Muəllif:

Sənət əbədidir, ömür amanat…

(əvvəli Ayna.az saytının 13.12.2018, 14.12.2018, 15.12.2018 tarixli buraxılışlarında)

Nə qədər gec olsa da, qapını təkrar taqqıldatmaqdan başqa çarə yox idi.

Bir azdan dəhlizdə öskürək səsi eşidildi. Qapı sorğu-sualsız açıldı. Səməd Vurğunu qarşısında mil-mil zolaqlı pijamada görəndə Adil İskəndərovun boğazı qurudu. Pijama həbsxana paltarına oxşayırdı.

— Nə olub, ayə? Bu nə haldır, düşmüsən? Dalınca qovanmı var? – şair təəccüblə soruşdu.

— Sabaha qalası söhbət deyildi, — rejissor udqunub astadan cavab verdi.

— Keçək mətbəxə, uşaqlar yatıb.

Yan otaqda balaca qız ağladı. Ardınca qapıda Xavər xanım göründü. Üç yaşlı Yusif anasının yanını kəsdirib ətəyindən yapışmışdı.

— Kimdir, Səməd? Boy, Ədil qardaş? Xoş gəlmisən. Xeyirdimi?

— Salam, — rejissor utana-utana gülümsədi. — Bağışlayın… mən…

— Xeyir olar, inşallah, — şair onun sözünü kəsdi. – Sən uşaqları yuxuya ver, bizim işimiz var, mətbəxdə oturacağıq.

— Çaydan-zaddan…

— Aaz, dedim, yatışın, — Səməd Vurğun bozardı. Adil İskəndərovun vədəsiz və xəbər-ətərsiz gəlişi onu həyəcanlandırmışdı. Nəsə mühüm hadisə baş vermişdi ki, zəng də eləməmişdi. – Çaydanı özüm qoyaram.

Şairlə rejissor mətbəxə keçib qapını örtdülər. Səməd Vurğun pəncərəni açdı.

— Hə, indi danış. Gecənin gecə vaxtı kefindən gəlməzsən. Amba yavaş-yavaş, bəddiyin hamısını birdən üstümə tökmə. Bu gün onsuz da qanımı it qanına döndəriblər. Yorulmurlar ki, biz də bir hovur dincimizi alaq. Bundan yapışırsan, onu aparırlar, ondan yapışırsan bunu. Artıq-əskik eləyənin özünü çəkirlər məhşər ayağına. Sən canın, bir buna bax! – Səməd Vurğun içi kötüklərlə dolu külqabının altındakı qəzeti masanın üstündən götürdü. – Gör nə yazır! “Vurğunun sovet epoxamızın qabaqcıl ideyaları ilə ayaqlaşa bilməyən poetik istedadı mənasız, hətta ziyanlı bir şeyə çevrilir… Vicdanı və məsləki…” – Şair cümləni axıra çatdırmadan əsəbi halda qəzeti yerə atdı. – Mənəmmi, ayə, a qıvlasız, “vicdanı və məsləki satan”? Yalansa sənin… – O, küncə qoyulmuş rəfdəki qalağı Adil İskəndərova göstərdi. — Hələ bunlara fikir ver! Son bir-iki ildə haqqımda yazılanlardır, daha doğrusu, onların bir hissəsidir, yığıram.– Vurğun dartıb qəzetlərdən birini qalaqdan çıxardı. “Kommunist” idi. Oxumağa başladı. – “Bəzi yoldaşların – Ələkbərlinin, Səməd Vurğunun çürük liberalizmi üzündən əclaf Tağı Şahbazi Simurğ, Əhməd Cavad, Böyükağa Talıblı Yazıçılar İttifaqında uzun zaman qalaraq, sovet yazıçısı adından istifadə etmişlər…” Ay sən öləsən! – Şair “Kommunist”i də yerə atıb “Ədəbiyyat”ı götürdü. — Bə bu? “Səməd Vurğun dünyaya ancaq primitiv, köçəri bir xalqın gözü ilə baxır, onun hiss və duyğuları, onun arzu və əməllərilə yaşayır…” – Vurğun başını qaldırdı, Adil İskəndərova baxdı. – Bə kimin arzu və əməlləriynən yaşamalıyam, a düdəmə? – Sonra o, növbəti sitata keçdi. – “Vurğun yaşadığı köləlik kəndinin… idiotizminə göz yumaraq onu “Vətən” deyə sevmiş, sinif xaricində bir aləm kimi mənimsəmişdir…  Şair…” Yox… Hə, buna qulaq as: “Şair… işçi sinfinin revolyusiya taktikasını anlamır… zərərli fikirlərini davam etdirir… proletariatın qabaqcıl rolunu inkar edir…” Neçə dəfə duz-çörək kəsmişik bu başyeyənnən! – Ev sahibi dördüncü qəzeti açdı. – “…Sosializm ruhunda tərbiyələnmiş gənc Azərbaycan qadınlığına böhtan atır… Səməd Vurğun çox lovlağalanır, özünü Qafqazın tək şairi adlandırır, öz Humayını böyük Puşkinin Tatyanası ilə yan-yana qoyur… məsuliyyətə cəlb edilməlidir… cəzalandırılmalıdır…”.

