliya, sadəcə, onu sevmişdi. Aktrisa 1917-ci ildə Təbrizdə qastrolda olmuşdu və bu şəhərə ömürlük vurulmuşdu.

Mədinə yeni himayədarının təkidi ilə restoranda işi atdı. Müdiri buna təəssüflənsə də, onun aylıq pulunu kəsmədi, artıqlaması ilə ödədi. Panfiliya daha üç aktrisa ilə danışıb qızı özünə və rəfiqələrinə ev işçisi götürdü. Bu da həmin illərin əlamətlərindən biri idi: özünə hörmət edən ziyalı qadının ev işçisi olmalı idi. İndi Mədinə dörd mənzilə baxırdı – çatdırmaq çətin deyildi, aktrisaların hamısı tək yaşayırdı — və hərəsindən həftədə yeddi manat alırdı. Üst-üstə hər şeyə çatırdı. Çünki paltar-palaza ümumiyyətlə xərci çıxmırdı: ev işçisinə hədiyyə vermək o vaxtlar sənət aləmində çalışan qadınlar arasında rituala çevrilmişdi, bir yerə yığışanda hərə öz hədiyyəsini tərifləyirdi.

Günaşırı isə Panfiliya qıza rəqs dərsi keçirdi. “Hər ikimiz Oxatan bürcündənik, — Tanailidi tələbəsini həvəsləndirirdi, — taleyimiz də eyni olacaq, sən də məhşurlaşacaqsan”…

Artıq taleyi bəlli olan himayədarının bu sözləri yadına düşəndə Mədinənin ürəyi əsdi. Teatr binasının qarşısındakı qara maşın isə onu dayanmağa məcbur etdi. Bu maşını bir dəfə rəqs məşğələsindən qayıdanda qaranlıqda, həyətlərinin ağzında görmüşdü. Ertəsi gün restoran müdiri izsiz-soraqsız yoxa çıxmışdı. Ola bilərdimi ki, indi də kapitan onu Mədinə üçün çağırtdırıb? Qız bir müddət nə etməli olduğunu bilmədi. Teatra girsin, ya geri qaçsın? Hara qaçacaqdı? Qaçsaydı, kim onu müdafiə edəcəkdi? Atası yox, əmisi yox, dayısı yox… Burada, heç olmasa, rejissor vardı.

***

Qapı döyüləndə saat səkkizə on beş dəqiqə qalırdı.

Rejissor ayağa qalxıb çiyinlərini düzəltdi və bacardığı qədər sakit səslə:

— Gəlin! – dedi.

Turabov başını içəri saldı.

— Ədil Rzayeviç, hər şey hazırdır. Yoldaş Bağırov da gəlib, direktorun kabinetindədir. O, zalda yerini tutan kimi başlamalıyıq.

— Orkestr, dekoratorlar, işıqçılar, artistlər…

— Yerlərindədirlər.

— Səməd Vurğun hardadır?

— O da direktorun kabinetində.

Rejissor əlindəki dörd qatlanmış iki vərəqdən birini masasının yuxarı siyirməsinə atdı, ikincisini döş cibinə qoydu, sonra qalstukunu düzəltdi və otaqdan çıxdı.

Zalda tam sakitlik hökm sürürdü. Tamaşada iştirak edən aktyorlar pərdənin arxasında toplaşmışdılar. Cınqırları da çıxmırdı. Adil İskəndərov səhnədə görünəndə hamı başını aşağı saldı. Aktyorlar rejissorun baxışları ilə qarşılaşmamaq, ona salam verib üzünə gülümsəmək məcburiyyətində qalmamaq üçün gözlərini yayındırırdılar. Hər kəs bu qapalı məkanda da öz üzərində nəzarət hiss edirdi. Sidqi Ruhulla ağappaq ağarmışdı, dizləri əsirdi, Qacar rolunun ifaçısı kimi onun vəziyyəti indiki halda heç də Adil İskəndərovun vəziyyətindən yüngül deyildi. Teatrda ən çox güvəndiyi adamdan belə münasibət rejissoru ağrıdırdı. Ancaq o hər şeyi başa düşür, kollektivə ruh vermək, onu silkələmək üçün söz axtarırdı.

