Muəllif:

SƏN SAYDIĞUVU SAY, BAYRAM…

Bayram Kürdəxanılı öldü. Onu maşın vurub öldürdü. Bəs bizim bayramlar niyə öldü? Onları kim vurdu, nə vurdu? Həm bilmirəm, həm bilirəm. Siz də bildiyinizi bilin. Onsuz da mən hamının bildiyindən artıq heç nə bilmirəm.

Bildiyim bizim kənddə bayramın necə ölməsidi. Onu dəqiq xatırlayıram. O günə kimi Novruzda dərsdən sonra uşaqlar, işdən sonra isə yaşlı-başlı kişilər kəndin ana küçəsinə, babamgilin tuşundakı açıq meydana yığışar, yumurta çaqqışar, yumurtahellətdi, küləbasdırma, təkmənəcüt oynayar, onların bizə qoşulması bayramımızı birə on artırardı. Ataların yanında daha ürəklə çaqqışar, daha ürəklə oynar, axırda da tonqal üstdən atlanmaq üçün atalarımızın əlindən tutub udduğumuz yumurtalar cibimizdə, uduzduqlarımız kədərli xatirimizdə evimizə dönərdik. Həmin gün böyüklü-kiçikli hamı uşaq olardı.

Yengidə yenə mərə qızışanda biz oynadığımızı oynayıb böyükləri gözləyirdik. Uzaqdan gəldiklərini görəndə sevindiyimizdən papağımızı göyə atdıq, ancaq papaqlar əlimizə çatana kimi onların beş həyət o yanda qəfildən dayandığını, nəsə danışdıqlarını, sonra isə dayandıqları qapının həyətinə girdiklərini gördük. Qızıl birçəkli Tovuz nənənin halı pisləşmişdi…

O il Tovuz nənəylə birgə kəndimizin tək bayramı – Novruz da öldü…

Dəqiq yadımdadı, ondan sonrakı il bir ata da bayramda kənd içinə çıxmadı. Elə bil o ötən bayramda onların uşaqlığı da ölmüşdü. Qəribədi, o vaxtlar bizim az qala pirani, qocaman hesab etdiyimiz atalarımızın 30-35 yaşları ancaq olardı, amma bizə elə gələrdi, bəlkə min yaşları var. İndi 48 yaşımın tamamına 5-10 gün qalmış düşünürəm, mən onlara yüz kilometr aşağıdan baxdığım vaxtlarda necə gəncmişlər, hətta məndən xeyli kiçikmişlər. Görəsən bizə də övladlarımız elə baxırmı? İnanmıram…

Hə, atalardan sonra bayram bayram olmadı, biz uşaqlar da sanki bir-iki ilin içində sürətlə böyüdük, qocaldıq, içimizdəki bayram da öldü. Bayramların dadı-duzu qaçdı. Novruzun ölümündən sonra kəndə Yeni il, yəni Milad  bayramı ayaq açdı, nəsə bir dirçəlmə hiss etdik, artıq rəsmi bayram statusu veriləndən sonra bütün həyəcanını itirib mexaniki rituala çevrilmiş bayramın yerini tutan Yeni il də uzunömürlü olmadı. 90-cı ildən başlayaraq sürətlə köhnəldi, yıprandı, sadəcə, yolka bəzəmək ritualına döndü, 31 dekabrın Həmyərlik Günü elan olunmasından sonra isə son nəfəsini alıb-verməyə başladı və 93-cü ildən sonra bir də ölkəyə Yeni il gəlmədi…

Zaman dayandı. Bəli, yeni il gəlmədi. Köhnə il getmədi. Gedən sadəcə ömrümüz oldu. Ümid öləndən sonra zaman da ölür və yalnız rəqəmlər dəyişir. Ömür getdi, yeni yaş gəldi. Yeni il gəlmədi ki, gəlmədi. İndi mən hər yeni il günü kimisə təbrik etmək, daha gözəl illər diləmək istəyirəm. Ancaq olmur. Təbrik etsəm də, ayrı şey deyib, ürəyimdə ayrı şey tuturam. Artıq adamları ancaq ona görə təbrik edirəm ki, şükür, ölmədin, bu ilə də gəlib çıxa bildin, mən də bunu gördüm. Axı indi sağ qalmaq sadəcə bir möcüzədir…

Hər gələn yeni rəqəm mənə qocalmış, ancaq estetik əməliyyatlarla bir az cizgi dəyişmiş sürtük, mininin altından çıxmış qoca qarını xatırladır. Bilirsən: yeni heç nə yoxdu, heç nə gəlməyəcək, yenə təkcə yaş gedəcək, haçansa ölüb ölüsü götürülməyən o köhnədən köhnə il iylənə-iylənə yerində qalacaq, 8-ə oxşayan burnu 9-a oxşayacaq, 9 gələn il 10 olacaq, ancaq bu ölkədə bu kaftar, qarımış, qısır qadın üçün hələ uzun-uzun illər son olmayacaq. Eləcə dünyanın bəxtəvər ölkələrinə gələn Yeni illərə baxıb ağzımızın, gözümüzün, burnumuzun suyunu axıdacaq, ümidsizlik içində bir-bir, iki-iki, dəstə-dəstə kimi dünyadan, kimi ölkədən, o bəxtəvər Yeni illərin gəldiyi ölkələrə qaçacaq…

Məni bədbinlikdə qınamayın, dostlar! Aşıq gördüyünü çağırar. Mən TV-lərimiz, mediamız kimi nikbin olmağı bacarmıram. Nikbin olmaq üçün heç bir əsasımız yoxdur! Torpaq işğalda, ruhumuz qəfəsdə, ipimiz…

Bilmirəm, nədənsə bu illərin gəlişi mənə mərhum Bayramın təkrar söz yığınından ibarət, mənasız, ama avazı adamın sümüyünə düşən bir meyxanasını xatırladır və elə bilirəm Bayram o dünyadan gəlib dayanmadan qulağıma pıçıldayır, mən də can-dildən çəpik çalıram:

Sən saydığuvu say, Bayram,

Yoxdi sənə tay, Bayram.

Soruşullar, ay Bayram,

Nooldi sənə, nooldi?

Axır qəmimiz olsun…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (4 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 151