Adil İskəndərov susurdu.

— Nə isə… Xarab zamanadır. — Ürəyini boşaldıb xeyli sakitləşmiş Vurğun qəzetləri yerdən yığdı, rəfə tulladı və yorğun səslə davam etdi. – Heç kim ittiham edənin yaxasından yapışmır ki, dediklərini sübut et. Hamı təqsirləndirilənə deyir, boynuna al! – O, bir siqaret yandırdı, tüstünü havaya buraxıb hələ də ayaq üstə qalmış qonağa yer göstərdi. — İndi nəyi boynumuza qoymaq istəyirlər?

Rejissor son iki günün hadisələrini, dünən axşam Zinaida, bu gecə Əşrəflə olan söhbətlərini şairə danışdı. Səməd Vurğun mətbəxdə gəzişir, bir yerdə durmur, gah əlini belinə qoyur, gah ovucları ilə dalğalı saçlarını geri sığallayırdı. Adil İskəndərov sözünü bitirəndə o, üçüncü siqaretin kötüyünü külqabıya basıb birini də yandırdı və oturdu.

Araya uzun sükut çökdü.

— Qəribədir! – rejissor matdım-matdım şairin üzünə baxdı.

— Nədir, ayə, qəribə? Qəribə odur ki, sən bu söz-söhbəti təzə eşidirsən.

— Necə? – Adil İskəndərovun heyrətdən ağzı açıq qaldı. – Sən bilirdin?

— Neçə gündür, tamaşaya baxmadan, bilmədən, ağzıgöyçəklər küncdə-bucaqda xosunlaşırlar. Bə nə düşünürsən, bu goreşənlər elə-beləmi təzədən üstümə ayaq alıblar?

— Mənə niyə demirdin?

— Fikirləşdim ki, xəbərin varsa, dinmirsənsə, mərd adamsan. Yox, xəbərsizsənsə, elə başını aşağı salıb işini görsən yaxşıdır. Bu vəziyyətdə nağayrasıyıq ki? Mən özüm, görüm, nə yol tapıram.

— Finalı dəyişə bilərik.

— Nəyin, ayə, finalını? – Vurğun gözlərini qıydı.

— Tamaşanın.

— Nə təhər dəyişə bilərik?

— O təhər ki, şair axırda sağ qalar, ədalət zəfər çalar!

— Sən faciəni xoşbəxt sonluqla bitirmək istəyirsən?

— Mən öz sonumuzun yaxşı bitməsini istəyirəm. Qoy faciə olmasın, dram olsun.

— Tarixi təhrif edək? Deyirsən, Vaqifin taleyini dəyişək?

— Əgər Molla Pənah bilsə ki, bundan azı iki nəfərin taleyi asılıdır və onlardan biri böyük şairdir, özü də razı olar.Yazıb çatdıra bilərsən?