— Siz bu axşam, bu səhnədə Azərbaycan teatrının ən möhtəşəm əsərlərindən birini yaradacaqsınız! – Adil İskəndərovun səsindəki qətiyyət hamını başını yerdən qaldırmağa məcbur etdi. – “Vaqif”də oynamağınızla ömrünüz boyu fəxr edəcəksiniz, qəhrəmanlarınızın adları ilə tanınacaqsınız, sözləriniz dillərdə əzbər olacaq! “Dünyada qalacaq yalnız yaradan”![3] Di, Allah amanında. Namazla başlayırıq, dualarımız eşidilər. Vidadini səhnədə tək qoyun. Kişinin namazını batil etməyin[4]. Qalanlar kulis arxasına, ya qrim otağına!

Bu zarafat gərginliyi lap yuşmaltdı. Hətta Qacarın da dodağı qaçdı. Rejissordan və aktyor Əli Qurbanovdan başqa hamı səhnəni tərk etdi.

Adil İskəndərov qalın məxmər pərdəyə yaxınlaşdı, onu bir barmaq aralayıb gözləri ilə zalda Səməd Vurğunu axtardı. Şair parterdə, üçüncü cərgədə tək oturmuşdu. İkinci cərgə boş idi. Öndə isə büro üzvləri yer tutmuşdular. Onlar tribunada olduğu kimi, eyni ardıcıllıqla liderlərinin sağında və solunda düzülmüşdülər. Lider isə düz ortada, on ikinci kresloda əyləşmişdi, on birinci və on üçüncü yerlər boş saxlanılmışdı. Bağırov fikirli-fikirli dizinin üstündə cütləşdirdiyi əllərinə baxırdı. Birdən o, kəskin hərəkətlə başını qaldırdı, gözlərini birbaşa Adil İskəndərovun pərdədə açdığı mikroskopik pəncərəyə zillədi və rişxəndlə gülümsədi.

Eynəklərin iblisanə parıltısı rejissorun gözünü qamaşdırdı, bəbəklərini biz kimi dəlib keçdi. O, bu deşikdən içinə dəhşətli soyuq dolduğunu, bir az da keçsə, tüklərinə qədər donacağını hiss etdi. Adil İskəndərov qeyri-ixtiyari geri çəkildi, ayağı dolaşa-dolaşa səhnədən çıxdı.

Zalın işıqları söndürüldü. Həzin musiqi səsləndi. Pərdə yavaş-yavaş açıldı. Vidadinin duası ucaldı:

Xudaya, insanın halı yamandır,
Nələr çəkdiyimiz sənə əyandır,
Mənası varmıdır min təriqətin?
Aç… aç qarşısını sən həqiqətin.
Nə olur, bir yeni işıq ver bizə,
Bizim kor yaranmış gözlərimizə —
Bəlkə də, yaxşını seçək yamandan,
Ta ki, qansız keçən bir güzərandan
Biz də ilham alaq, sevinək barı!
İşıqlat bu dibsiz qaranlıqları…
Yazıqdır dünyanın əşrəfi insan,
Böyüksən, adilsən, keç günahından!..
İlahi! Bir gətir insanı yada,
Göz yaşı qalmasın qara dünyada.
Sən ki iradənlə bizi yaratdın,
Neçin qəlbimizi vaxtsız qanatdın?
Söylə bir, insanın nədir günahı?
Aciz bəndələrə qıyma, ilahi…[5]

***

Tamaşanın ikinci pərdəsi gedirdi, amma Mədinənin səhnəyə çıxmasına hələ vaxt vardı. O, Vaqifin arvadını xanla izdivaca razı salmağa gələn qarını müşayiət etməli idi, bu isə pərdənin sonunda olacaqdı. Aktrisa kalağayısının uclarını didişdirə-didişdirə səhnədən radioxəttlə qrim otağına ötürülən səsi dinləyirdi. İndidən həyəcan keçirirdi.

Bu an qrim otağının qapısı döyüldü və dərhal açıldı — divarboyu düzülmüş güzgülərin hərəsindən içəri NKVD işçisi formasında bir çopur kişi boylandı. Güzgülərin önündə yastıqlı kətillərdə oturmuş aktrisalar yerlərindən dik atıldılar.

NKVD işçisi paltarlarını dəyişmiş, qrimlənmiş, başıörtülü aktrisalara göz gəzdirdi, axtardığını tapa bilməyəndə irişdi:

— Mədinə hansınızsınız? – soruşdu.

Qızlardan biri əlini sinəsinə qoyub içini çəkdi:

— Hi!..

Çopur kişi sifətinin rəngi qaçmış Mədinəni yalnız indi seçə bildi.

— Kapitanın yanına!

Mədinə bir az da ağardı, qeyri-ixtiyari əlini radiomikrofona uzatdı:

— Axı… Axı mən…

NKVD işçisi hökmlə danışmaqda səhvə yol verdiyini başa düşdü və tərzini dəyişdi: əvvəl-axır, qarşısındakı məhbus deyildi.

