Sənət əbədidir, ömür amanat[1]…
(əvvəli Ayna.az saytının 13.12.2018 – 17.12.2018 tarixli buraxılışlarında)
Səhnədə həzin musiqi səslənirdi. Pəjmürdə və son dərəcə dalğın Xuraman qayada ovulmuş zindanda edam saatını gözləyən şairə yalvarırdı.
— Vaqif, ey sərvərim, ey tacidarım!
Vaqif ona xəyanət etmiş qadına fəryadla cavab verirdi:
— Nə var, nə deyirsən, vəfalı yarım?
— Uydum bu dünyada nazü-nemətə,
Özüm də bilmədən uydum şöhrətə.
Bilmədim axırı zəhrimarımış…
Hər qızıl xəzinə bir şahmarımış…
İndi öz əlinlə gəl öldür məni,
Nə qədər alçaldım, alçaltdım səni…
— Get, get, vəfasızsan bu dünya kimi!
Görünmə gözümə bir röya kimi…
***
Səhnənin altında, dərzi sexində kapitan Mədinəni arxadan qucaqladı. Qızın boynundan öpdü. Mədinənin əti ürpəşdi. Kapitan onun başından tutub sifətini yumşaq örtüklü ütü masasına yapışdırdı. Aktrisanın topuqlarına düşən donunu ovuc-ovuc yığıb belinə saldı. Tumanını çıxardı. Sonra özü şalvarının qabağını açdı. Ağzı sulana-sulana qızın şümal, titrəyən ayaqlarına, zərif dərili, çəhrayı dalına baxdı…
***
…Xuraman şairin yanından məyus və peşman qayıdırdı. Uzaqdan onun qəmgin nəğməsi eşidilirdi:
— Bir ceyrandım, hürkütdülər yatağımdan,
Bir quş idim, ayrı düşdüm budağımdan,
Külək əsər, yarpaq düşər, çiçək solar…
Viran qalmış mənim bu can otağımdan.
Vaqif bu nəğmədən mütəəssir olub bəşəriyyətə ağı deyirdi:
— Budur, yer üzünün əşrəfi insan
Yaradır gündə bir hicranlı dastan.
Nəydi, o yazığın nəydi günahı?
İndi çöllərmidir onun pənahı?
İnsan! O müqəddəs bir kainatdır,
O saf qəlbi pozan yalnız həyatdır…
***
…Kapitan iki əlini də aktrisanın paçasının arasında soxdu. Qızın ehtiras doğuran, yumşaq budlarını sığallaya-sığallaya ayaqlarını araladı. Mədinə iyrənirdi, hər şeyin tez bitməsini istəyirdi. Kapitansa ləzzəti uzadırdı. Onun iri əlləri yavaş-yavaş yuxarı qalxıb cütləşdi. Sonra kənarlara sürüşüb qızın top kimi yumru və tarım yanlarını kişinin qasığına sıxdı. Kapitanın başı gicəlləndi, o ah çəkdi və elə ayaq üstəcə bütün bədənini irəli verdi.
***
…Vaqif məhbəsin pəncərəsindən Xuramanın getdiyi yola baxırdı:
— Qapıçı! Qapıçı, çağır gedəni!
Oğul! Lap oyatdı o mahnı məni.
Bəzən yanılsa da gözəl bir mələk,
Ondan iyrənsə də hər duyan ürək,
Buna müqəssirdir, şübhəsiz, zaman…
Qapıçı geriyə bəd xəbərlə qayıdırdı:
— Özünü qayadan atdı Xuraman!
Vaqif başını əllərinin arasına alıb dad çəkirdi:
— Of… partla, ürəyim! Yazıq Xuraman!
Bizim eşqimizi məhv etdi zaman…
***
…Mədinə birdən-birə içində kəskin ağrı hiss etdi. Qışqırmaqdan özünü güclə saxladı. Ancaq ağrı get-gedə böyüyürdü. Elə bil içində ocaq qalanmışdı və kapitan onu körükləyirdi. Qız nifrət və əzabdan dişlərini bir-birinə pərçimlədi. Sol əli masanın küncünü elə sıxdı ki, dırnaqları yumşaq örtüyü deşdi. Ancaq sağ əli masanın o biri küncünə çatmadı, ağır dəmir ütünün qulpuna keçdi. Kapitanın növbəti güclü təkanı Mədinənin ağlını başından çıxardı. Qız ortadan geri qatlandı. Sağ əli havada qövs cızıb it kimi ləhləyən kişinin alnına çırpıldı.