Vurğun başını aşağı saldı və fikrə getdi. Siqaretinin yerə tökülmüş külünü çəkələyin altı ilə döşəməyə sürtüb soruşdu:

— Lap tutaq ki, mən çatdırdım, bə sən? Sabah… hmm… hardan oldu sabah… Sabah artıq başlayıb. Bu gün axşam Bağırov baxışa gələcək.

— Söhbət yalnız sonuncu səhnədən gedir. – Rejissor Vurğunun tərəddüdünü hiss edib canlandı. – Mətni tez versən, aktyorları bir-bir yatağından qaldırası olsam da, çatdıraram. Sonra premyeraya qədər beş-altı gün də vaxtımız olacaq. Başqa yol görürsən?

Səməd Vurğun yenidən gözlərini döşəməyə dikdi. Adil İskəndərov onun arıq barmaqlarına baxdı. İndi əsəbi halda masanı döyəcləyən bu barmaqlar nə qədər füsunkar əsərlər yaratmışdı! Hələ nə qədər yarada bilərdi! “Yaxamdan əl çəksin bu qara böhtan. Ellərin bağında ötən bir quşam, Bir az da vaxtından tez doğulmuşam…” “Saçlarım ağarır, ömrüm gödəlir. Qapımdan çəkilsin qara buludlar, Mənim günəş adlı bir vicdanım var…” “Çəkilsin gecənin qaranlıqları, Ömrə son sözümü deməmişəm mən, Vaxtsız ölümmüdür üstümə gələn?..”[1]

Rejissor əmin idi ki, şair bir az da götür-qoy edəndən sonra onun planı ilə razılaşacaq…

— Yox! – Səməd Vurğun qəti əminliklə ayağa qalxdı. – Sən Mircəfəri yaxşı tanımırsan. Neçə dəfə mənə bir sözü dedirtdirib, sonra onu əlində dəyənəyə çevirib; şərait yaradıb ki, kiminsə xahişini edim, sonra hər yerdə başıma çırpıb, hədələyib. – Vurğun pıçıltıya keçdi. – Bu şayiəni də, güman ki, özü ortaya atdırıb. Kənardan diqqət yetirir, baxır, reaksiyamız necə olacaq? Əgər biz əl-ayağa düşsək, iki daşın arasında finalı dəyişsək, hamını inandıracaqlar ki, deyilənlər doğruymuş. Guya, Bağırov yoldaş duyuq düşüb, sirrimizin üstünü açıb, premyeradan əvvəl tamaşanı görmək istəyib, ona görə qorxudan sözümüzü danmışıq. Yox, keçəl suya getməz. Qoy hər şey olduğu kimi qalsın.

— Olduğu kimi? Səməd, mənim protokolum yazılıb. Təkcə imzası qalıb. Yəqin, elə səninkinin də. Bəlkə, hələ həbs qərarlarımız da hazırdır, bir imzaya bənddir…

Səməd Vurğun, nədənsə, şənləndi. Qalxıb çaydanı pilətənin üstünə qoydu.