— Yəni… kapitanın yanına dəvət olunursunuz… Bəli, siz… Tez qayıdacaqsınız. Belə lazımdır. Təcilidir.

Yoldaşlarının narahat baxışları altında aktrisa otaqdan çıxdı.

Qız sanki dumanın içi ilə yeriyirdi, öndə çopur kişinin kürəyindən başqa heç nə görmürdü. Beynində isə iki gün əvvəl rejissorun dediyi sözləri fırladır, özünə ürək-dirək verirdi:“Respublika rəhbərliyi burada ola-ola, artıq-əskik hərəkət eləməyə cürəti çatmaz”.

Onlar dar dəhlizlə teatrın xidməti otaqlarının qarşısından ötdülər. Buradan sola, kulis arxasına qapı açılırdı. Üzbəüz qapı isə birinci mərtəbənin geniş dəhlizinə çıxırdı. NKVD işçisi sağa – səhnənin altında yerləşən sexlərə aparan pilləkana tərəf döndü.

Mədinə yerindən tərpənmədi:

— Mən… Axı mən bir azdan səhnədə olmalıyam.

Çopur kişi aktrisanın biləyindən tutdu. İmkanı olsaydı, onun saçlarından yapışıb üzüaşağı sürüyərdi. Ancaq səs-küy qaldırmaq olmazdı. Həm də kapitan tapşırmışdı: “Xoşluqnan gətir. Quzunu kəsməzdən əvvəl hürkütməzlər – əti acı dadar”.

— Səhnədə olmalısınız, olacaqsınız. Siz həyəcanlanmayın. Bir-iki xırda sual qalıb.

— Bəs niyə orada?

— Çünki aidiyyatı üzrə suallar orada verilməlidir. Kapitan sizdən əvvəl iki nəfəri də çağırtdırmışdı, tez söhbət edib buraxdı. Uzağı on dəqiqəyə geri qayıdacaqsınız. Gəlin, itaətsizlik göstərməknən öz işinizi çətinə salmayın. Gəlin.

Dərzi sexinin açıq qapısından dəhlizə işıq düşürdü. NKVD işçisi qızı irəli buraxdı. Arxasınca çırpılan qapının səsi Mədinəni diksindirdi.

Bu sex teatrın üç böyük emalatxanasından biri idi. İri dolablarda yüzlərlə kostyum saxlanılırdı, hər tamaşa üçün yeni paltarlar tikilir, köhnələr aktyorların ölçülərinə uyğun daraldılıb-genəldilirdi. Mədinə buraya bircə dəfə – belində durmayan ətəyi daraltmaq üçün düşmüşdü. Ona da qayçı vurmamışdılar, eləcə sancaqlamışdılar.

Kapitan yumşaq örtüklü ütü masasının arxasında oturub nəsə yazırdı. O, qapı səsinə başını qaldırdı, heç nə demədən aktrisaya masa ilə üzbəüz kətili göstərdi.

Mədinə əyləşdi. Kapitan vaxt itirmədən mətləbə keçdi – hər şeyi əvvəlcədən ölçüb-biçmişdi:

— Deyin görüm, İran casusu Panfiliya Tanailidi ilə necə, harada, hansı şəraitdə tanış olmusunuz?

Mədinənin əlləri-ayaqları buza döndü. Heç nə xatırlaya bilmədi.

— Mən… biz… – kəkələdi.

— Mən-biz… sən-siz… Mənə şəxs əvəzliklərini sadalamayın. – Kapitan istehza ilə dedi. NKVD-də dindirmələr zamanı bəzən müstəntiqlərin məhbuslarla söhbətinə gizlin qulaq asırdılar: komissarlığın işçilərinə də hərdən nəzarət lazım idi. O, bunu bilirdi. Amma indi idarədə deyildi və özünü tam sərbəst hiss edirdi. Əslində, istintaq əməliyyatı da keçirmirdi, əylənirdi.

Qız susurdu. Kapitan isə pauzanı qəsdən uzadırdı. İşinin ustası idi.

— Susursunuz? Susun, susun. – O, qələmi atıb ayağa qalxdı, dəftərini masanın qırağındakı ütünün altına qoydu. Sonra əllərini arxasında cütləşdirdi və qəti səslə dedi. – Onsuz da Tanailidi hər şeyi öz ifadələrində yazıb, altından da qol çəkib!

Mədinə büzüşüb yumağa döndü.