Ulartıya çopur NKVD işçisi qapıdan özünü içəri atdı…
***
Tamaşanın final səhnəsi idi. Molla Pənah Vaqifi oğlu Əlibəylə edam etməyə gətirdilər.
Şeyx. Dayanın!
Vaqif (kinayəli). Mümkünmü durub dayanmaq?
Şeyx (Əlibəyə). Oğlum, sən Allahın qüdrətinə bax.
Əlibəy. Uzun mırıldama satılmış alçaq,
Səni də udacaq bu qara torpaq!
Nə oldu, tez gəlsin, deyin, cəlladlar.
Şeyx (ətrafa). Əstəğfurullah! Kafirə bir bax.
Vaqif (qürub etməkdə olan günəşi seyr edərək oğluna).
Günəş qürub edir, donur kainat,
Əzəldən belədir vəfasız həyat.
O mənim ömrümün timsalıdır, bax!
Sönən bir varlığın xəyalıdır, bax!
Mən də yaradıldım, mən də parladım,
Gözəllər ağzından düşmədi adım.
İndisə… yelkənim toxundu daşa,
Bir insan ömrünü vurmadım başa.
Oğlum, alışıram, yanıram, aman!
Səni öldürürlər mənim ucumdan.
Qoy uçsun başıma qayalı dağlar!
Əlibəy. Ata! Sənin günəş boyda bir vicdanın var!
Çiynində el dərdi daşıyacaqdır,
Bu dünya durduqca yaşayacaqdır.
Cəlladlar əllərində qılınc səhnəyə çıxdılar.
Şeyx. Kəlmeyi-şəhadət alın dilinizə!
Vaqif (oğlunu bağrına basaraq cəllada tərəf).
Nə qədər olsa da, qanın var, cəllad!
İnsanın canından şirindir övlad.
Məni qorxutmayır bu vaxtsız əcəl
İnsaf et, qabaqca məni öldür, gəl.
Gözlərim görməsin övlad qanını!
Uçurma könlümün xanimanını.
Şeyx (kinayəli). Yenə rənginizdə bir sarılıq var.
Vaqif. Qafil! Gün batanda rəngi saralar!
Şeyx. Bu fani dünyanı artıq unudun,
İndi yönünüzü qibləyə tutun!
Orkestr astadan cəngi çalmağa başladı. Səs sanki uzaqdan gəlirdi. Baş cəllad əvvəl Əlibəyə yaxınlaşıb onu arxadan vurdu.
Vaqif (başını əlləri arasına alaraq).
Of… Sənin gözlərin kor olsun, cəllad!
Sənə demədimmi şirindir övlad?!
Cəllad eyni hərəkətlə Vaqifi də vurdu, şair yıxıldı.
Şeyx. Meyitlər soyusun səhərə qədər.
Vidadi pəjmürdə halda səhnəyə daxil oldu. Can verən Vaqifi görən kimi fəryad çəkdi:
Vidadi. Vaqif!
Vaqif (zəif səslə). Vidadi! Qardaşım, sənmisən, gəl, gəl…
Bizi ayrı saldı bimürvət əcəl.
Vidadi (onun başını dizləri üstə qoyaraq).
Gəldim sağlığında görüşək yenə,
İnsan aldanırmış xəyal deyənə.
Kor olsun gözlərim, nələr görürəm?
Günəşi tutulmuş səhər görürəm.
Vaqif. Ağlama, qardaşım! Sən yaşa, yarat,
Yaxındır gözlənən azad bir həyat.
Şair keçindi. Vidadi dostunun alnından öpdü.
Vidadi. Söndü… Şerimizin günəşi söndü…
Həqiqət əbədi xəyala döndü.
Susdu bağçamızın şeyda bülbülü,
Saraldı yurdumun qönçə bir gülü.
Vaqif! Gözlərini aç, aləmə bax!
Buludlar qaralır matəm tutaraq.
Ölməz böyük dili şerin, sənətin!
Vaqif! Sən oğlusan əbədiyyətin!
Qoca Vidadi ayağa qalxdı, əllərini göylərə qaldırıb qışqırdı:
— Daşdan yaranmayıb, ətdəndir ürək!
Tfu… sənin təxtinə, ey çərxi-fələk…
Orkestr guruldayıb susdu. Teatr sükuta qərq oldu.