— Ayə, yoldu dana, gedirik. Bilsən, kimlər, necə əjdahalar it-bata düşüb bu yolda?! Onlardan artıqmı kişilərik? Sən hələ şükürlüsən, adın yazılıb, imzan-möhürün çatışmır. Bizim Qazaxda bir dəyyus nəçənnik var idi. Qəza firqə katibi ilə kəndi-kəsəyi gəzməyə çıxanda çantasında “troyka”nın imzalı-möhürlü qərarları olurdu. Bircə ad yerləri boş saxlanırdı. Kim gözlərinə şübhəli dəysə, adını həmin boş yerə salırdılar, aparıb dərənin dibində güllələtdirirdilər. Təsəvvür edirsən, günahkar tapılmamış, insan hələ həbs edilməmiş ölüm hökmü hazır olurdu. Məni də rayondan həmin əzazil firqə katibi didərgin saldı. Qori seminariyasını bizim rayona köçürmüşdülər. Seminariyanı bitirəndən sonra Köçəsgərdə müəllimlik edirdim. O illər müəllimlərin avqust müşavirələri çox gurultulu keçirdi. Müəllimlərdən savayı, qəza başçıları, Maarif komissarlığının nümayəndələri yığışırdılar. Məruzədən sonra çıxışlar, təftişlər başlayırdı. Müəllimlərin sinfi mənşəyi yoxlanırdı, sıralar “düşmənlərdən” təmizlənirdi. Bir dəfə yenə keçmişinə görə müəllimlikdən qovulanların siyahısı oxundu. Aralarında Məmmədağa adında yaşlı bir müəllim vardı. Yaxşı tanıyırdım, bizim kənddəniydi, kasıb, fağır adamıydı. Söz istədi, vermədilər, “çıx müşavirədən” deyib üstünə çımxırdılar. Əl çəkmədi, axır razılaşdılar ki, bir dəqiqəliyinə sözünü desin. Qoca işini bilirmiş, tədarükünü görübmüş. O, səhnəyə özü ilə bir torba da gətirdi. Əlini torbaya salıb əvvəl tısbağa çıxartdı, başının üstünə qaldırıb “Ay camaat, bu nədir?” soruşdu. Dedilər: “tısbağa”. Sonra əlini bir də torbaya salıb nəsə çıxartdı. “Bə bu nədir?” Cavab verdilər ki, “qurbağa”. Yenə əlini torbaya saldı. “Tısbağa, qurbağa, tısbağa, qurbağa” deyə heyvanları səhnədə yerə səpələdi. “Bunların hamısının axırında “ağa” sözü var, demək, bəy nəslindəndilər, sinfi düşməndilər? İndi neyləyək, deyirsiniz, bunların kökünü kəsək? Nə olsun ki, adım Məmmədağadır. Vallah, mən də bunlar kimi “ağa”lardanam: tısbağa, qurbağa, Məmmədağa. İnsafınız olsun, adına görə də adamı işdən qovarlar?” Əvvəl zala sükut çökdü. Sonra hamı birdən şaqqanaq çəkdi. Camaatın gülməyi qəza firqə katibimizin – adı Abdal idi, Abdal Yusifov – acığına gəldi, axı işi özü qurmuşdu. Durub qəzəbini məktəb direktorlarının üstünə tökdü. Sözü hərləyib Köçəsgər məktəbinə gətirdi:“Məktəb bərbad haldadır, yazı taxtaları, partalar sınıqdır, süpürgəsi yoxdur. Məktəbin direktoru Səməd ağa Vəkilov isə boş-boş gəzib boynunu yoğunladır”. Dəliqanlı vaxtlarımıydı, hirs təpəmə vurdu, dimdik ayağa qalxdım, firqə katibinin sözünü kəsdim. “Yoldaşlar, — soruşdum, — baxın görün kimin boynu yoğundur: mənim, yoxsa Abdal Yusifovun?” Mən nazik, şıvırtı kimi oğlanıydım. Yusifov isə göbək, buxaq bağlamışdı. Qəzanın sahibinə belə söz demək olardı? Katib əvvəl çaşdı, amma tez özünü ələ aldı:“Təqsir məndədir ki, sənin kimi bəy balasını indiyə qədər sağ qoymuşam. Sənin yerin Nargin adasıdır”. Bir də üzünə qayıtdım:“Nə olar, ora kişilərin yeridir”. “Yaxşı, Səməd, – bağırdı, – sənin dilini kəsmək mənə borc olsun”. Fasilədə dostlarım məni gizlətdilər. Gecəynən qaçırdıb Qubaya, qardaşım Mehdixanın yanına göndərdilər. Yusifov qəzanı ələk-vələk elədi, tapammadı…

O gecə Səməd Vurğunun mətbəxində işıq səhərə yaxın söndü. Adil İskəndərov içki içən deyildi, şirin söhbəti eləcə çaynan yola verdilər. Uşaqlıqlarını, tələbəlik illərini yada salır, deyib-gülür, zarafatlaşırdılar. Həmişə özünü ciddi aparan, azdanışan Adil İskəndərov, sən demə, məzəli, sözlü-duzlu adam imiş, hətta xeyli gülməli vəziyyətlərdə olubmuş.

Heç kim sabah başına nə gələcəyini bilmir, bu barədə düşünmürdü də.