— Nəyi yazıb?.. Necə yazıb?..

— Sual vermək mənim vəzifəmdir! – Kapitan qəzəbləndiyini göstərdi. – Sizin borcunuz isə cavab verməkdir. Panfiliya ilə tez-tez görüşürdünüz?

— Həftədə iki dəfə, bəzən üç dəfə. – Mədinə aldadıldığını anlamışdı, susmaqdan kar aşmadığını da görürdü. Düşdüyü vəziyyətdən çıxmaq üçün ona nəsə etmək, çabalamaq lazım idi. Ən azı kapitanı hirsləndirmək olmazdı. – Mənə rəqs öyrədirdi… Həm də evini yığışdırırdım.

— Ay sağ ol, yavaş-yavaş ağıllı qız olursan. – Kapitan “sən”ə keçdi. – İndi isə de görüm, evi yığışdıranda hansısa maraqlı bir kağıza, qeydə, məktuba rast gəlməmisən? Mən onun İran səfirliyi, casus şəbəkəsi ilə əlaqələrini nəzərdə tuturam.

— Yox, — Mədinə qızardı. Kapitanın tonundakı dəyişiklik qızı ürəkləndirdi. Bu otaqdan salamat çıxacağına ümidləri dirçəldi. – Başqasının kağızını oxumaram. Eləcə tozunu silirdim.

Kapitan tennis həvəskarı idi. Son illər böyük tennis Moskvada “elitar təbəqə”nin “döş nişanı”na çevrilmişdi. Tam mübaliğəsiz: yaxasında iki çarpaz raketka toxunmuş köynək, jilet, pulover və cemperlər dəbə düşmüşdü. Bu təbəqəyə aid olan, yaxud vəsiqə qazanmağa çalışan hər kəs tennis oynamağı bacarmalı idi. Kapitan birinci geymi “quru hesabla” öz xeyrinə bitirmiş hesab etdi və ikinci geymə başlamaq üçün, rəqiblə meydançada yerini dəyişirmiş kimi, masanın başına fırlandı, keçib qızın arxasında dayandı.

— Panfiliya siqaret çəkirdimi?

Mədinə yenidən özünü itirdi. O belə sual gözləmir və onun mətləbə nə dəxli olduğunu anlamırdı. Handan-hana qız cavab verdi.

— Hə, çox çəkirdi. Nədir ki?

— İran siqaretləri?

— İran siqaretlərini daha çox xoşlayırdı.

— Sən də çəkirdin?

Qız qanrılıb geri boylandı.

— Yox. Mən yox.

— Yaxşı-ı-ı… – Kapitan aktrisanın başını sığalladı. Əvvəlki yerinə qayıtdı.

— Bəs Tanailidinin Gövhər Qazıyevanı evə qonaq çağırdığı gün necə, yadındadır?

— Gövhər xanımı? – Mədinə təkrar soruşdu.

— Nə çox sual verirsən… – Kapitan sifətini turşutdu. – Xanıma bir bax!

Qız tez səhvini düzəltdi.

— Yadımdadır.

“Göyərçin” ləqəbli Gövhər Qazıyeva ilk azərbaycanlı aktrisa idi. Panfiliya ilə hələ lap cavan vaxtlarında Tiflisdə tanış olub dostlaşmışdılar. “Göyərçin” aktyor Mirzəağa Əliyevə ərə gedəndən sonra səhnəni atmış, Bakıya köçmüşdü. İki teatr xadiminin xoşbəxt ailə həyatı uzun çəkməmişdi, Mirzəağa Əliyev sürgünə göndərildikdən sonra onların yolları ayrılmışdı. Otuzuncu illərin əvvəlində Gövhər Qazıyeva Təbrizə getmişdi və Bakıya bir də 1937-ci ildə qonaq gəlmişdi. Təbii ki, köhnə rəfiqəsinə pay gətirmişdi: İran siqaretləri.

— Hə, onda Tanailidinin İran siqareti fısqırda-fısqırda dediyi sözlər də, şübhəsiz, yadındadır:“Bəh-bəh! Tütün deyəndə budu! Yoxsa bizimki? Zibildi, çəkmək olmur”. Belə olmuşdu?

— Siz haradan bilirsiniz?

— Mə-ə-n? – Kapitanın gözləri böyüdü.

Mədinə daha bir səhvə yol verdiyini başa düşdü.

— Yox, eşitməmişəm, eşitməmişəm. Mən qulluq edirdim, otağa girib-çıxırdım.

İkinci geym də sona yaxınlaşırdı. Həlledici zərbəni vurmaq vaxtı idi.