Aktyorlar, pyesin müəllifi və tamaşanın rejissoru bağlı pərdə arxasında zaldan reaksiya gözləyirdilər. Səməd Vurğunla Adil İskəndərovun həmin dəqiqələrdə hansı hisslər keçirdiklərini səhnədəkilərdən yalnız Sidqi Ruhulla bütün dərinliyi ilə duya bilərdi. Qacar rolunun ifaçısı suyun içində idi, tər dabanından axırdı. Oynadığı rol onun taleyini oğlu yaşında bu iki gəncin taleyi ilə sıx bağlamışdı.
Zalın axırında ikiyaruslu balkonun birinci qatında teatrın qalan işçiləri toplaşmışdılar. Onlar başa düşürdülər ki, tamaşa sona yetsə də, ictimai baxış hələ bitməyib. Hər kəs, hətta allahsızlar da Yeri-Göyü Yaradana yalvarırdı — hərə ürəyində bir arzu tutmuşdu. Təkcə sarışın katibəyə fərq etmirdi: istənilən halda, rəfiqələrinin həsəd dolu baxışları altında qadının danışmağa xeyli sözü var idi. “Birinci”ni lap yaxından, öz gözləri ilə görmüşdü, direktorun otağında ona çay vermişdi. “Qızla-ar, çayı qabaqına qoyandaaa, он так посмотрел на меняаа…”[2]
Parterdə isə Mircəfər Bağırov tamaşanın əvvəlində olduğu kimi dizinin üstünə qoyduğu əllərinə baxırdı. Sanki onlarla danışır, məsləhətləşirdi. Sağda və solda əyləşmiş büro üzvləri gözlərini rəhbərə zilləmişdilər. Tamaşa hamının xoşuna gəlmişdi, amma heç kim partiya sədrindən qabaq əl çala bilməzdi. Ümumiyyətlə, əl çalmaq lazım idimi? Bəlli deyildi…
Adil İskəndərov yanılmırmış: zaman da, məkan da, doğrudan, nisbi imiş! İliklərə işləyən bu gərginliyin nə qədər davam etdiyini, həmin anlarda xəyalının haraları gəzdiyini dəqiqlikdə deyən tapılmazdı.
Nəhayət, Bağırov əvvəlcə başını, sonra yavaş-yavaş əllərini qaldırdı. Yerindən durmadan ovuclarını səssizcə bir-birinə vurmağa başladı. Onun sağ və sol tərəfindən, ardınca balkondan alqışlar yüksəldi.
Səhnədə Sidqi Ruhulla sevincindən ağlayırdı. Aktyorlar – Ələsgər Ələkbərov, Fatma Qədri, Möhsün Sənani, Sona Hacıyeva, Mustafa Mərdanov, Əli Qurbanov, İsmayıl Dağıstanlı, Əzizə Məmmədova, dublyorlar Kazım Ziya, Rza Əfqanlı uşaq kimi atılıb-düşür, müəlliflə rejissoru qucaqlayırdılar. Səməd Vurğunla Adil İskəndərov onların qolları arasından qurtarıb pərdənin önünə çıxdılar.
***
Mircəfər Bağırov foyedə Vurğunla söhbət edirdi. Daha çox rəhbər danışır, şair qulaq asırdı. Siyasi büro üzvləri xeyli arxada dayanmışdılar, birinci katibin nə dediklərini eşitməsələr də, mimikasını, hərəkətlərini izləyirdilər. Arada Vurğun nə söylədisə, rəhbər güldü, büro üzvləri də dərhal bir-birlərinə dişlərini göstərdilər. Bağırov tamaşa zalının foyeyə açılan qapısının ağzında yığışanlara baxdı. Əl işarəsi ilə onların arasından kimisə yanına çağırdı. Bu işarənin Adil İskəndərova aid olduğu heç kəsdə şübhə doğurmadı.
Rejissor gəlib şairlə rəhbərin yanında durdu.
— Yaxşı, o məsələyə baxarıq, — deyə rəhbər şairin sözünü kəsdi, üzünü rejissora çevirdi və qəsdən səsini qaldırdı. — Mən sənin… birinci tamaşanı görmüşəm. Korneyçukun… “Platon Kreçet”ini. Gərək ki,.. “Polad qartal” adıynan… hazırlamışdın. Xoşuma gəlib… Bu tamaşan da… yaxşıdır. Təbrik edirəm… Amma… finalı… dəyişin… Xalqın şairi… heç vaxt… ölmür!!! Heç vaxt ölməz!!!