Üçüncü səhnə.
28 sentyabr, 1938-ci il, çərşənbə

İkinci gecə idi ki, Adil İskəndərov cəmi üç saat yatırdı. Amma bu gün özünü dünənkindən xeyli gümrah hiss edirdi – nə beyni dumanlı, nə ürəyi səksəkəli idi.

O, hər səhər olduğu kimi, pəncərəyə yaxınlaşıb küçəyə baxdı.

Nəm asfalt günəş işığında bərq vururdu. Çörək mağazasının qarşısında qadınlar, üzərində «Tabak» yazılmış köşkün qabağında kişilər sıralanmışdılar. Qonşular bir-biri ilə hal-əhval tutur, tələsənləri qabağa buraxırdılar. Qoca ayaqqabıtəmizləyən qalstuklu müştərisini məxmər örtüklü kətildə əyləşdirib yaşına uyğun olmayan bir cəldliklə onun çəkmələrini sürtürdü. Yaşıl qotazlı yeşikdə ayaqqabıtəmizləyənin irili-xırdalı, bəlkə, əlli fırçası var idi, birini qoyub o birini götürürdü. Qoca işini qurtarıb dikəldi. Müştəri hündür kətildən düşdü, pul uzatdı. Ayaqqabıtəmizləyən pulu alıb sağ cibinə qoydu və elə bu an yanlarını basa-basa ətrafında hərlənən göyərçinlər onun üstünə cumdu. Qoca qəhqəhə çəkdi, əlini sol cibinə salıb bir ovuc qovurğa çıxardı və göyərçinlərə səpələdi. Tində isə ağ xalatlı toppuş xala başına toplaşmış pionerlərə pirojki satırdı. Şabalıdqovuran oğlanın sobası tüstülənirdi, onun “aerodrom” kepkalı yoldaşı alıcıları dadlı şabalıd və xoş sözlərlə yola salırdı. Həyat gözəl, rəngarəng və qeyri-adi idi.

Adil İskəndərov qovrulmuş təzə şabalıdın iyini burnunda hiss etdi. O, şirin-şirin gərnəşib yuyunmağa getdi. Dərhal da kostyumunu geyib evdən çıxdı. Yolu keçib “aerodrom” kepkalı oğlandan şabalıd aldı. Elə oradaca qaynar, partlaq-partlaq olmuş şabalıdların bir neçəsini üfürə-üfürə soydu, ağzı yana-yana yedi. Sonra geri qayıtdı, ayaqqabıtəmizləyənə yaxınlaşıb məxmər örtüklü hündür kətilə oturdu. Qoca öz işini bitirənədək rejissor şabalıdın qalanını dırnaqları ilə didib göyərçinlərə yedirtdi.

Qəribədir, niyə indiyədək bunların heç birini eləmək ağlına gəlməmişdi?

Hava isti idi. Adil İskəndərov plaşını çıxardıb qoltuğuna vurdu, qalstukunu boşaltdı. Dram teatrına gələndən birinci dəfə idi ki, işə tələsmirdi. Və ömründə ilk dəfəydi səhər yeməyini restoranda yeməyə gedirdi. Könlü belə istəyirdi.

Rejissor “Köhnə Avropa” mehmanxanasının restoranından çıxanda gün günortanı ötmüşdü. Teatrın binası uzaqdan görünürdü: o, mehmanxana ilə eyni küçədə yerləşirdi.

Bu bina yaşca rejissordan düz iki dəfə böyük idi. Onu 56 il əvvəl milyonçu-xeyriyyəçi Zeynalabdin Tağıyev öz torpağında, öz puluna şəhər üçün tikdirmişdi. Sonradan teatr dəfələrlə təmirə dayanmışdı, 1909-cu ildə elə yanmışdı ki, quruca divarları qalmışdı, 1918-ci ildə, mart qırğınları zamanı gülləbaran edilmişdi, yararsız hala salınmışdı, zala od vurulmuşdu. Axırıncı dəfə müsəlman teatrını bolşeviklər bəpra etmişdilər, amma binanın bəxti gətirmişdi: onu Rus dramasının gününə salmamışdılar, sadəcə, əvvəlki vəziyyətinə qaytarmışdılar. Deyilənlərə görə, bunun üçün şəhər musavatçıların baş arxitektor vəzifəsinə gətirdikləri, kommunistlərin isə ilk illər toxunmadıqları Zivərbəy Əhmədbəyova minnətdar olmalı idi. Təəssüf ki, təmir növbəsi Rus dramasına çatanda Zivərbəy artıq sağ deyildi.