— Eşitmisən, yaxşı eşitmisən. Başqa eşidən də olub və səndən fərqli olaraq, hara lazımdırsa, xəbər çatdırıb. Sənsə bir caninin özünün boynuna aldığı cinayəti inkar edirsən. Deyim, niyə? Çünki onunla əlbirsən. Xain etiraf edib ki, səni də hazırlayıb truppaya yeridib, gənclər arasında antisovet təbliğatı aparmağı tapşırıb.

Kapitan yalan danışırdı, Panfiliya bütün işgəncələrə dözüb heç kimə şər atmırdı. Amma o, əmin idi ki, lazım gəlsə, məhbəsdəki digər aktyorlardan birinə istədiyi sənədi imzalatdıra bilər.

Mədinə sustaldı. Əl atıb yapışmağa ümid çöpü tapmadı. Qışqırsa, səsi heç hara çatmayacaqdı. Qaçmağa yolu da yox idi – çopur kişi qapının ağzını kəsdirmişdi. Lap elə qışqırsaydı, qaçıb özünü Adil İskəndərovun üstünə salsaydı, bu şəraitdə rejissor nəyisə dəyişə bilərdimi?

Kapitan aktrisanın fikirlərini gözlərindən oxudu. Ona düşünməyə imkan vermədi:

— Girişdə qara maşını görmüsən? Bu gecə həmin maşında teatrdan iki nəfər gedəcək. Biri sən, biri də sənin o dikbaş rejissorun, maskalanmış düşmən!

Deməli, Adil İskəndərov da “maskalanmış düşmən” çıxdı?

Taleyin istehzasına bax ki, indi qızın yeganə pənahı elə cəlladının özü idi. Mədinə yalvarışlı nəzərlərini kapitana dikdi.

— Nəyə desəniz, and içim: mənim heç nədən xəbərim yoxdur. Mən günahsızam.

— Qui sine peccado est! – kapitan başını buladı.

— Nə? Nə dediniz?

— Kimin günahı yoxdur? Günahsız adam olmur.

— Mənə yazığınız gəlsin. Bircə anam var. İflicdir. Mənsiz o da yaşamaz…

— Bunun üçün əvvəl sənin özünə və anana yazığın gəlməlidir… Əlbəttə, bəzi məsələləri nəzərə ala bilərəm… Cavansan… Aldadılmısan… Düzəlməyə meyllisən… Gözəlsən… – Kapitan əllərini şalvarının ciblərinə salıb oynatdı. – Amma səndən bir hərəkət görmürəm axı!

— Siz deyin, mən neyləməliyəm?

Kapitanın ciblərində oynayan əlləri və şəhvət dolu həyasız baxışları hər şeyi açıq-aydın deyirdi.

Mədinə ağlayıb başını aşağı saldı.

— Mən… mən nişanlıyam. Yaxınlarda toyumuz olmalıdır.

Qız cəlladının ürəyini yumşaltmaq istəyirdi. Nişanlısı-filan yox idi. Əşrəfdən çox xoşu gəlirdi. Oğlanın da, deyəsən, gözü qızı tutmuşdu. Yan-yörəsinə hərlənirdi. Amma yaxınlaşıb sözünü deməyə cürəti çatmırdı. Həm Əşrəf özü utancaq idi, həm də Mədinə ona həddən artıq məğrur, əlçatmaz görünürdü.

— Mən sənə evlənmək təklif etmirəm, — kapitan Mədinəyə yaxınlaşdı. — Toyuna da çağırsan hədiyyə alıb gələrəm.

Qız bir az düşündü, sonra göz yaşlarını silib kəlağayısını açdı.

Kapitan əllərini ciblərindən çıxardı. Oyun bitmişdi.

(ardı var)

 

[1]Şimali Azərbaycanın bəzi rayonlarındakı kimi, Təbriz ləhcəsində də “ana”ya “nənə” deyirlər.

[2]Şurəvi — sovetlərə, sovetlər ölkəsinə, sovet adamlarına xas və aid olan. Sovet hakimiyyəti illərində Şimali Azərbaycana Cənubda “şurəvi” də deyirdilər. 

[3]Pyesdə Vaqiflə Qacarın dialoqundan sitat.

[4]Tamaşa Vaqifin dostu şair Vidadinin Kür qırağında, ağac altında namaz qılması ilə başlayırdı.

[5]Monoloqun altı misrası sonradan ixtisar edilib və Səməd Vurğunun kitablarına salınmayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 9,00 из 10)
Oxunma sayı: 803