Rəhbər çaşıb qalmış rejissorun əlini sıxdı. Möhkəm sıxdı. Sonra şairlə sağollaşıb çıxışa doğru getdi.
Teatrın əksər işçiləri Adil İskəndərovu təbrik etməyə tələsir, ancaq bəziləri qıraqdan qanlı-qanlı ona baxırdı. Bağırovun əl çalması və foyedəki son sözləri nəinki tamaşanın şərti qəbul olunduğu, həm də iddialı rejissordan yaxa qurtarmaq istəyənlərin uğursuzluğu demək idi.
Adil İskəndərovu şəhər telefonuna çağırdılar. Səməd Vurğun da zəng etməli olduğunu deyib onunla getdi. Telefon söhbətləri uzun çəkdi. Sonra rejissor otağa çay sifariş vermək istədi, bufet bağlanmışdı, əlacsız qalıb yuxarı qalxdılar. Plaşı götürüb “Yeni Avropa”ya gedəcəkdilər: bu vədə yaxınlıqda açıq çayxana qalmazdı.
— Bu nəydi, ay Səməd? Niyə belə elədi? – qapını örtən kimi rejissor soruşdu.
— Pismi elədi, ayə? – Şair güldü. – Gərək bizi aparaydımı? Yox, tutdursaydı, özü şayiələri təsdiq eləmiş olardı. Amba yayılan söz-söhbətdən sonra pyesin finalını da belə qoyammazdı. Mənmi səni öyrətməliyəm: hər yeni tamaşa böyük müzakirə mövzusudu. Hadisədi! Özü də nə tamaşa?! Vurğunun ilk dram əsəri! – O, göz vurdu. — Dedimmi saa, Ədil, farağat dur, sonnuqnan işimiz olmasın. Onda özümüz dəyişsəydik, qanımız getmişdi. İndi partiya tapşırığı var! Sabah təzə final bu qara lələşində! Cəmi bir qonaqlığa. Beynimdə bişirmişəm.
Rejissor siyirmənin yuxarı gözündən və döş cibindən dörd qatlanmış iki vərəq çıxarıb şairə baxıa-baxa onları cırdı.
— Bəs o “voronok”u[3] səhərdən gətirib qapının ağzına qoymaq nə üçünüydü? – Adil İskəndərov tikə-tikə etdiyi kağız cırıqlarını zibilqabına atdı, plaşını və şlyapasını asılqandan götürdü, işığı söndürdü.
— Yəqin, bu fani dünyada kim olduğumuzu bizə xatırlatmaq üçün.
Rejissor otaqdan çıxmazdan əvvəl pəncərənin pərdəsini aralayıb küçəyə baxdı.
— Hələ də oradadır.
— Nə dedin? — Şairin əhvalı dəyişdi.
— Deyirəm, maşın… – rejissor da duruxdu, handan-hana sözünün arxasını gətirdi, — maşın hələ də orda dayanıb…
Onlar uzun müddət baxışdılar. Sonra Adil İskəndərov plaşı və şlyapanı yerindən asdı, daxili telefonun dəstəyini qaldırıb qısa bir nömrə yığdı. Çöldə divara vurulmuş zanbaq-fənərlər otağı kifayət qədər işıqlandırırdılar.
— Bəli, — dəstəkdən səs gəldi.
— Qadam, teatroda kim var?
— Hamı gedib, Ədil Rzayeviç. Mən bilən, bir sizsiz, bir də NKVD-dən olanlar.
— Heç nə başa düşmürəm, — şair başını bulayıb siqaret yandırdı. – Belə çıxır, bu, finalı özü yazmaq istəyir?
— Birini də mənə ver.
— Sən ki çəkmirsən.
— Eləcə fısqırdacam.
Səməd Vurğun dərin qüllablar vurur, Adil İskəndərov boş-boşuna püf-püf eləyirdi. Heç biri danışmırdı.
(Ardı var)
[1] Povestin hər hansı hissəsinin müəllifdən icazəsiz digər mənbələrdə dərci qadağandır.
[2] (rus) “məni elə süzdü ki…”
[3](arqo) NKVD-nin əsirləri daşımaq üçün istifadə olunan qara avtomobili. Həm rənginə, həm də qarıldamağı ilə bədlik gətirən qarğaya bənzədildiyinə görə el arasında belə adlandırılıb.