Adil İskəndərov binaya sanki yeni gözlə baxırdı. Niyə bu vaxtadək onun gözəlliyinə biganə qalmışdı? Köç desələr, şlyapasını başına qoyub, qovluğunu qoltuğuna vurub köçərdi. Onunçün harada tamaşa qoymağın fərqi yox idi, təki zal və səhnə teatr qanunlarının bütün tələblərinə cavab verəydi. Bəs qadın yaylığına bənzər tağlarla haşiyələnmiş bu şəbəkəli pəncərələr? Daşı yarıb günəşə boy atan zanbaqlara oxşar divar fənərləri? Səki bərabəri qabağa çıxmış, rəqs meydançası kimi geniş eyvanlar?

Yox, Adil İskəndərov öz teatrını heç nəyə dəyişməzdi, girişindən tutmuş sonuncu – 43-cü lojasına qədər onu sevirdi. Sənətini sevirdi, şəhərini sevirdi, Zinaidanı sevirdi! Qız dərsdə olmasaydı, qaçıb onu evdən, ya Rus dramasından götürərdi, başqa cavanlar kimi, əl-ələ tutub küçələri gəzərdilər! Kinoya gedərdilər!!! Hələ bir dəfə də Zinanı kinoya aparmamışdı. Nəyə, kimə lazım idi bu təkəbbür, ciddilik, özünə və başqalarına qarşı hədsiz tələbkarlıq? Ömür su kimi barmaqların arasından axıb gedirdi! Ovucda qalan nə olacaqdı?

Rejissor saatına baxdı. Onsuz da kinoya vaxt çatmırdı. Tamaşaya hazırlaşmaq lazım idi. Aktyorlar da, yəqin, yavaş-yavaş toplaşırdılar. Zina ilə bağlı planlar sabaha qalırdı…

Teatrın əsas girişindən bir az qabaqda, yolun qarşı tərəfində dayanmış qara “emka” Adil İskəndərovu göylərdən yerə endirdi. Sanki rejissor sıldırım qayanın başında dayanıb okeanın gözəlliyini seyr edirdi və birdən-birə onu itələyib yarğanın dibində çırpınan dalğaların qoynuna atdılar. Sanki qum saatını tərsinə çevirdilər və bundan sonra o, zamanı əksinə saymağa başladı. Sanki “emka” kol dibində marığa yatmış qara köpəkdi. Adil İskəndərova aydın idi ki, ac “köpək” buradan əliboş qayıtmayacaq və onun şikarının kim olacağını təxmin edirdi.

Deyəsən, bunu anlayan tək rejissor özü deyildi. O, içəri girəndə foyedə xısınlaşan bir neçə aktyor dərhal səsini kəsdi. “Simsiz teleqraf” işə düşmüşdü: teatr səmasında parlamağa başlayan yeni “ulduz”un necə söndürüləcəyinə tamaşa etmək istəyən xəbislər bir-birlərinə xəbər çatdırıb yığışmışdılar.

Rejissorun salamı cavabsız qaldı. Kimi ağzını yana tutub söz atdı, kimi sevindiyini gizlətmədən istehza ilə qımışdı. Adil İskəndərov adamların arasından şəstlə keçib ikinci mərtəbəyə qalxdı, otağına girdi, qapını örtdü və onu kimin birinci açacağını gözləməyə başladı.

(ardı var)

 

[1] Səməd Vurğunun “Böhtan” (1937) və “Döyür pəncərəmi qışın ruzigarı” (1935) şeirlərindən misralar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (7 оценок, среднее: 9,57 из 10)
Oxunma sayı: 1260